15 Oktyabr 2026 08:05
252
CƏMİYYƏT
A- A+
AZƏRBAYCANIN YENİ İNKİŞAF MƏRHƏLƏSİ: vəzifələr, prioritetlər və strateji hədəflər  

AZƏRBAYCANIN YENİ İNKİŞAF MƏRHƏLƏSİ: vəzifələr, prioritetlər və strateji hədəflər  


Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayında nitqindən irəli gələn vəzifələrin həyata keçirilməsinə həsr olunmuş "dəyirmi masa"


Oktyabrın 14-də "Azərbaycan" qəzetinin redaksiyasında Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayında nitqindən irəli gələn vəzifələrə həsr olunmuş "dəyirmi masa" keçirildi. "Azərbaycanın yeni inkişaf mərhələsi: vəzifələr, prioritetlər və strateji hədəflər" mövzusunda təşkil olunan tədbirdə çıxış edənlər dövlətimizin başçısının proqram xarakterli geniş nitqində əksini tapan strateji hədəfləri geniş təhlil edərək, ideoloji təhlükəsizlikdən Böyük qayıdışa, iqtisadi və sosial islahatlardan beynəlxalq münasibətlərə və yeni geosiyasi reallıqlaradək müxtəlif sahələrdə qarşıda duran əsas prioritetlərdən söz açdılar.


Tədbiri giriş sözü ilə açan "Azərbaycan" qəzetinin direktor-baş redaktoru Bəxtiyar SADIQOV Yeni Azərbaycan Partiyasının hər bir qurultayının ölkə həyatında çox mühüm siyasi, həm də tarixi əhəmiyyətli hadisəyə çevrildiyini vurğulayaraq dedi: 

- Təkcə ona görə yox ki, Yeni Azərbaycan Partiyası  iqtidar partiyasıdır. Həm də ona görə ki, Azərbaycan xalqı müstəqillik illərində nəyə  nail olubsa, hansı zirvələri fəth edibsə, bu, məhz  YAP-ın avanqard rolu ilə reallaşıb. Bu partiyanın yaradıcısı və qurucusu Ulu Öndər Heydər Əliyev tarixi  qurtuluş missiyasını həyata keçirərək Azərbaycanı bir dövlət kimi məhvolmadan, yenidən kiçik xanlıqlara parçalanmadan xilas etdi. AXC-Müsavat cütlüyünün naşı və səriştəsiz idarəetməsi nəticəsində ölkədə baş alıb gedən xaos, anarxiya və özbaşınalıqlara son qoydu. Xalqına, YAP-a arxalanaraq iki dəfə dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, ölkədə möhkəm və dönməz sabitlik yaratdı. 

Ulu Öndər Heydər Əliyevin daha iki mühüm tarixi xidmətini xatırladaq: Azərbaycanın dövlət müstəqilliyini reallaşdıran, onu dönməzliyə və əbədiliyə çevirən Ümummilli Liderimiz həm də ölkəni daim irəliyə aparan, yüksəlişini təmin edən siyasi  kurs müəyyən edərək, üstəlik  özünün başladığı, lakin  sona çatdıra bilmədiyi möhtəşəm işləri həyata keçirmək üçün layiqli siyasi varisini yetişdirərək əbədiyyətə qovuşdu. İyirmi ildən artıq Yeni Azərbaycan Partiyasına və Azərbaycan dövlətinə rəhbərlik edən cənab İlham Əliyev ona bəslənən ümidləri şərəflə doğrultdu, qarşıda duran bütün hədəflərə uğurla çatdı. Oktyabrın 2-də dövlət başçısı Yeni Azərbaycan Partiyasının Bakıda  keçirilən növbəti, VIII qurultayında bunlar barədə ətraflı danışdı. Fərəhli haldır ki, bu qurultay Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edəndən sonra keçirilən ilk qurultay idi. Bəli, bu gün Azərbaycan ərazisində bir nəfər belə separatçının və əcnəbi əsgərin olmadığı azsaylı ölkələrdən biridir. Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu müddətdə Azərbaycan yalnız iqtisadi cəhətdən inkişaf edərək yeni zirvələrə yüksəlməmiş, həm də ən mühüm problemini həll edərək otuzillik işğala son qoyub ərazi bütövlüyünü də təmin etmişdir. Bütün bu möhtəşəm qələbələrimizin müəllifi Yeni Azərbaycan Partiyasının  Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. 

Vətən müharibəsi dövründə "Biz birlikdə güclüyük" devizini irəli sürən cənab İlham Əliyev xalqın ona olan sevgi və dəstəyinə güvənərək Azərbaycanı orta güc dövləti  səviyyəsinə yüksəltmişdir. Məhz cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin, strateji düşüncəsinin nəticəsində: 

* Azərbaycan  yeganə dövlətdir ki, başladığı müharibəni cəmi 44 gün ərzində tam qələbəsi ilə yekunlaşdırdı;

* Azərbaycan  "Böyük Qayıdış Dövlət Proqramı"nı sürətlə reallaşdıraraq Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirməklə məşğuldur.

* Artıq  yüz minədək  keçmiş məcburi köçkün doğma el-obasına  qayıdaraq  orada yaşayır, təhsil alır, çalışır.

* TDT fəaliyyətini canlandıraraq qarşılıqlı sərmayələr qoymaq, regional əməkdaşlığı genişləndirmək  sahəsində ardıcıl və uğurlu addımlar atır.

* "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərini işə salan Azərbaycan artıq Orta dəhlizin də reallığa çevrilməsini  təmin etmişdir.

* Azərbaycan Cənubi Qafqazda söz sahibi, regionda sülh və əməkdaşlığın qurucusudur.

Ötən dövr ərzində ölkəmizin qazandığı möhtəşəm nailiyyətləri xatırladan cənab İlham Əliyev öz çıxışında  iqtisadi, hərbi, siyasi, ideoloji, milli təhlükəsizlik və digər sahələrdə qarşıda duran mühüm vəzifələrdən də bəhs etdi.

Hörmətli qonaqlar!

"Azərbaycan" qəzeti redaksiyasının təşkilatçılığı ilə keçirilən bugünkü "dəyirmi masa"da Yeni Azərbaycan Partiyasının VIII qurultayında partiyanın Sədri, Azərbaycan  Prezidenti cənab İlham Əliyevin dərinməzmunlu və parlaq nitqində  qarşıya qoyulan  möhtəşəm vəzifələr barədə söhbət açacaq, onların uğurla həyata keçirilməsi üçün  təkliflər səsləndiriləcəkdir. 

Xoş gəlmisiniz,  hamınızı  salamlayıram!

İlk söz Milli Məclis Sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini hörmətli Əli Əhmədovundur.

Milli Məclis Sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Əli ƏHMƏDOV mövcud reallıqlar fonunda güclü dövlət və etibarlı gələcəyin strategiyasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq bildirdi:

- Yeni Azərbaycan Partiyasının qurultayları həmişə ölkənin ictimai-siyasi həyatında dərin iz buraxan əhəmiyyətli hadisələr sırasında olmuşdur. Bu ənənənin öz başlanğıcını 1992-ci ildə partiyanın təsis konfransından götürməsi, günümüzə qədər dəyərini və mənasını saxlaması xüsusi vurğulana bilər. Ötən əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqilliyini bərpa etmiş gənc Azərbaycan dövləti və ölkə əhalisi həm həyəcanlı, həm də təhlükəli anlar yaşamağa məhkum edilmişdi. Ermənistanın silahlı təcavüzü ölkənin dərinliklərinə irəliləyir, şimalda və cənubda baş qaldıran separatizm hərəkatları güclənir, total böhran getdikcə dərinləşir, sürətlə artan inflyasiya insanların gələcəyə olan ümidlərini durmadan əridirdi. Ölkəni böhrandan və təhlükəli meyillərdən xilas etməyə qadir olan gücün yalnız Heydər Əliyev şəxsiyyətində cəmləşdiyinə xalqın inamı qəti və geriyədönməz xarakter almışdı. Bu səbəbdən Heydər Əliyevin rəhbərliyi altında siyasi təşkilatın - Yeni Azərbaycan Partiyasının yaradılması cəmiyyətin mütləq əksəriyyəti tərəfindən böyük ümid və inamla qarşılandı və beləliklə də, haqqında söhbət etdiyimiz ənənənin əsası qoyuldu. Qurultaydan keçən müddətdə müşahidə olunan aktiv siyasi diskussiyalar qeyd edilən mənada Yeni Azərbaycan Partiyasının VIII Qurultayının istisna təşkil etmədiyini əyani şəkildə sübuta yetirir. Obrazlı şəkildə desək, ölkənin siyasi gündəmi bütünlüklə qurultayda partiyanın Sədri, Prezident cənab İlham Əliyevin nitqində səsləndirilən aktual bəyanatlarla zəbt edilib. Etiraf etmək yerinə düşər ki, Prezident İlham Əliyevin həm yürütdüyü müstəqil siyasət, həm beynəlxalq miqyasda diplomatik fəallığı, həm də ayrı-ayrı platformalarda müxtəlif aktual problemlərlə əlaqədar səsləndirdiyi bəyanatlar nəinki ölkə daxilində, eləcə də regional və qlobal müstəvidə geniş və qızğın müzakirələr açan gündəm olur. Azərbaycan Prezidentinə, onun siyasətinə artan beynəlxalq diqqətin mərkəzində ölkəmizin iqtisadi uğurları, dünya enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfələri və xüsusilə də qalib dövlət statusuna sahib olması dayanır. Ədalət naminə deyə bilərəm ki, dünya çapında qeyd olunan parametrləri özündə birləşdirən ölkələri misal çəkmək o qədər də asan deyil. Sadalanan parametrlər Azərbaycanı regional gücə və qlobal miqyasda qəbul edilən aktora çevirən əsas faktorlar kimi dünya liderindən tutmuş ekspert icmasına qədər hamı tərəfindən birmənalı şəkildə etiraf olunmaqdadır. 

Vurğulamaq istədiyim daha bir əlamətdar məqam bir qayda olaraq Yeni Azərbaycan Partiyasının ali tədbirlərinin ölkənin həyatında aydın hiss olunan dinamizmə vəsilə olması ilə əlaqədardır. Ayrı-ayrı dövrlərdə həyatımızda müşahidə etdiyimiz bir sıra yeniliklərin, genişmiqyaslı islahatların, əzəmətli layihələrin başlanğıc nöqtəsi Yeni Azərbaycan Partiyasının qurultayı və orada səsləndirilən inkişaf strategiyaları olub. Bu mənada VIII qurultayda səsləndirilən bəyanatların və elan edilən inkişaf hədəflərinin həyatımıza yeni dinamika gətirəcəyi şübhə doğurmur. Müasir qlobal meyillərə uyğun olaraq gözlənilən yeniliklərin əsasən texnoloji inkişaf və hədəfli islahatlar sferasına şamil ediləcəyi proqnozlaşdırıla bilər.

