Yaşlı və ortayaşlı insanların gənclərlə dialoqlarında bəzən qəribə bir nüansın şahidi oluruq. Gənclər həmsöhbətlərindən eşitdikləri frazeoloji söz birləşmələrinə, zərb məsəllərə çevrilmiş ifadələrə reaksiya verə bilmirlər. Onların mənşəyindən, yəni haradan qaynaqlandığından, yaxud hansı əsərdən misal gətirildiyindən məlumatsız olduqları üçün mənasını da başa düşmür, mətləbi anlamır və təbii ki, söhbəti davam etdirməkdə aciz qalırlar.
Qonşumuzun qızına adı nənəsi vermişdi. Hərdən nəvəsini sadəcə Almaz deyə çağırmışdı. Necə deyərlər, müqəddimə də əlavə edirdi: "Almaz xanım, inci xanım, zümrüd xanım..."
Almaz elə düşünürdü ki, bu komplimentin müəllifi nənəsinin özüdür. Doğrudur, adının Cəfər Cabbarlının "Almaz" pyesindən götürüldüyünü bilirdi. Ancaq əsərdən o dərəcədə məlumatlı deyildi ki, bu sözlərin həmin əsərin qəhrəmanı, kənd şurasının katibi Şərifə mənsub olduğunu bilsin.
Bəli, çox təəccüblüdür. Bu qızda ən azından adının "Almaz"dan götürüldüyü üçün həmin əsəri oxumaq marağı oyanmamışdı...
Bir dialoqun da poliklinikada şahidi olduq. Qoltuq ağacına söykənərək oraya tez-tez gələn yaşlı kişi gənc sahə həkiminin davranışından, xəstəyə münasibətindən, müalicələrindən çox razı idi. Odur ki, hərdən qımışaraq həkiminə "doktor bəy" deyə müraciət edirdi. Bu söhbətcil qoca bir gün sözarası həkimindən soruşdu ki, "ay oğul, belə bir müraciətə hansı əsərdə rast gəlmisən". Həkim başını buladı.
- Bəlkə filmi xatırlayasan?
Qocanın sualı yenə də cavabsız qaldı.
- "Çalıquşu"ndandır, oğlum, türk yazıçısı Rəşad Nuri Güntəkinin "Çalıquşu" romanından. Türk ədəbiyyatından dünya səviyyəli nümunədir, - deyə xəstə həkimini məlumatlandırmaqda davam edirdi:
- Növbəti dəfə televizorda göstəriləndə o kinoya baxarsan, çox maraqlıdır...
Buna bənzər daha bir misal. Ortayaşlı taksi sürücüsü və sərnişini olan gənc oğlan qəsəbənin bu döngəsindən o döngəsinə keçərək lazımi ünvanı axtarırdılar. Nəhayət, sürücü hövsələdən çıxaraq dedi:
- Ay bala, bu nə oldu bilirsən? "Kəndə, babama"...
Oğlan sürücünün nə demək istədiyini anlamayaraq çaşqın-çaşqın onun üzünə baxdı. Kişi isə dərhal başa düşdü ki, bu gəncin məşhur rus yazıçısı Anton Çexovun "Vanka" hekayəsindən və təbii ki, oradan irəli gələn "kəndə, babama" frazeoloji söz birləşməsindən xəbəri yoxdur. Odur ki, sərnişinin "nə dediniz, əmi?" sualına sürücü, sadəcə, belə cavab verdi: "Oğul, bu o deməkdir ki, əvvəlcə ünvanı dəqiq öyrənməli, sonra yola çıxmalısan".
Hələ bunlar nədir ki? Bir çox gəncimiz hətta dahi Üzeyir bəyin qəhrəmanlarının "Heç hənanın yeridir?", "Tarixi-Nadiri yarıya qədər oxumuşam", "Sənin beş min manatın cəhənnəm, bəs mənim bir abbasım hara getdi?" və bu kimi digər ifadələrini eşidəndə gözlərini geniş açaraq heç nə anlamadıqlarını aydınca büruzə verirlər. Deməli, tez-tez nümayiş etdirilən retro, lakin çox sanballı və maraqlı filmlərimizə də baxmırlar. Hələ kitab oxumaq bir yana qalsın...
Kitab oxumaq isə təkcə bilik əldə etmək, dünyagörüşü qazanmaq deyil, həm də mənən zənginləşməkdir. Yaxşı həmsöhbət olmaq üçün də mənən zəngin olmaq lazımdır.
Flora SADIQLI,
"Azərbaycan"