06 Noyabr 2026 08:30
242
SİYASƏT
A- A+
11 min günün həsrətinə son qoyan 44 gün

11 min günün həsrətinə son qoyan 44 gün


Elə rəqəmlər var ki, onları sadəcə saymırıq, həm də yaşayırıq. Zaman keçdikcə o, öz riyazi mahiyyətini geridə qoyaraq bir xalqın yaddaşına, taleyinə, mənəvi dünyasına köçür. Adi rəqəm olmaqdan çıxıb yaşanmış tarixin, duyğuların və kollektiv yaddaşın simvoluna çevrilir. 44 bizim üçün məhz belə rəqəmdir. Xalqın iradəsinin, birliyinin və Zəfərinin rəmzidir.

44 deyəndə göz önündə sadəcə iki rəqəmdən ibarət bir ədəd canlanmır. Bu rəqəm bir xalqın taleyinə çevrilmiş 44 günlük mübarizəni, milyonlarla insanın eyni anda yaşadığı həyəcanı, intizarı, qorxunu, ümidi, kədəri və sevinci xatırladır. Onun arxasında Vətən sevgisi, ana duası, eləcə də yarımçıq qalmış arzular, göz yaşları və nəhayət, böyük Zəfərin sevinci dayanır.

2020-ci ilin payızında Azərbaycan üçün zaman başqa cür axırdı. Səhərlər xoş xəbərin intizarı ilə açılır, axşamlar dualarla başa çatırdı. Müharibə cəbhədə gedirdi, amma onun nəfəsi hər evdə, hər ailədə duyulur, ağırlığı hər qəlbi sıxırdı. Kiminin oğlu, kiminin qardaşı, kiminin atası, kiminin də həyat yoldaşı Vətənin müdafiəsində idi. Hər kəsin gözü ekranlarda, qulağı səsdə, düşüncəsi isə cəbhədə idi.

O günlərin özünəməxsus bir səssizliyi vardı. Həyat zahirən öz axarı ilə davam etsə də, hər kəsin daxilində başqa bir dünya yaşanırdı. Bir ana  telefon zəngində oğlunun səsini eşitmək ümidi ilə yaşayır, bir ata nigaranlığını gizlətməyə çalışır, bir uşaq isə  atasının nə vaxt qayıdacağını soruşurdu. "Necəsən?" kəlməsi belə həmin günlərdə tam başqa anlamla yüklənmişdi. Bu üç hecalı müraciətin arxasında nigarançılıq, həsrət, ümidlə yanaşı "sağsanmı, salamatsanmı?" deyə çırpınan ürəklər gizlənirdi. 

Bütün bu ağrıların içində xalqın ruhunda sınmaq deyil, birləşmək hissi güclənirdi. Tanımadığımız insanların dərdini öz dərdimiz,  sevincini sevincimiz kimi qəbul edirdik. Ölkə 44 gün xalqın ortaq taleyində yaşadı. Bəlkə də Azərbaycan xalqının həmin günlərdə yaşadığı duyğuların ən qeyri-adiliyi elə bunda idi: müharibə başlayanda insanlar qorxu ilə yanaşı, "nəhayət!" deyə bir sevinc də yaşadılar. 

Yəqin ki, dünyada azərbaycanlılardan başqa elə bir  xalq olmayıb ki, müharibə xəbərinə sevinsin. Bu duyğunu ancaq 30 il ev-eşiyindən didərgin düşmüşlər yaşaya bilər. Bu duyğunu  yüz illərlə azadlığa  təşnə olmuş bir xalq yaşaya  bilər ki, bu da Azərbaycan xalqının taleyinə yazılmış hiss idi. Çünki 2020-ci ilin 27 sentyabrı  illərlə ürəklərdə daşınan həsrətin, gözlənilən günün, torpaqların azadlığına qovuşmaq ümidinin başlanğıcı idi. Xalq üç on il gözlədiyi anın gəlişinə   "qucaq açmışdı". Bu sevincin içində qürur da vardı, inam da, illərin nisgilindən doğan bir kövrəklik də...

Amma 44 gün boyunca həmin sevincin üzərindən qara xəbərlərin kölgəsi çəkilmədi. Hər qələbə xəbəri ürəklərdə qürur doğurarkən, üçrəngli bayrağa bürünmüş şəhid tabutları həmin qürura dərin bir hüzn, kədər hopdururdu.  Bir tərəfdə, azad olunan torpaqların sevinci, digər tərəfdə, övladını itirən anaların fəryadı vardı. Xalq bir anın içində həm sevinməyi, həm ağlamağı öyrənmişdi. Göz yaşları sevincdən və ən ağır itkilərdən axırdı. Və bu iki duyğunu 44 gün  ərzində Azərbaycan xalqı bir-birindən ayırmadan yaşadı. Şəhidlik... Bu sözün içində nə qədər böyük qəhrəmanlıq, nə qədər insanın ağrılı taleyi var. Şəhid oğullar Vətənin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda öz canlarını fəda etdilər. Bu gün yaşadığımız Zəfərin arxasında məhz şəhidlərin qanı, fədakarlığı və yarıda qalan ömürləri dayanır. Onlar bu günləri görməsələr də, tarixi və müqəddəs Zəfərin ən böyük pay sahibləridirlər. Hər azad torpaqda onların izi, hər dalğalanan bayraqda bizə əmanət etdikləri Vətən sevgisi var.

