18 Avqust 2026 08:00
201
SİYASƏT
A- A+
NİDADAN SONRA VERGÜL QOYULMUR 

NİDADAN SONRA VERGÜL QOYULMUR 


Həyatda heç nə əbədi deyil!

Hər şey inkişaf edir, hər şey dəyişir...

Dəyişikliklər uğura da apara bilir, iflasa da!

Güclülər həmişə güclü qalmırlar!

Zəiflər də nə vaxtsa güclənə, haqlarını qoruya bilirlər.

Dünya  tarixində  deyilənlərlə bağlı çoxsaylı misallar var!

Tarixdə şəxsiyyətlərin də rolu danılmazdır!

Tarixin gedişinə təsir göstərən İskəndər, Teymurləng kimi sərkərdələr də olur, dövlətinə, xalqına bəlalar yaşadan Hitler kimi faşistlər də!

Amma dünya sülh içində yaşayanda, dövlətlər bir-biri ilə əməkdaşlıq quran-da Yer üzündə insanlar daha xoşbəxt və firavan olurlar.

Xoşbəxt o xalqdır ki, onun müdrik, uzaqgörən, iradəli rəhbəri olur.

Bədbəxt o millətdir ki, özü xülyalarla yaşayır, rəhbəri isə özgələrə güvənir, mövcud reallıqları dərk  etmir, dövlətini yox, özünün var-dövlətini düşünür!

Nə yaxşı ki, belələrini ağıllandıran, xam xəyallardan və illüziyalardan qurtaran möhtəşəm "dəmir yumruq" da vardır!

***

Dünya yay istirahəti edir!

Həm də növbəti mərhələlər üçün güc  toplayır.

Builki yay əvvəlkilərdən bir qədər  fərqlənir.

Əvvəla, 4 ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsinə daha biri  - İran-ABŞ-İsrail müharibəsi də  əlavə olunub.

Rusiya-Ukrayna müharibəsi "dartma, yaxam cırıldı" prinsipi ilə gedir!

Eyni kökdən, eyni dindən olan, uzun illər "qardaş" sayılan  iki xalq bir-birinə daha çox ziyan  vurmaq  üçün  əllərindən gələni  edirlər!

Gecə-gündüz bilmədən raketlər, dronlar müxtəlif səmtlərə uçaraq atmosferi çömçə kimi qarışdırır.

ABŞ-İran müharibəsi isə  fasilələrlə davam edir!

Danışırlar, razılaşırlar, dayanırlar, sonra yenə də dediklərinə əməl etməyərək gücü raketlərə verirlər.

NƏTİCƏDƏ:

* Mülki əhaliyə ciddi ziyanlar dəyir;

* Hörmüz boğazı bağlandığından neft qıtlığı yaranır, dünya bazarında təkcə neftin deyil, digər malların da qiymətləri qalxır;

* Atmosfer  çalxalandığından leysan  yağışları və doluvurmalar ara vermir;

* Sel suları böyük fəsadlar törədir;

* Üstəlik, zəlzələlər və meşə yanğınları da təkcə maddi deyil, insan tələfatına da səbəb olur!

Rusiya ilə Ukrayna nə vaxt sülhə gələcək - bilinmir!

ABŞ-İran razılaşması haçan başa ça-tacaq - o da  bəlli deyil!

Görünən odur ki, M.Ə.Sabir demiş, "dünya çalxalanır, dünya bulanır", hətta bu bəzilərinə sərf də edir!

Xoşbəxtlikdən Azərbaycan bu təlatümlərdən kənarda duraraq nəhəng, özünə və dünya dövlətlərinə faydalı olan layihələrini reallaşdırmaqla məşğuldur!

***

Halbuki 5-6 il öncə Azərbaycan da qana bulaşmışdı!

Amma müqəddəs qana!

30 ilədək işğalda qalan torpaqlarını azad etmək, 1 milyondan çox  vətəndaşını əzablı Vətən  həsrətindən qurtamaq üçün "dəmir yumruğ"u  işə salmaq məcburiyyətində qalmışdı.

Səbəb sadə idi...

Ermənistan işğal etdiyi ərazilərimizdən könüllü surətdə çıxmaq istəmirdi.

