05 Sentyabr 2026 09:10
9399
SİYASƏT
A- A+
Azərbaycan-ATƏT əməkdaşlığında yeni səhifə açılır

Azərbaycan-ATƏT əməkdaşlığında yeni səhifə açılır


Bəzən beynəlxalq münasibətlərdə bir görüş, sadəcə, diplomatik təmas çərçivəsində qalmır, bütöv bir siyasi mərhələnin mahiyyətini ifadə edir. Sentyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-in Parlament Assambleyasının prezidenti Pere Æoan Ponsu qəbul etməsi məhz belə görüşlərdəndir. Bu görüşdə səslənən fikirlər Azərbaycan-ATƏT münasibətlərinin yeni reallıqlar fonunda yenidən nəzərdən keçirilməsinin vacibliyini ortaya qoydu.

ATƏT-in Parlament Assambleyasının prezidenti ATƏT məkanında mövcud münaqişələrdən birinin həll olunduğunu, regionda davamlı sülhün təmin edilməsi üçün imkan yarandığını bildirərək dövlətimizin başçısını Azərbaycan-Ermənistan sülh gündəliyində əldə edilmiş nailiyyətlər münasibətilə təbrik etdi. İlham Əliyevin buna cavabı isə Azərbaycanın ATƏT-lə münasibətlərinin tarixini, keçmiş münaqişənin həlli prosesində yaşanan reallıqları və bu gün yaranmış yeni vəziyyəti anlamaq baxımından mühüm siyasi məna daşıdı.

Aydın məsələdir ki, Azərbaycan ATƏT məkanına təsadüfi gəlməyib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra - 30 yanvar 1992-ci ildə ovaxtkı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinə üzv qəbul olunub. Bu, Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı idi. Həmin ilin iyulunda Azərbaycan Helsinki Zirvə toplantısında iştirak edərək təşkilatın sənədlərini imzaladı. Sonradan ATƏM-in ATƏT-ə çevrilməsi ilə Azərbaycan da bu təşkilatın tamhüquqlu iştirakçısı kimi fəaliyyətini davam etdirdi. Bu münasibətlərin başlanğıcında Azərbaycanın ATƏT-dən gözləntisi aydın idi: Avropanın təhlükəsizlik arxitekturasının mühüm elementlərindən biri olan təşkilat beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanaraq Azərbaycan-Ermənistan münaqişəsinin ədalətli həllinə töhfə verməli idi. Çünki Helsinki Yekun Aktında təsbit olunmuş suverenliyə hörmət, dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və mübahisələrin sülh yolu ilə həlli kimi prinsiplər Azərbaycanın mövqeyinin hüquqi-siyasi əsaslarını təşkil edirdi.

Azərbaycan-Ermənistan münaqişəsinin beynəlxalq vasitəçilik yolu ilə həlli məqsədilə 1992-ci ildə ATƏM çərçivəsində Minsk prosesi başladı. Həmin il Minsk qrupunun yaradılması ilə danışıqlar üçün institusional mexanizm formalaşdırıldı. 1994-cü il Budapeşt Sammitində isə Minsk qrupu təsisat kimi rəsmiləşdirildi. Azərbaycan uzun illər bu mexanizmə böyük ümid bəslədi. Çünki söhbət yalnız bir münaqişənin tənzimlənməsindən deyil, beynəlxalq hüququn pozulmuş normalarının bərpasından gedirdi. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələri qəbul etmişdi. Lakin bu sənədlərin icrası təmin olunmurdu. Beləliklə, illər keçdikcə ciddi bir paradoks meydana çıxdı: Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq hüququn prinsiplərini dəstəkləyən çoxsaylı sənədlər mövcud olsa da, həmin sənədlərin reallaşdırılması üçün effektiv mexanizm işləmirdi. Minsk qrupunun fəaliyyəti də nəticə etibarilə bu paradoksu aradan qaldıra bilmədi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev sentyabrın 3-də ATƏT PA prezidentini qəbul edərkən xüsusi olaraq vurğuladı ki, münaqişənin həllinə məsul olan Minsk qrupu təxminən 30 il ərzində danışıqlar prosesində hər hansı nəticəyə nail olmadı, yaxud nail olmaq istəmədi. Bu, Azərbaycanın ATƏT-ə münasibətinin dəyişməsi deyil, tarixi reallığın siyasi qiymətləndirilməsi idi. Azərbaycan ATƏT-in özünü deyil, konkret olaraq nəticə verməyən vasitəçilik modelini tənqid edirdi.