Dünyanın növbəti texnoloji keçid dövrünə daxil olması hamılıqla qəbul olunan reallıq kateqoriyasına çevrilib. İndi ölkələr texnoloji keçid mərhələsinin fəal iştirakçısı olmaq uğrunda, sözün həqiqi mənasında, yarışa çıxıblar. Rəqəmsal inkişaf, robotlaşma, "yaşıl enerji"nin imkanlarından geniş istifadə edilməsi Azərbaycanın etibarlı gələcəyinin müasir dayaqları sayılır və Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dövlətçilik baxışlarının əsas məqsədlərindən biri kimi nəzərdən keçirilir. Partiyanın ali məclisində Prezident İlham Əliyevin dərinməzmunlu siyasi nitqinin əsas qayəsinin həmin problemlərin həllinə hədəflənməsi bu mənada heç də təsadüfi deyil.  

Yeni Azərbaycan Partiyasının qurultayında Prezident İlham Əliyevin nitqinin ən mühüm istiqaməti ölkənin gələcəyinin etibarlı dayaqlar üzərində qərarlaşması ilə əlaqədardır desək, düşünürəm ki, səhvə yol vermiş olmarıq. Yeni Azərbaycan Partiyası hakimiyyətdə olduğu 33 il ərzində ölkənin həyatında böyük, müstəsna dəyişikliklər baş verib. Müstəqil Azərbaycanın 3 onilliyi əhatə edən, əzəmətli nailiyyətlər və qələbələrlə zəngin olan tarixi bu möhtəşəm təşkilatın Azərbaycan xalqına unudulmaz töhfəsi sayıla bilər və sayılmalıdır. 

Lakin Yeni Azərbaycan Partiyasının xalqımıza və dövlətimizə töhfələri yalnız tarix kateqoriyasına aid edilə bilməz. Bu gün də Yeni Azərbaycan Partiyası, onun çoxsaylı üzvləri böyük fədakarlıq nümayiş etdirərək ölkəmizin işıqlı gələcəyinin qurulmasına əhəmiyyətli töhfə verməyə davam edirlər.

İnsanlar Yeni Azərbaycan Partiyasına həm də gələcəyin partiyası kimi baxır və bu mənada ölkənin gələcəyi ilə əlaqədar baxışların ictimaiyyətə təqdim edilməsi partiyanın ali toplantısı üçün ən uğurlu fürsət hesab oluna bilər. 

Qurultayda Prezident İlham Əliyevin dövlətimizin gələcəyi ilə bağlı bəyanatları iki əsas hissədən ibarət vahid konsepsiyanı özündə ehtiva  edir. Hesab edirəm ki, bu, heç də təsadüfi deyil və müasir qlobal meyillərdən irəli gəlir. Cənab İlham Əliyev kimi zəngin təcrübəyə və uzaqgörənliyə malik olan dövlət başçısının qabaqlayıcı siyasət nümayiş etdirməsi tamamilə təbii və anlaşılandır. Biz dəfələrlə bunun həm şahidi olmuşuq, həm də ölkəmiz üçün böyük faydasını görmüşük.

Qlobal müstəvidə müşahidə olunan proseslər yalnız növbəti texnoloji keçidlə məhdudlaşmır. Təəssüf ki, indi dünyanın mənzərəsinin əhəmiyyətli bir hissəsi münaqişələrdən, hərbi toqquşmalardan, müxtəlif növdən olan zorakılıqlardan ibarətdir. Bu cür təhlükəli hadisələrin yaşadığımız bölgənin yaxın çevrəsində baş verməsi təhlükəsizlik məsələlərinə diqqətin daim artırılmasını qaçılmaz edir. 30 ilə yaxın ərazi itkilərinə məruz qalan ölkənin başçısının məhz belə bir uzaqgörənlik nümunəsi sərgiləməsi onun dövlətçilik müdrikliyinin aydın ifadəsi sayılmalıdır. Beynəlxalq hüququn və təhlükəsizlik mexanizminin bütünlüklə iflic vəziyyətə düşməsi şəraitində bir-birini əvəz edən qanlı münaqişələrlə əhatə olunan ölkənin milli təhlükəsizliyini təmin etmək üçün istinad edəcəyi yeganə amil qismində, təbii ki, ilk növbədə və əsas etibarilə öz imkanları, yüksək döyüş qabiliyyətinə malik olan silahlı qüvvələri nəzərdən keçirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Birləşmiş Millətlər Təşkilatının və digər mötəbər beynəlxalq təşkilatların qlobal təhlükəsizliyi təmin etməkdən, ədalətsiz müharibələrin və onların acı nəticələrinin qarşısını almaqdan ibarət olan immunitetini demək olar ki, bütünlüklə itirməsi hər bir dövlətin, o cümlədən Azərbaycanın zəruri təhlükəsizlik tədbirləri görməsini həyati vacib prioritet  dərəcəsinə yüksəldib. Qurultayda Prezident İlham Əliyevin milli təhlükəsizliyi xüsusi olaraq ön plana çəkməsi, hesab edirəm ki, onu ölkəmizin firavan gələcəyi ilə əlaqədar dövlət siyasətinin əsas hədəfi olaraq nəzərdən keçirməsi ilə əlaqədardır.

Dövlət başçısının qurultayda şərh olunan müasir inkişaf konsepsiyasının digər tərkib hissəsi sosial rifah məsələlərini özündə ehtiva edir. Qeyd etmək yerinə düşər ki, Yeni Azərbaycan Partiyası iqtidarı dövrünün ən möhtəşəm uğurları sırasında əhalinin rifahının qeyri-adi dərəcədə yaxşılaşdırılması ayrıca statusa malikdir. Son bir neçə il ərzində maaşların, pensiyaların hiss olunan dərəcədə artması, aztəminatlı ailələrə dövlət dəstəyinin güclənməsi və digər sosial müdafiə alətlərindən istifadə edilməsi genişmiqyaslı sosial islahatların tərkib hissəsini təşkil etmişdir. Qurultayda Prezident İlham Əliyevin bu siyasətin növbəti ildə davam etdiriləcəyi barədə mesajı bir yandan ölkədə keçirilən iqtisadi islahatların real nəticələrindən əhalinin bəhrələnməsi imkanlarını əks etdirir, digər yandan isə Yeni Azərbaycan Partiyası iqtidarının ideya prinsiplərinə, bəyan etdiyi vədlərə dərindən sədaqətinin göstəricisi kimi çıxış edir.

Yeni Azərbaycan Partiyası yarandığı gündən həm xoş niyyəti, həm də xoş taleyi olan siyasi təşkilat kimi tanınır. Bu iki xüsusiyyət 33 ildir Yeni Azərbaycan Partiyasını müşayiət edir və Azərbaycan xalqına xidmət göstərir. Möhtəşəm nailiyyətləri ilə tariximizi bəzəyən Yeni Azərbaycan Partiyasının növbəti əzəmətli qələbələri və uğurları ilə ölkəmizin daha yüksək zirvələrə yüksəlməsinə həmişə olduğu kimi layiqli töhfə verəcəyinə dərindən inanıram. Eyni zamanda əminəm ki, partiyanın VIII Qurultayı və qurultayda Prezident İlham Əliyevin cəmiyyətə təqdim etdiyi təhlükəsizlik və inkişaf konsepsiyası yeni dövrün tələblərinə uyğun yüksəlişin manifestinə çevriləcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar MURADOVA partiya fəaliyyətinin hüquqi və təşkilati əsaslarının dövlətçilik ənənələrinin möhkəmləndirilməsində xüsusi rol oynadığını diqqətə çatdıraraq dedi:

- Bildiyiniz kimi, siyasi partiyaların yaranması, onların fəaliyyəti Konstitusiya ilə, qanunlarla, eləcə də partiyaların nizamnaməsi ilə tənzimlənir. İlk növbədə onu vurğulamaq lazımdır ki, partiyalar müəyyən siyasi məqsədlər ətrafında insanların birliyi kimi formalaşır. Partiyaların qarşısında duran vəzifə cəmiyyətlə dövlət arasında siyasi dialoqun qurulmasıdır. Siyasi partiyaların gücü yalnız onun üzvlərinin sayı, təşkilati strukturunun genişliyi və siyasi proseslərdə tutduğu mövqe ilə ölçülmür. Əsl güc qarşıya qoyulan məqsədlərin aydınlığında, bu məqsədlərə çatmaq üçün yaradılmış hüquqi və təşkilati mexanizmlərin səmərəliliyində, ən başlıcası isə cəmiyyətin etimadını real fəaliyyətlə doğrultmaq bacarığında təzahür edir. Bu baxımdan partiya fəaliyyətinin hüquqi və təşkilati əsasları yalnız daxili idarəetmə məsələsi deyil. Həmin əsaslar siyasi iradənin konkret qərarlara, qərarların ardıcıl fəaliyyətə, fəaliyyətin isə ölçülə bilən nəticələrə çevrilməsini təmin edən mühüm institusional mexanizmdir. Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yol bu fikri təsdiqləyən mühüm nümunədir. 

Azərbaycan bu gün özünün tarixi nailiyyətləri əsasında yeni inkişaf mərhələsinə qədəm qoyub. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə ölkəmizin qarşısında yeni imkanlarla yanaşı, bu nailiyyətləri qorumaq, möhkəmləndirmək və dayanıqlı gələcəyə çevirmək kimi mühüm vəzifələr dayanır. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının qarşıya qoyduğu vəzifələr yalnız ölkənin gələcək inkişaf istiqamətlərini deyil, partiyanın yeni şəraitdə fəaliyyətinin məzmununu və məsuliyyətini də müəyyənləşdirir. Hesab edirəm ki, bu çağırışlara cavab verən siyasətin həyata keçirilməsi baxımından partiya fəaliyyətinin hüquqi və təşkilati əsaslarının təkmilləşdirilməsi xüsusi aktuallıq daşıyır. Çünki hüquqi çərçivə siyasi məqsədlərlə gündəlik fəaliyyət arasında əlaqə yaradır, təşkilati mexanizmlər isə həmin məqsədlərin konkret nəticələrə çevrilməsini təmin edir. 

Yeni Azərbaycan Partiyasının tarixinə nəzər saldıqda görürük ki, onun yaranması ölkəmizin mürəkkəb siyasi şəraitində dövlətçiliyin qorunması və müstəqilliyimizin möhkəmləndirilməsi zərurətindən irəli gəlib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya ötən onilliklər ərzində ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutub. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edən dövlətçilik strategiyası Azərbaycanın böyük tarixi nailiyyətlər qazanmasını təmin edib. Lakin bu nailiyyətlər bizim hamımız üçün qürur mənbəyi olmaqla yanaşı, həm də yeni məsuliyyət deməkdir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük qayıdışın davam etməsi, iqtisadi potensialın və sosial rifahın yüksəldilməsi, insan kapitalının inkişafı və beynəlxalq mövqelərimizin gücləndirilməsi yeni mərhələnin əsas vəzifələrindəndir.

