* Hamı danışa bilər - demokratiyadır!
* Hər kəs söz deyə bilər.
* Kimsə fikir söyləyə bilər.
AMMA:
* Sözü kimin deməsi.
* Sözünü harda söyləməsi.
* Sözün eşidilməsi və qəbul edilməsi.
Bax, bu, mühüm şərtdir!
Xidmət göstərmiş, sınaqdan çıxmış, həyatda nəyəsə nail olmuş;
Özünü tanıtmış, təsdiq etmiş.
Xalqı, dövləti, ondan kömək istəyənlər üçün nəsə etmiş insanların sözü bambaşqa olur.
* Çünki belələrinin sözü ilə əməli bir olur!
* Çünki belələri dediklərini həyata keçirməyə qadir olurlar.
* Çünki belələri təkcə söz yox, həm də əməl, iş adamları hesab olunurlar.
* Dövlətlər də söz söyləyə bilirlər!
* Dövlətlər də söz sahibi ola bilirlər!
* Dövlətlərin də dedikləri sözün çəkisi olur!
Dövlətin sözünü isə onun başçısı, rəhbəri söyləyir!
Başqa bir həqiqət də var:
Bir çox halda dövləti rəhbərinə görə tanıyırlar, sayırlar.
Hər dövlət başçısı isə özünü tanıda, saydıra bilmir.
Onu gördüyü işlər, atdığı addımlar, dünyanın inkişafına və əmin-amanlığına verdiyi töhfələr tanıdır, saydırır, bütövlükdə söz sahibinə çevirir.
Eşidilən, sayılan, hörmətlə qarşılanan söz sahibinə!
***
Ötən əsrin sonlarına doğru "Qırmızı imperiya" laxlayaraq parçalanmağa başladı.
SSRİ-nin birinci və axırıncı prezidenti M.Qorbaçovun "yenidənqurma" adlı oyunbazlıqları da superdövləti xilas edə bilmədi.
Moskva keçmiş "müttəfiq respublikaları"na sözdə müstəqil dövlət olmaq imkanı versə də, əməldə imperiya ambisiyalarını qoruyub saxlayır, onları ətrafında "vassal dövlətlər" kimi görmək istəyirdi.
Bundan ötrü SSRİ-nin yeni forması kimi düşünülən MDB adlı yeni bir qurum da yaradılmışdı.
Zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanı heç cür əldən buraxmaq fikrində deyildilər.
Odur ki, hələ XIX əsrdə uğurla sınaqdan çıxarılan "Qarabağ münaqişəsi" adlı bir problem də vardı.
Hər dəfə Azərbaycan itaətdən çıxmaq istəyəndə onu qızışdırmaqla yenidən ram edirdilər.
Ulu Öndər Heydər Əliyev SSRİ-nin siyasi rəhbərlərindən biri kimi Moskvaya aparıldıqdan sonra orada da Azərbaycanın sözünü deyir, maraqlarını müdafiə edirdi.
Müstəqil dövlət qurmaq niyyətinə düşən Azərbaycan xalqını cəzalandırmaq, yerində oturtmaq üçün ilk növbədə Heydər Əliyev "zərərsizləşdirilməli" idi.
Əvvəlcə onu rəhbərlikdən kənarlaşdırdılar, sonra həyatına sui-qəsd etdilər, doğma Vətəninə qayıtdıqda isə öz manqurtlarımızın əli ilə Bakıda yaşamasına imkan vermədilər.
Azərbaycan xalqının "cızıqdan çıxdığını" gördükdə isə onu açıq şəkildə və qəddarlıqla cəzalandırdılar:
Əksəriyyəti erməni millətindən təşkil olunan sovet ordusunun cəza dəstəsini Bakıya göndərərək 1990-cı ildə 20 Yanvar faciəsini törətdilər.
M.Qorbaçovun simasında mərkəzin dəstəyi ilə Dağlıq Qarabağda separatçılığa rəvac verdilər, erməniləri silahlandıraraq və lazım gələndə hərbi dəstək verərək Azərbaycan ərazilərinin işğalına münbit şərait yaratdılar.
Mərkəzin bu haqsızlıqlarından, Bakıda törədilən qırğınlardan və Qarabağdakı özbaşınalıqlardan, habelə torpaqların işğalından hiddətlənən xalq günlərlə və həftələrlə Azadlıq meydanına toplaşaraq hayqırtılar və çıxışlar şəklində öz etirazını bildirir, düyünlənmiş yumruğunu havada silkələyirdi.
Bununla da ürəyini soyudurdu.
Amma yenə heç nə dəyişmirdi.
Erməni separatçıları öz əməllərini davam etdirir, Moskva isə onları gizli və aşkar şəkildə dəstəkləyirdi.
Xalqın sözünü deyən, hadisələrin axarına təsir göstərərək onu dəyişə bilən rəhbər isə yox idi.