2020-ci ilin 44 günlük Vətən müharibəsi Cənubi Qafqazın geosiyasi mənzərəsini kökündən dəyişdi. Azərbaycan Ordusunun hərbi uğurları nəticəsində işğal altında olan ərazilərin böyük hissəsi azad edildi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra isə Azərbaycan öz ərazisində dövlət suverenliyini tam bərpa etdi. Beləliklə, 30 ilə yaxın müddətdə beynəlxalq vasitəçilik mexanizmlərinin çözə bilmədiyi problem Azərbaycanın hərbi-siyasi gücü və diplomatik iradəsi nəticəsində həll olundu.

Azərbaycan münaqişəyə son qoymaqla yalnız öz ərazi bütövlüyünü və suverenliyini təmin etmədi, həm də Cənubi Qafqazda yeni sülh reallığının əsasını qoydu. Bu gün artıq söhbət postmünaqişə dövründə davamlı sülhün, regional əməkdaşlığın və qarşılıqlı etimadın necə qurulmasından gedir.

Prezident İlham Əliyevin görüş zamanı diqqət yetirdiyi məsələlərdən biri də ATƏT PA-nın bütün ATƏT məkanına balanslı münasibət nümayiş etdirməsinin əhəmiyyətinə diqqət yetirməsinin vacibliyidir. Bu təsadüfi deyil. Azərbaycan üçün beynəlxalq təşkilatların əsas dəyəri beynəlxalq hüququn prinsiplərinə eyni meyarla yanaşmasındadır. Əgər söhbət suverenlikdən gedirsə, bu prinsip bütün dövlətlərə münasibətdə eyni olmalıdır. Əgər ərazi bütövlüyü beynəlxalq hüququn fundamental normasıdırsa, o, siyasi konyunkturadan asılı olaraq dəyişməməlidir. Əgər sülh məqsəddirsə, onun əsasında qarşılıqlı hörmət dayanmalıdır. Azərbaycanın ATƏT PA-dan gözləntisi də məhz belə bir yanaşmadır.

Azərbaycanın Avropa ilə münasibətləri isə yalnız siyasi və parlamentlərarası dialoqla məhdudlaşmır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində tərəfdaşlardan birinə çevrilib. Avropa İttifaqının məlumatına görə, Azərbaycan qazının "Cənub qaz dəhlizi" vasitəsilə Avropaya tədarükü 2021-2024-cü illər arasında 40 faizdən çox artıb. 2026-cı ilin əvvəlindən Azərbaycan qazının Almaniya və Avstriyaya ixracı da başlayıb. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu nümayiş etdirir.

2026-cı ilin martında Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" və "Yaşıl Enerji" üzrə Məşvərət şuralarının toplantıları da Azərbaycan-Avropa enerji tərəfdaşlığının yeni istiqamətlərini göstərdi. Toplantıda təbii qazla yanaşı, bərpaolunan enerji, enerji səmərəliliyi, hidrogen, elektrik bağlantıları və "yaşıl enerji" əməkdaşlığı müzakirə olunub. İyul ayında Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri zamanı da enerji tərəfdaşlığının bundan sonra daha da dərinləşdirilməsi, regional bağlantıların inkişafı və Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri gündəmə gətirilib. Avropa Komissiyası Azərbaycanı Avropa üçün etibarlı enerji tərəfdaşı kimi qiymətləndirib. Bütün bunlar Azərbaycanın Avropa ilə münasibətlərinin yalnız enerji ixrac edən ölkə ilə Avropa arasında əlaqələrdən ibarət olmadığını göstərir. 

