Suveren dövlət, güclü iqtisadiyyat, sosial rifah, qüdrətli ordu
Tarixdə elə liderlər olur ki, onlar sadəcə müəyyən dövrdə bu və ya digər ölkəyə, xalqa rəhbərlik etmirlər, ümumilikdə dövlətin və cəmiyyətin inkişaf istiqamətini dəyişdirir, regionun siyasi-iqtisadi, sosial-mədəni xəritəsinə əhəmiyyətli təsir göstərir və beynəlxalq münasibətlər sistemində yeni reallıqlar formalaşdırırlar. Ona görə tarix dövlətlərin və xalqların inkişaf yolunu müəyyən edən hadisələrlə yanaşı, həmin hadisələrə istiqamət verən şəxsiyyətlərin də fəaliyyətini qiymətləndirir.
Ulu Öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil dövlətimizi tarixinin ən qüdrətli mərhələsinə yetirmiş Prezident İlham Əliyevin fəaliyyəti də məhz bu kontekstdə dəyərləndirilməlidir. Azərbaycan bu gün regionun aparıcı ölkələrindən birinə, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa, qlobal əhəmiyyətli layihələrin əsas subyektinə çevrilmişdir. Bütün bunlar isə milli maraqlara əsaslanan idarəetmə modelinin nəticəsi kimi meydana çıxmışdır.
Cənab İlham Əliyevin 2003-cü il oktyabrın 15-də ilk dəfə prezident seçildiyi gündən həyata keçirdiyi dövlət siyasəti ölkənin inkişafının bütün əsas istiqamətlərini - iqtisadi modernləşməni, sosial rifahın yüksəldilməsini, hərbi potensialın gücləndirilməsini, xarici siyasətdə müstəqil qərarvermə qabiliyyətinin möhkəmləndirilməsini və Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasını vahid strateji konsepsiya çərçivəsində birləşdirmişdir. Bu siyasətin ən mühüm nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası, bununla da ölkənin müasir tarixində yeni mərhələnin başlanması olmuşdur.
Amma dövlətimizin başçısının fəaliyyətinin tarixi əhəmiyyəti yalnız hərbi və siyasi uğurlarla məhdudlaşmır. 23 il müddətdə Azərbaycan iqtisadi inkişaf tempinə, regionun enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rola, beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşdırılmasına verdiyi töhfəyə, müxtəlif siyasi mərkəzlərlə balanslaşdırılmış münasibətlər qurmaq bacarığına və qlobal təşəbbüslərdə fəal iştirakına görə yeni geosiyasi çəkisi olan dövlət kimi qəbul edilməyə başlamışdır. Bu gün Azərbaycan regional proseslərin passiv iştirakçısı deyil, onların istiqamətinə təsir göstərən və bir çox hallarda yeni əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış edir.
Müasir dünyada beynəlxalq münasibətlər sisteminin dərin transformasiyaya məruz qaldığı bir şəraitdə Azərbaycanın mövqeyinin möhkəmlənməsi son dərəcə mühüm tarixi nailiyyətdir. Böyük dövlətlər arasında artan qarşıdurmalar fonunda milli maraqlara söykənən müstəqil siyasətin həyata keçirilməsi, müxtəlif güc mərkəzləri ilə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq münasibətlərinin qurulması və ölkənin etibarlı tərəfdaş kimi tanınması Prezident İlham Əliyevin xarici siyasət kursunun səciyyəvi xüsusiyyətləridir.
Milli inkişaf modeli
Müasir dövlətlərin inkişaf təcrübəsi göstərir ki, onların beynəlxalq nüfuzu, siyasi çəkisi və milli təhlükəsizlik imkanları ilk növbədə daxili dayanıqlıqdan qaynaqlanır. Güclü iqtisadiyyat, səmərəli idarəetmə, sosial rifah, hüquqi institutların fəaliyyəti və milli həmrəyliyin təmini olmadan uzunmüddətli uğurlu xarici siyasət həyata keçirmək, yaxud qlobal geosiyasi proseslərə təsir göstərmək mümkün deyil. Bu baxımdan XXI əsrin ötən dövründə Azərbaycanın keçdiyi inkişaf yolu dövlətçilik nəzəriyyəsi baxımından maraqlı nümunədir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə həyata keçirilən siyasətin əsas mahiyyəti müasir çağırışlara cavab verən güclü dövlət modelinin formalaşdırılmasından ibarət olmuşdur.
