Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə ŞƏT tədbirlərində iştirakı Bakının təşkilatın gündəliyinə siyasi diqqətinin davam etdiyini göstərir. Bişkek gündəliyində təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, ekologiya, süni intellekt və humanitar əməkdaşlıq gündəmin ümumi mövzularıdır. Bu isə Azərbaycanın prioritetləri ilə böyük ölçüdə üst-üstə düşür. Buna görə Bişkek Sammitinin Azərbaycan üçün ümumilikdə üç ölçüsünü müəyyən etmək olar:
1. Siyasi: Azərbaycanın ŞƏT məkanında yüksək səviyyəli siyasi iştirakını davam etdirməsi.
2. Regional: Qırğızıstan və digər Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin dərinləşdirilməsi.
3. İqtisadi, nəqliyyat və tranzit: Nəqliyyat, logistika, rəqəmsallaşma və enerji gündəliyinin inkişaf etdirilməsi.
Azərbaycanın ŞƏT məkanında əsas üstünlüyü təşkilatın əsasən Asiyanı əhatə edən böyük coğrafiyasını Avropa, Türkiyə və Cənubi Qafqazla birləşdirən tranzit, enerji və logistika imkanlarının genişlənməsinə töhfə vermək imkanına malik olmasıdır. ŞƏT Çin, Rusiya, Mərkəzi Asiya, İran, Hindistan və Pakistan kimi böyük dövlətləri və bazarları bir araya gətirir. Azərbaycan isə Xəzər üzərindən Avropa və Türkiyəyə çıxış nöqtəsi rolunu oynayır. Bu baxımdan Azərbaycan üçün ŞƏT sadəcə siyasi dialoq platforması deyil, Avrasiyanın müxtəlif iqtisadi, enerji və nəqliyyat məkanlarını birləşdirən platformadır. Bu platforma Orta dəhlizin imkanlarının genişləndirilməsi və intensivliyin artrılması üçün siyasi mühitdir, Çin və Mərkəzi Asiyanın Avropa bazarlarına çıxışında alternativ istiqamətdir.
ŞƏT-in gücü coğrafi mövqe, əhali, iqtisadi faktorlar baxımından malik olduğu onun miqyasındadır. Azərbaycanın gücü isə müxtəlif bazarlar arasında bağlantı imkanınlarının təminindədir. Azərbaycan ŞƏT məkanını digər Avrasiya məkanları, o cümlədən Türkiyə, Qara dəniz ölkələri və ümumilikdə Avropa ilə birləşdirən dövlət kimi öz rolunu daha da gücləndirə bilər. Azərbaycan üçün ŞƏT-in əhəmiyyəti davamlı bağlantı funksiyasının inkişafına töhfəni artırmaqdır.
Tiencin 2025: münasibətlərin institusional baxımdan yeni mərhələsi
2025-ci ilin ŞƏT-in Çinin Tiencin şəhərində keçirilən sammitdə müşahidəçi və dialoq tərəfdaşı statuslarının vahid “SCO Partner / ŞƏT tərəfdaşı” formatında birləşdirilməsi təşkilatın tərəfdaşlıq mexanizmini yenidən qurdu. Bununla belə, hüquqi prosedurların hələ tamamlanmadığını vurğulamaq daha dəqiq olar. ŞƏT-in rəsmi məlumatına görə, yeni statusun hüquqi bazasının tam tətbiqinə qədər mövcud müşahidəçi və dialoq tərəfdaşı statusları qüvvədə qalır.
Tiencin qərarı Azərbaycanın ŞƏT-lə münasibətlərində formal status dəyişikliyindən daha çox, təşkilatın tərəfdaşlıq sisteminin yenilənməsi baxımından əhəmiyyətlidir. ŞƏT-in tərəfdaşlıq modelinin yenidən qurulması təşkilatın xarici tərəfdaşlarla münasibətlərində əvvəlki iyerarxik bölgünü yumşaldır. Bu, Azərbaycan üçün təşkilatın siyasi və iqtisadi gündəliyinə daha geniş formatda töhfə vermək imkanları yaradır. Proses ölkəmizin ŞƏT məkanında daha çevik və çoxşaxəli iştirakı üçün baza formalaşdırır.
Azərbaycanın çoxvektorlu siyasəti ŞƏT-i alternativ kimi deyil, əlavə platforma kimi qiymətləndirir. Bu mənada Azərbaycan üçün ən optimal yanaşma ŞƏT-i geosiyasi qarşıdurma platforması kimi deyil, çoxqütblü Avrasiyada praktiki əməkdaşlıq mexanizmi kimi qiymətləndirməsindədir. Bakı ŞƏT-i geosiyasi seçim platforması kimi deyil, iqtisadi və nəqliyyat imkanlarını artıran əlavə çoxtərəfli mexanizm kimi nəzərdən keçirir. Bu mənada Azərbaycanın ŞƏT siyasətinin mahiyyəti Şərq və Qərb arasında mövcud bağlantı imkanlarını genişləndirməkdir.