Belə bir şəraitdə partiyanın üzərinə düşən vəzifə dövlət siyasətinin strateji istiqamətlərini cəmiyyətin gündəlik həyatı ilə əlaqələndirmək, insanların ehtiyac və gözləntilərini öyrənmək, ictimai təşəbbüsləri dəstəkləmək və milli həmrəyliyin möhkəmləndirilməsinə daha çox töhfə verməkdir. Çünki partiyaların nüfuzu bir qayda olaraq keçmiş nailiyyətlərlə yanaşı, cəmiyyətin bu günü və gələcəyinin qurulmasına verdiyi töhfələrlə ölçülür. Bu sahədə regionun ən güclü siyasi təşkilatı olan YAP-ın keçdiyi yol, əldə etdiyi nailiyyətlər, xüsusilə dövlətimizin başçısı İlham Əliyevin liderliyi ilə beynəlxalq arenadakı nüfuzu onun digər müasir partiyalar üçün örnək rolunu getdikcə artırır. 

Fəaliyyətinin hüquqi əsaslarına gəldikdə isə ilk növbədə Konstitusiyanın, "Siyasi partiyalar haqqında" qanunun və digər müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun fəaliyyətinin yeni standartlar ortaya qoyduğunu xüsusi qeyd etməliyik. Həmçinin inkişaf və tərəqqi yolunda olan ölkəmizin Prezidenti və partiyanın Sədri kimi İlham Əliyevlə birgə zəfərlərin qazanılmasının canlı iştirakçısı olaraq da iqtidar partiyası olmanın real və parlaq nümunəsini yaratmışıq. 

YAP-ın VIII Qurultayında Nizamnamənin təkmilləşdirilməsi istiqamətində atılan addımlar partiyanın idarəetmə mexanizmlərinin müasir tələblərə uyğunlaşdırılması baxımından əhəmiyyətli olduğu qədər də partiyanın fəaliyyətinin daha aydın, səmərəli, çevik və məsuliyyətli təşkilinə xidmət edəcək. Nizamnamə partiyanın strukturunu və orqanlarının səlahiyyətlərini müəyyənləşdirməklə yanaşı, qərarların qəbulu, icrası, məsuliyyət bölgüsü və hesabatlılıq üçün də hüquqi çərçivə yaradır. Bu müddəalar isə mütləq şəkildə partiyanın gündəlik fəaliyyətində konkret nəticələrin əldə edilməsinə, hüquqi dəqiqliklə təşkilati səmərəliliyin bir-birini tamamlamasına yönəlmişdir. Həmçinin gündəlik olaraq ölkədə, regionda və dünyada gedən proseslərin partiyanın qarşısında qoyduğu yeni çağırışlarla proqram sənədlərindəki məqsədlərin uzlaşdırılmış şəkildə nəzərə alınmasına, fəaliyyətin hüquqi və təşkilati əsaslarına uyğun sistemli və ardıcıl icra olunmasına xidmət edir. 

Hüquqi əsasların möhkəmləndirilməsi ilə yanaşı, təşkilati fəaliyyətin keyfiyyətinin artırılması da əsas vəzifələrdəndir. YAP-ın geniş təşkilati strukturu və üzvlük potensialı bu sahədə böyük imkanlar yaradır. Lakin təşkilatın gücü yalnız üzvlərinin sayı və keçirilən tədbirlərlə deyil, bu imkanların nə dərəcədə səmərəli istifadə olunması ilə müəyyənləşir. Odur ki, hazırkı şəraitdə YAP-ın rayon və şəhər təşkilatları cəmiyyətlə daha sıx əlaqə saxlamalı, insanların müraciət və təkliflərini öyrənərək yerli problemlərin həllinə öz imkanları çərçivəsində daha çox töhfə verməli və dövlət siyasətinin məqsədlərini aydın şəkildə izah etməlidirlər. Bu baxımdan YAP-ın yenilənmiş hüquqi və təşkilati əsasları Prezidentin qurultaydakı nitqində vurğuladığı istiqamətlər üzrə fəaliyyətin təşkili və nəticəyönümlü işin qurulması üçün  daha dəqiq çərçivələr müəyyənləşdirir. 

Mərkəzi və yerli strukturlar arasında əlaqələr də qarşılıqlı xarakter daşıyır, yerli təşkilatlar yalnız qərarların icraçıları deyil, həm də bölgələrdəki vəziyyət, insanların gözləntiləri və yeni təşəbbüslər haqqında məlumatların formalaşdığı mühüm mənbələr olaraq daha əsaslandırılmış qərarların qəbuluna kömək edirlər. 

Qurultayın qarşımıza vəzifə olaraq qoyduğu digər mühüm istiqamət ideoloji işin müasir tələblərə uyğunlaşdırılmasıdır. Bu gün informasiya mühiti sürətlə dəyişir, insanlar hadisələri müxtəlif mənbələrdən izləyir və ictimai müzakirələrdə fəal iştirak edirlər. Ölkəmizin tarixi nailiyyətlərinin, dövlət siyasətinin və qarşıda duran vəzifələrin mahiyyəti faktlara əsaslanaraq, müxtəlif auditoriyaların xüsusiyyətləri nəzərə alınmaqla izah edilməlidir. İdeoloji işin əsas meyarı cəmiyyətlə real əlaqə yaratmaq, məsuliyyətli mövqenin və fəal vətəndaşlıq düşüncəsinin formalaşmasına töhfə vermək olmalıdır. 

Partiyanın təşkilati inkişafında gənclərin və qadınların iştirakının genişləndirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onların bu prosesdə təmsilçiliyinin artırılması,  potensialının və liderlik bacarıqlarının dəstəklənməsi də təşkilati inkişafın mühüm istiqamətidir. Eyni zamanda veteran üzvlərin təcrübəsi ilə gənclərin enerjisi arasında əlaqə ənənələrə sadiqlik və yeniliyə açıqlıqla tamamlanmalıdır. 

Yeni dövrdə partiyanın yerli və beynəlxalq əməkdaşlıq imkanlarından səmərəli istifadə, digər siyasi partiyalarla və onların birlikləri ilə əlaqələr təcrübə mübadiləsinə, təşkilati yeniliklərin öyrənilməsinə və Azərbaycanın inkişaf təcrübəsinin beynəlxalq səviyyədə təqdim olunmasına daha çox xidmət edə bilər. Bu əməkdaşlığın milli maraqlara uyğun, aydın məqsədlər və konkret nəticələr əsasında qurulması üçün də YAP-ın hüquqi və təşkilati imkanları geniş çərçivələr müəyyən edir. Bütün bu istiqamətləri Prezident İlham Əliyevin VIII Qurultayda müəyyənləşdirdiyi strateji vəzifələrlə əlaqələndirdikdə, partiyanın yeni inkişaf mərhələsində üzərinə düşən məsuliyyət daha aydın görünür. 

Əlbəttə ki, partiyanın rolu dövlət orqanlarının səlahiyyətlərini əvəz etmək deyil, öz imkanları çərçivəsində ictimai dəstəyi gücləndirmək, vətəndaşların təşəbbüslərini dəstəkləmək, dövlət siyasətinin məqsədlərini izah etmək və milli həmrəyliyin möhkəmləndirilməsinə töhfə verməkdir. Azərbaycanın yeni inkişaf mərhələsi YAP-dan  tarixi irsə sədaqət, müasir düşüncə, çevik idarəetmə və nəticəyönümlü fəaliyyət tələb edir. Bu baxımdan qarşıda duran əsas vəzifələr Nizamnamənin müddəalarının ardıcıl tətbiqi, hüquqi intizamın və hesabatlılığın gücləndirilməsi, mərkəzi və yerli təşkilatlar arasında əlaqələrin təkmilləşdirilməsi, ideoloji işin müasirləşdirilməsi, gənclərin və qadınların iştirak imkanlarının genişləndirilməsi, eləcə də əməkdaşlığın konkret nəticələrə istiqamətləndirilməsidir. 

İnanıram ki, hüquqi dəqiqlik, təşkilati ardıcıllıq və məsuliyyətli fəaliyyət prinsiplərinə əsaslanmaqla Yeni Azərbaycan Partiyası ölkəmizin qarşısında duran strateji hədəflərin reallaşdırılmasına öz töhfəsini daha da artıracaq. Çünki bu gün əsas məqsədimiz əldə etdiyimiz tarixi nailiyyətləri qorumaqla yanaşı, onları daha güclü dövlətin, dayanıqlı inkişafın və gələcək nəsillər üçün geniş imkanların təməlinə çevirməkdir. 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, YAP Təftiş Komissiyasının üzvü Sadiq QURBANOV bildirdi ki, ideoloji təhlükəsizlik hər bir müstəqil dövlət üçün milli suverenliyin və strateji sabitliyin mühüm tərkib hissəsidir:

- Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin xüsusi qeyd etdiyi və strategiyamızın prioritet istiqamətlərindən biri kimi vurğuladığı önəmli məsələlərdən biri ideoloji təhlükəsizlik amilidir. Qlobal geosiyasi çağırışların və dezinformasiya hücumlarının kəskinləşdiyi bir şəraitdə milli ideologiyamızın qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və dövlətçilik maraqlarımızın ideoloji müstəvidə müdafiəsi hər birimizdən böyük məsuliyyət tələb edir. 

Milli ideologiya xalqın yalnız keçmişini izah edən düşüncə sistemi deyil. O, dövlət qurmaq iradəsini, milli kimliyi, gələcəyə baxışı və öz taleyinə münasibəti müəyyən edən mənəvi-siyasi dayaqlardan biridir. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin milli ideologiya haqqında düşüncələri müstəqil Azərbaycan dövlətçiliyinin formalaşmasından ayrı təsəvvür edilə bilməz. Ümummilli Lider milli ideologiyanı sərt siyasi ehkamlar toplusu kimi deyil, Azərbaycanın Konstitusiyasına, tarixi yaddaşına, milli-mənəvi dəyərlərinə, dilinə, adət-ənənələrinə və dövlətçilik şüuruna söykənən düşüncə sistemi kimi qiymətləndirirdi. 

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Ümummilli Lider Heydər Əliyevin ideoloji baxışlarını yeni tarixi mərhələdən qiymətləndirməyə imkan verir. Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm mərhələsində başlıca vəzifə müstəqil Azərbaycan dövlətini qorumaq, onu parçalanma təhlükəsindən çıxarmaq və dövlət institutlarını möhkəmləndirmək idi. Bu gün isə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, regionda və beynəlxalq münasibətlər sistemində mövqeyini daha inamla müəyyən etmiş dövlət kimi çıxış edir.

