Əmir Teymur kimi dünya fatehləri Naxçıvan qalalarını asanlıqla ələ keçirə bilməyiblər
Ərazisindəki qədim qalalar Naxçıvanın zəngin tarixinin silinməz izləridir. Azərbaycanın qədim diyarında - Naxçıvan Muxtar Respublikasında isə 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur.
Muxtar respublikanın ərazisində müxtəlif tarixi dövrlərə aid qala və istehkamların mövcudluğu burada şəhərsalma və müdafiə sisteminin qurulmasının qədim ənənələrə malik olduğunu göstərir. Qalaların bəzisi yaşayış məskənləri ilə birlikdə formalaşıb, bəzisi isə mühüm yolların, yaşayış və təsərrüfat ərazilərinin qorunması məqsədilə inşa edilib.
Naxçıvandakı Köhnəqala və Əlincəqala da həm tarixi əhəmiyyətinə, həm də memarlıq xüsusiyyətlərinə görə diqqəti cəlb edir. Müxtəlif tarixi dövrlərin tikinti ənənələrini, müdafiə üsullarını və qədim yaşayış məskənlərinin quruluşunu özündə əks etdirən bu abidələrin hər biri Naxçıvan tarixinin müəyyən mərhələsi haqqında məlumat verməklə yanaşı, qədim insanların ərazinin relyefindən, yerli tikinti materiallarından və mövcud imkanlardan necə istifadə etdiyini göstərir.
Naxçıvan şəhərinin cənub-şərqində yerləşən qala elmi ədəbiyyatda Yəzdəgird qalası, xalq arasında isə Köhnəqala və Torpaqqala adlanır. Qalanın tikilmə tarixi dəqiq müəyyənləşdirilməyib. Onun III Sasani hökmdarı Yəzdəgirdin dövründə inşa edildiyi ehtimal olunur.
1957-1959-cu illərdə qala ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı zəngin maddi-mədəniyyət nümunələri aşkarlanıb. Tapıntılar arasında saxsı qab fraqmentləri və daş gürzlər xüsusi yer tutur. Daş gürzlərin Tunc dövründə, xüsusilə duz mədənlərində istifadə edildiyi məlumdur. Bu materiallar qala ərazisinin daha qədim yaşayış və təsərrüfat mühiti ilə əlaqəsini də göstərir.
Övliya Çələbinin məlumatlarında qalanın monqollar tərəfindən dağıdıldığı bildirilib. Sonrakı dövrlərdə Naxçıvana gələn səyyahlar da qala haqqında məlumatlar veriblər.
Köhnəqala XVIII əsrədək fəaliyyətdə olub. 1827-ci ildə hazırlanmış planda qalanın iki əsas hissədən - Böyükqala və Narınqaladan ibarət olduğu göstərilib. Böyükqala daha çox dağıntıya məruz qalıb. Onun düzbucaqlı formada olan ərazisi 185x400 metr ölçüsündədir. Qala divarlarının tikintisində döymə gil və çınqıl qarışığından, bəzi tikililərdə isə bişmiş kərpicdən istifadə olunub. Böyükqalanın müdafiə divarları ərazinin relyefinə uyğun qurulub. Xüsusən cənub tərəfdə divarların ziqzaqvari şəkildə inşa edilməsi müdafiə imkanlarını artırıb.
Narınqala dairəvi qüllələri və daha mürəkkəb müdafiə quruluşu ilə seçilir. Burada diametri əsasən 10 metr olan dairəvi qüllələr yerləşib. Qalanın cənub-qərb hissəsində yeraltı sığınacaq-mağara, qalanın daxilində isə kəhrizlə əlaqəli quyular olub. Yeraltı sığınacağın və su təminatı sisteminin mövcudluğu qalanın uzunmüddətli müdafiə şəraitində istifadə edildiyini göstərir.
Köhnəqalanın Böyükqala ilə Narınqala arasında eni 22,5 metr olan dar keçidlə əlaqələndirilməsi də onun müdafiə sisteminin diqqətçəkən xüsusiyyətlərindəndir. Belə quruluş qalanın yalnız divar və bürclərdən ibarət olmadığını, müdafiənin müxtəlif elementlərinin vahid şəkldə təşkil edildiyini deməyə əsas verir.
