Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 95-ci teatr mövsümünə start verib. Sentyabrın 1-də Kukla Teatrında yeni mövsümün başlanması ilə əlaqədar kollektivin ümumi iclası keçirilib.
Əlamətdar bir tarixə - teatrın 95 illik yubileyinə təsadüf edən yeni mövsümün ilk iclasında qarşıda duran əsas yaradıcılıq və təşkilati məsələlər müzakirə olunub, yubiley ili çərçivəsində həyata keçiriləcək layihələr və nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Kukla Teatrının Mətbuat xidmətindən aldığımız məlumata görə, iclası giriş sözü ilə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə açaraq ötən teatr mövsümünün kollektiv üçün uğurlu və məhsuldar olduğunu bildirib. Qeyd edib ki, mövsüm ərzində teatrın tamaşa planı uğurla icra olunub, yeni tamaşalar hazırlanaraq təqdim edilib, ölkədaxili qastrol səfərləri və müxtəlif sosial-mədəni layihələr həyata keçirilib, tamaşaçı auditoriyasının diqqətini cəlb edən bir sıra təşəbbüslər reallaşdırılıb. Ötən mövsümdə əldə olunan nəticələrin yeni mövsüm üçün də mühüm zəmin yaratdığını vurğulayan Rəşad Əhmədzadə diqqətə çatdırıb ki, qarşıda teatrın tarixində xüsusi əhəmiyyət daşıyan 95 illik yubiley ili dayanır. Direktorun sözlərinə görə, yubiley mövsümünün proqramı kifayət qədər zəngindir. Mövsüm ərzində yeni tamaşaların hazırlanması ilə yanaşı, yerli və beynəlxalq qastrol səfərlərinin, müxtəlif mədəni layihələrin, yaradıcılıq təşəbbüslərinin və yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Direktor artıq bir sıra səfərlərlə bağlı danışıqların aparıldığını da açıqlayıb. Bildirib ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, xarici teatr və sənət qurumları ilə əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan kukla sənətinin beynəlxalq platformalarda daha geniş təqdim olunması yeni mövsümün prioritet istiqamətlərindən olacaq: "95 illik yubiley bizim üçün, sadəcə, təqvimdə qeyd olunan bir tarix deyil. Bu yubiley teatrın keçdiyi yaradıcılıq yoluna nəzər salmaq, ənənələri qorumaqla yanaşı, yeni istiqamətlərə açılmaq və gələcək üçün daha böyük hədəflər müəyyənləşdirmək baxımından mühüm mərhələdir".
Yubiley ili çərçivəsində teatrın yaradıcı heyətinin təşəbbüsü ilə bir neçə miqyaslı layihənin həyata keçirilməsinin planlaşdırıldığı açıqlanıb. Bu layihələrin həm uşaqlar və ailələr üçün yeni mədəni proqramları, həm də teatr sənətinin təbliği və Azərbaycan Kukla Teatrının 95 illik yaradıcılıq irsinin geniş auditoriyaya çatdırılması istiqamətində mühüm rol oynaması nəzərdə tutulur.
Sonra teatrın direktor müavinləri Elnur Abbasquliyev və Elmar Qəhrəmanov, Yaradıcılıq şöbəsinin müdiri Anar Məmmədov, Geyim və səhnə tərtibatı şöbəsinin müdiri İqbal Əliyev, dram artistləri - Əməkdar artist Rəhman Rəhmanov, Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev çıxış ediblər.
Çıxış edənlər kollektiv üzvlərini yeni teatr mövsümünün başlanması münasibətilə təbrik edərək qarşıdakı yaradıcılıq mərhələsində hər bir əməkdaşa uğurlar arzulayıblar. Qeyd olunub ki, 95 illik yubiley mövsümü teatrın zəngin tarixinə yeni səhifələr əlavə etməklə yanaşı, kollektivin yaradıcılıq potensialının daha geniş nümayiş etdirilməsi üçün də mühüm imkanlar yaradacaq.
Kukla Teatrının Mətbuat xidmətinin məlumatında o da bildirilib ki, iclasda yeni mövsümdə qarşıda duran vəzifələr, yaradıcılıq prosesinin daha da təkmilləşdirilməsi, tamaşaçı auditoriyasının genişləndirilməsi, yeni layihələrin hazırlanması və yubiley proqramının yüksək səviyyədə təşkili ilə bağlı məsələlər də diqqət mərkəzində olub.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"