BMT-nin Ermənistan qoşunlarının qeyd-şərtsiz Azərbaycan ərazilərindən  çıxarılması barədə 4 qətnaməsini  saya  salan yox idi!

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini "sülh yolu ilə" həll etmək üçün məxsusi yaradılan ATƏT-in Minsk qrupu isə yalançı danışıqlarla, "turist səfərləri" ilə məşğul idi.

Əslində,  işğalı əbədiliyə çevirmək niyyətini güdürdü.

Beynəlxalq qurum və təşkilatlar isə açıq-aşkar erməni mövqeyini dəstəkləyir, bir dəfə də olsun obyektiv, həqiqətə xidmət edən sənəd və bəyanatlar qəbul etmir, beynəlxalq hüququn ayaqlar altında qaldığına göz yumurdular.

ATƏT-in həmsədr dövlətləri, eyni zamanda BMT-nin Təhlükəsizlik  Şurası-nın daimi üzvləri olan Rusiya, ABŞ və Fransa birtərəfli mövqe sərgiləməklə Ermənistana  hərbi, maliyyə dəstəyi göstərir, həmin dövlətlərin parlamentləri isə Azərbaycan əleyhinə qərəzli, yalançı sənədlər və bəyanatlar qəbul edir, bizi işğalla barışmağa vadar etməyə çalışırdılar.

Lakin həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev heç bir təsir və təzyiq cəhdləri qarşısında geri çəkilmədilər, Azərbaycana qarşı olan heç bir sənədə imza atmadılar, bir qarış torpağı belə düşmənə güzəştə getməyəcəklərini  dəfələrlə bəyan etdilər!

Azərbaycana düşmən  qüvvələr "Qarabağ münaqişəsinin hərbi yolla həlli variantı yoxdur" deməklə bizi işğala boyun əyməyə sövq edirdilər!

Azərbaycan isə hər zaman hərbi variantın  istisna edilmədiyini bildirirdi.

Əslində isə iqtisadi cəhətdən güclənərək özünə ordu yaradır, onu ən yeni texnologiyaya əsaslanan  silah-sursatla təmin edirdi.

Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olan cənab İlham Əliyev 4 günlük Aprel döyüşlərində hərbi variantın mövcudluğunu, Azərbaycanın güclü ordu qurduğunu və "hərbi həll variantı"nın gündəlikdə olduğunu bütün  dünyaya açıq şəkildə nümayiş etdirdi!

Amma Ermənistan və onun havadarları bu xəbərdarlıqdan da zəruri nəticə çıxarmadılar!

***

3 milyonluq Ermənistan heç zaman 10 milyonluq Azərbaycana üstün gələ bilməz!

Azərbaycanda hakimiyyətsizlik və anarxiya mühitindən istifadə edərək Ermənistana  silah və canlı qüvvə sarıdan kömək göstərən, hərbi əməliyyatlarda 366-cı polku ilə  birbaşa  iştirak edən Rusiya işğalın  baş müəllifi idi!

Məqsəd Azərbaycanı  da Ermənistan  kimi "qapazaltı"  dövlətə çevirmək, onun yeraltı və yerüstü sərvətlərinə  əvvəllərdə olduğu kimi  sahiblik etmək, daim  itaət  boyunduruğunda saxlamaq,  Türkiyəni  hədəf edən 102-ci hərbi  bazanı Ermənistanda  daimi etmək və bu minvalla türk  dövlətlərinin quru yolla  əlaqələrini kəsərək onları bir-birindən ayrı vəziyyətdə  saxlamaq idi.

Rusiya heç zaman Azərbaycanın müstəqil dövlət  olmasını istəməyib, daim  imperiya  ambisiyalarından çıxış edərək bizə "kiçik qardaş" kimi baxıb!

Ermənistan isə heç zaman  "öz ağzı ilə hürməyib!"

"dqr" və ya "artsax" adlı  gülünc qurumlar yaradanda da, həmin ərazilərimizin Ermənistana birləşdirilməsi ilə bağlı qərar çıxaranda da havadarlarına arxalanıb!

44 günlük Zəfər müharibəsi başlayanda isə heç kim harayına çata bilmədi!

