1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olunub
Azərbaycanın müasir dövlətçilik salnaməsi xalqımızın azadlıq iradəsini və sarsılmaz mübarizə ruhunu əks etdirən son dərəcə zəngin, mürəkkəb və şərəfli bir yoldur. Bu şərəfli yolun həlledici mərhələsindən biri XX əsrin sonlarında müstəqilliyin hüquqi və siyasi müstəvidə bəyan edilməsi idi. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamənin qəbul olunması ölkənin suverenlik salnaməsində ən mühüm dönüş nöqtələrindən birinə çevrildi.
1918-1920-ci illərdə Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin varisliyini rəsmən bəyan edən bu hüquqi sənəd, həmin ilin oktyabrında qəbul ediləcək Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının siyasi və mənəvi bünövrəsini təşkil etdi.
Hadisələrin təhlili göstərir ki, müstəqilliyə gedən yol geosiyasi şəraitin təsadüfi töhfəsi deyil, xalqımızın azadlıq naminə başlatdığı mübarizənin, istiqlal mücadiləsinin qanunauyğun nəticəsidir. Azərbaycanda dövlət müstəqilliyi yolunda həlledici proseslər isə Heydər Əliyevin Azərbaycana qayıdışından sonra başladı.
Ulu Öndərin 1990-cı ilin Qanlı Yanvar faciəsindən sonra Moskvadan Bakıya, daha sonra Naxçıvana qayıdışı milli azadlıq hərəkatının yeni müstəviyə keçməsinə zəmin yaratdı. 1990-cı il sentyabrın 30-da Heydər Əliyevin həm Azərbaycan SSR, həm də Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçilməsi müstəqilliyə gedən yolun ilk real mərhələsi kimi tarixə düşdü.
Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin tarixi sessiyasında muxtar respublikanın adından "sovet" və "sosialist" sözlərinin çıxarılması və ali qanunverici orqanın Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması sovet imperiyasının strukturunda köklü hüquqi dəyişikliyin əsasını qoydu. Həmin sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanın dövlət bayrağı kimi qəbul edilməsi və bu milli rəmzin bütün respublika miqyasında təsdiqlənməsi təşəbbüsü ilə çıxış edilməsi ideoloji dönüş nöqtəsi oldu. Eyni zamanda 1990-cı il noyabrın 21-də 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymətin verilməsi imperiya rəhbərliyinin cinayətkar məsuliyyətinin bəyan edilməsi baxımından mühüm addım idi.
Müstəqillik mövzusu və bu istiqamətdə addımlar Ülu Öndərin bütün çıxışlarının əsasını təşkil edirdi. Xüsusən Azərbaycan Ali Sovetinin iclaslarında Heydər Əliyev bütün çıxışlarında Azərbaycanın dövlət müstəqilliyinin qaçılmaz proses olduğunu bəyan edirdi. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyasındakı çıxışında Heydər Əliyev mövcud ictimai-siyasi vəziyyəti dərindən təhlil edərək respublikanın gələcək müstəqilliyi və dövlətçiliyi ilə bağlı aydın mövqeyini nümayiş etdirdi. Ali Sovetin 1991-ci il martın 7-də keçirilən sessiyasında Heydər Əliyev Azərbaycanın milli müstəqilliyi və suverenliyi məsələsinə toxunaraq, müstəqilliyə çatmağın yollarını, əsas vasitələrini, demokratik dövlət quruculuğunun prinsiplərini göstərdi.
Sovet imperiyasını saxlamaq məqsədilə keçirilən referendumda və Ali Sovetin iclaslarında Heydər Əliyevin prinsipial mövqe nümayiş etdirməsi imperiya cəhdlərini neytrallaşdırdı. Ali Sovetdəki tarixi çıxışlarında Heydər Əliyev respublika rəhbərliynin imzalamağa hazırlaşdığı ittifaq müqaviləsinin Azərbaycan üçün tam yararsızlığını yeni ittifaqa daxil olmağın və bunun üçün hər hansı referendum keçirməyin əleyhinə çıxdığını bildirirdi.
