Rəsmi İrəvanın bəyanatları ilə əməlləri arasındakı dərin təzad bölgədə davamlı barışı sual altında qoyur
Cənubi Qafqaz regionu öz tarixinin ən mühüm dönüş nöqtələrindən birini yaşayır. Uzun illər boyu davam edən münaqişədən sonra bölgədə real sülhün və iqtisadi tərəqqinin bərqərar olunması üçün tarixi imkan yaranıb. Xüsusilə ötən il keçirilən Vaşinqton Zirvəsi, sülh sazişinin mətninin paraflanması və ATƏT-in Minsk prosesinin rəsmən tarixin arxivinə göndərilməsi regionda yeni - əməkdaşlıq erasının başlandığını göstərdi. Lakin bu müsbət dinamikaya baxmayaraq, masadakı sülhün kağız üzərindən tam hüquqi müstəviyə keçməsi hələ də müəyyən maneələrlə üz-üzədir. Yəni regionda sülh kövrək olaraq qalır.
Regionda əməkdaşlıq üçün geniş üfüqlər
Bu gün Cənubi Qafqazı qlobal diqqət mərkəzinə gətirən əsas amillərdən biri Vaşinqton Zirvəsində razılaşdırılmış Zəngəzur dəhlizidir (TRIPP). Orta dəhlizin tərkib hissəsi olan bu marşrut təkcə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməyəcək, regionun nəqliyyat və logistika xəritəsini kökündən dəyişəcək. Layihə Şərqlə Qərbi, Mərkəzi Asiyanı, ABŞ və Avropa bazarlarını birləşdirən qlobal iqtisadi körpü rolunu oynayacaq.
Azərbaycan öz ərazisində bu dəhliz üzrə dəmir yolu və avtomobil infrastrukturu işlərini demək olar ki, tamamlayıb. Ermənistan parlamentinin də TRIPP sazişini ratifikasiya etməsi layihənin tezliklə reallaşacağına ümid yaradır. Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə keçirilən "Euronews" sammitində ölkəsinin Azərbaycanla münasibətlərin inkişafı istiqamətində addımlar atdığını və ikitərəfli ticarəti genişləndirdiyini bildirib. O, Cənubi Qafqazı ümumi maraqları, baxışları və strategiyaları olan vahid region kimi gördüklərini vurğulayıb. Həmçinin regional infrastruktur və nəqliyyat bağlantılarının inkişafında TRIPP layihəsinin əhəmiyyətinə də diqqət çəkib. Paşinyan hesab edir ki, TRIPP layihəsi, o cümlədən Azərbaycan, Gürcüstan və Ermənistan arasında xüsusilə logistika sahəsində əməkdaşlıq Cənubi Qafqazın qlobal təchizat zəncirində rolunu gücləndirə və yeni imkanlar yarada bilər.
Paşinyanın Cənubi Qafqazı vahid region kimi gördüyünü bəyan etməsi və logistika sahəsində işbirliyinin vacibliyini vurğulaması, prinsip etibarilə, doğru və geosiyasi reallığa uyğun yanaşmadır. Lakin əgər bu yanaşma sadəcə sözlərdən ibarət olmasa…
Rəsmi Bakı heç zaman təkcə bəyanatlarla kifayətlənməyib. Ötən müddətdə bölgədə sülhün, sabitliyin və tərəqqinin var olması üçün real müstəvidə atılan addımlar da bunu göstərir.
Azərbaycan Ermənistana qarşı tətbiq edilən tranzit məhdudiyyətlərini aradan qaldırıb. İndi ölkəmizin ərazisindən tranzit keçməklə Ermənistana taxıl, gübrə daşınır. Hətta enerjiyə ehtiyacı olan bu ölkəyə birbaşa Azərbaycandan yanacaq - benzin və dizel göndərilir.
Bunlar sübut edir ki, Azərbaycan qalib tərəf kimi bölgədə həm də daimi sülh yaratmaqda son dərəcə qətiyyətlidir. Öz gücü və milli iradəsi ilə beynəlxalq hüququ bərpa edərək Cənubi Qafqazda de-fakto sülhü bərqərar edən ölkəmiz regionda əməkdaşlıq üçün geniş üfüqlər açıb.