***

Ermənilər  nə vaxtsa  Azərbaycanın silaha əl atacağını yaxşı  bilirdilər.

Odur ki, "dost"larının köməyi ilə daim  müharibəyə hazırlaşırdılar.

Özü də  90-cı  illərin müharibəsinə!

Heç vaxt ağıllarına  gətirmirdilər ki, Azərbaycan  yeni  müharibə aparar, ən yeni silahlar, fərqli taktika tətbiq  edər.

Həm də əsas hücumu mərkəzdən, Ağdam istiqamətindən  gözləyirdilər.

Burada isə Rusiyanın və İranın  köməyi sayəsində altıqat müdafiə xətti - bu gün  Hərbi Qənimətlər Parkında açıq nümayiş olunan - səngərlər, zirehli  texnikanın keçə bilməməsi üçün dərin xəndəklər qazmış, "ohanyan xətti", minalanmış sahələr, tikanlı məftil sədləri, kameralarla təchiz edilmiş atəş nöqtələri qurmuş, şəxsi heyətin  qorunması üçün  dağların  altında beton  bunkerlər tikmişdilər.

Mürəkkəb  relyef şəraiti də düşmənin xeyrinə işləyirdi!

Düşmənlərimiz hər şeyi hesablamışdılar!

Bircə məqamdan başqa:

İlham Əliyev zəkası, iradə və qətiyyətini, sərkərdəlik məharətini və  bir də nəyi nə vaxt və necə etmək qabiliyyətini!

Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibələr tarixində yeni səhifə sayılan Vətən müharibəsinə başladı!

* Bu  müharibədə ən yeni taktika və strategiya tətbiq olundu.

* Bu  müharibədə Azərbaycan Ordusu əvvəldən axıradək  hücumda  oldu, bir-birinin  ardınca  strateji mövqeləri  və yaşayış  məntəqələrini ələ keçirdi!

* Bu  müharibədə bir zamanlar özlərini  "məğlubedilməz xalq", "məğlubedilməz ordu" adlandıranların  12 min əsgər və zabiti döyüş  meydanından qaçaraq fərariyə çevrildi.

* Bu müharibədə Azərbaycan xüsusi təyinatlıları qeyri-adi qəhrəmanlıqlar göstərərək Şuşanı yalın əllə geri  aldılar!

* Bu müharibədə  düşmən  44 gün ərzində diz  çökdürülərək  kapitulyasiya aktı sayılan  üçtərəfli Bəyanatı  imzaladı.

* Bu müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın təkcə hərb meydanında deyil, diplomatiya və informasiya sahəsində də tam qələbəsini təmin etdi.

* Bu müharibə, əslində, bütün dünya üçün nümunəvi müharibəyə çevrildi, hamı bu təcrübədən  öyrənməyə və  hərb elmində onun elementlərinin tətbiqinə başladı!

Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin yaratdığı hərbi  möcüzələr bununla bitmədi!

***

İlham Əliyev uzaqgörənliyi hadisələrin sonrakı inkişafında da  özünü qabarıq göstərdi!

Azərbaycan düşməni darmadağın etdikdən sonra hər bir imkanı və gücü  olmasına  baxmayaraq, sərhədləri aşmadı, bununla kifayətləndi.

Lakin Ermənistan yenə öz sözünün üstündə durmadı, imzasına hörmət qoymadı.

Üçtərəfli Bəyanatın üç mühüm bəndini yerinə yetirmədi: silahlı  qüvvələrinin tör-töküntülərini və terrorçu qrup-laşmalarını ərazimizdən çıxarmaq istə-mədi, Laçın dəhlizinin Azərbaycanın nəzarətinə verilməsini yubatdı və Zəngəzur dəhlizinin (TRIPP) açılmasını sanki  unutdu!

Üçtərəfli Bəyanatın icrasına zəmanət verərək ona imza atan Rusiya da öhdəliklərin  icrasına  biganə yanaşdı!

"Dəmir  yumruq"  yenidən işə düşməli oldu!

* Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi  ilə əvvəlcə  2023-cü  ilin aprelində Həkəri çayı üzərindəki postda unikal əməliyyat keçirilərək Laçın  dəhlizinə  nəzarət  Azərbaycana  qaytarıldı.