Milli ideologiyanın əsas şərti müstəqil dövlətin mövcudluğudur. Dövlət müstəqilliyi yalnız hüquqi status deyil, siyasi iradə, iqtisadi imkan, təhlükəsizlik, milli birlik və beynəlxalq mövqelərlə təmin olunan kompleks anlayışdır. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində müstəqilliyin qorunması milli ideyanın mərkəzində dayanırdı. Dövlətçilik onun yanaşmasında yalnız dövlət aparatının fəaliyyəti deyil, hər bir vətəndaşın şüurunda və davranışında yaşamalı olan mənəvi-siyasi məsuliyyət idi. 

Ümummilli Lider Heydər Əliyevin milli ideologiya konseptində milli birlik, milli qürur və vətənpərvərlik mühüm yer tutur. Dövlətçilik şüurunun formalaşması və vətənpərvərliyin cəmiyyətin aparıcı mənəvi keyfiyyətinə çevrilməsi onun düşüncəsinin əsas istiqamətlərindən idi. 2020-ci ilin Vətən müharibəsi milli ideologiyanın praktik gücünü nümayiş etdirən tarixi hadisə oldu. Xalqın vahid məqsəd ətrafında birləşməsi, dövlətə və orduya inam, milli iradənin səfərbər edilməsi Zəfərin mənəvi-siyasi əsaslarından birinə çevrildi. 2023-cü il sentyabrın 20-də baş verən hadisələr isə Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələndi. Uzun illər milli ideyanın əsas məqsədlərindən biri olan ərazi bütövlüyü və suverenlik tarixi reallığa çevrildi.

Heydər Əliyevin milli ideologiya konseptinin əsas dayaqlarından biri azərbaycançılıqdır. Bu anlayış yalnız milli mənsubiyyəti ifadə etmir, müxtəlif sosial, siyasi və mədəni təbəqələri vahid dövlət və milli məna ətrafında birləşdirən dəyər sistemini də ehtiva edir. Ümummilli Liderin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" fikri şəxsi qürurdan daha geniş məna daşıyır. Burada milli kimliyin dövlətçilik şüuru ilə birləşdirilməsi ifadə olunur. Azərbaycanlı olmaq bu torpağın tarixinə, dilinə, mədəniyyətinə, dövlətinə və gələcəyinə bağlılıq hiss etməkdir. Heydər Əliyevin azərbaycançılıq ideyası müstəqil dövlətin vətəndaşlarını vahid milli məna ətrafında birləşdirən ideoloji platforma kimi formalaşıb. Onun əsas gücü həm milli, həm də vətəndaşlıq məzmunu daşımasındadır. 

Heydər Əliyevin ideoloji irsində vətənpərvərlik Vətəni sevmək hissi ilə məhdudlaşmırdı. O, dövlət qarşısında məsuliyyət, milli maraqlara sədaqət və cəmiyyətə vətəndaşlıq borcu ilə tamamlanırdı. Bu baxımdan yeni nəslin tərbiyəsi xüsusi əhəmiyyət daşıyır. Qələbənin mənasını gələcək nəsillərə düzgün çatdırmaq onun əldə edilməsi qədər vacibdir. 

Müasir dövrdə dövlətlərin təhlükəsizliyi yalnız sərhədlərin qorunması ilə məhdudlaşmır. İnformasiya məkanı, sosial şəbəkələr, kütləvi mədəniyyət və qlobal kommunikasiya milli şüura birbaşa təsir göstərir. Bu şəraitdə ideoloji təhlükəsizlik xüsusi əhəmiyyət qazanır. Dahi rəhbərin milli kimliyin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və dövlətçilik şüurunun möhkəmləndirilməsi ilə bağlı yanaşmaları bu gün də aktuallığını saxlayır. 

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi milli ideyanın uzunmüddətli məqsədlərindən birinin reallaşmasıdır. Lakin tarixi qələbə yeni məsuliyyətlər də yaradır. Əldə edilmiş siyasi və hərbi üstünlük iqtisadi gücə, sosial rifaha, elmi-texnoloji inkişafa və beynəlxalq nüfuza çevrilməlidir. Qələbəni qorumaq, dövlətin gücünü artırmaq, cəmiyyətin inkişafını təmin etmək və gələcək nəsillər üçün daha güclü Azərbaycan yaratmaq da qalib dövlət olmağın ayrılmaz hissəsidir. Bu mənada Ümummilli Lider Heydər Əliyevin milli ideologiya konsepsiyası yeni tarixi mərhələdə daha geniş məzmun qazanır.

Ümummilli Lider Heydər Əliyevin milli ideologiya konsepsiyası Azərbaycan dövlətçilik düşüncəsinin mühüm siyasi-fəlsəfi əsaslarından biridir. Onun mərkəzində milli kimlik, azərbaycançılıq, dövlətçilik, milli-mənəvi dəyərlər, dil, tarixi yaddaş, vətənpərvərlik və müstəqil dövlət ideyası dayanır. Bu prinsiplər yalnız keçmişin irsi kimi qəbul edilərsə, onların siyasi mahiyyəti məhdudlaşar. Milli ideologiyanın gücü dəyişən tarixi reallıqlara uyğun yeni məzmun qazana bilməsindədir.

VIII Qurultay Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik xəttinin nəticələrini yeni mərhələdən qiymətləndirmək baxımından əhəmiyyətlidir. 1992-ci ildə siyasi təşkilatlanma ilə başlayan yol dövlətin möhkəmləndirilməsindən iqtisadi müstəqilliyə, güclü ordudan tarixi Zəfərə, Zəfərdən isə tam suverenliyə qədər uzanıb. Bu ardıcıllığın arxasında uzunmüddətli siyasi iradə, dövlətçilik düşüncəsi və milli məqsədlərin ardıcıl həyata keçirilməsi dayanır.

Bu gün milli ideologiyanın qarşısında yeni vəzifələr var. Müstəqilliyi qorumaqdan onu daha da möhkəmləndirməyə, ərazi bütövlüyünü bərpa etməkdən qalib dövlətin potensialını inkişaf etdirməyə, milli birliyi təhlükə qarşısında səfərbər etməkdən onu inkişaf naminə davamlı həmrəyliyə çevirməyə keçid baş verir. Ümummilli Lider Heydər Əliyevin milli ideologiya konsepsiyası bu keçidin mənəvi-siyasi əsaslarını ehtiva edir, Prezident İlham Əliyevin siyasi xətti isə həmin konsepsiyanın yeni tarixi şəraitdə praktik ifadəsini ortaya qoyur.

Bu baxımdan VIII Qurultay YAP-ın siyasi fəaliyyətinin növbəti mərhələsini müəyyənləşdirən hadisə olmaqla, milli ideologiyanın qalib dövlət mərhələsində hansı məzmun qazandığını göstərir.

Milli ideologiyanın müasir mərhələdə əsas vəzifəsi qələbəni yaddaşa, suverenliyi dövlətçilik şüuruna, dövlət gücünü davamlı inkişafa, milli qüruru isə gələcək məsuliyyətinə çevirməkdir. Milli ideologiya tamamlanmış və dəyişməz siyasi sxem deyil. O, Azərbaycanın keçmişini bu günü ilə, bu gününü isə gələcəyi ilə birləşdirən canlı dövlətçilik düşüncəsidir. VIII Qurultay prizmasından baxanda bu düşüncənin mühüm nəticəsi aydın görünür. Heydər Əliyevin milli dövlətçilik ideyası Prezident İlham Əliyevin siyasi xəttində ərazi bütövlüyünün və suverenliyin bərpası ilə yanaşı, gələcəyə inanan və öz gücünə söykənən qalib Azərbaycan obrazında da ifadəsini tapır.

 Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Mübariz QURBANLI milli inkişafın ideoloji prinsiplərinin dövlətçilik siyasətinin əsasını təşkil etməsindən söz açdı: 

- Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, müasir dövlətçilik tariximizin keçdiyi yolun, əldə etdiyimiz tarixi nailiyyətlərin, formalaşmış siyasi ənənələrin və qarşıda dayanan strateji vəzifələrin bir daha dərindən təhlil edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Yeni Azərbaycan Partiyasının ilk qurultayı kimi yeni tarixi mərhələnin siyasi məzmununu və əsas istiqamətlərini müəyyənləşdirən mühüm hadisə oldu. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı dərinməzmunlu və proqram xarakterli çıxışı isə həm partiyanın keçdiyi şərəfli tarixi yolu, həm də Azərbaycanın qarşısında duran yeni hədəfləri, müasir dövrün tələblərini və dövlətimizin gələcək inkişaf istiqamətlərini konseptual şəkildə ortaya qoydu. Qurultayın əhəmiyyəti yalnız partiyanın fəaliyyəti, təşkilati məsələləri və qarşıdakı vəzifələri ilə məhdudlaşmır. Bu baxımdan Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın müasir inkişaf mərhələsinin mahiyyətini anlamaq və gələcəyə yönəlmiş vəzifələri müəyyənləşdirmək baxımından xüsusi məna kəsb etdi. Müasir dünyada hər bir dövlətin davamlı inkişafı, milli maraqlarını qoruması, cəmiyyətin birliyini təmin etməsi və gələcəyə inamla addımlaması ideoloji prinsiplərə söykənir. Heydər Əliyevin yaratdığı müasir Azərbaycan dövləti də möhkəm ideoloji təməllərə əsaslanır. Bu təməlin əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş, müstəqil dövlət quruculuğunun mühüm istiqamətləri məhz həmin prinsiplər əsasında formalaşdırılmışdır. Heydər Əliyev milli ideologiyadan və milli baxışlardan danışarkən Yeni Azərbaycan Partiyasının proqramında əksini tapan prinsiplərin, əslində, Azərbaycan xalqının və dövlətimizin söykəndiyi ana prinsiplər olduğunu xüsusi vurğulayırdı. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün çağırışlarına uyğun olaraq yenilənmiş həmin prinsiplər Heydər Əliyev yolu, Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik, Qanunun aliliyi, Varislik və təkamül, Konstruktiv əməkdaşlıq və dialoq, Sosial ədalət və insan amili, Multikultural cəmiyyət və Demokratik ənənələrin inkişafıdır. Bu prinsiplər vahid ideoloji sistemin tərkib hissələridir. Onların hər biri müstəqil Azərbaycanın inkişafında mühüm rol oynamaqla yanaşı, ümumi məqsədə - güclü, müstəqil, hüquqi, demokratik və sosial məsuliyyətli dövlətin möhkəmləndirilməsinə xidmət edir. 