Bu torpağın Zəfər yolu təbii ki, bir gündə, bir müharibədə başlamayıb. Birinci Qarabağ müharibəsində 11 mindən çox hərbçimiz şəhid oldu, onlarla deyil, minlərlə mülki şəxs Vətən uğrunda həyatını itirdi. İllər sonra 44 günlük Vətən müharibəsində isə 2908 hərbi qulluqçumuz şəhidlik zirvəsinə ucaldı, 1000-dən çox əsgər yaralandı, 6 nəfər itkin düşdü. Hər birinin xatirəsi bizim üçün müqəddəsdir. Çünki bu gün sahib olduğumuz azadlığın arxasında onların canı, qanı və yarımçıq qalmış arzuları dayanır. Onlar həyatdan köçdülər, amma Vətən tarixində əbədi yaşamaq haqqı qazandılar. Bizim borcumuz isə əbədiyyətə qovuşan həmin oğulların xatirəsini yaşatmaq, bu Zəfərin qədrini bilmək və gələcək nəsillərə əmanət etdikləri Vətəni qorumaqdır.


İnam, iradə və "dəmir yumruq"


44 günün mənəvi mənzərəsini tamamlayan daha bir məqam vardı: xalqın Ali Baş Komandan İlham Əliyevə olan inamı və güvəni. Müharibə günlərində televiziya ekranları xalqın hər gün xəbər gözlədiyi, ümid və həyəcanla izlədiyi bir "pəncərə" rolunu oynayırdı.

İnsanlar səbirsizliklə Prezidentin xalqa müraciətlərini, cəbhədən gələn növbəti xoş xəbərləri gözləyirdilər. Hər dəfə Ali Baş Komandanın ekran qarşısına çıxması yeni bir ümid, yeni bir həyəcan yaradırdı. Azad olunan şəhər və kəndlərin adlarını şəxsən elan etməsi, qələbə xəbərlərini xalqla bölüşməsi həmin günlərin yaddaşında xüsusi yer tutdu. İlham Əliyevin "dəmir yumruq"  ifadəsi isə tədricən adi  bir söz birləşməsi olmaqdan çıxaraq birliyin, iradənin və həmrəyliyin rəmzinə çevrildi.

Həmin günlər xalq, ordu və dövlət arasında formalaşan birlik milli həmrəyliyin və sarsılmaz iradənin parlaq nümunəsi idi. Cəbhədə əsgər döyüşür, arxa cəbhədə xalqın duaları və mənəvi dəstəyi yüksəlir, dövlət rəhbəri isə hərbi-siyasi prosesləri vahid strategiya əsasında yönləndirirdi. Hər kəs öz yerində eyni məqsədə xidmət edirdi. Bu birlik Azərbaycan xalqının 44 günlük müharibə yaddaşında özünəməxsus və unudulmaz yer tutdu. Ali Baş Komandan, Prezident İlham Əliyevə olan inam və güvən 44 günün  emosional dayaqlarından birinə çevrilmişdi. Bu inamın və siyasi liderliyə münasibətin izləri müharibədən sonrakı illərdə də cəmiyyətin  yaddaşında və duyğularında yaşamaqda davam edir.

Əslində, "dəmir yumruğ"un ən böyük mənası  ordu-xalq-dövlət birliyində  idi. Çünki o "yumruğ"un gücü yalnız bir simvolda deyil, arxasında dayanan milyonlarla insanın ortaq iradəsində, əsgərin döyüş əzmində, xalqın dəstəyində və qələbəyə olan inamında ifadə olunurdu. 44 gün bizə bir daha göstərdi ki, Azərbaycan xalqının birliyi tarixin ən çətin sınaqlarında mühüm mənəvi gücə çevrilə bilər.

Və nəhayət, 8 noyabr 11 min günün həsrətinə son qoydu. Zəfər anı yetişdi! Bu, adi bir sevinc deyildi. İnsanlar həm gülümsəyir, həm ağlayır, həm də bir-birini təbrik edir, bayraqlara sarılırdılar. Küçələrdə, meydanlarda, evlərdə eyni duyğu yaşanırdı. Sanki milyonlarla ürək vahid ritmlə döyünürdü. Buna görə də 8 Noyabr Zəfər Günü yaddaşımızda yalnız qələbə tarixi deyil, həm də qürur, ehtiram və minnətdarlıq günü kimi yaşayır. 