23 il öncə cənab İlham Əliyev xalqın yekdil dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilərkən ölkəmiz Ulu Öndərin rəhbərliyi ilə artıq siyasi sabitliyini bərpa etmiş, bazar iqtisadiyyatının əsaslarını formalaşdırmış, beynəlxalq enerji layihələri vasitəsilə inkişaf üçün mühüm imkanlar qazanmışdı. Belə bir dönəmdə qarşıda duran əsas vəzifə bu potensialı davamlı dövlət gücünə çevirmək idi. Bunun üçün dövlət idarəçiliyi yeni çağırışlara uyğun təkmilləşdirilməli, institusional islahatlar dərinləşdirilməli, insan kapitalına investisiyalar artırılmalı, regionlar arasında inkişaf fərqləri azaldılmalı və milli təhlükəsizliyin bütün komponentləri gücləndirilməli idi. Prezident İlham Əliyev bütün bunları məharətlə vahid bir sistemə çevirdi və dövlətçilik modelinin əsas xüsusiyyətlərindən biri olan inkişafın sistemli xarakter daşımasını təmin etdi.
Bu modelin əsas sütunlarından biri güclü iqtisadiyyatın yaradılması oldu. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, iqtisadi cəhətdən müstəqil olmayan dövlət tam mənada siyasi müstəqilliyini də təmin edə bilməz. Məhz bu prinsip dövlət siyasətinin iqtisadi fəlsəfəsini müəyyənləşdirir. Enerji sektorunda əldə olunan gəlirlər ölkənin maliyyə dayanıqlığının gücləndirilməsinə, strateji valyuta ehtiyatlarının artırılmasına, genişmiqyaslı infrastruktur layihələrinin maliyyələşdirilməsinə və qeyri-neft sektorunun inkişafına yönəldilmişdir. Nəticədə Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil, həm də nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və xidmət sektorlarının inkişaf etdiyi çoxşaxəli iqtisadi model formalaşdırmağa nail olmuşdur.
Cənab İlham Əliyevin irəli sürdüyü inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də institusional idarəetmənin təkmilləşdirilməsi olmuşdur. Müasir dövrdə dövlətin gücü yalnız qəbul edilən qərarlarla deyil, həmin qərarların icra mexanizmlərinin səmərəliliyi ilə də ölçülür. Bu baxımdan idarəetmə sistemində çevikliyin artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, elektron hökumət mexanizmlərinin genişləndirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində ardıcıl addımlar atılmış, dövlət idarəçiliyində yeni texnologiyaların tətbiqi, xidmətlərin sadələşdirilməsi və şəffaflığın artırılması idarəetmə keyfiyyətinin yüksəldilməsinə xidmət etmişdir.
İnsan kapitalının inkişafı da Prezident İlham Əliyevin dövlətçilik modelində xüsusi yer tutur. Təhsil, səhiyyə, elm, idman və gənclər siyasətinə yönəldilən investisiyalar iqtisadi inkişafın sosial dayaqlarını möhkəmləndirmişdir. Sosial siyasət məsələləri də belə bir dövlətçilik modelinin ayrılmaz tərkib hissəsi kimi mühüm nailiyyətlərlə müşayiət olunmuşdur. Əhalinin rifah halının yüksəldilməsi, yoxsulluğun azaldılması, məşğulluğun genişləndirilməsi, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi və həssas təbəqələrin dəstəklənməsi iqtisadi inkişafın sosial nəticələrinin cəmiyyətin bütün təbəqələrinə çatdırılmasına xidmət etmiş və bu yanaşma iqtisadi artımla sosial ədalət arasında tarazlığın qorunmasına imkan yaratmışdır.
Prezident İlham Əliyevin dövlətçilik modelində milli təhlükəsizlik anlayışı da geniş məzmun kəsb edir. Azərbaycan Prezidentinin təhlükəsizlik məsələlərinə baxışı yalnız hərbi potensialla məhdudlaşdırılmamış, iqtisadi təhlükəsizlik, enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi, informasiya təhlükəsizliyi, ekoloji təhlükəsizlik və kibertəhlükəsizlik kimi istiqamətlər vahid milli təhlükəsizlik sisteminin tərkib hissəsi hesab edilmişdir. Bu yanaşma qlobal risklərin artdığı müasir dövrdə dövlətin dayanıqlığını əhəmiyyətli dərəcədə gücləndirmişdir.
