06 Noyabr 2026 08:40
232
SİYASƏT
A- A+
Konqresdəki dəyişikliklər ABŞ-nin Cənubi Qafqaz siyasətinə necə təsir edəcək

Konqresdəki dəyişikliklər ABŞ-nin Cənubi Qafqaz siyasətinə necə təsir edəcək


ABŞ-nin siyasi sistemində hər iki ildən bir keçirilən aralıq seçkiləri xarici siyasətin formalaşdırılması və icrası baxımından fundamental hüquqi və analitik əhəmiyyət kəsb edir. ABŞ Konstitusiyasının birinci maddəsinə əsasən, xarici diplomatiyanın yürüdülməsi Prezident Administrasiyasının müstəsna səlahiyyətində olsa da, həmin siyasətin maddi və hüquqi bazası tamamilə konqresin nəzarətindədir. 

Aralıq seçkiləri nəticəsində konqresin tərkibində baş verən güc nisbəti dəyişikliyi Vaşinqtonun Cənubi Qafqaz kimi geostrateji baxımdan həssas regionlara olan yanaşmasını maliyyə rıçaqları və qanunvericilik nəzarəti olmaqla, iki ana müstəvidə tənzimləyir. Konqres "büdcə səlahiyyəti" vasitəsilə region ölkələrinə ayrılan bütün iqtisadi, hərbi və humanitar yardım paketlərini və təhlükəsizlik sahəsindəki qrantları təsdiqləmək və ya bloklamaq hüququna malikdir. Bununla yanaşı, Senatın "məsləhət və razılıq" funksiyası regiona təyin olunacaq səfirlərin və xüsusi nümayəndələrin təsdiq prosesini ləngidə və ya sürətləndirə bilər. Həmçinin konqres daxilindəki etnik lobbi qruplarının təsiri ilə tətbiq edilə biləcək sanksiya aktları və ya 907-ci düzəliş kimi qanunvericilik məhdudiyyətləri icra hakimiyyətinin regional manevr imkanlarını hüquqi çərçivəyə salır.

Milli Məclisin deputatı Bəhruz MƏHƏRRƏMOV qəzetimizə açıqlamasında bildirdi ki, aralıq seçkilərində Demokratlar və ya Respublikaçıların Nümayəndələr Palatası və Senatda çoxluğu ələ keçirməsi ilə formalaşan "bölünmüş hakimiyyət" modeli Vaşinqtonda idarəetmə mexanizminin fəal icraedici siyasətdən müdafiə xarakterli müstəviyə keçməsinə səbəb olur: "Komitə sədrliklərinin dəyişməsi federal qurumların fəaliyyəti üzrə parlament təhqiqatlarının başlanması və icra-edici sərəncamların nəzarətə götürülməsi üçün geniş hüquqi baza yaradır. Bu mənada, seçkilərin nəticələri Cənubi Qafqaz regionunda ideoloji və diplomatik prioritetlərin tənzimlənməsində birbaşa rol oynayır. Demokratların dominantlıq etdiyi mühitdə xarici siyasətdə liberal normativizm, demokratiyanın təşviqi, insan hüquqları və vətəndaş cəmiyyətinə dəstək kimi ideoloji məsələlər rıçaq kimi ön plana keçdiyi halda, Respublikaçıların üstünlüyü zamanı daha çox "realpolitik" prinsipi, iqtisadi maraqlar, tranzit marşrutlarının təhlükəsizliyi və birbaşa təhlükəsizlik əməkdaşlığı dominant olur. Bu ideoloji və institusional dəyişiklik xüsusilə Tbilisi, Bakı və İrəvanla aparılan diplomatik dialoqun tonuna, Xarici Əlaqələr Komitəsinin illik müdafiə büdcəsi müzakirələrinə və ayrılan maliyyə dəstəyinin şərtlərinə birbaşa təsir göstərir. Bu müstəvidə "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dondurulması Prezident Administrasiyası ilə konqres daxilindəki müxalif çoxluq və lobbi qrupları arasında əsas hüquqi qarşıdurma nöqtələrindən birinə çevrilərək, ikitərəfli hərbi-texniki əməkdaşlığa normativ məhdudiyyətlər gətirə bilər. Bununla belə, ABŞ xarici siyasətinin dərin institusional bünövrəsi Cənubi Qafqaza münasibətdə partiyalarüstü, daha dəqiq ifadə etsək, ikipartiyalı konsensus xarakteri daşıyır və seçkilərin nəticələrindən asılı olmayaraq, dəyişmir". 