Çin faktoru Azərbaycan–ŞƏT münasibətlərinin əsas lokomotivlərindən hesab oluna bilər
2025-ci ilin aprelində Azərbaycan və Çin arasında münasibətlərin strateji tərəfdaşlıqdan hərtərəfli strateji tərəfdaşlığa yüksəldilməsi həm də çoxtərəfli formatda Bakı-Pekin əməkdaşlığı üçün əlavə resurslar yaradır. Ötən il avqustun 31-də Tiencində Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən görüşdə də bu münasibətlərin strateji xarakteri bir daha vurğulandı. Çin tərəfi Azərbaycanla əməkdaşlığın infrastruktur, kənd təsərrüfatı, energetika, rəqəmsal iqtisadiyyat, yaşıl inkişaf və süni intellekt kimi sahələrdə genişləndirilməsini önə çəkdi. Çinlə hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi ölkəmizin Orta dəhlizdəki rolunu artırmasına töhfə verməklə yanaşı, Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirməsinə xidmət edir.
Çin təxminən 20 trilyon ABŞ dolları həcmində ümumi daxili məhsulla ŞƏT-in ən böyük iqtisadi gücüdür. Azərbaycan üçün ŞƏT-lə münasibətlərin iqtisadi və nəqliyyat sahələrində dərinliyi böyük ölçüdə Çinlə münasibətlərin səviyyəsindən asılı olacaq. Belə ki, Çin Azərbaycanın Orta dəhliz strategiyasında əsas şərq tərəfdaşıdır. “Bir kəmər, bir yol”un əsas təşəbbüskarı kimi Pekin Avrasiyanın yeni logistikasının formalaşmasında əsas aktordur.
Orta Dəhliz: Azərbaycan–ŞƏT münasibətlərinin əsas iqtisadi və nəqliyyat sütunu
ŞƏT ölkələrinin istehsal və ixrac potensialının Azərbaycan üzərindən Avropa bazarlarına çıxarması sadəcə tranzit gəliri məsələsi deyil. Bu model Çin → Mərkəzi Asiya → Xəzər → Azərbaycan → Gürcüstan → Türkiyə → Avropa zəncirinin formalaşdırılması deməkdir. Bakı Limanının hazırkı illik gücünün 15 milyon ton və 100 min TEU olması, ikinci mərhələdə isə 25 milyon ton və 500 min TEU qaldırılması bu funksiyasnın uğurlu icrasını təsdiqləyir.
Azərbaycanın Orta dəhlizdəki üstünlüyü onun coğrafi mövqeyindən daha çox, bu coğrafiyanı müasir liman, dəmir yolu, avtomobil yolları və logistika infrastrukturu ilə iqtisadi dəyərə çevirməsindədir. Bu göstəricilər Azərbaycanın özünü sadəcə tranzit ölkə deyil, Avrasiya logistikasının regional qovşağı kimi təqdim etməsinə imkan verir. Zəngəzur dəhlizi, TRİPP marşrutunun gələcəkdə istifadəyə verilməsi ilə Orta Dəhlizin əlavə tamamlayıcı elementi kimi gündəm olacaq. 2025-ci il Vaşinqton Birgə Bəyannaməsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən maneəsiz bağlantının təmin edilməsinin vacibliyi qeyd edildi və 2026-cı il yanvarında ABŞ və Ermənistan arasında TRIPP layihəsi üzrə çərçivəsi razılaşdırıldı. 2026-cı ilin mayında Ermənistan və ABŞ TRIPP üzrə çərçivə sazişi imzaladı. Prezident İlham Əliyev və Baş Nazir Nikol Paşinyan arasında avqustun 31-də Bişkekdə baş tutan görüşdə liderlər Vaşinqton Zirvə görüşünün mühüm nəticələrindən biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə apardılar. Liderlər TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini bir daha qeyd etdilər.
Zəngəzur bağlantısı Azərbaycan-Ermənistan ikitərəfli əməkdaşlıq platformasını aşır. Onun daha geniş mənası Mərkəzi Asiya → Xəzər → Azərbaycan, Naxçıvan → Türkiyə → Avropa bağlantılarının şaxələndirilməsidir və burada Ermənistanla əməkdaşlıq imkanlarının açılmasıdır. Əsas siyasi nəticə odur ki, Zəngəzur bağlantısının tezliklə reallaşması Azərbaycanın, həmçinin Ermənistanın Mərkəzi Asiya ilə Avropa arasında tranzit rolunu daha da gücləndirə və Orta dəhlizin qərb istiqamətində əlavə bağlantı yarada bilər. Bu da regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə mühüm töhfədir.