Müstəqillik prinsipi bütün digər dövlətçilik prinsiplərinin əsasını təşkil edir. Dövlət müstəqilliyi xalqın öz taleyini sərbəst müəyyənləşdirmək, milli maraqlarına uyğun qərarlar qəbul etmək, daxili və xarici siyasətini müstəqil şəkildə həyata keçirmək hüququnun ifadəsidir. Müstəqilliyin qorunması isə yalnız siyasi-hüquqi statusun saxlanılması demək deyil. Bunun üçün güclü iqtisadiyyat, müdafiə qabiliyyəti, dayanıqlı dövlət institutları, milli birlik və müstəqil qərar qəbul etmək imkanları olmalıdır. Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf yolu bu amillərin bir-biri ilə nə qədər sıx bağlı olduğunu göstərir. Azərbaycançılıq prinsipi xalqımızın milli birliyini, tarixi yaddaşını, dilini, mədəniyyətini və mənəvi dəyərlərini vahid ideya ətrafında birləşdirir. Azərbaycançılıq yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də dövlətə bağlılığın, onun müstəqilliyinə sədaqətin və ölkənin gələcəyi qarşısında məsuliyyətin təzahürüdür. Bu ideya müxtəlif etnik və dini mənsubiyyətə malik vətəndaşlarımızı ümumi dövlətçilik məqsədləri ətrafında birləşdirir. Azərbaycançılıq məhz bu xüsusiyyətinə görə milli həmrəyliyin möhkəmlənməsində, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin qorunmasında mühüm rol oynayır.

Dövlətçilik prinsipi milli maraqların qorunmasını, dövlət institutlarının möhkəmləndirilməsini, idarəetmənin səmərəliliyinin artırılmasını və dövlət-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulmasını nəzərdə tutur. Dövlətçilik düşüncəsi hər bir vətəndaşın dövlətin taleyinə məsuliyyətlə yanaşmasını, milli maraqları şəxsi və qrup maraqlarından üstün tutmasını, qanunlara hörmət etməsini və ictimai məsuliyyətini anlamasını tələb edir. Güclü dövlət yalnız idarəetmə strukturlarının imkanları ilə deyil, həm də vətəndaşlarının dövlətə bağlılığı, cəmiyyətin həmrəyliyi və ümumi məqsədlər naminə birgə fəaliyyət göstərmək bacarığı ilə səciyyələnir.

Qanunun aliliyi prinsipi hüquqi dövlət quruculuğunun əsas şərtlərindəndir. Hüquqi dövlətin möhkəmlənməsi qanunların aliliyinin təmin olunmasını, dövlət orqanlarının fəaliyyətində hüquqi normalara riayət edilməsini, vətəndaşların hüquq və azadlıqlarının qorunmasını, cəmiyyətdə hüquq mədəniyyətinin inkişafını tələb edir. Qanunun aliliyi həm də dövlətlə vətəndaş arasında etimad münasibətlərinin möhkəmlənməsinin vacib amilidir. Hüquqa hörmətin cəmiyyətin gündəlik həyat normasına çevrilməsi dövlət idarəçiliyinin səmərəliliyini və ictimai sabitliyi gücləndirir.

Varislik və təkamül prinsipi dövlətçilik təcrübəsinin davamlılığını təmin etməklə yanaşı, dəyişən şəraitə uyğun yenilənmənin zəruriliyini də ifadə edir. Hər bir dövlətin inkişafında əldə olunmuş nailiyyətlərin qorunması, uğurlu təcrübənin davam etdirilməsi və yeni dövrün tələblərinə uyğun qərarların qəbul edilməsi mühüm əhəmiyyət daşıyır. Varislik keçmişin mexaniki təkrarı deyil, tarixi təcrübənin yaradıcı şəkildə inkişaf etdirilməsidir. Təkamül isə dövlət və cəmiyyət həyatının zamanın tələblərinə uyğun təkmilləşdirilməsini, yeni imkanların dəyərləndirilməsini və inkişafın davamlılığının təmin olunmasını nəzərdə tutur.

Konstruktiv əməkdaşlıq və dialoq prinsipi cəmiyyətdə müxtəlif mövqelərin nəzərə alınmasını, problemlərin qarşılıqlı anlaşma və məsuliyyət əsasında həllini, ictimai münasibətlərdə sağlam dialoq mühitinin qorunmasını nəzərdə tutur. Müasir cəmiyyətdə mürəkkəb məsələlərin həlli yalnız birtərəfli yanaşmalarla mümkün deyil. Bunun üçün təcrübənin bölüşdürülməsi, fikir mübadiləsi, qarşılıqlı hörmət və ümumi məqsədlər naminə əməkdaşlıq vacibdir. Konstruktiv dialoq milli maraqların qorunmasına və cəmiyyətin inkişafına xidmət etdiyi zaman öz həqiqi məzmununu qazanır.

Sosial ədalət və insan amili prinsipi dövlət siyasətinin mərkəzində vətəndaşın, onun hüquqlarının, rifahının və inkişaf imkanlarının dayanmasını ifadə edir. İqtisadi artımın əsas məqsədi insanların həyat səviyyəsinin yüksəldilməsi, sosial müdafiənin gücləndirilməsi, təhsil və səhiyyə imkanlarının genişləndirilməsi, layiqli həyat şəraitinin yaradılmasıdır. Dövlətin qüdrəti yalnız iqtisadi göstəricilərlə deyil, həm də bu inkişafın insanların gündəlik həyatında yaratdığı müsbət dəyişikliklərlə ölçülür. Buna görə də sosial siyasətin səmərəliliyi və insan kapitalının inkişafı uzunmüddətli dövlət strategiyasının mühüm istiqamətlərindəndir.

Multikultural cəmiyyət prinsipi Azərbaycanın tarixən formalaşmış tolerantlıq ənənələrini, müxtəlif mədəniyyətlərə və dini inanclara hörmət münasibətini ifadə edir. Ölkəmizdə müxtəlif etnik və dini icmaların əsrlər boyu birgə yaşaması milli-mədəni zənginliyimizin mühüm xüsusiyyətidir. Bu ənənələrin qorunması cəmiyyətdə qarşılıqlı etimadın möhkəmləndirilməsinə, milli birliyin güclənməsinə və Azərbaycanın beynəlxalq aləmdə özünəməxsus mövqeyinin formalaşmasına töhfə verir. Multikulturalizm milli kimliyin zəifləməsi deyil, əksinə, milli özünəməxsusluğun qorunması ilə yanaşı, digər mədəniyyətlərə hörmətin təmin olunmasıdır.

Demokratik ənənələrin inkişafı prinsipi isə dövlət və cəmiyyət həyatında hüquqi normaların, ictimai məsuliyyətin, siyasi mədəniyyətin və vətəndaş iştirakının əhəmiyyətini ön plana çıxarır. Demokratik institutların inkişafı, qanunçuluğun möhkəmləndirilməsi və cəmiyyətdə hüquq mədəniyyətinin yüksəldilməsi dövlətin uzunmüddətli dayanıqlığı üçün vacib şərtlərdir. Bu prinsiplərin həyata keçirilməsi dövlət idarəçiliyinin təkmilləşdirilməsi və ictimai münasibətlərin müasir tələblərə uyğun inkişaf etdirilməsi ilə sıx bağlıdır. Göründüyü kimi, Yeni Azərbaycan Partiyasının proqramında əksini tapan prinsiplər ayrı-ayrı müddəalardan ibarət deyil. Onlar bir-birini tamamlayan, qarşılıqlı əlaqədə olan və vahid ideoloji məqsədə xidmət edən sistem yaradır.  Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında çıxışı bu baxımdan həm keçmişə verilən siyasi qiymət, həm də gələcək vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdı. 

Vətənpərvər gəncliyin güclü Azərbaycanın gələcəyi üçün mühüm zəmin yaratdığını diqqətə çatdıran Milli Məclisin Gənclər və idman komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Şahin İSMAYILOV dedi:

- Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü mövqeyə və böyük nüfuza malik ölkədir. Müstəqil siyasət yürüdən ölkəmiz bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıqlar qurur. ABŞ, Çin kimi dövlətlər ilə strateji tərəfdaşlıqlar quran Azərbaycan etibarlı ölkə kimi qəbul olunur. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VIII Qurultayında çıxışında ölkəmizin keçdiyi inkişaf yoluna, qarşıya qoyulan strateji hədəflərə nəzər saldı və prioritet istiqamətləri açıqladı. Bu gün sürətlə dəyişən beynəlxalq münasibətlər sistemində güclü dövlət yalnız iqtisadi və hərbi imkanları ilə deyil, həm də cəmiyyətin intellektual potensialı, milli birliyi və müasir çağırışlara uyğunlaşmaq qabiliyyəti ilə seçilir. Bu baxımdan Prezident İlham Əliyevin təhsil, vətənpərvərlik və ideoloji təhlükəsizliklə bağlı toxunduğu məsələlər xüsusilə gənclər siyasəti kontekstində mühüm əhəmiyyət kəsb edir. Müasir dövrdə gənc nəslin yetişdirilməsi yalnız sosial siyasətin tərkib hissəsi deyil, eyni zamanda dövlətin gələcək inkişafını və milli təhlükəsizliyini müəyyən edən strateji istiqamətlərdən biridir.

Dövlətimizin başçısının "İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir" fikri məsələnin mahiyyətini aydın şəkildə ifadə edir. Təbii ki, müasir dövrdə dövlətin təhlükəsizliyi yalnız sərhədlərinin qorunması və müdafiə potensialının gücləndirilməsi ilə ölçülmür. Cəmiyyətin informasiya təsirlərinə qarşı dayanıqlılığı, vətəndaşların etibarlı məlumat əldə etmək və onu təhlil etmək bacarığı, milli kimliyin və dövlətçilik dəyərlərinin qorunması da təhlükəsizlik sisteminin mühüm tərkib hissələrinə çevrilib.