Deputat qeyd etdi ki, Vaşinqton üçün Cənubi Qafqaz mühüm əhəmiyyət kəsb edən regiondur. Çindən Avropaya doğru uzanan, Rusiyadan yan keçən Trans-Xəzər logistika dəhlizinin, Bakı-Tbilisi-Ceyhan və "Cənub qaz dəhlizi", Trans-Anadolu Qaz Boru Kəməri, Trans-Adriatik Qaz Boru Kəməri kimi enerji xətlərinin təhlükəsizliyinin və dayanıqlılığının təmin olunması ABŞ-nin qlobal iqtisadi strategiyasının tərkib hissəsidir. Eyni zamanda Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması vasitəsilə regionda uzunmüddətli sabitliyin bərqərar edilməsi Vaşinqtonun dəyişməz strateji hədəfidir. Məhz bu fundamental maraqlar fonunda Amerikanın Cənubi Qafqazda kəskin və tam bir "U-dönüşü" etməsi, yəni regiondan birdəfəlik geri çəkilməsi və ya geosiyasi mövqeyini 180 dərəcə dəyişməsi praktiki olaraq imkansızdır. Məlumdur ki, beynəlxalq münasibətlərdə geosiyasi vakuum qanunu işləyir, yəni indiki halda ABŞ-nin regionu tərk etməsi yaranacaq strateji boşluğun dərhal Rusiya, İran və ya Çin tərəfindən doldurulması ilə nəticələnər ki, bu da Vaşinqtonun qlobal çəkindirmə doktrinasına ziddir. Üstəlik, okeanın o tayında bütün siyasi qüvvələrə bəllidir ki, Azərbaycan suveren xarici siyasət xətti, güclü iqtisadi-hərbi potensialı və regionda formalaşdırdığı yeni geostrateji reallıqlar sayəsində istənilən beynəlxalq subyektlə münasibətlərini diktə altında deyil, bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında qurmaq gücündə olduğunu artıq sübut edib. Yəni rəsmi Bakı heç bir xarici gücdən birtərəfli asılılıq yaratmadan, öz milli maraqlarını mərkəzdə saxlayaraq çoxvektorlu və balanslaşdırılmış diplomatiya yürütmək imkanına malikdir. Məhz bu səbəbdən Vaşinqtonun analitik və strateji mərkəzlərində yaxşı dərk edirlər ki, ABŞ-nin Cənubi Qafqazdan geri çəkilməsi, passivləşməsi və ya anti-Azərbaycan mövqeyi tutması nəticəsində bölgədə yaranacaq geosiyasi vakuumu dolduracaq digər qlobal və regional güclərlə Azərbaycan öz maraqlarını asanlıqla uzlaşdıra bilər. 

B.Məhərrəmov dedi ki, Bakının malik olduğu beynəlxalq logistik çəki, enerji resursları və hərbi-siyasi müstəqillik ona regional nizamı öz xeyrinə balanslaşdırmaq imkanı verir: "Bu isə Vaşinqton üçün nəinki Cənubi Qafqazda, eləcə də Mərkəzi Asiyaya çıxış xəttində geostrateji təsir imkanlarının tamamilə itirilməsi riskini yaradır və ABŞ-nin "Demokratlar" qütbünü də Azərbaycanla münasibətlərə konyunktur təzyiqlər çərçivəsindən deyil, bərabərhüquqlu strateji zərurət müstəvisindən yanaşmağa məcbur edir. Yəni sadə dildə desək, regionun geosiyasi dəyəri və Mərkəzi Asiyanın resurslarına çıxış qapısı olması ABŞ-nin buradan imtina etməsinə imkan vermir. Mümkün olan tək ssenari "U-dönüşü" deyil, sadəcə, daxili siyasi gərginliklər, lobbi təsirləri səbəbindən Cənubi Qafqaza ayrılan diplomatik diqqətin müvəqqəti azalması və ya siyasi ritorikanın praqmatik müstəviyə keçməsidir. Bu kontekstdə, xüsusilə nəzərə alınmalıdır ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edərək Cənubi Qafqazda köklü şəkildə yeni geosiyasi və hüquqi reallıqlar formalaşdırıb. Rəsmi Bakının irəli sürdüyü bu yeni nizam regionda onilliklər boyu davam edən qeyri-sabitliyə son qoymaqla yanaşı, "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin, xüsusilə Orta dəhlizin təhlükəsizliyini təmin edib, regional güclərin və qlobal aktorların maraqlarını uzlaşdıran etibarlı platforma yaradıb. Məhz bu geostrateji kontekstdə, ABŞ daxilindəki müəyyən siyasi və lobbi dairələrinin, ələlxüsus "Demokratlar" cəbhəsinin müəyyən dövrlərdə tutduğu anti-Azərbaycan mövqeyi Vaşinqtonun milli və dövlət maraqları ilə birbaşa ziddiyyət təşkil edir. Lakin ABŞ-nin bu regionla əlaqəli strateji hədəflərinin real icrası regionun açar dövləti, güclü ordusu, müstəqil xarici siyasəti və inkişaf etmiş infrastrukturuna malik olan Azərbaycanla tərəfdaşlıqdan keçir".