44-ün mistikası - rəqəmdən rəmzə


Bəzən düşünürəm: görəsən, rəqəmlərin də taleyi olurmu? Onlar da zamanla özünəməxsus yaddaş, görünməz məna qazana bilirlərmi? Axı elə hadisələr var ki, rəqəmləri sadəcə ölçü vahidi olmaqdan çıxarıb mənəvi simvola çevirir. 44 mənim üçün belə rəqəmdir. İki dördün yanaşı dayanması, eyni rəqəmin təkrarı insanda birlik, ahəng və bütövlük assosiasiyası yaradır. Müxtəlif mədəniyyətlərdə dörd rəqəmi dünyanın dörd tərəfi, ilin dörd fəsli, sabitlik və nizam anlayışları ilə əlaqələndirilir. Bizdə isə daha çox  44 günə sığan bir xalqın mübarizəsini, birliyini, fədakarlığını və Zəfərini xatırladır.

 Bəlkə də bu səbəbdən 44-ün quruluşunda mənəvi bir bütövlük obrazı görmək istəyirik. Mən bu rəqəmdə iki ayrı, amma bir-birini tamamlayan xətt görürəm: həsrət, intizar və mübarizə ilə dolu günləri özündə əks etdirən ümid, birlik, qürur və Zəfərə aparan yol. Bu, rəqəmlərin dəyişməz mistik qanunu deyil, yaşanmış tarixə verdiyimiz poetik-fəlsəfi mənasıdır.

Daha bir maraqlı məqam: 44 rəqəmi yazılış baxımından güzgüvari simmetriyaya malikdir. Hansı tərəfdən baxsaq da, eyni rəqəmlə qarşılaşırıq.  Məncə, bu da  gözəl bir metaforadır: tarixə hansı tərəfdən yanaşsaq, qarşımıza eyni həqiqət çıxır. Bu, ağrı, sevinc, itki və Zəfərdir. Bəlkə də 44-ün ən böyük sirri onun özündə deyil, bir xalqın ona yüklədiyi mənadadır. O, zaman ölçüsündən çıxaraq yaddaş rəmzinə çevrilib. Artıq bu rəqəmi görəndə, səsləndirəndə xalqın o günlərdəki yaşantılarını xatırlayırıq.

Zaman 6 ildi 44 günün yaşantılarını  arxada qoyub. Amma Azərbaycan xalqı o günləri heç vaxt  yaddaşından silməyəcək.  Çünki bəzi tarixlər keçmişə çevrilmir, xalqın mənəvi varlığının bir hissəsi olaraq onunla birlikdə gələcəyə doğru irəliləyir. 44 gün bitdi, amma onun mənəvi mənası bitmədi.

44  bir xalqın taleyinə yazılmış Zəfər dastanının səhifələrinə hopmuş şərəfli və qürurlu rəqəmdi. Zaman onu  hər gün bir addım keçmişə aparır, yaddaşımız isə əbədiyyətə... 44 sadəcə günlərin sayı deyil. O, bir xalqın ağrısının, həsrətinin, birliyinin, ümidinin və Zəfərinin tarixə həkk olunmuş salnaməsidir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sudan sərhədində atışmada iki Misir hərbçisi həlak olub

09:55
06 Noyabr

UEFA Avropa Liqası: “Yuventus” və “Marsel” səfərdə qalib gəlib

09:52
06 Noyabr

Qocalmanı ləngitmək mümkündürmü?

09:35
06 Noyabr

UEFA Konfrans Liqası: “Trabzonspor” öz meydanında məğlub olub, “Kayrat” səfərdə xal qazanıb  

09:32
06 Noyabr

ABŞ Prezidenti: Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq

09:31
06 Noyabr

S.Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib

09:30
06 Noyabr

Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm  

09:29
06 Noyabr

Gözəl nitq də bir zənginlikdir

09:25
06 Noyabr

Xınalıq kəndinə 15 santimetr qar yağıb

09:24
06 Noyabr

Elmdə yeni nəfəs

09:20
06 Noyabr

Sözün qanadında özünə doğru 

09:15
06 Noyabr

Azərbaycan gəncliyi - bu günün gücü, sabahın məsuliyyəti

09:10
06 Noyabr

ZƏFƏR gündəliyi

09:05
06 Noyabr

Bir ömrün əbədiyyətə çevrildiyi gün

09:00
06 Noyabr

Ot kökü üstə bitər  

08:55
06 Noyabr

Zəfər tariximiz - qürur salnaməmiz 

08:50
06 Noyabr

Milli birliyin və qəhrəmanlığın rəmzinə çevrilmiş Zəfər

08:45
06 Noyabr

Konqresdəki dəyişikliklər ABŞ-nin Cənubi Qafqaz siyasətinə necə təsir edəcək

08:40
06 Noyabr

Cənubi Qafqazda sülh və əməkdaşlıq

08:35
06 Noyabr

11 min günün həsrətinə son qoyan 44 gün

08:30
06 Noyabr

Güclü lider, qalib dövlət və məğrur xalq

08:25
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!