02 Sentyabr 2026 09:30
463
CƏMİYYƏT
A- A+
Bakı - tarixin yaddaşı, müasirliyin nümayişi

Bakı - tarixin yaddaşı, müasirliyin nümayişi


Bakı dəyişir, amma öz ruhunu qoruyur. Bəzən İçərişəhərin daş küçələrində addımlayaraq əsrlərin nəfəsini duyursan, bəzən Xəzərin sahilində uzanan bulvarın müasir ritminə qoşulursan. Bir tərəfdə qədim qala divarları, Qız qalasının sirli görünüşü, Şirvanşahlar sarayının daş yaddaşı, digər tərəfdə müasir memarlığın nümunələri. Bunlar şəhərin müxtəlif zamanlarını deyil, bütöv tarixini nümayiş etdirir. 

Bakı dəyişir, onun küçələri yenilənir, təzə binalar ucalır, parklar, istirahət məkanları salınır. Amma bu dəyişiklik şəhərin keçmişini silmir, əksinə, paytaxtın özünəməxsus simasını formalaşdırır. Elə buna görə də Bakı yalnız qədim və ya müasir şəhər deyil, eyni zamanda tarixin yaddaşı ilə müasirliyin enerjisinin qovuşduğu məkandır.

Bakının ruhunu anlamaq üçün ilk növbədə İçərişəhərə üz tutmaq lazımdır. Burada şəhərin tarixi sanki kitab səhifələrindən çıxaraq real məkana çevrilir. Qədim küçələr, daş divarlar, memarlıq abidələri insana Bakının çoxəsrlik tarixindən danışır. Qız qalası isə bu mənzərənin ən tanınan simvollarındandır. Onun ətrafındakı tarixi mühit Bakının keçmişlə bağlılığının möhkəm olduğunu göstərir. Şirvanşahlar Sarayı Kompleksi də şəhərin memarlıq yaddaşında xüsusi yer tutur. 

Bakının tarixi yalnız İçərişəhərin sərhədləri ilə məhdudlaşmır, eyni zamanda müxtəlif guşələrində qorunub saxlanılan tarixi binalar, XIX və XX əsrin əvvəllərində formalaşmış memarlıq nümunələri paytaxtın keçdiyi mürəkkəb və zəngin inkişaf yolundan xəbər verir. Bu şəhərin ən böyük üstünlüyü keçmişinin müasir həyatın içərisində yaşamasıdır.

Bu gün paytaxtımıza baxanda tamamilə başqa bir mənzərə ilə qarşılaşırıq. Şəhərin simasını dəyişən müasir tikililər, geniş prospektlər, yeni yaşayış və ictimai binalar Bakının dinamik inkişafını əks etdirir. Müasir Bakı memarlığında diqqəti cəlb edən əsas xüsusiyyətlərdən biri müxtəlif memarlıq üslublarının bir məkanda yanaşı mövcud olmasıdır. Ənənəvi memarlıq elementləri ilə müasir konstruksiyalar arasında yaranan kontrast şəhərin simasına xüsusi xarakter verir. "Alov qüllələri" Bakının müasir simvollarından birinə çevrilərək şəhərin panoramasında yeni obraz yaradır. Heydər Əliyev Mərkəzinin qeyri-adi binası isə paytaxtın müasir memarlıq düşüncəsinin ən diqqətçəkən nümunələrindəndir. Bu tikililər yalnız şəhərin xarici görünüşünü dəyişmir, onlar Bakının müasir şəhər kimi dünyaya təqdim olunan obrazını formalaşdırır. Burada əsas məsələ yalnız hündür binaların sayının artması ilə yanaşı, həm də şəhərin müxtəlif funksiyalarının bir-biri ilə necə əlaqələndirilməsidir. 

Müasir şəhər həm yaşamaq, işləmək, istirahət etmək, həm də insanların ünsiyyət qurması üçün rahat məkan olmalıdır. Bu baxımdan, Bakının dəyişən simasını ən aydın göstərən məkanlardan biri də Ağ Şəhərdir. Bir vaxtlar sənaye zonası kimi tanınan ərazinin müasir şəhər məkanına çevrilməsi paytaxtın şəhərsalma tarixində maraqlı nümunədir. Burada yeni memarlıq həlləri, ictimai məkanlar, yaşayış və xidmət obyektləri bir aradadır. Ağ Şəhərin özünəməxsusluğu həm də ondadır ki, ərazidə keçmişin izləri unudulmur, əksinə, müəyyən memarlıq elementləri müasir layihələrlə əlaqələndirilərək şəhər mühitinə yeni məna qazandırır. Beləliklə, keçmişin sənaye məkanı insanların yaşadığı, gəzdiyi və istirahət etdiyi müasir şəhər hissəsinə çevrilib. Belə ki, Bakı öz tarixinin ayrı-ayrı səhifələrini silmək əvəzinə, onları yeni şəhər həyatının içərisinə daxil edir.