Bu baxımdan gənclərin keyfiyyətli təhsil alması, müasir bilik və bacarıqlara yiyələnməsi, analitik və tənqidi düşüncə qabiliyyətinin inkişaf etdirilməsi xüsusi önəm daşıyır. İnformasiya mənbələrinin sürətlə çoxaldığı, sosial şəbəkələrin ictimai rəyə təsirinin artdığı bir şəraitdə yalnız məlumat əldə etmək kifayət etmir. Həmin məlumatın etibarlılığını müəyyənləşdirmək, müxtəlif mənbələri müqayisə etmək, faktları subyektiv mülahizələrdən ayırmaq və əsaslandırılmış nəticələr çıxarmaq bacarığı getdikcə daha böyük əhəmiyyət qazanır. Dövlətimizin başçısının çıxışında təhsilin ideoloji təhlükəsizliyin təmin olunmasında əsas vasitələrdən biri kimi qiymətləndirilməsi də məhz bu reallıqdan irəli gəlir. Güclü təhsil sistemi yalnız əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasına xidmət etmir. Təhsil cəmiyyət qarşısında məsuliyyətini dərk edən və ölkəsinin inkişafında fəal iştirak etmək potensialına malik vətəndaşların formalaşdırılmasının da əsasını təşkil edir. Prezident İlham Əliyevin diqqət çəkdiyi digər mühüm istiqamət vətənpərvərlik amilidir. Vətənpərvərliyin müasir məzmunu yalnız tarixi hadisələrə və milli dəyərlərə münasibətlə məhdudlaşmır. Bu anlayış gənclərin ölkənin ictimai, iqtisadi və elmi həyatında fəal iştirakı, əldə etdikləri bilik və bacarıqları cəmiyyətin inkişafına yönəltməsi, dövlətçilik məsuliyyətini gündəlik fəaliyyətində nümayiş etdirməsi ilə də bağlıdır. Başqa sözlə, vətənpərvərlik milli kimliyə bağlılıqla yanaşı, ölkənin gələcəyi üçün faydalı olmaq məsuliyyətini də özündə ehtiva edir. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra gənclərin qarşısında yeni imkanlar və vəzifələr yaranıb. Bu gün tarixi nailiyyətlərimizin qorunması, işğaldan azad edilmiş ərazilərin bərpasında fəal iştirak, müasir iqtisadiyyatın inkişafı və ölkənin beynəlxalq rəqabət qabiliyyətinin artırılması da mühüm istiqamətlərdir. Bu, gənclər siyasətinə yalnız sosial sahə kimi deyil, dövlətin uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsi kimi yanaşmağın vacibliyini göstərir.

Dövlətimizin başçısı çıxışında internetin, kiberhücumların və süni intellektin yaratdığı yeni reallıqlara da toxundu. Təbii ki, rəqəmsal texnologiyalar gənclərin təhsil, yaradıcılıq, sahibkarlıq və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirsə də, dezinformasiya, manipulyativ məzmun və rəqəmsal təhlükəsizlik risklərini də artırır. Xüsusilə süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülər, səslər və məlumatlar etibarlı informasiya ilə yanlış məzmun arasındakı fərqi müəyyənləşdirməyi çətinləşdirə bilər. Belə şəraitdə rəqəmsal savadlılıq və informasiya təhlükəsizliyi üzrə biliklərin inkişaf etdirilməsi gənclərlə işin vacib istiqamətlərindən birinə çevrilir. 

Beləliklə, gənclərin təhsilinə, intellektual potensialının inkişafına və müasir bilik və bacarıqlara yiyələnmələrinə yönəlmiş dövlət siyasəti Azərbaycanın uzunmüddətli inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Çünki bilikli, vətənpərvər və müstəqil düşünmə qabiliyyətinə malik gənc nəslin formalaşdırılması ölkəmizin gələcəkdə müstəqil qərarlar qəbul etmək imkanlarının genişləndirilməsinə, iqtisadi rəqabət qabiliyyətinin artırılmasına və milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə xidmət edir. 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu NAÜIYEV respublikamızın təhlükəsizlik strategiyasına toxunaraq, bunun milli suverenliyimizin sarsılmaz təminatı olduğunu bildirdi:

- Müdafiə və təhlükəsizlik məsələləri hər bir dövlətin müstəqilliyinin, suverenliyinin və gələcəyinin təmin olunmasında həlledici əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdafiə və təhlükəsizlik siyasəti də məhz bu strateji məqsədlərə xidmət edir. Hər bir dövlətin təhlükəsizliyinə çoxsaylı təhdidlər mövcuddur. Bunlar siyasi, iqtisadi, terror, ekoloji və sair ola bilər. Siyasətimiz isə bundan ibarətdir: Ərazi bütövlüyümüzün, suverenliyimizin qorunması, hər bir vətəndaşın rifahı və təbii ki, bunlardan irəli gələn təzahürlərin icrası ən mühüm amildir. Bu siyasəti həyata keçirmək üçün isə güclü dövlət, müasir ordu, milli maraqlara əsaslanan xarici siyasət və təhlükəsizlik təhdidlərinə qarşı çevik mübarizə, digər dövlətlərlə koordinasiyalı şəkildə fəaliyyət göstərən hüquq-mühafizə və xüsusi xidmət orqanlarının əməliyyat şəraitinə nəzarəti həyata keçirməsi mühümdür. Azərbaycanın hərbi qüdrətinin son illərdə artırılması, Silahlı Qüvvələrin müasir silah və texnologiyalarla təchiz olunması, milli kadr potensialının yetişdirilməsi, hərbi-sənaye kompleksinin inkişafı və peşəkar hərbi kadrların hazırlanması istiqamətində mühüm addımlar atılıb. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər və 2023-cü ildə Azərbaycanın suverenliyinin bütün ərazisində bərpa olunması bu siyasətin tariximizdəki mühüm mərhələləridir. Bu nəticələr Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın iradəsini və dövlətimizin qarşıya qoyduğu strateji məqsədlərə nail olmaq əzmini nümayiş etdirdi.

Lakin müasir dövrdə təhlükəsizlik yalnız hərbi güclə ölçülmür. Kiberhücumlar, informasiya təhdidləri, terrorizm, transmilli cinayətkarlıq və kritik infrastrukturun qorunması məsələləri də milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Buna görə də müdafiə qabiliyyətinin gücləndirilməsi ilə yanaşı, xüsusi xidmət orqanlarının, hüquq-mühafizə qurumlarının və digər aidiyyəti dövlət strukturlarının fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması vacibdir. Azərbaycanın müdafiə sənayesinin inkişafı da xüsusi əhəmiyyət daşıyır. Yerli istehsal imkanlarının genişləndirilməsi, pilotsuz sistemlərin və müasir hərbi texnologiyaların tətbiqi, eləcə də beynəlxalq tərəfdaşlarla texnoloji əməkdaşlıq ölkəmizin müdafiə potensialını gücləndirən amillərdəndir.

Təbii ki, NATO üzvü olan Türkiyə ilə müttəfiqlik münasibətləri, eləcə də Pakistan, Özbəkistan və digər tərəfdaşlarla hərbi əməkdaşlıq Azərbaycanın regional təhlükəsizlik əlaqələrinin genişlənməsinə xidmət edir. Bir sıra dövlətlərlə - Türkiyə, Gürcüstan, Özbəkistan və başqa ölkələrlə birgə təlimlər və təcrübə mübadiləsi hərbi hazırlığın yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Güclü müdafiə sistemi ilə diplomatik səylər də bir-birini tamamlamalıdır. Azərbaycanın məqsədi təkcə təhlükələrə qarşı dayanmaq deyil, həm də ölkəmizin inkişafı, regionda sabitliyin möhkəmlənməsi və gələcək nəsillər üçün təhlükəsiz mühitin yaradılmasıdır. Əsas vəzifəmiz əldə olunmuş nailiyyətləri qorumaq, ordumuzun döyüş hazırlığını daim yüksəltmək, milli təhlükəsizlik sistemimizi yeni çağırışlara uyğun inkişaf etdirmək və dövlətimizin suverenliyini hər bir şəraitdə etibarlı şəkildə təmin etmək, təbii ki, müdafiə və təhlükəsizlik xərclərinin yüksək səviyyədə saxlanmasıdır. Əminliklə qeyd edə bilərik ki, güclü dövlətçilik, müasir müdafiə imkanları, peşəkar təhlükəsizlik sistemi və milli həmrəylik Azərbaycanın gələcək inkişafının mühüm təminatlarıdır.

Bu gün müasir dünyada beynəlxalq münasibətlər mürəkkəbləşib; regional münaqişələr, geosiyasi rəqabət, terrorizm, kibertəhdidlər və informasiya müharibələri hər bir dövlətdən çevik, müasir və çoxşaxəli təhlükəsizlik sistemi tələb edir. Məhz buna görə də Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qalır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun müasirləşdirilməsi, hərbi texnologiyaların tətbiqi, şəxsi heyətin peşəkarlığının artırılması və müdafiə sənayesinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bu siyasətin nəticələri 2020-ci il Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərdə və 2023-cü ildə Azərbaycanın suverenliyinin bütün ərazisində bərpa olunmasında özünü göstərdi. Əldə olunan nəticələr göstərdi ki, müasir ordu yalnız silah və texnika ilə deyil, peşəkar kadrlar, yüksək mənəvi-psixoloji hazırlıq, dəqiq idarəetmə və xalq-ordu birliyi ilə güclənir. 

Cənab Prezident çıxışında da qeyd etdi ki, dövlət sərhədlərinin mühafizəsi, əks-kəşfiyyat fəaliyyəti, terrorizmə və transmilli cinayətkarlığa qarşı mübarizə, kibertəhlükəsizlik, kritik informasiya infrastrukturunun qorunması və strateji obyektlərin təhlükəsizliyi vahid milli təhlükəsizlik sisteminin əsas komponentləridir. Bu baxımdan təhlükələrin vaxtında müəyyən edilməsi və neytrallaşdırılması dövlətin sabitliyinin və vətəndaşların təhlükəsizliyinin təmin olunmasının vacib şərtidir.

Təbii ki, milli müdafiə sənayesinin inkişafı da mühüm istiqamətdir; yerli istehsal imkanlarının genişləndirilməsi, müasir hərbi texnologiyaların mənimsənilməsi və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın müdafiə potensialının möhkəmlənməsinə xidmət edir. Güclü müdafiə qabiliyyəti ilə diplomatik təşəbbüslər arasında tarazlığın qorunması da vacib amildir. Bizim prioritetimiz regional sülhün möhkəmləndirilməsini, dövlətlər arasında qarşılıqlı etimadın artırılmasını və nəqliyyat-kommunikasiya əlaqələrinin təhlükəsiz inkişafını da əhatə edir. 

Nəticə etibarilə Prezident İlham Əliyevin güclü ordu və etibarlı təhlükəsizlik strategiyasının əsas istiqamətləri dövlət suverenliyinin qorunması, hərbi qüdrətin artırılması, müasir təhdidlərə qarşı qabaqlayıcı mübarizə, müdafiə sənayesinin inkişafı və beynəlxalq təhlükəsizlik əməkdaşlığının genişləndirilməsidir. Qarşıda duran əsas vəzifə əldə edilmiş nailiyyətləri qorumaq, təhlükəsizlik sistemini yeni texnoloji və geosiyasi reallıqlara uyğun təkmilləşdirmək, Azərbaycanın müstəqilliyini və suverenliyini etibarlı şəkildə təmin etməkdir. Çünki güclü ordu, peşəkar təhlükəsizlik sistemi və milli birlik dövlətimizin davamlı inkişafının əsas dayaqlarıdır.