Sonrakı hadisələr göstərdi ki, Azərbaycanın müstəqil, demoktatik dövlət qurmasının zəruriliyi haqqında Heydər Əliyevin uzaqgörən bəyanatları, bunu əsaslandıran siyasi baxışları öz işini görmüş, gələcək proseslərin gedişinə həlledici təsir göstərmişdi. O dövrdə proseslərin gedişatı göstərirdi ki, respublika rəhbərliyi müstəqil və demokratik dövlətçilik hərəkatının qarşısında tab gətirmək iqtidarında deyil. 1991-ci il avqustun 30-da Ali Sovetin növbədənkənar sessiyasında müstəqilliyin bərpası haqqında bəyannamənin qəbul edilməsi bu həqiqəti bir daha təsdiqlədi. Həmin dövrdə Heydər Əliyev bu sənədi dəstəkləyərək bəyan etdi ki, Azərbaycan Respublikası bəyannamə ilə kifayətlənməməli, özünün tam milli dövlət müstəqilliyini əldə etməlidir.
1991-ci il oktyabrın 18-də isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edildi. Əfsuslar olsun ki, müstəqilliyin ilk illərində (1991-1993-cü illər) idarəetmədəki səriştəsizlik və siyasi xaos bəyannamə prinsiplərinin reallaşmasını əngəllədi. Hakimiyyət uğrunda amansız mübarizə və xəyanətkar addımlar torpaqlarımızın işğalını, müstəqilliyin itirilməsi təhlükəsini şərtləndirdi. Ölkəni uçurumun kənarına gətirən bu dərin siyasi böhran milli dövlətçiliyi qorumaq üçün təcrübəli və qətiyyətli Liderin proseslərə müdaxiləsini tarixi zərurətə çevirdi. Belə məqamda xalqın təkidi və yekdil iradəsi ilə baş tutan siyasi dönüş ölkənin taleyində köklü dəyişiklik yaratdı. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ilə Azərbaycan tarixinin işıqlı səhifələri yazıldı. Proseslər göstərir ki, Heydər Əliyev Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsəydi, ölkəmiz müstəqilliyini yenidən itirə bilərdi. Müdrik rəhbər zəngin idarəçilik təcrübəsi, siyasi dünyagörüşü ilə Azərbaycan dövləti və xalqı üçün ölçüyəgəlməz işlər görərək onun gələcək əsrlərə üzüağ, alnıaçıq çıxmasını təmin etdi. 1995-ci ildə referendum yolu ilə ilk milli Konstitusiyanın qəbulu isə insan hüquqları, şəxsiyyətin toxunulmazlığı və mətbuat azadlığının təmin olunması ilə hüquqi dövlət quruculuğunun təməlini qoydu.
Ulu Öndər müstəqilliyin etibarlı təməlini yaratdı. Ümummilli Liderin siyasi kursu və dövlətçilik konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla inkişaf etdirilir. Həyata keçirilən institusional islahatlar, modernləşmə xətti və iqtisadi müstəqilliyin güclənməsi Azərbaycanın müstəqillik təməllərini daha da gücləndirib, sarsılmaz edib. Bu məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə olundu və torpaqlarımız azadlığa qovuşdu. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri isə separatçılığa son qoyaraq ölkəmizin bütün ərazisində suverenliyin tam bərpasını təmin etdi. Hazırda işğaldan azad edilmiş ərazilərdə icra olunan "Böyük qayıdış" proqramı, genişmiqyaslı infrastruktur layihələri müstəqil dövlətin iqtisadi-güc potensialının real nümayişidir.
Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi milli inkişaf strategiyası və sarsılmaz dövlətçilik təməlləri Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı regional və qlobal miqyasda söz sahibinə çevrilmiş qalib dövlət statusuna ucaltdı. Suverenliyini bərpa edən respublikamız bu gün təkcə Cənubi Qafqazın hərbi-siyasi lideri deyil, həm də qlobal enerji, nəqliyyat və diplomatiya xəritəsinin mühüm aktoru kimi çıxış edir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"