* Həmin ilin 19-20 sentyabrında isə cəmi 23 saat  davam edən antiterror  tədbirləri nəticəsində düşmən ordusunun qalıqları və terrorçu dəstələr ağ bayraq  qaldıraraq təslim oldular!

* Azərbaycan həm tərk-silah edilmiş hərbçilərin, həm də  Azərbaycan  qanunları əsasında yaşamaq istəməyən Ermənistan vətəndaşlarının sərbəst və sakit şəkildə  ölkəmizi  tərk etmələrinə şərait  yaratdı.

II Qarabağ  müharibəsində Ermənistan Rusiyadan heç bir  kömək  ala bilmədi!

Əvvəla, hərbi əməliyyatlar Azərbaycanın ərazisində getdiyinə görə öz nizamnaməsini əsas tutan KTMT (orada əsas söz sahibi Rusiyadır) hərbi əməliyyatlara qarışa bilmədi.

İkincisi, Rusiya  müharibədən əvvəl və müharibə dövründə Ermənistana  silah-sursat sarıdan hər cür kömək  göstərsə də,  Türkiyə  amilinə  görə açıq  müdaxiləyə cürət etmədi.

* Hətta qarşılıqlı razılığa əsasən sülhməramlı qüvvələrini Azərbaycan ərazisindən birdəfəlik çıxardı.

Ötən il avqustun 8-də ABŞ-də Prezi-dent D.Trampın iştirakı ilə bir sıra  mühüm  sənədlər  imzalandı və sülh  sazişi layihəsi paraflandı.

44 günlük Zəfər müharibəsi və sonrakı  addımları sayəsində işğala və Qarabağ münaqişəsinə birdəfəlik  son qoyan Azərbaycan hazırda Orta dəhlizin və onun əsas elementlərindən biri sayılan TRIPP-ın (Zəngəzur dəhlizinin)  işə salınması və keçmiş məcburi köçkünlərin sürətlə doğma  yurd-yuvalarına qay-tarılması ilə  məşğuldur.

***

Növbəti  parlament seçkilərindən sonra  Ermənistanda  vəziyyət  "ruscadır!"

Rusiya bütün imkanlarını işə salsa da, R.Köçəryana,  milyarder  edərək əlaltısına  çevirdiyi S.Karapetyana, Q.Sarukyana hərtərəfli dəstək  versə də, üzünü  Qərbə tərəf  çevirən  Paşinyanı hakimiyyətdən  tam  kənarlaşdıra  bilmədi.

Əvəzində  qisasçıları  fəallaşdırdı...

Parlamentdə konstision çoxluğu qazana bilməyən Paşinyanın Azərbaycanın  dəyişməz sülh şərtinin - Ermənistan konstitusiyasından ərazi  iddialarının çıxarılması üçün  yeni  referendum keçirilməsi və bu məsələdə istəyinə nail olması bir  o qədər də asan başa  gəlməyəcəkdir!

Zəfər  qazanmış, düşməni  diz üstə  qoyaraq  kapitulyasiya aktını imzalatdırmış Azərbaycanın sülh təklifi ilə çıxış etməsi, Ermənistanı blokadadan çıxarması  Ermənistan dövləti və erməni xalqı üçün böyük bir  şansdır.

Əgər bu imkanı əldən versə, "böyük Ermənistan" xülyasını başından çıxarmasa, real  Ermənistanı da itirə bilər!

Bunu Baş nazir N.Paşinyan  yaxşı  anlayır!

Qisas müharibəsinə başlamaq niyyətinə  düşdükləri təqdirdə isə...

*  44 gündə  ordularının necə darmadağın edildiyini;

* Hərbi əməliyyatların dayandırılması üçün neçə-neçə dövlət başçılarının  dabanını yalayaraq Azərbaycana minnətçi  saldıqlarını;

* Silah-sursatlarını, zirehli texnikalarını, gücləndirilmiş mövqelərini ataraq necə qaçdıqlarını;

* 12 min əsgər və zabitinin qorxaq fərariyə çevrildiyini;

* Alınmaz qalaya  çevirdikləri  Ağdam, Laçın və Kəlbəcər rayonlarını  döyüşsüz geri qaytardıqlarını;

* "Yaşma" adı gələndə girməyə deşik axtardıqlarını;

* Azərbaycanın bütün şərtlərini qəbul  edərək təslim aktını "qaranlıq bir yerdə" necə imzaladıqlarını;

HEÇ ZAMAN UNUTMASINLAR!