Bişkekdə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan artıq sülh gündəliyinin praktiki nəticələrini — Azərbaycan neft məhsullarının Ermənistana ixracını, Azərbaycan ərazisindən Ermənistan istiqamətində tranziti və ticarət əlaqələrinin qurulmasını müzakirə etməsi ikitərəfli münasibətlər üçün mühüm gəlişmə hesab oluna bilər. Bu göstərir ki, Azərbaycan-Ermənistan münasibətlərində əsas dəyişiklik ondan ibarətdir ki, təhlükəsizlik məsələləri ilə yanaşı tədricən iqtisadi və bağlantı məsələləri gündəlikdə əsas mövzulara çevrilməkdədir. Bunlar isə uzunmüddətli sülhün və davamlı sabitliyin təmini üçün praktik əməkdaşlıq layihələridir.
2025-ci ilin avqustunda ŞƏT-in Tiencin Sammiti çərçivəsində Prezident Əliyev və Baş nazir Paşinyan arasında görüşün keçirilməsi ŞƏT platformasının regional dialoq üçün əlavə məkan kimi istifadə oluna bildiyini göstərdi. 2026-cı ilin Bişkekdə yenidən ŞƏT platforması çərçivəsində bu iki ölkə rəhbərinin görüşünün baş tutması isə bunu bir daha təsdiqlədi. Bunlar göstərir ki, Azərbaycan ŞƏT-in daxilində də Ermənistanla keçmiş qarşıdurma gündəliyinin birdəfəlik aradan qalxmasına, Cənubi Qafqazda yeni sülh və bağlantı modelinin formalaşmasına çalışan dövlət kimi çıxış edir.
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanması ŞƏT kontekstində də mühüm əhəmiyyətə malikdir, imkanların genişləndirilməsi üçün çox vacibdir. Təbii ki, Ermənistanın sülh müqaviləsini imzalanması, davamlı sülh üçün möhkəm hüquqi bazanın təmini üçün konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırması dəyişilməz şərtdir.
Cənubi Qafqazda sülhün möhkəmlənməsi ŞƏT məkanından Avropaya uzanan nəqliyyat və ticarət marşrutlarının təhlükəsizliyini və səmərəliliyini artıran yeni geoiqtisadi şərait yaradır.
Mərkəzi Asiya: Azərbaycanın ŞƏT siyasətində digər mühüm sütun
Azərbaycanın ŞƏT məkanında mövqeyini gücləndirən əsas amillərdən biri təşkilatın özündən kənarda — Mərkəzi Asiya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin sürətli inkişafıdır. Azərbaycanın ŞƏT-lə münasibətləri yalnız Çin üzərindən qurulmur. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla strateji tərəfdaşlıqı və müttəfiqlik münasibətləri, Türkmənistanla enerji və nəqliyyat əməkdaşlığı ölkəmizin Mərkəzi Asiya ilə hüquqi və institusional bağlarını genişləndirir.
2025-ci ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu iştirakçı kimi qoşulması da ölkəmizin və Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi məkan kimi birgə faəliyyət imkanlarını genişləndirir. Məsələn, Özbəkistan-Azərbaycan münasibətlərində 2025-ci ildə 2025–2029-cu illər üçün müttəfiqlik münasibətlərinin icrasına dair “Yol xəritəsi”, sənaye əməkdaşlığı proqramı və ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollara çatdırılması hədəfi müəyyənləşdirilib. Qırğızıstanla isə 31 iyul 2026-cı ildə Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması münasibətləri yeni institusional səviyyəyə çıxarıb.
Qazaxıstanın yanaşmasında Azərbaycan Xəzərin iki sahilini birləşdirən tərəfdaş kimi yer alır. Qazaxıstan üçün Azərbaycanın əhəmiyyəti ilk növbədə Xəzər və Trans-Xəzər marşrutu ilə bağlıdır. Bu baxımdan Azərbaycan-Qazaxıstan münasibətlərini ŞƏT kontekstində belə ifadə etmək olar: Qazaxıstan ŞƏT-in şərq və mərkəzi hissəsini, Azərbaycan isə onun qərb çıxışlarından birini təşkil edir. Bu iki ölkənin əməkdaşlığı Orta dəhlizin Xəzər seqmentinin effektivliyini müəyyən edən əsas amillərdəndir. Beləliklə, Çin–Qazaxıstan–Xəzər–Azərbaycan xətti ŞƏT məkanının Avropaya çıxışında mühüm logistika xətti yaradır.