İqtisadi imkanların genişləndirilməsinin və sosial rifahın yüksəldilməsinin dövlət siyasətinin prioritet hədəfləri olduğunu bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Azər BADAMOV dedi: 

- İqtisadi müstəqillik Azərbaycanın siyasi qüdrətinin və suverenliyinin əsas təminatıdır. YAP-ın VIII Qurultayında müəyyənləşdirilmiş hədəflər ölkəmizin iqtisadi gücünün artırılmasına, əhalinin sosial rifahının yüksəldilməsinə və daha qüdrətli Azərbaycanın qurulmasına xidmət edir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında proqram xarakterli çıxışı Azərbaycanın keçdiyi əzablı və keşməkeşli yolu, qazandığımız tarixi nailiyyətləri və qarşıda duran mühüm vəzifələri müəyyənləşdirir. Dövlət başçısının çıxışında ölkəmizin müstəqilliyinin qorunması, iqtisadi qüdrətinin artırılması, suverenliyimizin möhkəmləndirilməsi və əhalinin sosial rifahının yüksəldilməsi kimi mühüm məsələlər öz əksini tapır. Dövlət başçısının çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın keçdiyi inkişaf yolunun təhlili ilə yanaşı, gələcək hədəflərimizin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.

Cənab İlham Əliyevin çıxışına 1990-cı illərin əvvəllərində ölkəmizin düşdüyü ağır iqtisadi vəziyyətlə bağlı fikirlərlə başlaması heç də təsadüfi deyil. Çünki müstəqil dövlətin mövcudluğu və milli maraqlarını qoruya bilməsi ilk növbədə onun iqtisadi gücündən, maliyyə imkanlarından və düzgün idarəetmə sistemindən asılıdır. Bu gün dünyada baş verən proseslər də göstərir ki, iqtisadi imkanlardan təzyiq vasitəsi kimi istifadə edilməsi, sanksiyalar və maliyyə məhdudiyyətləri ayrı-ayrı dövlətlərin inkişafına ciddi təsir göstərə bilir. İqtisadi cəhətdən zəif olan, daxili sabitliyini və idarəetmə qabiliyyətini itirən dövlətlərin xarici təsirlərə qarşı müqavimət göstərməsi daha da çətinləşir.

Digər tərəfdən, dövlətin taleyində rəhbərliyin siyasi iradəsi, idarəetmə bacarığı və milli maraqlara sədaqəti həlledici əhəmiyyət daşıyır. Bacarıqsız, zəif və qətiyyətsiz idarəçilik mövcud imkanların itirilməsinə, cəmiyyətdə çaşqınlığın yaranmasına və dövlətin gələcəyinə inamın zəifləməsinə gətirib çıxarır. Dövlətin inkişaf istiqaməti müəyyən edilmədikdə, siyasi qərarlarda ardıcıllıq olmadıqda və ictimai sabitlik pozulduqda ölkə ciddi təhlükələrlə üz-üzə qalır. 1990-cı illərin əvvəllərində Azərbaycanın üzləşdiyi vəziyyət həmin reallıqların bariz nümunəsi idi.

Həmin dövrdə Azərbaycan ağır siyasi, iqtisadi və hərbi böhran yaşayırdı. Dövlət büdcəsi boşalmış, xəzinə talan edilmiş, iqtisadiyyat tənəzzülə uğramış, ictimai-siyasi xaos xalqı ümidsiz vəziyyətə salmışdı. Ermənistanın hərbi təcavüzü, torpaqlarımızın işğalı və yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi vəziyyəti daha da ağırlaşdırırdı. Müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsi ciddi təhlükə altında idi. Belə bir şəraitdə Azərbaycanın güclü siyasi rəhbərliyə, xalqın etimadına söykənən idarəetməyə və milli maraqları hər şeydən üstün tutan dövlətçilik siyasətinə ehtiyacı var idi. Məhz 1993-cü ildə Yeni Azərbaycan Partiyasının hakimiyyətə gəlməsi və partiyanın Sədri, Ümummilli Lider Heydər Əliyevin xalqın yekdil dəstəyi ilə Prezident seçilməsi ölkəmizin taleyində dönüş nöqtəsi oldu. Heydər Əliyevin dövlətçilik təcrübəsi, siyasi iradəsi və qətiyyətli mövqeyi Azərbaycanın müstəqilliyinin qorunmasına, dövlət institutlarının möhkəmləndirilməsinə və ölkədə sabitliyin bərpasına imkan yaratdı. Dövlət idarəçiliyində ardıcıllıq təmin edildi, milli maraqlara əsaslanan inkişaf strategiyası formalaşdırıldı və Azərbaycanın gələcək iqtisadi yüksəlişinin təməli qoyuldu. 

Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin əsasını qoydu. Bu müqavilə ölkəmizə milyardlarla dollar həcmində xarici sərmayələrin cəlb olunmasına, neft sənayesinin yenidən qurulmasına və qeyri-neft sektorunun inkişafı üçün iqtisadi təməlin formalaşmasına imkan yaratdı. "Əsrin müqaviləsi" Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrini genişləndirdi, ölkəmizin investisiya cəlbediciliyini artırdı və müstəqil iqtisadi siyasət yürütmək imkanlarını gücləndirdi.

Beləliklə, 1993-2003-cü illərdə əsası qoyulmuş möhkəm təməllər üzərində ölkəmiz  Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu siyasi kurs nəticəsində iqtisadi müstəqilliyini daha da möhkəmləndirdi. Ulu Öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" fikri ölkəmizin sonrakı inkişafında özünün əməli təsdiqini tapdı. İqtisadi imkanların genişlənməsi Azərbaycanın siyasi müstəqilliyini möhkəmləndirdi, beynəlxalq münasibətlərdə müstəqil qərarlar qəbul etmək və milli maraqlarını qətiyyətlə müdafiə etmək imkanlarını artırdı.

İqtisadi qüdrətin artması ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün də mühüm zəmin yaratdı. Azərbaycan Ordusu müasir texnoloji əsaslarla yenidən quruldu, onun maddi-texniki bazası möhkəmləndirildi və peşəkar hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. Nəticədə 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi Zəfər qazandı. 20 sentyabr 2023-cü ildə Qarabağda separatçılığın kökünün kəsilməsi və ölkəmizin bütün ərazilərində suverenliyimizin təmin olunması isə müasir tariximizin yeni mərhələsini təşkil etdi. Beləliklə, YAP-ın qarşısına qoyduğu əsas məqsədlərdən biri - torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması reallaşdırıldı. Bu tarixi nailiyyətlər göstərdi ki, iqtisadi müstəqillik yalnız maliyyə göstəricilərindən ibarət deyil. O, dövlətin siyasi iradəsinin, müdafiə qüdrətinin, milli təhlükəsizliyinin və suveren qərarlar qəbul etmək imkanlarının əsas təminatıdır. Güclü iqtisadiyyat sayəsində Azərbaycan həm öz ərazi bütövlüyünü bərpa etdi, həm də gələcək inkişafı üçün daha geniş imkanlar qazandı. Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı çıxışında iqtisadi məsələlərlə yanaşı, əhalinin sosial rifahının yüksəldilməsinə də xüsusi diqqət yetirdi. Dövlət başçısı 2027-ci il yanvarın 1-dən minimum əməkhaqqının, pensiyaların və müavinətlərin artırılacağını bildirdi. Bu, sosial müdafiənin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu və iqtisadi inkişafın nəticələrinin insanların həyat səviyyəsinin yüksəldilməsinə yönəldildiyini göstərir. 2018-ci ildən həyata keçirilən beş sosial paketin nəticəsində ölkədə minimum əməkhaqqı 3 dəfə, minimum pensiya 2,8 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə, sosial müavinət və təqaüdlər isə 5 dəfə artmışdır. Həyata keçirilən sosial paketlər 4 milyon nəfəri əhatə etmiş, onların icrası üçün dövlət büdcəsindən əlavə olaraq 8 milyard manat həcmində maliyyə vəsaiti ayrılmışdır. Bu tədbirlər əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, aztəminatlı ailələrin dəstəklənməsinə və insanların rifahının yaxşılaşdırılmasına xidmət etmişdir. Gələn il həyata keçiriləcək sosial paketin 3 milyondan çox insanı əhatə etməsi nəzərdə tutulur. Bu addım sosial müdafiəyə ehtiyacı olan insanların rifahının daha da yaxşılaşdırılması istiqamətində növbəti mühüm mərhələ olacaqdır. Sosial siyasətin ardıcıl davam etdirilməsi onu göstərir ki, dövlətin iqtisadi imkanları vətəndaşların gündəlik həyatına müsbət təsir göstərməli, əməkhaqlarının, pensiyaların və sosial ödənişlərin artırılması üçün dayanıqlı maliyyə bazası yaradılmalıdır.

Bütün bunlar göstərir ki, Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri iqtisadi potensialı daha da gücləndirmək, qeyri-neft sektorunun inkişafını sürətləndirmək, investisiya cəlbediciliyini artırmaq və dayanıqlı iqtisadi artımı təmin etməkdir. Güclü iqtisadi baza olmadan nə sosial proqramların davamlılığını təmin etmək, nə işğaldan azad olunmuş ərazilərin bərpasını sürətləndirmək, nə də dövlətin müdafiə qüdrətini lazımi səviyyədə saxlamaq mümkündür. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi kurs Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, suverenliyinin qorunmasına və əhalinin rifahının yüksəldilməsinə xidmət edir. YAP-ın VIII Qurultayında müəyyənləşdirilmiş hədəflərin reallaşdırılması üçün iqtisadi gücün artırılması, sosial siyasətin davam etdirilməsi və bütün regionların inkişafı mühüm əhəmiyyət daşıyır. Güclü iqtisadiyyat, milli birlik və ardıcıl dövlət siyasəti daha qüdrətli, təhlükəsiz və firavan Azərbaycanın gələcəyinin əsas təminatıdır. 

Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinin və bölgədə yaranan yeni geosiyasi reallıqların strateji əhəmiyyətini diqqətə çatdıran Milli Məclisin deputatı Rizvan NƏBİYEV dedi: 

- "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir. Bir çox tanınmış ekspertlər və təhlilçilər Azərbaycanı artıq orta güc dövləti sırasına daxil edirlər. Biz iqtisadi müstəqilliyi tam təmin etmişik. Bu gün beynəlxalq aləmin çox dəyərli üzvüyük, öz taleyimiz öz əlimizdədir". Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi bu fikirlər Azərbaycan xarici siyasətinin əsas prinsiplərini və prioritetlərini bir daha ortaya qoydu.

Dövlət başçısı xarici siyasətin strateji prinsipləri kimi "müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları"nı vurğuladı. Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır.

