Liderlərin birbaşa dialoqu və ikitərəfli təmasların intensivləşməsi Bakı-İrəvan arasında dayanıqlı sülhün başlıca təminatıdır
Cənubi Qafqazda onilliklər boyu davam edən münaqişə və gərginlik dövrü yerini yeni siyasi-iqtisadi reallığa verməkdədir. Avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü də bölgədə sülhün və sabitliyin əməli müstəviyə keçməsinin bariz nümunəsidir. İki ölkənin rəhbərinin növbəti təması həm də regionun taleyini müsbət istiqamətdə dəyişdirən mühüm qərarların, önəmli razılaşmaların və əldə olunmuş tarixi nailiyyətlərin təsdiqidir.
Bişkek görüşündə tərəflər 2025-ci il 8 avqust tarixli Vaşinqton görüşünün, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzaladıqları Birgə Bəyannamənin, həmçinin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini xüsusi vurğulayıblar. Qeyd olunduğu kimi ötən il Vaşinqtonda atılan bu qətiyyətli addım iki dövlət arasında uzun illər davam edən münaqişəyə son qoyulmasının rəsmi bəyanı idi. Tarixi görüşdə sülh sənədinin mətninin paraflanması Bakı və İrəvanın hüquqi müstəvidə razılığa gəldiyinin göstəricisi oldu.
Tərəflər arasında sülh gündəliyinin praktiki faydaları artıq özünü göstərir. Bu kontekstdə görüşdə Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər məhsulların Azərbaycan ərazisi ilə Ermənistana tranziti, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülhün gətirdiyi faydaların əyani təzahürü kimi qeyd edilib. Liderlər, həmçinin işgüzar dairələr arasında təmasları alqışlayıb və qarşılıqlı faydalı iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar. Sülh prosesi çərçivəsində bəzi kommunikasiyaların və ticarət kanallarının açılması keçmiş qarşıdurmanı əməkdaşlıqla əvəzləyir, iki ölkə arasında iqtisadi etimadı möhkəmləndirir.
Regional təhlükəsizliyin təmin olunmasında dövlət sərhədlərinin dəqiq müəyyənləşməsi də müstəsna rol oynayır. Müzakirələr zamanı tərəflər Azərbaycan ilə Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə müvafiq komissiyaların rolunu diqqətə çatdırıblar, onların öz işlərini davam etdirməsinin vacibliyini bəyan ediblər. Sərhədlərin qarşılıqlı razılıq əsasında xəritələr üzrə dəqiqləşdirilməsi gələcəkdə hər hansı təxribat və ya gərginliyin qarşısını alan en etibarlı zəmanət sayılır.
Nəqliyyat və kommunikasiya infrastrukturlarının bərpası da görüşün gündəmində yer alıb. Liderlər Vaşinqton görüşünün mühüm nəticələrindən biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə apararaq, bu layihənin xüsusi əhəmiyyətini qeyd ediblər. Nəzərə alaq ki, TRİPP sadəcə təkcə iki ölkəni bir-birinə bağlamır, həm də bütün regionu beynəlxalq ticarət mərkəzinə çevirməklə, Şərqlə Qərb arasında daha səmərli şərtlərlə bağlantı yaratmaqla xarici investorlar üçün bölgənin cəlbediciliyini artırır. Bu baxımdan, TRİPP marşrutunun reallaşmasına xüsusi önəm verilir.
Sülh gündəminin rəsmi müstəvidə qalmaması, cəmiyyətlərin daxilində özünə yer etməsi üçün ictimai təmasların da rolu danılmazdır. Bu mənada liderlər parlamentarilər və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı etimadın gücləndirilməsinə və daha geniş sülh gündəliyinin dəstəklənməsinə verdikləri töhfələrini qeyd edərək, onların iştirakı ilə etimad quruculuğu üzrə təmasları müsbət dəyərləndiriblər. Həqiqətən də, ictimaiyyət nümayəndələrinin və deputatların intensiv və birbaşa təmasları keçmişin ağır psixoloji maneələrini aşmağa imkanlar yaradır.
Mühüm məqamlardan biri də odur ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər. İkitərəfli təmasların intensiv hal alması müstəsna əhəmiyyət kəsb edir. Tərəflər artıq kənar vasitəçilərin müdaxiləsinə imkan vermirlər. İki rəhbərin uyğun şəraitlərdə masa arxasına əyləşərək birbaşa dialoq aparması həm qarşılıqlı etimadın artmasına gətirib çıxarır, həm də sülh prosesini lazımsız vaxt itkisindən və kənar manipulyasiyalardan qoruyur. Bu format sübut edir ki, regional məsələlərin ən optimal həll yolu birbaşa dialoq mexanizmidir. Avqustun 31-də keçirilən görüş bir daha göstərdi ki, tərəflər birbaşa dialoq yolu ilə bütün məsələləri həll etmək iqtidarındadır.
Başlıca məqam odur ki, Bakı və İrəvan arasında davamlı sülh gündəliyini formalaşdıran, üçüncü tərəflərin müdaxilələrini neytrallaşdıran və Ermənistanı məhz birbaşa ikitərəfli sülh masasına əyləşməyə məcbur edən güc Azərbaycanın prinsipial və qətiyyətli siyasətidir. Məhz Azərbaycan dövlətinin yaratdığı yeni reallıqlar Ermənistanı konstruktiv mövqeyə gəlməyə məcbur etdi və Cənubi Qafqazda sabitlik və təhlükəsizlik mərhələsinin əsasını qoydu.
İsmayıl QOCAYEV,
“Azərbaycan”