Culfada - Əlincəçayın sağ sahilində, Əlincə dağının zirvəsində yerləşən Əlincəqala Naxçıvanın ən tanınmış qədim qalalarındandır. Tarixi mənbələrdə Erincaq, Erincik, Alancik, Alınca, Alancuq və başqa adlarla qeyd olunub. Xalq etimologiyasına görə isə qalanın adı Əlincəkdir. Mənası "əlini çək" deməkdir.
Qalanın tikilmə tarixi ilə bağlı müxtəlif ehtimallar mövcuddur. Bəzi tədqiqatçılar onu təxminən 2 min il əvvələ aid ediblər. Qala "Kitabi-Dədə Qorqud"da möhkəm istehkam kimi təsvir olunub. Əlincəqala Orta əsr mənbələrində də xatırlanıb.
Əlincəqalanın əsas xüsusiyyəti onun təbii relyefdən səmərəli istifadə edilməklə qurulmasıdır. Dağın sıldırım qayaları qalanın təbii müdafiəsini təmin edir, divarlar isə dağın ətəklərindən başlayaraq, pilləli şəkildə yuxarıya doğru yüksəlir və zirvəni əhatə edir. Beləliklə, təbii və süni müdafiə vasitələri vahid sistem təşkil edir.
Qalanın əsas hissələri şimal, şimal-qərb və cənub-qərb sahələrindən ibarətdir. Bu sahələr arasında keçidi təmin edən daş pillələr salınıb. Şimal yamacında yarımdairəvi bürclərlə möhkəmləndirilmiş divarların, qərb yamacında isə bir neçə müdafiə xəttinin qalıqları qalmaqdadır.
Əlincəqalanın yuxarı hissəsində yaşayış binalarının qalıqları və müxtəlif tikililərin izləri mövcuddur. Həmin izlər, eləcə də təsərrüfat sahələri, su mənbələri göstərir ki, qaladan uzun müddət müdafiə-yaşayış kompleksi kimi istifadə edilib.
Qalanın tarixi Azərbaycan Atabəylər dövlətinin tarixində xüsusi yer tutur. Eldənizlərin hakimiyyəti dövründə Əlincəqalanın strateji əhəmiyyəti daha da artıb. Naxçıvan hakimi Zahidə xatının iqamətgahı və Eldənizlərin xəzinəsi burada yerləşib. 1225-ci ildə Cəlaləddin Manqburnının Azərbaycana yürüşü zamanı Eldəniz hökmdarı Özbək Əlincəqalaya sığınıb. Qala sonrakı əsrlərdə də mühüm hərbi-strateji məntəqə olub. Hülakuların, Cəlairilərin, Qaraqoyunluların, Ağqoyunluların və Səfəvilərin hakimiyyəti dövründə Əlincəqala əhəmiyyət kəsb edib.
1387-1401-ci illərdə 14 il Əlincəqala Teymur qoşunlarına qarşı mübarizənin davam etdirildiyi əsas istehkamlardan biri olub. Əmir Teymur qalanı ələ keçirmək üçün bir neçə dəfə yürüş etsə də, müdafiəçilər mərdliklə müqavimət göstəriblər.
1405-ci ildə Teymurun ölümündən sonra Əlincəqala Cəlairilərin, sonralar Qaraqoyunluların hakimiyyətinə keçib. Qaraqoyunlu hökmdarı İsgəndər də qardaşı Cahanşahla hakimiyyət uğrunda mübarizə apararkən Əlincəqalaya sığınıb. İsgəndər oğlu Qubad Mirzə tərəfindən öldürüldükdən sonra Cahanşah Əlincəqalanı ələ keçirib. Ağqoyunluların, sonralar Səfəvilərin hakimiyyətində olan Əlincəqala hakimiyyət uğrunda çəkişmələr və müharibələr səbəbindən dağılıb.
2014-cü ildə bərpa olunmuş Əlincəqala tarixi abidə kimi qorunur və Naxçıvanın tanınmış turizm məkanlarından biridir. Qalanın bərpası onun tarixi-memarlıq xüsusiyyətlərinin qorunmasına və qədim müdafiə memarlığının daha yaxından öyrənilməsinə imkan yaradıb.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"