Azərbaycanın ŞƏT strategiyası: Avrasiya bağlantısında kəsişmə nöqtəsi
Azərbaycanın ŞƏT strategiyasını təşkilata sadəcə yaxınlaşmaq deyil, ŞƏT məkanının yaratdığı böyük geoiqtisadi potensialı Azərbaycanın coğrafi və infrastruktur üstünlükləri ilə bağlamaq və bununla mövcud potensialı daha da genişləndirmək kimi qiymətləndirmək olar. ŞƏT-in əsas üstünlüyü onun əhali, bazar, resurs və istehsal imkanlarının genişliyidir. Azərbaycanın üstünlüyü isə coğrafi mövqeyi, Xəzər dənizi, enerji resursları, logistika infrastrukturu və Avropaya çıxış imkanlarıdır. Bu iki potensialın kəsişdiyi əsas məkan Orta dəhlizdir. Azərbaycan ŞƏT məkanını Xəzər üzərindən Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən bağlantı platforması kimi çıxış edir. ŞƏT-in öz sənədlərində də nəqliyyat dəhlizlərinin, multimodal marşrutların, logistika mərkəzlərinin və transsərhəd prosedurların inkişafı prioritet istiqamətlər kimi müəyyən edilir.
Bu baxımdan Azərbaycanın məqsədi ŞƏT-in geniş iqtisadi məkanını Orta dəhliz vasitəsilə Avropa bazarlarına bağlayan əsas tranzit və logistika qovşaqlarından birinə çevrilməkdir. Bu, Azərbaycanın təşkilatla əməkdaşlığını siyasi iştirakdan daha çox praktik iqtisadi nəticələrə — yükdaşımaların artırılmasına, investisiyaların cəlb edilməsinə, enerji və rəqəmsal bağlantıların genişləndirilməsinə yönəldir.
Digər mühüm istiqamət enerji bağlantısıdır. Azərbaycanın Xəzər hövzəsindəki enerji potensialı və Avropa enerji bazarlarına çıxışı ŞƏT məkanının enerji resursları ilə Avropa arasında əlavə bağlantı imkanları yaradır. Enerji mənbələrinin və ixracı yollarının şaxələndirilməsi Azərbaycanın ŞƏT qarşısında əsas üstünlüklərindən sayılır. Ölkəmizin enerji məsələləri kontesktində ŞƏT çərçivəsində üstünlüyü enerji istehsalının miqyasında deyil, enerji marşrutlarının şaxələndirilməsindədir. Azərbaycan enerji resurslarının Xəzər və Cənubi Qafqaz üzərindən Avropa bazarlarına çıxarılmasında mühüm bağlantı ölkəsidir. Eyni məntiq rəqəmsal infrastruktur və “Rəqəmsal İpək Yolu” layihələrinə də aiddir.
Nəticə etibarilə, Azərbaycanın əsas strateji üstünlüyü ŞƏT məkanının bir hissəsi olmaqdan daha çox, Çin və Mərkəzi Asiyanı Xəzər, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə əlaqələndirən kəsişmə nöqtəsi olmaqdır. Bu yanaşma Azərbaycanın regional tranzit ölkəsindən Avrasiyanın geoiqtisadi bağlantı mərkəzlərindən birinə çevrilməsi strategiyasını gücləndirir. Azərbaycan Prezidentinin “ŞƏT Plus” formatında görüşlərdə iştirakı da bu yanaşmanın siyasi-diplomatik səviyyədə davamıdır.
Bişkek sammiti çərçivəsində görüşlərin təhlili göstərir ki, Azərbaycanın ŞƏT-ə yanaşması yalnız siyasi yaxınlaşma üçün deyil, əsasən geoiqtisadi bağlantı strategiyasının genişləndirilməsi üçün əlverişli əsas yaradır. 2026-cı il sammitində 25 illiyi qeyd olunan ŞƏT-in üzv dövlətləri dünya əhalisinin 40 faizindən çoxuna, qlobal ÜDM-in təxminən dörddə birinə malikdir. Sammit gündəliyində nəqliyyat, logistika, enerji, rəqəmsal bağlantı, süni intellekt və yaşıl texnologiyalar da önə çıxıb.
2025-ci il Tiencin qərarı Azərbaycan-ŞƏT əməkdaşlığının institusional çərçivəsini yenilədiyi halda, 2026-cı il Bişkek Sammiti Azərbaycanın Mərkəzi Asiya ilə sürətlə dərinləşən əlaqələrini və ŞƏT məkanında artan bağlantılar siyasətini nümayiş etdirir. Eyni zamanda Azərbaycan-Ermənistan sülh gündəliyinin irəliləməsi və regional kommunikasiyaların açılması bu strategiyanın Cənubi Qafqaz ölçüsünü tamamlayır.
Beləliklə, Azərbaycanın ŞƏT siyasətinin əsas geosiyasi kapitalı onun Şərqlə Qərb, Mərkəzi Asiya ilə Avropa və enerji istehsalçıları ilə istehlak bazarları arasında yaratdığı bağlantıdır.
Rizvan NƏBİYEV,
Milli Məclisin deputatı,
Siyasi elmlər doktoru