İlham Əliyevin bu prosesdə yeni ideyaları və siyasi təşəbbüsləri TDT-yə üzv dövlətlərin başçıları tərəfindən yüksək dəyərləndirilir
Bu gün Mərkəzi Asiyadan Qafqaza, oradan Avropaya qədər uzanan nəhəng coğrafiyada tarixi dönüş yaşanır. Uzun illər ideoloji arzu kimi baxılan türk birliyi Türk Dövlətləri Təşkilatının (TDT) timsalında artıq qlobal proseslərin gedişatına təsir edən real güc mərkəzinə çevrilib.
Azərbaycan bu prosesdə həm yeni ideyalar və siyasi təşəbbüslərlə çıxış edir, həm də ortaq layihələrin praktiki olaraq həyata keçirilməsində fəal rol oynayır. Rəsmi Bakının yürütdüyü məqsədyönlü siyasət təşkilata üzv ölkələr arasında əməkdaşlığın konkret iqtisadi, siyasi və təhlükəsizlik addımları ilə möhkəmlənməsini təmin edir.
Azərbaycanın TDT çərçivəsindəki təşəbbüskarlığı və birgə layihələrin həyata keçirilməsindəki fəallığı təşkilata üzv ölkələrin dövlət başçıları tərəfindən də yüksək dəyərləndirilir.
Münasibətlərin inkişafına töhfə
Liderlərin çıxışlarında rəsmi Bakının yalnız öz milli maraqlarını deyil, ümumilikdə türk dünyasının strateji həmrəyliyini ön plana çəkdiyi xüsusi vurğulanır.
Ankarada keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşündə səslənən fikirlər bu əməkdaşlığın real miqyasını və qarşılıqlı etimadın səviyyəsini aydın göstərir. Sözügedən Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə və türk xalqları arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın TDT sədrliyi dövrünü yüksək qiymətləndirib. Bildirib ki, rəsmi Bakının sədrliyi dövründə təşkilat daxilində əməkdaşlığın inkişafına və birgə təşəbbüslərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verilib.
Nümunə gətirdiyimiz bu yanaşmalar bir daha təsdiq edir ki, Azərbaycanın TDT daxilindəki fəaliyyəti təşkilatın institusional güclənməsinə və üzv dövlətlər arasında inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edir.
Bu gün Türk Dövlətləri Təşkilatının keçdiyi inkişaf yolu göstərir ki, platforma ilk gündən regional əməkdaşlığı mərhələli şəkildə dərinləşdirmək və beynəlxalq müstəvidə vahid mövqedən çıxış etmək məqsədi daşıyıb. Azərbaycanın bu müddətdə nümayiş etdirdiyi ardıcıl siyasi iradə və ikitərəfli müttəfiqlik münasibətləri qurumun təsir imkanlarını keyfiyyətcə yeni səviyyəyə qaldırıb.
2009-cu ildə imzalanan tarixi Naxçıvan Sazişi türk dünyasının birliyinin institusional qaydada təsdiqi oldu. Naxçıvan Sazişində təşkilatın yaradılmasında əsas məqsədlər kimi tərəflər arasında qarşılıqlı etimad, dostluq və münasibətlərin möhkəmləndirilməsi, regionda və ümumilikdə dünyada sülhün qorunması, təhlükəsizlik və etimadın gücləndirilməsi nəzərdə tutulub. Həmçinin siyasi, ticari-iqtisadi, hüquq-mühafizə, təbiətin mühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat, kredit-maliyyə və ümumi maraq kəsb edən digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi, türk xalqlarının böyük mədəni-tarixi irsinin təbliği, tanınması və yayılmasında kütləvi informasiya vasitələri arasında qarşılıqlı əlaqənin və tərəflər arasında təmasların təşviqi və sair yer alıb.
Prezident İlham Əliyevin müəllifliyi və təşəbbüsü ilə keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) təsis edildi.
Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın təsisçiliyi ilə başlayan bu təşkilatlanma prosesi qısa müddətdə böyük miqyas aldı. 2019-cu ildə keçirilən Bakı Zirvəsində Özbəkistanın təşkilata tamhüquqlu üzv kimi qoşulması platformanın Mərkəzi Asiyadakı geo-iqtisadi çəkisini ciddi şəkildə artırdı.
Eyni zamanda Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) müşahidəçi statusu qazanması qurumun əhatə dairəsini Avropadan Asiyaya qədər genişləndirdi. 2021-ci il İstanbul Zirvəsində isə qurumun Türk Dövlətləri Təşkilatı (TDT) adlandırılması onun beynəlxalq təşkilat kimi mövqeyini təsbit etdi.
Etnosiyasi coğrafiyanın bərpası
2020-ci ildə Azərbaycanın qazandığı tarixi qələbə regionun geosiyasi mənzərəsini köklü şəkildə dəyişdi. Bu Zəfər təkcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmədi, həm də türk dünyası ölkələri arasında coğrafi və etnosiyasi bağların yenidən möhkəmlənməsinə şərait yaratdı. Xüsusilə Zəngəzur dəhlizi (TRIPP) kimi strateji nəqliyyat və logistika layihələri türk dünyasının iqtisadi tərəqqisi mənasında mühüm əhəmiyyətə malik oldu.
2024-cü il iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsi TDT-nin siyasi inteqrasiya səviyyəsini göstərən mühüm sənəd oldu. Bəyannamə ilə üzv dövlətlər "Qarabağ Azərbaycandır!" həqiqətini beynəlxalq ictimaiyyətə bir daha bəyan etməklə yanaşı, regional sülh, təhlükəsizlik və ortaq iqtisadi maraqlar ətrafında vahid mövqedən çıxış etdiklərini hüquqi və siyasi müstəvidə təsbit etdilər.
"Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir", - deyə TDT-nin dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşü zamanı Prezident İlham Əliyev vurğulamışdı. Dövlətimizin rəhbəri qeyd etmişdi ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib.
Azərbaycanın Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla imzaladığı müttəfiqlik bəyannamələri, o cümlədən Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılan birgə investisiya fondları həm də TDT çərçivəsində iqtisadi inteqrasiyanı daha da dərinləşdirir.
Naxçıvandan başlayan tarixi yol göstərir ki, Türk Dövlətləri Təşkilatı artıq regional çərçivələri aşaraq Avrasiyanın geosiyasi və geoiqtisadi mənzərəsini müəyyənləşdirən əsas güc mərkəzlərindən birinə çevrilib. Region liderlərinin də açıq şəkildə bildirdiyi kimi, rəsmi Bakının nümayiş etdirdiyi ardıcıl siyasi iradə və təşəbbüskarlıq bu birliyin institusional bünövrəsini daha da möhkəmləndirir.
Göründüyü kimi, Azərbaycanın strateji liderliyi, uzaqgörən diplomatiyası və qardaşlıq münasibətlərinə verdiyi müstəsna töhfələr türk dünyası birliyinin həm regional sülhün və sabitliyin təminatçısı olmasında, həm də dünya siyasətində mühüm yer tutmasında vacib rol oynayır.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"