Azərbaycanın milli maraqlarının təmininə əsaslanan müstəqil və çoxvektorlu xarici siyasəti ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirir, strateji manevr imkanlarını genişləndirir. Hələ 2021-ci il fevralın 26-da, yəni tarixi Zəfərimizdən cəmi 4 ay sonra dövlət başçısı Azərbaycanın beynəlxalq münasibətlərdə barışdırıcı rolunun və sabitliyə töhfəsinin əhəmiyyətini vurğulamışdı. Bu strateji xəttin davamı olaraq Azərbaycan müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq qurur, regional və qlobal miqyasda gündəliyin formalaşmasına töhfə verir. Ölkəmiz hər hansı geosiyasi blokun təsir dairəsinə daxil olmadan öz strateji prioritetlərini müstəqil şəkildə müəyyənləşdirir və həyata keçirir. Prezidentin ifadəsi ilə desək, "Biz isə heç bir düşərgəyə qoşulmuruq və qoşulmayacağıq, bu, bizə lazım deyil".

Bu yanaşma Azərbaycanın xarici siyasətində keyfiyyətcə yeni mərhələnin əsas xüsusiyyətlərindən biridir. 

Müstəqil xarici siyasətin mühüm nəticəsi Azərbaycanın beynəlxalq proseslərdə mövqeyinin nəzərə alınmasıdır, təşəbbüslərinin və təsir imkanlarının dəyərləndirilməsidir və etibarlı tərəfdaş kimi qəbul edilməsidir.

Qlobal güc mərkəzləri olan Çinlə hərtərəfli strateji tərəfdaşlığın yaradılması, ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycanın müstəqil diplomatiyasının və siyasi subyektliyinin təzahürüdür. Bu həm də dövlətimizin liderinin beynəlxalq nüfuzunun göstəricisidir.

Azərbaycanın Rusiya, Ukrayna, Avropa İttifaqı ölkələri və digər dövlətlərlə də əlaqələri öz məzmununa və xarakterinə görə fərqlənir. Burada əsas məsələ həm də ayrı-ayrı tərəfdaşlıqların bir-birinə alternativ kimi təqdim edilməməsidir. Azərbaycanın Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq münasibətlərinin olması, Almaniya ilə ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyinin razılaşdırılması göstərir ki, ölkəmiz müxtəlif istiqamətlər üzrə xarici siyasətini uğurla şaxələndirib. Avropa dövlətləri ilə münasibətlərdə enerji və perspektivdə "yaşıl enerji" əsas əməkdaşlıq sahələri sırasındadır. Prezident bu kontekstdə qeyd etdi: "Çünki enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyi deməkdir və bizim rolumuz daha da artacaq".

Müstəqil xarici siyasətin Azərbaycana qazandırdığı digər mühüm üstünlük ölkəmizin qarşıdurma içində olan tərəflər arasında təmasların qurulduğu platformaya çevrilməsidir. Bu cür funksiyanı yerinə yetirmək üçün yalnız coğrafi mövqe kifayət etmir. Bunun üçün dövlətin və onun liderinin beynəlxalq tərəfdaşlar arasında yüksək etimad və etibara malik olması vacibdir. Prezident İlham Əliyevin sözləri ilə desək, "Nə üçün Azərbaycan seçilir? Çünki birincisi, bizə inam var. Çünki bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır".

Azərbaycanın beynəlxalq təşkilatlarda fəallığı və yeni əməkdaşlıq formatlarına qoşulması ölkəmizin xarici siyasət coğrafiyasını genişləndirir. 

Dövlətimizin 2024-cü ilin dekabrında D-8-ə doqquzuncu üzv kimi qəbul edilməsi, 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi qoşulması bu prosesin mühüm nəticələridir. Həmçinin ötən il Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün keçirilməsi Azərbaycanın regional əməkdaşlıqda təşəbbüskarlığını nümayiş etdirir.

Ölkəmizin hazırda Türk Dövlətləri Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində sədrliyi, eləcə də qarşıdakı illər üçün nəzərdə tutulan beynəlxalq tədbirlər çoxtərəfli diplomatiyada artan rolunun göstəriciləridir. 

Belə ki, 2027-ci ildə Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrlik edəcəkdir. Gələn il həmçinin Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının XVI Zirvə görüşünə evsahibliyi edəcək və İƏT-ə sədrliyi qəbul edəcəkdir. 2027-ci ildə Azərbaycanın həmçinin Müstəqil Dövlətlər Birliyinə Özbəkistanla həmsədrliyi, 2028-ci ildə isə ilk dəfə MDB-yə sədrliyi nəzərdə tutulur. Bunlar ona görə mümkün olur ki, Azərbaycan özü təkbaşına işğala son qoymuşdur, eyni zamanda bölgədə yeni reallıqlar yaratmaqla nüfuzunu artırmışdır.

2028-ci ilin mayında 47 üzv dövlətin yer aldığı Avropa Siyasi Birliyinin Zirvə görüşünün Azərbaycanda keçirilməsi də ölkəmizin beynəlxalq dialoq platforması kimi rolunu gücləndirəcək.

Beləliklə, Azərbaycan yaxın iki ildə türk dünyası, Mərkəzi Asiya, islam dünyası, MDB və Avropa siyasi məkanında çoxtərəfli diplomatiyanın fəal iştirakçısı kimi çıxış edəcək. 

Sədrliyin strateji əhəmiyyəti yalnız beynəlxalq tədbirlərə evsahibliyində deyil, həm də regional və qlobal gündəliyin formalaşdırılmasında, yeni təşəbbüslərin irəli sürülməsində və onların davamlı əməkdaşlıq mexanizmlərinə çevrilməsindədir. 

İşğala son qoymaqla, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə Azərbaycan ciddi bir geosiyasi dəyişikliklərə yol açdı. Prezident İlham Əliyevin sülh və əməkdaşlıq strategiyası əldə edilmiş nəticələrin dayanıqlı sabitliyə və iqtisadi inteqrasiyaya çevrilməsini hədəfləyir: "Bu gün Ermənistanla sərhəddə sakitlikdir. Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var. Hətta Azərbaycan Ermənistanla ticarətə də başlamışdır".

Azərbaycanın qarşıdakı dövrdə xarici siyasətdə daha fəal olması ölkənin artan iqtisadi, siyasi və hərbi imkanları ilə də uzlaşır. Prezidentin vurğuladığı kimi, bundan sonra da xarici siyasətimizin müdafiəyönümlü yox, həm aktiv, daha çox fəalyönümlü olması lazımdır.

Bu kontekstdə Prezident İlham Əliyevin cari ilin iyulunda IV Şuşa Qlobal Media Forumunda və oktyabrda YAP-ın VIII Qurultayında Azərbaycanın orta güc kimi mövqeyinə dair strateji baxışları xüsusilə önəmlidir. Dövlət başçısının yanaşmasına əsasən, orta güc statusunu müəyyən edən başlıca meyarlar iqtisadi müstəqillik, suveren qərarvermə qabiliyyəti, milli maraqların müdafiəsi və beynəlxalq proseslərə təsir imkanlarıdır. Azərbaycanın müstəqil xarici siyasəti, regional sülh təşəbbüsləri və genişlənən strateji tərəfdaşlıqları ölkəmizin çevik orta güc kimi mövqeyini möhkəmləndirən əsas amillərdir. Müstəqil və çoxvektorlu xarici siyasət Azərbaycanın geosiyasi manevr imkanlarını genişləndirir. Tərəfdaşlıq asılılığa, əməkdaşlıq isə himayədarlığa çevrilməyəcək, Azərbaycan öz xarici siyasət prioritetlərini müstəqil müəyyən etməkdə və ardıcıl həyata keçirməkdə prinsipiallığı davam etdirəcəkdir.

"Dəyirmi masa"ya yekun vuran "Azərbaycan" qəzetinin direktor-baş redaktoru Bəxtiyar Sadıqov tədbirin dərinməzmunlu və faydalı müzakirələrlə keçdiyini vurğulayıb. Xüsusilə qeyd olunub ki, "dəyirmi masa"nın önəmi xalqımızın və dövlətimizin taleyində müstəsna rol oynayan əlamətdar bir tarixə - 15 oktyabr 2003-cü ildə cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 23-cü ildönümünə təsadüf etməsindədir. Ötən 23 illik şərəfli dövrdə dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə çoxsaylı uğurlara, tarixi zəfərlərə imza atıb. Bu illər ərzində Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın ətrafında "Dəmir yumruq" kimi sıx birləşərək öz çoxillik arzusuna çatıb, nəticədə dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Qazanılan bu misilsiz nailiyyətlər ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətini zirvəyə qaldırmaqla yanaşı, regionda və dünyada yeni geosiyasi reallıqlar yaradıb.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyev tərəfindən bəyan edilən strateji prioritetlər və konseptual hədəflər müasir Azərbaycanın qarşıdakı inkişaf mərhələsinin əsas yol xəritəsini təşkil edir. Dövlətimizin başçısının qurultayda proqram xarakterli çıxışında səsləndirdiyi "Mən bu gün əsas, yəni strateji əhəmiyyət daşıyan istiqamətləri dilə gətirdim, bu fikirləri sizinlə bölüşmək istədim. Əmin olduğumu bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının fəalları, bütün üzvləri bu tarixi vəzifələrin icrasında fəal iştirak edəcəklər" sözlərini xatırladan Bəxtiyar Sadıqov əminliklə vurğulayıb ki, ölkə Prezidentinin qarşıya qoyduğu bütün strateji vəzifələr layiqincə həyata keçiriləcək, bu müddəaların ardıcıl və məqsədyönlü şəkildə reallaşdırılması isə dövlətimizin milli maraqlarının etibarlı qorunmasını, iqtisadiyyatımızın və sosial rifahımızın daha da yüksəlməsini təmin edəcək.



"AZƏRBAYCAN"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərenerji" ASC-də YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr müzakirə olunub

09:00
15 Oktyabr

Ölkəmizin turizm imkanları beynəlxalq səyahət peşəkarlarına təqdim ediləcək

08:55
15 Oktyabr

Təhsildə bərabərlik və dünyəvilik məktəb mühitinin əsas sütunlarıdır

08:45
15 Oktyabr

ZƏFƏR gündəliyi 

08:35
15 Oktyabr

Azərbaycan türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir

08:25
15 Oktyabr

AQEM Asiya ilə siyasi və humanitar əlaqələrin inkişafı üçün mühüm platformadır

08:20
15 Oktyabr

Qüdrətli Azərbaycan və qalib Lider

08:15
15 Oktyabr

Azərbaycanın müasir dövlətçilik zirvəsi: Zəfərə və qlobal nüfuza aparan şərəfli yol

08:10
15 Oktyabr

AZƏRBAYCANIN YENİ İNKİŞAF MƏRHƏLƏSİ: vəzifələr, prioritetlər və strateji hədəflər  

08:05
15 Oktyabr

İlham Əliyevin yaratdığı müasir Azərbaycan

08:00
15 Oktyabr

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

07:31
15 Oktyabr

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

07:29
15 Oktyabr

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

22:51
14 Oktyabr

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

22:14
14 Oktyabr

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!