Sentyabrın 9-da Bakıda Azərbaycanın evsahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov iqlim dəyişikliyi reallığının artıq uzaq bir təhlükə olmadığını, proqnozların artıq bütün dünyada gözlə göründüyünü deyib: "Son bir neçə ildə ciddi dəyişikliklərin şahidi olmuşuq. Bunu bu gün sahillərimiz və sahilyanı ərazilərimiz boyunca da görə bilərsiniz. İqlim dəyişikliyinin təsirləri milli iqtisadiyyatlara və qlobal maliyyə bazarlarına təzyiq göstərərək mövcud çətinlikləri daha da artırır".
Nazirin sözlərinə görə, bu proseslər iqtisadi şaxələndirməni və enerjidə davamlılığı milli təhlükəsizlik, iqtisadi sabitlik və uzunmüddətli möhkəmlik üçün daha da vacib edir.
Ceyhun Bayramov qlobal iqlim gündəliyinin irəlilədilməsində həlledici rolun davam etdirilməsinin vacibliyini vurğulayıb. O, qarşıdakı aylarda beynəlxalq liderliyi regionda atılacaq qətiyyətli addımlarla tamamlayacağımızı diqqətə çatdırıb.
Nazir qeyd edib ki, Azərbaycan beynəlxalq səviyyədə iqlim diplomatiyasının və əlaqəli sahələrin inkişafına fəal töhfə vermək öhdəliyinə sadiqdir.
"Azərbaycanın növbəti COP-a evsahibliyi etməyə hazırlaşan qardaş Türkiyəyə sarsılmaz dəstəyini bir daha ifadə etmək istəyirəm. COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir. Bu əməkdaşlıq iqlim gündəliyində davamlılığın təmin edilməsinə, iddialı iqlim maliyyələşdirilməsi mexanizmlərinin inkişafına və qlobal iqlim fəaliyyətinin ardıcıl şəkildə davam etdirilməsinə xidmət edir", - deyə o əlavə edib.
Tədbirə videomüraciət ünvanlayan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil tədbirin evsahibliyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
"Mənim üçün Bakıda əldə olunmuş nəticələrə qayıtmaq öhdəliklərin tam icrası üçün bir istinad nöqtəsidir. Bu, danışıqlar zallarında verilən vədlərin yerlərdə real layihələrə, investisiyalara və insanlar üçün müdafiəyə çevrilib-çevrilməməsinin sınağıdır. Bu, son dərəcə vacibdir. İqlim əməkdaşlığının qlobal bir reallıq olduğunu bilirik", - deyə Saymon Stil bildirib.
Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini, COP31-in icraçı direktoru Fatma Varankın sözlərinə görə, böhran sərhədləri aşırsa, bizim də sərhədləri aşan iradə nümayiş etdirməyimiz lazımdır. İqlim ədaləti bizim yol göstəricimiz olaraq qalacaq və COP31 masasında həssas coğrafiyaların səsi olacağıq.
"Dünyaya yeni hədəf siyahılarından daha çox, mövcud hədəfləri kənd təsərrüfatında, sənayedə və şəhərlərdə real fəaliyyətə çevirəcək iradə lazımdır. Məhz buna görə COP31-i icraya yönəlmiş, gələcəyə baxan COP kimi müəyyənləşdirmişik", - deyə F.Varank əlavə edib.
Avstraliyanın COP31 danışıqları üzrə Prezidentliyində İcraçı direktor müavini David Higgins bu il COP-un geosiyasi gərginlik, enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar və qlobal qeyri-müəyyənlik fonunda keçiriləcəyini vurğulayıb. Qeyd olunub ki, çoxtərəflilik uzun müddətdir bu səviyyədə sınaqla üzləşməyib. Aydındır ki, beynəlxalq əməkdaşlıq və çoxtərəflilik heç vaxt indiki qədər vacib olmayıb.
COP30-un icraçı direktoru Ana Toni deyib: "Biz icra və fəaliyyət onilliyinə qədəm qoymuşuq. Bakıda keçirilən BMT-nin İqlim Fəaliyyəti Həftəsi bizi icra prosesində bir addım da irəli aparacaq. Çünki biz regiondan və bu ölkədən çoxlu sayda sahibkarı və təşəbbüskarı bir araya gətirərək iqlim fəaliyyətinin əhəmiyyətini ön plana çəkirik. Hazırda keçirilən BMT-nin İqlim Həftəsi qlobal prosesləri bilavasitə icranı həyata keçirən regionlara, sektorlara və tərəflərə yaxınlaşdırmağa imkan verəcək. Bu, həmin arxitekturanın real fəaliyyətə necə yol açmalı olduğuna çox yaxşı bir nümunədir".
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinin (UNFCCC) Proqramların əlaqələndirilməsi üzrə baş direktoru Daniele Violetti Azərbaycanın hər zaman BMT-nin iqlim prosesinə mühüm töhfələr verdiyini deyib: "Səmimi qonaqpərvərliyə və dünyanı praktiki iqlim həlləri ətrafında bir araya gətirmək istiqamətində davamlı öhdəliyinə görə Azərbaycana minnətdarıq. İndiyədək aparılan müzakirələrdən bir mesaj aydın görünür: həllər mövcuddur. İndi bizim vəzifəmiz icra proseslərini sürətləndirmək, fəaliyyəti ləngidən amilləri müəyyənləşdirmək və həmin maneələri aradan qaldırmağın praktiki yollarını tapmaqdır.
Hökumətlər bunu təkbaşına həyata keçirə bilməz. Biznes, maliyyə sektoru, şəhərlər və vətəndaş cəmiyyəti bizim üçün əvəzolunmaz tərəfdaşlardır".
Rəsmi hissədən sonra bədii hissə nümayiş etdirilib.