Bu mənzərədə ATƏT Parlament Assambleyasının prezidentinin Bakıya səfəri və Prezident İlham Əliyevlə görüşü xüsusi siyasi məna qazanır. Başqa sözlə, Azərbaycan ATƏT-dən uzaqlaşmır, əksinə, təşkilatın fundamental prinsiplərinə sadiq qalaraq daha obyektiv, balanslı və real təhlükəsizlik çağırışlarına uyğun fəaliyyət göstərməsini istəyir. Azərbaycanın mövqeyi aydındır: keçmişdə baş vermiş uğursuzluqlar gələcək əməkdaşlığın qarşısını almamalıdır, əksinə, həmin təcrübə yeni münasibətlər üçün dərsə çevrilməlidir. Minsk qrupunun tarixdə qalan uğursuz vasitəçilik modeli ilə ATƏT-in Parlament Assambleyası çərçivəsində bu gün davam edən parlament dialoqunu eyniləşdirmək doğru olmaz. Çünki zaman dəyişib, region dəyişib, Azərbaycanın özü dəyişib. Bu gün Azərbaycan artıq münaqişənin həllini gözləyən tərəf deyil, öz ərazi bütövlüyünü və dövlət suverenliyini təmin edən, regionda yeni əməkdaşlıq imkanları yaradan və Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkədir. İndi əsas məsələ bu yeni reallığın beynəlxalq institutlar tərəfindən düzgün dərk edilməsidir. ATƏT qarşısında da yeni imkan yaranıb. Təşkilatın parlament ölçüsündə dialoqun inkişaf etdirilməsi, regionda sülhün möhkəmləndirilməsi, mina təhlükəsinin aradan qaldırılması, nəqliyyat və iqtisadi bağlantıların təşviqi kimi istiqamətlərdə Azərbaycanla əməkdaşlığı genişləndirməsi həm təşkilatın nüfuzuna, həm də bütövlükdə Avropanın təhlükəsizlik maraqlarına xidmət edə bilər. Sentyabrın 3-də Bakıda baş tutan görüşün əsas mesajı da məhz bu idi. 


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

F.Q.Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

00:24
24 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" və "Sosial işin idarə edilməsi (Keys menecment)" adlı müsabiqələr keçirir

00:21
24 Oktyabr

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

Britaniyadan “Hazır ol” çağırışı  

20:13
23 Oktyabr

Xankəndidə “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib – YENİLƏNİB 2 

20:10
23 Oktyabr

Xankəndidə keçirilən beynəlxalq forumda “ASAN xidmət” təcrübəsi təqdim olunub  

20:09
23 Oktyabr

Tramp: İstəsək, İranın bütün neftini və ölkənin özünü ələ keçirə bilərik  

20:07
23 Oktyabr

Türkiyə və Özbəkistan nümayəndə heyətləri Zəfər parkında və Qarabağ Universitetində olublar  

19:58
23 Oktyabr

XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib  

19:23
23 Oktyabr

Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib 

19:18
23 Oktyabr

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Laçın və Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib  

18:53
23 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:28
23 Oktyabr

Toy səbətinə günəş doğur - Nigeriyada qeyri-adi ənənə  

18:16
23 Oktyabr

Polyester parçaları karbon qazı vasitəsilə təkrar emal etməyin üsulu tapılıb  

17:59
23 Oktyabr

Diabet xəstələri üçün qandakı artıq qlükozanı parçalaya bilən implant hazırlanıb  

17:43
23 Oktyabr

"Çampi" tayfunu nəticəsində yüzlərlə uçuş ləğv olunub  

17:39
23 Oktyabr

Çilidə uzunluğu 5 metrə yaxın olan siyənək kralı aşkarlanıb  

17:23
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!