Çoxşaxəli diplomatiya
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu onların müstəqil siyasi iradə nümayişi, milli maraqları ardıcıl müdafiə etməsi, etibarlı tərəfdaş kimi tanınması və qlobal proseslərə təsir imkanları ilə ölçülür. XXI əsrin ilk onilliklərində Azərbaycanın xarici siyasətində baş verən əsas dəyişiklik də məhz bu istiqamətdə olmuşdur.
Dövlətimizin başçısının xarici siyasət strategiyasının ən mühüm istiqamətlərindən biri balanslaşdırılmış diplomatiyadır. Azərbaycan eyni zamanda Qərb və Şərqlə, o cümlədən türk dünyası, Mərkəzi Asiya və digər dövlətlərlə qarşılıqlı faydalı münasibətlər quraraq müxtəlif siyasi platformalar arasında etimad yarada bilən nadir ölkələrdən biri kimi çıxış etməyə başlamışdır. Belə çoxtərəfli əməkdaşlıq modeli ölkəmizin geosiyasi mövqeyini gücləndirməklə yanaşı, beynəlxalq proseslərdə vasitəçi və dialoq platforması statusu qazanmasına da şərait yaratmışdır.
Azərbaycanın beynəlxalq nüfuzunun artmasında enerji diplomatiyası xüsusi rol oynamışdır. Xəzər hövzəsinin enerji ehtiyatlarının dünya bazarlarına etibarlı marşrutlarla çatdırılması istiqamətində həyata keçirilən iri layihələr ölkənin iqtisadi imkanlarını genişləndirməklə yanaşı, onun geosiyasi əhəmiyyətini də xeyli artırmışdır.
Nəqliyyat və logistika sahəsində həyata keçirilən siyasət Azərbaycanın beynəlxalq rolunu yeni mərhələyə yüksəltmişdir. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən beynəlxalq nəqliyyat marşrutlarının inkişaf etdirilməsi ölkəmizi Avrasiyanın əsas tranzit mərkəzlərindən biri kimi qərarlaşdırmışdır.
Prezident İlham Əliyev xarici siyasət kursunda çoxtərəfli diplomatiyaya hər zaman xüsusi diqqət yetirir. Bunun sayəsində Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda fəal iştirak edərək onların fəaliyyətinə real töhfələr verir. Belə siyasətin bariz nümunələrindən biri Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi olmuşdur.
Respublikanın beynəlxalq nüfuzunun yüksəlməsində humanitar diplomatiya da mühüm rol oynayır. Müxtəlif beynəlxalq forumların, mədəniyyətlərarası dialoq tədbirlərinin, humanitar konfransların və qlobal əhəmiyyətli görüşlərin Bakıda keçirilməsi ölkəmizi həm də intellektual və humanitar əməkdaşlıq platforması kimi tanıdır. Müxtəlif sivilizasiyalar, dinlər və mədəniyyətlər arasında dialoqun təşviqi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Yeri gəlmişkən vurğulayaq ki, bu nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri vardır.
Cənab İlham Əliyevin xarici siyasət fəlsəfəsi praqmatizmlə prinsipiallığın vəhdətinə əsaslanır. Azərbaycan bütün dövlətlərlə qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında əməkdaşlıq etməyə üstünlük verir, eyni zamanda milli maraqlarına toxunan məsələlərdə daim ardıcıl və qətiyyətli mövqe nümayiş etdirir. Bu yanaşma xarici siyasətin çevikliyini təmin etməklə yanaşı, onun strateji ardıcıllığını da qoruyur. Enerji layihələri, nəqliyyat dəhlizləri, türk dünyasında inteqrasiya, Mərkəzi Asiya ilə əlaqələrin dərinləşdirilməsi və Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının təşviqi bu baxımdan Prezident İlham Əliyevin xarici siyasət kursunun strateji xarakterini nümayiş etdirir.
Tarixi Zəfər - dönüş nöqtəsi
Hər bir xalqın tarixində onun gələcək inkişaf istiqamətini müəyyən edən, milli yaddaşında dönüş nöqtəsi kimi qalan hadisələr baş verir. Azərbaycan üçün müasir tariximizdə belə bir dönüş nöqtəsi 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər və 2023-cü ildə aparılan antiterror əməliyyatı ilə ölkənin bütün ərazisində konstitusiya quruluşunun tam bərpa edilməsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü ilə qazanılmış bu tarixi Zəfərlə dövlətimiz qarşısındakı ən mürəkkəb strateji məsələ - ərazi bütövlüyü və suverenlik məsələsi tam həll edildi.