Heç olmadı da.
***
Moskva Azərbaycanı itaət boyunduruğunda saxlamaq üçün əvvəlcədən öz tədbirini görmüşdü.
Təkcə Azərbaycan xalqını sevimli və uzaqgörən rəhbərindən uzaq salmamışdı.
Həm də irəlicədən Azərbaycana Rusiyanın dedikləri ilə durub-oturan "rəhbərlər" təyin etmişdi.
Xalq arasında heç bir nüfuzu olmayan, dedikləri eşidilməyən və qəbul edilməyən insanlar tez-tələsik hakimiyyətə gətirilmişdi.
Azərbaycan dilində təmiz danışa bilməyən, çıxışları və hərəkətləri ilə gülüş doğuraraq "bambılı" ləqəbini qazanan Ə.Vəzirov nəinki paytaxt sakinlərini qırğından qoruya bildi, heç mərkəzə bir kəlmə belə etiraz etməyərək hərbi təyyarəyə minib Moskvaya qaçdı.
A.Mütəllibov da sələfindən fərqlənmədi.
Nə etiraz etdi, nə vəziyyətə təsir göstərərək dəyişdi, nə də azərbaycanlıların Ermənistan ərazisindən və Dağlıq Qarabağdan qovulmalarının qarşısını aldı.
Amma müticəsinə referendum keçirərək SSRİ-nin saxlanılması üçün "səs yığdı".
Onun bu maymaqlığından istifadə edərək Xocalı soyqırımını törətdilər.
A.Mütəllibovun və komandasının gücü yalnız bu faciəni xalqdan "gizlətməyə" çatdı.
O da mümkün olmadı.
Sonda təyyarəyə minərək Vəzirovun yanına qaçdı.
Bir qrup "cəbhəçi"nin öhdəsindən gələ bilməyən "rəhbər" xalqı və torpaqları qoruyaraq müstəqillik yoluna çıxara bilərdimi?!
Yaranmış qarışıqlıqdan, xaos və anarxiya vəziyyətindən istifadə edən "bəylər" parlament çevrilişi yolu ilə hakimiyyətə gəldilər.
Dövlət idarəçiliyindən xəbəri olmayanlar, müxtəlif açıqlamaları ilə özlərini gülünc vəziyyətə qoyanlar, sonda isə vətəndaş müharibəsinə başlayaraq Gəncəni bombalamaq qərarına gələn bu naşılar və səriştəsizlər Laçın və Şuşanı xəyanət yolu ilə düşmənə vermələri ilə yadda qaldılar.
Həm də təkcə xəyanətləri ilə yox, 1993-cü ildə məşhur may konfransında biabırçı etirafları ilə...
Komanda üzvlərinin belə eşitmədiyi Ə.Elçibəy isə sələflərindən o qədər də fərqlənmədi.
Fərq bir onda oldu ki, o, Moskvaya yox, Kələkiyə qaçdı.
***
* Xaricdən Ermənistanın təcavüzünə məruz qalan;
* Daxilində separatçılıq güclənən;
* İqtisadiyyatı bərbad günə düşən;
* Bir dövlət kimi mövcudluğu sual altında qalan.
Dövlət başçılarına ümidləri itən xalq nəzərlərini Naxçıvana dikmişdi.
Onu bu fəlakətdən yalnız xalqın sınanmış oğlu, dünyaşöhrətli siyasətçi Heydər Əliyev xilas edə bilərdi.
Elə də oldu!
Xalqın çağırışına biganə qalmayan Ulu Öndər Heydər Əliyev Azərbaycanın xilaskarı kimi geriyə döndü!
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin sayı-hesabı yoxdur!
Ümummilli Liderimiz təkcə Azərbaycanı xaos və anarxiya burulğanından qurtarmadı, bir ölkə kimi məhvolmadan xilas etdi, müstəqilliyimizi əbədiliyə və dönməzliyə çevirdi...
Üstəlik Azərbaycanı dünyaya tanıtdı, Qarabağ həqiqətlərinin dünyaya olduğu kimi çatdırılmasına böyük töhfələr verdi, bir çox dövlətdə əlində çubuq, xəritə qarşısında dayanaraq erməni yalanlarını ifşa etdi!
Bütün bunlarla bahəm, Azərbaycanın uğurlu gələcəyinin təmin olunması, xalqın həyat şəraitinin yüksəlməsi, iqtisadi tənəzzülə son qoyulması, qüdrətli dövlət qurulması üçün etibarlı siyasi kurs müəyyənləşdirdi.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın dünyaya inteqrasiya olunması, xalqın öz təbii sərvətlərindən bəhrələnməsi üçün zəruri addımlar da atdı.
* Azərbaycanın neft və qaz sərvətləri üzərində tam sərəncamçılığını təmin etdi.
