23 il öncə Prezident İlham Əliyev tərəfindən verilən vədlər xalqın inamından, liderin qətiyyətindən və dəmir iradədən yoğrulmuş böyük Zəfər dastanına çevrildi
Azərbaycanın əldə etdiyi tarixi Zəfər, bərpaolunan tam suverenliyi və regionda yaratdığı yeni geosiyasi reallıqlar dəqiq hesablanmış strateji xəttin və liderin xalqına verdiyi sözə sadiqliyinin parlaq təzahürüdür. 23 il öncə - 2003-cü il oktyabrın 31-də Bakıda keçirilən təntənəli andiçmə mərasimində Prezident İlham Əliyev Konstitusiyaya və müqəddəs Qurani-Kərimə əl basaraq Azərbaycanın gələcək taleyini dəyişəcək tarixi missiyasının startını verdi. Həmin gün dövlət başçısı gələcək qələbələrin fəlsəfəsini bu sözlərlə bəyan etdi: "Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik... ...Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram".
Böyük inam
Ölkəmizin ötən 23 illik zəngin salnaməsi göstərdi ki, 2003-cü ildə Prezident İlham Əliyev tərəfindən səslənən hər bir ifadə, sadəcə, siyasi bəyanat deyil, mərhələ-mərhələ gerçəkləşən strateji fəaliyyət proqramı oldu.
Həmin ilin oktyabrında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına tarixi müraciəti dövlətçilik salnaməmizin ən həlledici dönüş nöqtələrindən biri oldu. Ulu Öndər Heydər Əliyev prezident seçkiləri ərəfəsində xalqımızı siyasi varisi, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırmışdı. Həmin müraciətində Ulu Öndər özünün başa çatdıra bilmədiyi nəhəng planları, yarımçıq qalmış arzularını və Qarabağ həsrətinin sonunu İlham Əliyevə etibar etdiyini böyük uzaqgörənliklə vurğulamışdı: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Müdrik xalqımız o zaman bu siyasi varisliyi və ideoloji xətti yekdilliklə dəstəkləyərək müasir qüdrətli Azərbaycanın təməlini qoydu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda başlayan yeni mərhələ Ulu Öndər Heydər Əliyev dövlətçilik məktəbinin ruhuna uyğun olaraq müasir dövrün tələbləri ilə zənginləşdirildi.
Prezident İlham Əliyevin idarəçilik fəlsəfəsində müstəqil xarici siyasi xəttin və qüdrətli ordunun yeganə zəmanəti güclü iqtisadiyyat idi. Məhz bu məqsədlə ölkədə irimiqyaslı islahatlara start verildi. Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi nəhəng enerji layihələri təkcə ölkəyə maliyyə axınını təmin etmədi, eyni zamanda Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin mühüm dayağına çevirdi. Əldə olunan iqtisadi güc bilavasitə hərbi sahəyə yönəldildi. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən müasir hərbi texnologiyaları, arsenalı və yüksək döyüş hazırlığı olan peşəkar kadr kütləsi ilə təchiz edildi.
Bütün bu illər ərzində Azərbaycan rəhbəri beynəlxalq kürsülərdən hər zaman bəyan edirdi ki, torpaqlarımızın işğal altında qalması ilə heç vaxt barışılmayacaq. Prezident İlham Əliyevin 2003-cü ildə andiçmə çıxışında vurğuladığı prinsiplər onun bütün diplomatik fəaliyyətinin ana xəttini təşkil etdi: "Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir".
Dövlətimizin başçısı qətiyyətlə bildirmişdi ki, Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaq: "Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".
Zəfər yolu
İşğal illərində aparılan gərgin diplomatik mübarizə nəticəsində bir çox beynəlxalq platformalarda Qarabağın Azərbaycanın tarixi və hüquqi ərazisi olmasını təsdiqləyən fundamental sənədlər qəbul etdirildi. Azərbaycan hüquqi müstəvidə öz haqlı mövqeyini tam möhkəmləndirdi. Ancaq BMT Təhlükəsizlik Şurasının qətnamələrinin timsalında beynəlxalq qərarların kağız üzərində qalması, ikili standartlar, münaqişənin həllindən məsul olan ATƏT-in Minsk qrupunun məsələni sonsuzadək dondurmaq cəhdləri Azərbaycanın səbrini tükəndirdi.
Ermənistanın növbəti hərbi təxribatından sonra - 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin 17 illik hazırlıq proqramının, hərbi qüdrətinin və milli birliyinin nəticəsi olaraq Qələbə ilə yekunlaşdı. Şuşa Zəfəri ilə başa çatan müharibə Ermənistanın kapitulyasiyası ilə nəticələndi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə separatçılığın kökünü kəsdi və ölkənin bütün ərazisində dövlət suverenliyini tam bərpa etdi. 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan bayrağını ucaldan Prezident İlham Əliyevin sözləri 20 illik fəliyyətin ən uca zirvəsi idi: "Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və Qurani-Kərimə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi".
Bu gün Azərbaycan təkcə öz ərazi bütövlüyünü bərpa etmiş qalib dövlət deyil, eyni zamanda regionun geosiyasi simasını müəyyən edən qlobal aktordur. "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. İşğala son qoyduqdan sonra regionda dayanıqlı sülhün təşəbbüskarı da məhz Azərbaycan oldu. Vaşinqtonda sülh müqaviləsinin mətninin paraflanması, Ermənistanla Birgə Bəyannamənin imzalanması Cənubi Qafqazı münaqişə zonası imicindən çıxararaq əməkdaşlıq və tərəqqi məkanına çevirib. Qoşulmama Hərəkatındakı uğurlu sədrlik, COP29-un timsalında möhtəşəm qlobal tədbirlərə evsahibliyi, dövlətimizin başçısına təqdim edilən "Zayed İnsan Qardaşlığı Mükafatı" kimi nailiyyətlər Azərbaycanın beynəlxalq miqyasda humanizm və sülh rəmzi kimi qəbul olunduğunu sübut edir.
Bəli, 23 il öncə Prezident İlham Əliyev tərəfindən verilən müqəddəs and xalqın inamından, liderin qətiyyətindən və dəmir iradədən yoğrulmuş böyük Zəfər dastanına çevrildi. Bu gün azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda ucalan müasir kəndlər, şəhərlər bu dastanın davamıdır. Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşərək gələcəyə daha böyük inam və qürurla addımlayır.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"