Qarabağ münaqişəsi təxminən 30 il ərzində Azərbaycanın milli təhlükəsizliyi, xarici siyasəti və daxili inkişafı üçün əsas çağırışlardan biri olmuşdur. İşğal faktı yalnız ərazi itkisi deyildi, o, yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi, mühüm iqtisadi resursların itirilməsi, regional inkişafın ləngiməsi və beynəlxalq hüququn kobud şəkildə pozulması idi.
Uzun illər ərzində aparılan danışıqlar prosesi problemin həlli istiqamətində real nəticə vermirdi. Bu vəziyyət Azərbaycanın qarşısında yeni strateji yanaşmanın formalaşdırılmasını zəruri edirdi. Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Qarabağ məsələsinə münasibətdə kompleks dövlət strategiyası həyata keçirildi. Bu strategiya yalnız hərbi hazırlıqla məhdudlaşmayıb iqtisadi inkişafın təmin olunması, güclü maliyyə imkanlarının yaradılması, müasir silahlı qüvvələrin formalaşdırılması, müdafiə sənayesinin inkişaf etdirilməsi, diplomatik mövqelərin möhkəmləndirilməsi, beynəlxalq hüquqa əsaslanan ardıcıl siyasi xəttin qorunması və informasiya müstəvisində fəal fəaliyyət bir-birini tamamlayan vahid strategiyanın tərkib hissələri idi. Dövlət gücünün bütün komponentlərinin eyni məqsədə yönəldilməsi sonrakı hadisələrin əsasını təşkil etdi.
Bu dövrdə Azərbaycan Ordusunun modernləşdirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Müasir silah və texnologiyaların əldə edilməsi, peşəkar kadr hazırlığı, döyüş qabiliyyətinin artırılması, komanda-idarəetmə sisteminin təkmilləşdi-rilməsi və müdafiə sənayesinin inkişafı ölkənin hərbi potensialını keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Eyni zamanda iqtisadi gücün artması müdafiə xərclərinin davamlı maliyyələşdirilməsinə imkan verdi. Beləliklə, hərbi qüdrət iqtisadi inkişafdan, iqtisadi inkişaf isə siyasi sabitlikdən qidalanan vahid dövlət modelinin mühüm elementi kimi formalaşdı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış bu Qələbə beynəlxalq hüququn uzun illər icra olunmayan norma və prinsiplərinin faktiki təmin edilməsi nümunəsinə çevrildi. Azərbaycan ərazi bütövlüyünü, suveren hüquqlarını öz gücü hesabına bərpa edərək beynəlxalq münasibətlər sistemində yeni siyasi reallıq yaratdı. Bununla Cənubi Qafqazda uzun illər mövcud olmuş status-kvo aradan qalxdı və regionun geosiyasi nizamı əsaslı şəkildə dəyişdi.
Qələbədən sonrakı dövr yeni strateji mərhələnin başlanğıcı oldu. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma proqramlarının həyata keçirilməsi, müasir şəhər və kənd konsepsiyalarının tətbiqi, nəqliyyat və enerji infrastrukturunun yenidən qurulması, "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin reallaşdırılması, "yaşıl enerji" zonalarının yaradılması və Böyük qayıdış proqramı Azərbaycanın postmünaqişə inkişaf modelinin əsas istiqamətlərini müəyyən etdi. Cənab İlham Əliyev bu gün Qarabağı və Şərqi Zəngəzuru, eyni zamanda müasir inkişaf, innovasiya və dayanıqlı quruculuq məkanına çevirir.