Bakının simasını müəyyənləşdirən əsas amillərdən biri də Xəzərdir. Dəniz şəhərə yalnız coğrafi üstünlük vermir, həm də ruhuna xüsusi ovqat bəxş edir. Bu baxımdan, Bakı bulvarının şəhər həyatındakı rolu xüsusi qeyd olunmalıdır. Vaxtilə nisbətən kiçik sahilboyu gəzinti məkanı olan bulvar illər ərzində genişlənərək paytaxtın ən mühüm istirahət məkanlarından birinə çevrilib. Bu gün bulvar Bakının simasının ayrılmaz hissəsidir. Burada səhərlər idman edənlərə, ailəlikcə gəzintiyə çıxanlara, velosiped sürənlərə, dəniz mənzərəsindən zövq alanlara rast gəlmək mümkündür. Günün müxtəlif saatlarında bulvarın mənzərəsi də dəyişir. Səhər Xəzərin sakitliyi, günorta şəhərin hərəkətli ritmi, axşam isə işıqların yaratdığı mənzərə Bakının başqa bir simasını göstərir. Bulvarın genişlənməsi və sahilboyu məkanların inkişafı Bakının dənizə açılan şəhər obrazını daha da işıqlandırır.

Müasir şəhərin gözəlliyini yalnız ucalan binaların hündürlüyü, geniş prospektlərin əzəməti ilə ölçmək olmaz. Şəhərin əsl gözəlliyi onun insan üçün yaratdığı rahatlıqda, təbiətlə memarlığın bir-birinə qovuşduğu məkanlarda daha aydın görünür. Bakı da son illər salınan və yenilənən parkları, bağları, xiyabanları və istirahət guşələri ilə özünün yaşıl simasını getdikcə daha da zənginləşdirir. Paytaxtın müxtəlif ünvanlarında yaradılan bu məkanlar şəhərin sərt daş və beton ritminə yaşıllığın yumşaqlığını, ağacların kölgəsini, çiçəklərin rəngini, fəvvarələrin səsini gətirir. Hər yeni park Bakının simasına əlavə olunan bir gözəllik deyil, həm də şəhər insanının gündəlik həyatına bəxş edilən yeni nəfəsdir.

Yasamal parkından Yeni Yasamalın istirahət məkanlarına, Zabitlər parkından Mərkəzi Parka, Xətai rayonundakı böyük Gənclik parkından Nərimanov rayonunda yaradılan yeni istirahət məkanlarına qədər paytaxtın müxtəlif guşələrində şəhər sakinləri üçün rahat və müasir mühit formalaşdırılır. Yasamal parkında milli memarlıq üslubu ilə müasirliyin uzlaşdırılması, fəvvarələrin, süni şəlalələrin, bulaqların, uşaq və idman meydançalarının yaradılması bu məkanın şəhər mühitində necə xüsusi bir yer qazandığını göstərir. Xətai rayonundakı 43 hektarlıq Gənclik parkı isə başqa aləmdir. Bir vaxtlar baxımsız vəziyyətdə olan ərazinin böyük yaşıllıq və istirahət məkanına çevrilməsi nəticəsində burada 300 minədək ağac əkilib, uşaqlar və böyüklər üçün idman və əyləncə sahələri, futbol meydançaları, qaçış cığırları, velosiped yolları və piknik məntəqələri yaradılıb. 

Paytaxtın "yaşıl xəritəsi"nə son illər əlavə olunan məkanlardan biri də "Gənclik" metrosu yaxınlığındakı yeni parkdır. Ərazisi 19 hektara çatdırılan parkın 14 hektarında yaşıllıq salınıb, 20 mindən çox ağac və kol əkilib. Burada piyada və velosiped yolları, uşaq-əyləncə və idman meydançaları, müasir işıqlandırma və avtomat suvarma sistemi yaradılıb. Parkın yaxınlıqdakı "Dədə Qorqud" parkı ilə əlaqələndirilməsi isə şəhər məkanlarının bir-birinə inteqrasiyasına maraqlı nümunədir. Nərimanov rayonunda yaradılan 3,5 hektarlıq yeni park bu mənzərəyə daha bir rəng qatır. Burada amfiteatr, tennis meydançası, uşaq əyləncə zonaları, söhbətgahlar və müasir işıqlandırma sistemi yaradılıb. 

