Gənclik cəmiyyətin yeniləşən qüvvəsi, tərəqqinin hərəkətverici amili, sabaha olan ümidi və inamıdır. Bu gün yetişən nəsil sabah ölkəmizin elmini, iqtisadiyyatını, mədəniyyətini və ictimai həyatını müəyyənləşdirəcək. Azərbaycan gəncliyinin bugünkü inkişafı, mütərəqqi dünyagörüşü, milli-mənəvi dəyərlərə bağlılığı və ictimai həyatda iştirakı olduqca əhəmiyyətlidir.
Müasir Azərbaycan gəncliyi böyük imkanlar və yeni çağırışlarla üz-üzədir. Onun qarşısında geniş imkanlar açıldığı kimi, ciddi sınaqlar da dayanır. Elm və texnologiyanın sürətlə inkişaf və rəqəmsal dünyanın həyatımıza dərindən nüfuz etdiyi bir dövrdə gənclərdən geniş dünyagörüşü, dərin düşüncə, təşəbbüskarlıq və daim öyrənmək bacarığı tələb olunur. Uğur qazanmaq üçün yalnız bilik əldə etmək kifayət etmir. Qazanılan bilikləri əməli fəaliyyətə çevirmək, qarşıya məqsəd qoymaq, zəhmətdən çəkinməmək və cəmiyyət qarşısında məsuliyyət daşımaq da vacibdir.
Sevindirici haldır ki, Azərbaycan gəncliyi tarixinə, milli köklərinə bağlılığı, ana dilinə, mədəniyyətinə ehtiramı ilə seçilir. Eyni zamanda müasir dünyanın yeniliklərinə həssaslıqla yanaşır, fəallıq göstərir. Günümüzün reallıqları belə nəticəyə gəlməyə əsas verir ki, öz xalqının mənəvi irsini tanıyan, tarixindən nəticə çıxaran və gələcəyə inamla baxan Azərbaycan gəncləri ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil etməyi bacarır.
Gəncliyin hərtərəfli inkişafında təhsilin rolu əvəzsizdir. Keyfiyyətli təhsil insanın dünyagörüşünü genişləndirir, müstəqil düşünmə qabiliyyətini formalaşdırır və gələcək peşəsini düzgün seçməsinə möhkəm zəmin yaradır. Gənclərin müasir biliklərə yiyələnməsi, xarici dilləri öyrənməsi, rəqəmsal bacarıqlarını inkişaf etdirməsi və elmi axtarışlara maraq göstərməsi ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, təhsil yalnız peşə qazanmaq vasitəsi deyil, həm də şəxsiyyətin formalaşması prosesidir. Bilikli olmaqla bərabər, dürüst, vicdanlı, ədalətli, zəhmətsevər və başqalarına hörmətlə yanaşan insan olmaq da vacibdir. Gənclərin mənəvi tərbiyəsi, vətəndaşlıq mövqeyinin formalaşması və ictimai məsuliyyət hissinin güclənməsi ailənin, təhsil müəssisələrinin və bütövlükdə cəmiyyətin birgə səylərini tələb edir.
Təqdirəlayiqdir ki, Azərbaycanda gənclərin inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. 2002-ci il aprelin 9-da qəbul edilmiş "Gənclər siyasəti haqqında" qanun gənclərin hərtərəfli inkişafı və cəmiyyətin həyatında fəal iştirakı üçün hüquqi əsaslar müəyyənləşdirib. Sonrakı illərdə qəbul edilmiş dövlət proqramları və strategiyalar da gənclərin potensialının üzə çıxarılması, onların müxtəlif sahələrdə inkişafı və ictimai fəallığının artırılması məqsədlərinə xidmət edib.
Dövlət qayğısı gənclərin keyfiyyətli təhsil alması, peşə bacarıqlarına yiyələnməsi, məşğulluq imkanlarından faydalanması, idman və yaradıcılıqla məşğul olması, könüllülük fəaliyyətində iştirakına geniş imkanlar yaradır. Gənclərin təşəbbüslərinin dəstəklənməsi, istedadlarının üzə çıxarılması və ictimai layihələrə cəlb edilməsi bu qayğının bariz nümunələrindəndir.
Gənclər ölkənin gələcəyini müəyyənləşdirən nəsil olmaqla yanaşı, bu günün elmi, iqtisadi, mədəni və ictimai həyatında iştirak edən fəal qüvvədir. Gənclər üçün yaradılan imkanlar onların şəxsi təşəbbüsü, zəhməti və məsuliyyəti ilə tamamlandıqda daha səmərəli nəticələr əldə olunur.
