Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım" İctimai Birliyinin "Cəfər Cabbarlı müasirimizdir" adlı layihəsinin fəaliyyət planına uyğun olaraq, dünən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının klassiki, dahi dramaturq Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədilə iki yeni kitabın təqdimatı baş tutub.
"Şekspir dramaturgiyası Cəfər Cabbarlı tərcüməsində" adlı kitabda oxucular ədibin dünyaşöhrətli dramaturq Vilyam Şekspirdən tərcümə etdiyi "Hamlet" və "Otello" faciələri ilə tanış olacaq, böyük sənətkarın tərcüməçilik fəaliyyəti haqqında, bədii tərcümə sənətinin inkişafı yolunda gördüyü əvəzsiz xidmətlər barədə maraqlı məlumatlar əldə edəcəklər.
"Cəfər Cabbarlı yaradıcılığı ədəbi cərəyanlar və mətnin çoxqatlılığı kontekstində" adlı digər irihəcmli monoqrafiya filologiya elmləri doktoru, professor Tahirə Məmmədin Cəfər Cabbarlı yaradıcılığına həsr olunmuş çoxillik elmi araşdırmalarının nəticələrindən bəhs edir. Monoqrafiyada müəllifin müxtəlif illərdə apardığı araşdırmalar sistemləşdirilmiş şəkildə bir araya gətirilərək Cəfər Cabbarlı yaradıcılığının bədii-estetik çoxqatlılığı və struktur xüsusiyyətləri təhlil olunub.
Hər iki kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Təqdimatda alimlər, mədəniyyət işçiləri, QHT nümayəndələri, təhsil və mətbuat işçiləri iştirak ediblər.
"Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım" İB-nin sədri, Cəfər Cabbarlı ev-muzeyinin direktoru Qəmər Seyfəddin qızı qonaqlara layihə haqqında geniş məlumat verib və tədbiri açıq elan edib.
Təqdimat mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, ADPU-nun prorektoru, professor Fikrət Rzayev, AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Leyla Məmmədova, ADPU-nun dosenti, əməkdar jurnalist Qafar Əsgərzadə, BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhbubə Qurbanova və "Milli Mədəniyyətin Təbliği" İB-nin sədri Æalə Cəfərova çıxış ediblər. Çıxışçılar yeni işıq üzü görən kitablar haqqında fikirlərini bölüşərək Cəfər Cabbarlı ədəbi irsinin müasir dövrümüzdə əhəmiyyətindən, klassik yazıçılarımızın bədii irsinin təbliğinin vacibliyindən bəhs ediblər.
Tərcüməçi-jurnalist, Cəfər Cabbarlının nəvəsi Bəhlul Abbasov çıxış edərək Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinə layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Z.FƏRƏCOVA,
"Azərbaycan"