* "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu.
* BTC-yə həyat vəsiqəsi verərək Azərbaycan neftinin qeyri-ənənəvi marşrutla dünya bazarlarına çıxarılmasına şərait yaratdı.
* Yeni ordu quraraq ilk dəfə 22 yaşayış məntəqəsini düşməndən geri aldı.
Ən nəhayət, layiqli siyasi varisini yetişdirərək yarımçıq qalmış işlərinin uğurla başa çatdırılmasının təməlini qoydu!
Bütün bunlardan sonra əbədiyyətə qovuşdu.
***
2003-cü ildə xalqın böyük dəstəyi ilə dövlət başçısı seçilən cənab İlham Əliyev möhkəm təməl üzərində müstəqil Azərbaycanın möhtəşəm binasını ucaltmaqdan ötrü gərgin, geniş, çoxcəhətli və yorulmaz fəaliyyətə başladı.
Böyük dövlətçilik istedadına, strateji düşüncə qabiliyyətinə malik cənab İlham Əliyev bir çox istiqamət üzrə çalışmaqla qarşıya qoyduğu bütün hədəflərə çatdı!
ƏN ƏVVƏL:
* Daxili imkanlar hesabına yarımçıq qalmış transmilli layihələrin tikintisini başa çatdırdı, sonrakı mərhələdə daha da artıraraq genişləndirdi.
* Azərbaycanı dünyaya yeni imicdə - idman dövləti kimi də tanıtdı.
* Hücum diplomatiyası tətbiq edərək beynəlxalq qurum və təşkilatlarda işi genişləndirdi.
* Ölkəni qaz qıtlığından, regionları elektrik enerjisi çatışmazlığından xilas etdi, qazlaşdırmanı 95 faizə çatdırdı.
* 116 yeni yaşayış kompleksi inşa etdirərək məcburi köçkünlərin həyat şəraitini əsaslı şəkildə yaxşılaşdırdı.
* Sahibkarlığın inkişafına münbit şərait yaratdı, regionların inkişafına dair dörd dövlət proqramı qəbul edərək uğurla həyata keçirdi.
* İşsizlik və yoxsulluğu 40-50 faizdən 4-5 faizədək endirdi.
* Yeni ordu quraraq onu ən müasir silahlarla təmin etdi.
Sadaladıqlarımız görülən nəhəng işlərin yalnız bir hissəsidir.
Cənab İlham Əliyev Azərbaycanın iqtisadi qüdrətinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun yüksəlməsi, dünyada söz sahibinə çevrilməsi üçün dayanmadan çalışdı.
Əvvəlki uğurlara söykənərək yeni qələbələri təmin etdi!
Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqində bu barədə dedi:
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır.
Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları. Yəni yığcam formada bunu təsvir etmək üçün dediyim amillər, məncə, kifayətdir.
Bu siyasət 2003-cü ildən bu yana davam etdirilirdi, bu gün də davam etdirilir və bundan sonra da davam etdiriləcək. Bu barədə çox danışmaq istəməzdim, hər şey göz önündədir. Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir. Bir çox tanınmış ekspertlər və təhlilçilər Azərbaycanı artıq orta güc dövləti sırasına daxil edirlər. Bunun da bir çox parametrləri var. Biz iqtisadi müstəqilliyi tam təmin etmişik. Bu gün beynəlxalq aləmin çox dəyərli üzvüyük, öz taleyimiz öz əlimizdədir".
***
İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanı dünyada məhşurlaşdıran və sevdirən bir sıra tədbirlər keçirildi.
* Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə baş tutan I Avropa Oyunları elə bir standartlar müəyyənləşdirdi ki, bu gün də onu keçə bilən olmayıb.
* IV İslam Həmrəyliyi Oyunları müsəlman dünyasının bir araya gəlməsində mühüm rol oynadı.
* Dəfələrlə idmanın müxtəlif növləri üzrə keçirilən dünya, Avropa birinciliklərinə, beynəlxalq yarışlara evsahibliyi edən Azərbaycan yüksək nümunələr yaratdı.
* 77 min şəxsin qeydiyyatdan keçdiyi, 197 ölkə, 70 dövlət və hökumət başçısının iştirak etdiyi COP29 bir neçə vacib qərarın qəbul edilməsi ilə yadda qaldı.
İlham Əliyevin bir sıra beynəlxalq təşkilatlara uğurlu rəhbərliyi onun və dövlətimizin nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb oldu.
Faktlara nəzər salaq:
* 2012-ci il may ayının 4-də Nyu-Yorkda Prezident İlham Əliyevin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksəksəviyyəli iclası keçirilmişdir. İclasda Azərbaycanın təşəbbüsü ilə "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda müzakirələr aparılmışdır.
***
* 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşü keçirilib.