Vətənpərvərlik Azərbaycan gəncliyinin mənəvi dəyərlərindən biridir. Vətənə sevgi yalnız böyük hadisələrdə deyil, gündəlik həyatda, sadə, ancaq əhəmiyyətli əməllərdə də özünü göstərir. Öz işini vicdanla görmək, qanunlara hörmət etmək, ictimai əmlakı qorumaq, ətraf mühitə qayğı göstərmək, ehtiyacı olan insanlara köməyini əsirgəməmək, ölkənin inkişafına töhfə vermək vətəndaş məsuliyyətinin ifadəsidir.
Bu gün elm və texnologiya sahəsində çalışan, təhsil alan, işləyən, yeni təşəbbüslər irəli sürən, idman və mədəniyyət sahələrində uğur qazanan gənclər ölkəmizin inkişafına müxtəlif istiqamətlərdə töhfələr verirlər. Onların əldə etdikləri nailiyyətlər şəxsi uğur olmaqla yanaşı, həm də digər gənclər üçün stimul və nümunədir. Bu təşəbbüslərin dəstəklənməsi, yaradıcılıq imkanlarının genişləndirilməsi və zəhmətin qiymətləndirilməsi cəmiyyətin ümumi inkişafına xidmət edir.
Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunda yetişməsində idmanın, o cümlədən paralimpiya hərəkatının mühüm rolu var. Bu il Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illiyinin qeyd olunması ölkəmizdə idmanın inkişafına, iradə və əzmkarlıq nümunəsi göstərən idmançılarımıza verilən dəyərin ifadəsidir. Oktyabrın 16-da yubileyə həsr olunmuş qala gecəsi keçirildi. Tədbirdə Prezident İlham Əliyevin Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə komitənin kollektivinə və paralimpiyaçılara müraciəti oxundu.
Müraciətdə dövlətimizin başçısı paralimpiya hərəkatının iştirakçılarını Azərbaycan Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə təbrik edib. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ilin fevral ayında Milli Paralimpiya Komitəsi təsis edilməklə, ölkəmizdə paralimpiya hərəkatının sistemli inkişafı üçün zəmin yaradıldığını vurğulayıb: "Azərbaycanda idmanın və sağlam həyat tərzinin təşviq edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Əlilliyi olan insanların sosial müdafiəsinin gücləndirilməsi və idman infrastrukturunun davamlı inkişafı paralimpiyaçılarımızın nailiyyətlərinin ildən-ilə artmasına əlverişli şərait yaratmışdır. Qürurverici haldır ki, idmançılarımız ötən illər ərzində Paralimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında çoxsaylı qələbələr əldə etmişlər. Məhz həmin nailiyyətlər idmançılarımızın yüksək peşəkarlığının, iradəsinin və əzmkarlığının parlaq nümunəsidir. Onların qazandıqları hər bir medal Azərbaycan xalqına sevinc bəxş etməklə yanaşı, əlilliyin insana idmanla məşğul olmağa maneə törətmədiyini bir daha sübut edir".
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin bundan sonra da paralimpiya hərəkatının inkişafına və dövlət bayrağımızın yüksəldilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Gələcəyin Azərbaycanı bugünkü gəncliyin biliyi, əməyi, mənəviyyatı və məsuliyyəti ilə formalaşır. Gənclərə göstərilən qayğı yalnız müəyyən dövrün vəzifəsi deyil, ölkənin uzunmüddətli inkişafına xidmət edən mühüm istiqamətdir. Gənclərin potensialına inanmaq, onların qarşısında imkanlar açmaq və təşəbbüslərinə dəstək göstərmək sabaha inamı möhkəmləndirir.
Azərbaycan gəncliyi öz tarixindən güc alan, müasir biliklərə yiyələnən, milli-mənəvi dəyərlərini qoruyan və cəmiyyət qarşısında məsuliyyətini dərk edən nəsil kimi yetişməlidir. Dövlət qayğısı, ailə tərbiyəsi, keyfiyyətli təhsil və gənclərin şəxsi səyi bu məqsədə aparan əsas amillərdəndir.
Gəncliyə dəstək vermək gələcəyə qayğı göstərməkdir. Bu gün gənclərin təhsilinə, inkişafına və təşəbbüslərinə verilən dəyər sabah ölkəmizin tərəqqisi, cəmiyyətimizin rifahı və dövlətimizin davamlı inkişafı kimi öz bəhrəsini verəcək.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"