***

Orfoqrafiyanın pozulmaz qaydasıdır: nidadan sonra vergül qoyulmur!

Həyatda da belədir: o məsələyə ki, nida  qoyulub, deməli bitib!

Təzədən  onu vergülə çevirmək, yenidən mübahisələndirmək  mənasızdır!

Çünki nidanı, adətən, güclü tərəf qoyur!

İddialı tərəf isə nida qoyulanadək istəyini  təmin  etməlidir.

Əgər buna gücü və imkanı  çatırsa!

Əks halda, nəticə  eyni olacaq: bir dəfə nida qoyan, ikinci dəfə istədiyini edərək məqsədinə çatacaqdır!   

İddiaçı tərəfə isə yenidən itkilər yaşamaq və daha bir məğlubiyyətə yuvarlanmaq nəsib olacaqdır!

Həyatın daha bir pozulmaz qanunu var:

Yalnız arzu imkanla bir yerdə olanda istək gerçəkliyə çevrilir!

Təkcə arzuya arxalanaraq  düşünülməmiş addım atanların isə başına  faciə və müsibətlər gələr!

Xüsusən də qarşında güclü və hər an sarsıdıcı zərbə endirməyə hazır vəziyyətdə gözləyən "dəmir yumruq" olduqda!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"u kimi möhtəşəm və Vətən müharibəsində sınaqdan uğurla çıxmış "dəmir yumruq" olduqda!


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı metrosu paytaxtın ictimai nəqliyyat sisteminin gələcək ritminə köklənir

09:00
18 Avqust

Tarixi əhəmiyyətə malik səfər

08:50
18 Avqust

Ermənistanın bitməyən mina terroru: "gizli ölüm"lər böyük təhdid mənbəyidir

08:40
18 Avqust

Azərbaycanın G20-yə dəvət olunması ölkəmizin dünyada yüksələn nüfuzundan xəbər verir

08:30
18 Avqust

Qlobal nüfuzun təzahürü 

08:20
18 Avqust

“Azərbaycan sərhədçisi qalib dövlətin sərhədlərini qorumağın şərəfini və məsuliyyətini daşıyır"

08:10
18 Avqust

NİDADAN SONRA VERGÜL QOYULMUR 

08:00
18 Avqust

"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 

02:52
18 Avqust

Moskvada Müslüm Maqomayevin xatirəsi yad edilib  

21:50
17 Avqust

Türkiyə və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər  

21:45
17 Avqust

Rumıniya Parlamentinin senatoru Qarabağda həyata keçirilən infrastruktur layihələri barədə məlumatlandırılıb

21:40
17 Avqust

Naxçıvanın enerji potensialı beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açır

21:31
17 Avqust

Çimərlik güləşi üzrə millinin baş məşqçisi: Bakıdakı yarışlara ən güclü heyətlə hazırlaşırıq  

20:10
17 Avqust

Məktəb direktorlarının işə qəbulu üzrə elektron qeydiyyat başlayır  

20:05
17 Avqust

Azərbaycana qarşı çağırışlar edən Rusiya vətəndaşları beynəlxalq axtarışa veriliblər  

20:00
17 Avqust

İvan Us: Azərbaycan Ukraynanın enerji təminatçısına çevrilə bilər 

19:55
17 Avqust

Azərbaycanda bu ilin birinci yarısında 41 minə yaxın körpə doğulub  

19:50
17 Avqust

2026/2027-ci tədris ili üçün ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb

19:45
17 Avqust

Aygün Attar: TRIPP-in Orta Dəhliz üçün əsas strateji üstünlüklərindən biri marşrutların şaxələndirilməsidir

19:40
17 Avqust

Azərbaycan əhalisinin sayı açıqlanıb

19:35
17 Avqust

Rektor: BMU-nun ikili diplom proqramları tələbələrin əmək bazarının tələblərinə uyğun bilik qazanmalarına xidmət edir  

19:30
17 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!