Prezident İlham Əliyev sülhün ən böyük müdafiəçisidir
Dövlətlərarası münasibətlərdə hərbi Zəfəri davamlı sülhə çevirmək və bunu qlobal müstəvidə qəbul etdirmək nadir siyasi iradə tələb edir. Prezident İlham Əliyevin nümayiş etdirdiyi uzaqgörən xarici siyasət kursu Cənubi Qafqazda onilliklərlə davam edən münaqişəni aradan qaldırmaqla yanaşı, Bakını qlobal sülh gündəliyinin əsas söz sahiblərindən birinə çevirib. Beynəlxalq hüquqa və ədalətə söykənən bu humanist xətt dünya liderlərinin ehtiramını qazanmaqla yanaşı, müxtəlif xalqlar tərəfindən də yüksək qiymətləndirilir.
Məhz bu təqdirin növbəti təzühürü kimi, avqustun 17-də Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenkonun Bakıya səfəri zamanı Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" sertifikatı təqdim olunub. Bu fəxri ad sıradan bir nəzakət jesti deyil, Azərbaycanın çətin günlərdə göstərdiyi mənəvi-humanitar dəstəyə, insanpərvərlik dəyərlərinə və Ukrayna xalqı ilə həmrəyliyinə verilən yüksək beynəlxalq qiymətdir.
Zəfərdən sülhə
Vurğulandığı kimi, Prezident İlham Əliyevin liderlik fenomeninin ən səciyyəvi xüsusiyyəti onun hərbi-siyasi zəfəri qalıcı sülhə çevirmək bacarığıdır. Otuz ilə yaxın müddətdə işğaldan əziyyət çəkən, BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz hərbi-diplomatik gücü ilə icra edən Azərbaycan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bölgədə yeni reallıq yaratdı. Azərbaycan lideri yalnız qalib sərkərdə kimi deyil, eyni zamanda sülhün və barışığın ən böyük müdafiəçisi kimi çıxış etdi.
Çevik diplomatiya yürüdən ölkəmizin rəhbəri ötən il Vaşinqton və Əbu-Dabi kimi beynəlxalq platformalarda səmərəli dialoqun tərəfdarı olduğunu ortaya qoydu. İqtisadi inteqrasiya xətti tutan rəsmi Bakı regionun kommunikasiya xətlərinin açılması və ticarət əlaqələrinin bərpası üçün konstruktivlik nümayiş etdirdi. Bölgədə de-fakto sülh yaratdı. Bütün bu sadalananlar Prezident İlham Əliyevin sülh missiyasını uğurlu edən amillərdəndir.
Bu mənada, cari il fevralın 4-də Əbu-Dabidə təqdim olunan "Zayed İnsan Qardaşlığı Mükafatı" və 26 aprel - Gernika qurbanlarının anım günündə dövlətimizin başçısına verilən "Sülh və Barışıq üçün Gernika mükafatı" Azərbaycanın sülh gündəliyinin qlobal miqyasda qəbul olunmasının bariz göstəricisidir.
Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimatındakı çıxışı müharibə və etimadsızlıqdan əziyyət çəkən bütün xalqlar üçün yol xəritəsi xarakteri daşıyırdı: "Hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür".
Rəsmi Bakı yürütdüyü uzaqgörən siyasətlə Cənubi Qafqazı münaqişə ocağından sabitlik və iqtisadi inteqrasiya mərkəzinə çevirməyi bacardı. Azərbaycanın irəli sürdüyü sülh strategiyası kağız üzərində qalan bəyanatlarla deyil, konkret və cəsarətli diplomatik addımlarla möhkəmləndirilib. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda baş tutan tarixi Zirvə görüşü və sülh sazişi mətninin paraflanması üç onillik davam edən qanlı münaqişəyə tamamilə nöqtə qoydu. Neft məhsullarının və zəruri malların Azərbaycan ərazisindən Ermənistana ixrac edilməsi kimi praqmatik addımlar sülhün insanların gündəlik həyatında hiss olunan real faydasını nümayiş etdirdi.
Azərbaycanın ABŞ Prezidentinin təşəbbüsü ilə yaradılmış Sülh Şurasında təsisçi üzv qismində təmsil olunması və Prezident İlham Əliyevin Vaşinqtonda bu qurumun ilk iclasındakı iştirakı Bakının diplomatik uğuru olmaqla yanaşı, onun beynəlxalq sülh platformasında artan çəkisini göstərdi.
Azərbaycanın bu nüfuzlu qurumda təsisçi üzv qismində təmsil olunması həm də beynəlxalq ictimaiyyətin ölkəmizin sülhə verdiyi töhfələrə olan etimadının təzahürüdür. Regional münaqişənin ədalətli həlli, suverenliyin və ərazi bütövlüyünün təmin olunması, dialoq və əməkdaşlığın təşviqi kimi vacib məsələlər də bu sıradadır.
Sözü imzasına bərabər lider
Qlobal siyasətdə şəxsi etimad və nüfuz çətin əldə edilir. Prezident İlham Əliyev müasir dünyada sözü imzası qədər kəsərli olan, prinsiplərindən geri çəkilməyən və vədlərinə sadiq qalan lider imici formalaşdırıb. Dünya liderlərinin Azərbaycan Prezidenti haqqında səsləndirdiyi fikirlər bu etimadın əks-sədasıdır.
ABŞ lideri Donald Tramp, "Siz güclü və ağıllı insansınız" ifadəsi ilə Prezident İlham Əliyevin şəxsi məziyyətlərini və sülh prosesindəki rolunu yüksək qiymətləndirib, BMT-nin 80 illik yubileyi zamanı Nyu Yorkda keçirilən rəsmi qəbulda isə "Mən Sizinlə həqiqətən fəxr edirəm" deməklə bu hörməti bir daha nümayiş etdirib.
Çin Xalq Respublikasının Sədri Si Cinpin Çinin Tiencin şəhərindəki görüşdə Prezident İlham Əliyevi "mənim əziz dostum" deyərək salamlamaqla, Pekinin Bakı ilə strateji münasibətlərə və Azərbaycan liderinin şəxsiyyətinə verdiyi ali dəyəri göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasındakı sarsılmaz qardaşlıq münasibətlərinin zirvəsi kimi Prezident İlham Əliyevə hər zaman "əziz qardaşım" deyə xitab edir.
Serbiya Prezidenti Aleksandar Vuçiç, "Biz Prezident İlham Əliyevin sözünə inanırıq, onun sözü imzasına bərabərdir" bəyanatı ilə Azərbaycan liderinin etibarlı tərəfdaş xarakterini xüsusi vurğulayıb.
Bu cür nümunələrin sayını kifayət qədər genişləndirmək olar, amma elə bu örnəklər də Prezident İlham Əliyevin şəxsiyyətinə göstərilən qlobal ehtiramı aydınlığı ilə göstərir. Bütün bunlar dövlətimizin başçısının qlobal liderlik portretinin mühüm parçalarıdır. Humanizm, qətiyyətli siyasi iradə, beynəlxalq hüquqa hörmət və milli maraqların sarsılmaz müdafiəsi cənab İlham Əliyevi təkcə öz xalqının müzəffər lideri deyil, eyni zamanda beynəlxalq miqyasda söz sahibi olan, dünyada ehtiram edilən və sülhün ən güclü müdafiəçilərindən birinə çevirib. Azərbaycanın ucaltdığı "sülh tağı" bu gün qlobal miqyasda sabitlik, əməkdaşlıq və adil gələcək üçün universal model kimi qəbul edilir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"