Deputat vurğuladı ki, Vaşinqtonun Azərbaycana qarşı qərəzli və ya sanksiya yönümlü siyasət yürütməsi Bakını Qərb institutlarından uzaqlaşdıraraq Rusiya və Çinlə daha sıx geostrateji inteqrasiyaya təhrik edə bilər ki, bu da ABŞ-nin Avrasiyadakı mövqelərinə vurulan ağır zərbə olar. Eyni zamanda Ermənistanın iqtisadi və təhlükəsizlik baxımından blokadadan çıxaraq, Qərbə inteqrasiya olunması, faktiki olaraq Azərbaycanın təklif etdiyi sülh gündəliyinin və regional kommunikasiyaların gerçəkləşməsindən birbaşa asılıdır. Məhz buna görə də, ABŞ-nin daxili siyasi çəkişmələrinə və konqresin ritorik-hüquqi təzyiqlərinə baxmayaraq, Vaşinqtonun praqmatik icraedici strukturları - Dövlət Departamenti və Energetika Departamenti Bakının geostrateji çəkisini nəzərə almağa məcburdur. "Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki mərkəzi rolu, logistik mövqeyi və regional sülhün bərqərar olunmasındakı rolu ikitərəfli münasibətlərin strateji təməlini təşkil edir. İcra hakimiyyətinin real təhlükəsizlik və iqtisadiyyat maraqları ilə parlament səviyyəsindəki hüquqi maneələr arasında daxili balans idarə olunduqca, Cənubi Qafqazda güc nisbətinin sırf konqresin normativ tələbləri ilə deyil, Vaşinqtonun böyük geostrateji maraqları və Bakının regional reallıqları əsasında formalaşan praqmatik zəminə keçməsi təmin olunacaq. Vaşinqtonun "dərin dövlət" və milli təhlükəsizlik arxitekturası fərqindədir ki, konyunktur lobbi maraqlarına uyaraq Bakı ilə körpüləri yandırmaq ABŞ-nin Cənubi Qafqazdakı bütün geostrateji mövcudluğunu riskə atmaq deməkdir", - deyə deputat bildirdi.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sudan sərhədində atışmada iki Misir hərbçisi həlak olub

09:55
06 Noyabr

UEFA Avropa Liqası: “Yuventus” və “Marsel” səfərdə qalib gəlib

09:52
06 Noyabr

Qocalmanı ləngitmək mümkündürmü?

09:35
06 Noyabr

UEFA Konfrans Liqası: “Trabzonspor” öz meydanında məğlub olub, “Kayrat” səfərdə xal qazanıb  

09:32
06 Noyabr

ABŞ Prezidenti: Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq

09:31
06 Noyabr

S.Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib

09:30
06 Noyabr

Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm  

09:29
06 Noyabr

Gözəl nitq də bir zənginlikdir

09:25
06 Noyabr

Xınalıq kəndinə 15 santimetr qar yağıb

09:24
06 Noyabr

Elmdə yeni nəfəs

09:20
06 Noyabr

Sözün qanadında özünə doğru 

09:15
06 Noyabr

Azərbaycan gəncliyi - bu günün gücü, sabahın məsuliyyəti

09:10
06 Noyabr

ZƏFƏR gündəliyi

09:05
06 Noyabr

Bir ömrün əbədiyyətə çevrildiyi gün

09:00
06 Noyabr

Ot kökü üstə bitər  

08:55
06 Noyabr

Zəfər tariximiz - qürur salnaməmiz 

08:50
06 Noyabr

Milli birliyin və qəhrəmanlığın rəmzinə çevrilmiş Zəfər

08:45
06 Noyabr

Konqresdəki dəyişikliklər ABŞ-nin Cənubi Qafqaz siyasətinə necə təsir edəcək

08:40
06 Noyabr

Cənubi Qafqazda sülh və əməkdaşlıq

08:35
06 Noyabr

11 min günün həsrətinə son qoyan 44 gün

08:30
06 Noyabr

Güclü lider, qalib dövlət və məğrur xalq

08:25
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!