İrəvanın sözü ilə əməli üst-üstə düşmür
Bütün müsbət irəliləyişlərə rəğmən, bölgədə sülhün kövrək qalmasının bir əsas səbəbi var. Bu da rəsmi İrəvanın bəyanatları ilə əməlləri arasındakı dərin təzadların olmasıdır. Paşinyan beynəlxalq kürsülərdən əməkdaşlıq və "inteqrasiya" ritorikası ilə çıxış etsə də, masa arxasında sülhün əsas şərtini yerinə yetirməkdən yayınır.
Sülh sazişinin yekun imzalanması üçün ən böyük hüquqi əngəl Ermənistan konstitusiyasının preambulasında Azərbaycana qarşı yer alan ərazi iddialarıdır. Bu iddialar əsas qanundan çıxarılmadığı müddətcə imzalanacaq hər hansı sənəd gələcək revanşizm risklərini və münaqişə potensialını saxlamış olur. Şifahi bəyanatlar beynəlxalq hüquqda heç bir öhdəlik yaratmır. Əgər bir dövlətin ana qanununda qonşusuna qarşı ərazi iddiası qalırsa, bu gün verilən bütün sülh vədləri sabah ləğv edilə bilər. Vaşinqton Zirvəsində müqavilənin imzalanmamasının kökündə də məhz bu hüquqi ziddiyyət dayanırdı.
İrəvanın səmimiyyətsizliyini göstərən daha bir fakta bir müddət əvvəl Paşinyanın konstitusiya dəyişikliyi ilə bağlı nümayiş etdirdiyi ziddiyyətli mövqe sayəsində də şahid olmuşduq. Əvvəllər yeni konstitusiyanın qəbulunu və Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasını 2026-cı ilin sonu - 2027-ci ilin əvvəli ilə əlaqələndirən Paşinyan, sonradan sülh sazişinin imzalanması və ratifikasiyası məsələsini 2031-ci ilədək uzatmaq niyyətində olduğunu bildirmişdi. Bu cəhd mahiyyətcə sülh prosesini qeyri-müəyyən müddətə dondurmaq taktikası idi. Artıq paraflanmış mətni olan sülh müqaviləsini daha 5 il ləngitmək istəyi İrəvanın real sülhə yox, zaman qazanmağa hesablandığını sübut etdi. Düzdür, İrəvan bu addımın əbəs olduğunu anlayıb geri çəkildi. Ancaq bu cür tərəddüdlər Ermənistanın səmimiyyətini və sülh gündəliyinə sadiqliyini ciddi şəkildə sual altına qoyur.
İrəvan anlamalıdır ki, vaxtı uzatmaq taktikası Bakının prinsipial mövqeyini sarsıda bilməz. Zaman Azərbaycanın xeyrinə, Ermənistanın isə ziyanına işləyir. Azərbaycan öz hərbi gücünü gündən-günə artırır və qlobal enerji-logistika xəritəsində əvəzolunmaz aktora çevrilir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən sürətli quruculuq işləri və Böyük qayıdış proqramı regionun iqtisadi potensialını dəfələrlə artırır. Onilliklər boyu yürütdüyü təcavüzkar siyasət ucbatından "dalan ölkə"yə çevrilən Ermənistan, sülhü yubatdığı hər gün regionun iri iqtisadi və enerji layihələrindən kənarda qalır və özünü yeni təcridə məhkum edir. Bakı resurs və sülh mühiti təklif etdiyi halda, İrəvanın vaxt uzatmaq taktikası yalnız Ermənistanın özünü dərin iqtisadi böhrana sürükləyir. Ermənistanın Baş nazirinin "Euronews" sammitindəki çıxışı və ifadə etdiyi fikirlər müsbət siqnal kimi qiymətləndirilə bilər, lakin siyasətdə əsas meyarlar sözlər deyil, konkret əməllərdir. Əgər rəsmi İrəvan Cənubi Qafqazda davamlı sülh və iqtisadi tərəqqi istəyində səmimidirsə, beynəlxalq ictimaiyyət qarşısında "sülhpərvər" imici yaratmaq yox, konstitusiya dəyişikliyini sürətləndirmək və nəhayət, yekun sülh sazişinə imza atmaq istiqamətində ciddi addımlar atmalıdır.
Bölgədə reallıqları və Bakının ədalətli şərtlərini süni yubatmalarla dəyişmək mümkün deyil. Qalib Azərbaycanın yaratdığı bu de-fakto sülh mühiti bütün region üçün, ilk növbədə isə Ermənistanın özü üçün unikal tarixi şansdır.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"