Müasir Bakı insanların görüşdüyü, gəzdiyi, dincəldiyi və şəhərin ritmindən bir anlıq uzaqlaşdığı ictimai məkanlarla da yenilənir. Bütün bunlar paytaxtın dəyişən simasında mühüm bir həqiqəti ortaya qoyur - şəhər böyüdükcə onun insan üçün nəfəs aldığı məkanlar da böyüyür. Səhər ağacların arasından keçən işıq, park cığırlarında addımlayan insanlar, uşaqların gülüşü, fəvvarələrin su səsi, yaşıllığın yaratdığı sakitlik - bütün bunlar müasir Bakının görünməyən, lakin hiss olunan gözəlliyidir. Bakı yalnız daşın, şüşənin və poladın şəhəri deyil, eyni zamanda bir üzü tarixin daş yaddaşıdırsa, digər üzü yaşıllığın, suyun, işığın və insan rahatlığının yaratdığı müasir həyat mənzərəsidir. Bakının qədim parkları isə ayrıca bir yaddaşdır. Onların hər birinin şəhər həyatında öz yeri, öz xatirəsi var. Yeni parkların salınması ilə bu ənənə davam etdirilir. 

Bakı sürətlə dəyişir. Yeni binalar, yollar, parklar, ictimai məkanlar şəhərin görünüşünü yeniləyir. Lakin bu yeniliklər tarixi yaddaşla qarşı-qarşıya qoyulmur. Çünki şəhərin gələcəyi keçmişi ilə bu günü arasında əlaqə olanda daha möhkəm qurulur. Paytaxtımızın siması gündən-günə dəyişir. Bu dəyişən Bakının hekayəsidir. Bakı nə yalnız keçmişi ilə yaşayan qədim şəhərdir, nə də keçmişini unutmağa çalışan müasir meqapolis. Bakı tarixini qoruyaraq gələcəyə addımlayan şəhərdir. Bəlkə də elə buna görə ona hər dəfə baxanda yeni bir Bakını görürük.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

F.R.Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilməsi haqqında

00:30
12 Sentyabr

"Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında

00:28
12 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi" publik hüquqi şəxsin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

00:27
12 Sentyabr

Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı  

00:25
12 Sentyabr

“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 609 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:24
12 Sentyabr

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 375-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:22
12 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 14 mart tarixli 58 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nda dəyişiklik edilməsi haqqında

00:20
12 Sentyabr

Əhali kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına xərcləri 33,4 faiz artırıb

19:43
11 Sentyabr

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 faizədək artıb

19:30
11 Sentyabr

İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib

19:13
11 Sentyabr

Qafqaz romantizminin nakam şairi: Nikoloz Barataşvili və Azərbaycan

19:10
11 Sentyabr

ABŞ-də 11 sentyabr terror aktlarının 25-ci ildönümü qeyd olunur

19:07
11 Sentyabr

Diplomatik korpusun nümayəndələri Şuşada YENİLƏNİB 

19:00
11 Sentyabr

Azərbaycan komandası çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirinə qələbə ilə başlayıb

18:55
11 Sentyabr

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib

18:47
11 Sentyabr

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

18:30
11 Sentyabr

SOCAR Bakı İqlim Fəaliyyəti Həftəsində metan emissiyalarının azaldılması strategiyasını təqdim edib

18:23
11 Sentyabr

Azərbaycan muzeylərinin nadir eksponatları: Devis kvadrantı – əsrlər əvvəl dənizçilər Günəşə əsasən yolu necə tapırdılar?

18:15
11 Sentyabr

Ermənistanın mina xəritələrini təqdim etməməsi müharibə fəsadlarının aradan qaldırılmasını çətinləşdirir 

17:49
11 Sentyabr

Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir

15:11
11 Sentyabr

Xankəndidə “Regional məşğulluq ekosisteminin qurulması: İşəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa keçirilir

14:45
11 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!