***
* 2020-ci il dekabrın 3-də Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə (bu təşəbbüs 130-dan artıq dövlət tərəfindən dəstəklənmişdir) Nyu Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib.
Məhz Prezidentimizin Qoşulmama Hərəkatına uğurlu rəhbərliyinə və verdiyi töhfələrə görə onun bu quruma sədrliyinin müddəti yekdilliklə artırılmışdır.
***
Türk Dövlətləri Təşkilatının (TDT) yaranmasında və fəaliyyətinin gücləndirilməsində də cənab İlham Əliyevin böyük xidmətləri vardır.
2009-cu ildə Naxçıvanda imzalanmış müqavilə ilə işə başlayan bu qurumun məqsədi türkdilli xalqlar arasında siyasi, mədəni və hərbi əlaqələrə nail olmaq idi.
Artıq TDT-nin gündəliyində duran məsələlər təkcə mədəni və humanitar məsələlər deyil, həm də strateji təhlükəsizlik, enerji siyasəti, texnologiya, nəqliyyat-logistika, kənd təsərrüfatı, kosmik tədqiqatlar və qlobal ticarət yolları üzərində nəzarət də vardır.
"Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərində açar ölkə olan Azərbaycan artıq Orta dəhlizdə də öz statusunu və fəaliyyətini gücləndirir.
Azərbaycana yüksək beynəlxalq nüfuz qazandıran və onu Cənubi Qafqazda söz sahibinə, habelə orta güc dövlətinə çevirən mühüm hadisə isə öz gücü və imkanları hesabına 30 illik işğala son qoyması, Ermənistanı qarşısında diz çökdürərək ona kapitulyasiya aktını imzalatdırması oldu.
Daha sonra bir neçə hərbi əməliyyat keçirərək ərazi bütövlüyünü və dövlət suverenliyini də təmin etdi!
Bütün bu tam və qəti qələbədən sonra isə öz şərtlərini açıq şəkildə söyləməklə Ermənistanla sülh müqaviləsi bağlamaq təşəbbüsünü irəli sürdü.
Bu təşəbbüs 2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti D.Trampın şahidliyi, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri N.Paşinyanın iştirakı ilə keçirilən görüşdə bir sıra mühüm sənədlərin imzalanması, sülh sazişinin layihəsinin paraflanması, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) yaradılması ilə bağlı razılığa gəlinməsi ilə nəticələndi.
Yeri gəlmişkən dünyanın birnömrəli dövlətinin Prezidenti D.Trampın Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə verdiyi yüksək qiyməti də xatırlatmaq istərdik:
* "Siz güclü və ağıllı insansınız".
* "Siz böyük lidersiniz".
* "Siz gözəl danışıq aparırsınız".
Məşhur atalar sözündə deyildiyi kimi:
"Görünən dağa nə bələdçi".
***
Tarix üçün 30 il çox qısa zamandır.
Azərbaycan 30 ildən bir qədər artıq vaxtda əsrlərə bərabər yol qət etmişdir.
Bu yol qan, dağıntı, anarxiya, tənəzzül, işğal və müharibədən keçərək son nəticədə dövlətimizi uğur və qələbəyə çatdırmışdır!
Bir zamanlar saya salınmayan, taleyi başqa dövlətlərdə və təşkilatlarda həll olunan Azərbaycan indi hamı ilə bərabərhüquqlu əlaqə və əməkdaşlıqlar qurur, öz sözünü ucadan söyləyərək mövqeyini tam və qəti şəkildə müdafiə edir.
* Azərbaycan zəngin təbii sərvətlərə sahibdir!
* Azərbaycan dünyanın 16 ölkəsinə qaz ixrac edir!
* Azərbaycan bir neçə transmilli layihəni öz imkanları hesabına reallaşdıra bilmişdir.
* Azərbaycan həm də "dəmir yumruq" sahibidir!
* Heç bir dövlət son 80 ildə Azərbaycanın qələbəsinə bərabər qələbə qazanmamışdır!
* Heç bir dövlət başçısı müharibəni çox qısa bir müddətdə - cəmi 44 günə başa çatdıra bilməmişdir!
* Heç bir dövlət tam qələbə qazandığı halda məğlub etdiyi düşmənə dərhal sülh əlini uzatmamışdır.
Azərbaycanı qələbədən-qələbəyə çatdıran, iqtisadi, siyasi, hərbi cəhətdən qüdrətli dövlətə, söz sahibinə çevirən onun müdrik, uzaqgörən və qətiyyətli rəhbəri cənab İlham Əliyev olmuşdur!
Biz hələ qələbələrin başlanğıcındayıq!
Xalq öz sevimli rəhbəri ilə birlikdə hələ çox zirvələr fəth edəcək, müstəqil Azərbaycan daim dünyada günəş kimi parlayacaqdır!
Bəxtiyar SADIQOV