Bu Zəfər Azərbaycanın beynəlxalq mövqeyinə də mühüm təsir göstərdi. Çünki dövlətimiz öz milli maraqlarını qorumaq, mürəkkəb geosiyasi şəraitdə strateji məqsədlərinə nail olmaq və regionda yeni reallıqlar formalaşdırmaq qabiliyyətini nümayiş etdirmişdir. Bu Zəfər həmçinin Azərbaycan dövlətinin siyasi iradəsinin, iqtisadi gücünün, müasir ordusunun və ardıcıl diplomatiyasının vahid nəticəsi kimi tarixə düşmüşdür. Əgər XX əsrin sonlarında Azərbaycan müstəqilliyini bərpa etmişdisə, XXI əsrin üçüncü onilliyinin əvvəlində müstəqilliyimiz tam suveren dövlət statusu ilə möhkəmlənmişdir. Bu mənada 2020-ci və 2023-cü illər Azərbaycanın müasir tarixində ən mühüm dönüş nöqtələrindən biri hesab oluna bilər.
Yeni regional geosiyasi nizamın formalaşmasında Azərbaycanın rolu
Bu gün Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində coğrafi mövqeyimiz siyasi və iqtisadi üstünlüyə çevrilib, Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas geostrateji qovşaqlardan biri kimi çıxış etməyə başlayıb.
Digər tərəfdən, yeni regional nizamın formalaşmasına türk dünyası ilə əməkdaşlığın dərinləşdirilməsi də daxildir. Tarixi, mədəni və dil yaxınlığına əsaslanan münasibətlər son illərdə siyasi, iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində strateji əməkdaşlıq mərhələsinə yüksəlmişdir. Türk dövlətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi və inteqrasiyanın genişləndirilməsi Azərbaycanın xarici siyasət prioritetlərinin mühüm hissəsidir. Azərbaycan Prezidentinin hələ illər əvvəl səsləndirdiyi "XXI əsr türk dünyası əsri olmalıdır" çağırışı ilə türk dünyasının inteqrasiyası mədəni yaxınlaşma prosesindən daha çox Avrasiya məkanında yeni iqtisadi və geosiyasi əməkdaşlıq platformasının formalaşması kimi qiymətləndirilməlidir. Bu baxımdan Azərbaycan coğrafi mövqeyi və həyata keçirdiyi infrastruktur layihələri sayəsində Mərkəzi Asiya ilə Avropanı birləşdirən əsas körpü funksiyasını yerinə yetirir. Bu amil ölkənin strateji əhəmiyyətini daha da artırır və türk dövlətləri arasında iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfə verir.
Prezident İlham Əliyevin strateji baxışı, məqsədyönlü siyasəti sayəsində Azərbaycan beynəlxalq ictimaiyyəti narahat edən məsələlərin həllində də məsuliyyətli ölkə kimi tanınmağa başlamış və bu da müstəqil dövlətimizin beynəlxalq statusunun keyfiyyətcə yeni mərhələyə yüksəlməsində əhəmiyyətli rol oynamışdır.
Azərbaycanın qlobal gündəlikdə artan rolunun ən mühüm göstəricilərindən biri də ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etməsidir. Bu cür tədbirlərin davamlı xarakter alması Azərbaycanın təşkilatçılıq imkanlarını, təhlükəsizlik mühitini və diplomatik nüfuzunu nümayiş etdirən mühüm amildir. Həqiqətən Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a evsahibliyi etməsi sıradan fakt deyil. Bu qərar təşkilati imkanların qiymətləndirilməsindən başqa, beynəlxalq ictimaiyyətin Azərbaycana göstərdiyi siyasi etimadın ifadəsi idi.
Liderlik fəlsəfəsi və idarəçilik məharəti
Tarixdə iz qoymuş dövlət xadimlərinin özünəməxsusluğu qəbul etdikləri qərarların miqyasından daha çox, həmin qərarların arxasındakı strateji düşüncə sistemindədir. Bu baxımdan Prezident İlham Əliyevin idarəçilik üslubunda ardıcıllıq xüsusi yer tutur. Müasir siyasətdə tez-tez müşahidə olunan populist yanaşmalardan fərqli olaraq, dövlət siyasətinin əsas istiqamətlərinin illər ərzində qorunub saxlanılması Azərbaycanın inkişaf modelinin mühüm xüsusiyyətlərindən biri kimi diqqəti çəkir.
Dövlətimizin başçısının liderlik fəlsəfəsində insan kapitalının davamlı inkişafı və gənc nəslin dövlət idarəçiliyinə cəlb olunması xüsusi yer tutur. Yeni idarəçilik mədəniyyətinin formalaşdırılması, peşəkarlığın təşviqi, müasir bilik və bacarıqlara malik kadrların irəli çəkilməsi dövlət idarəçiliyinin uzunmüddətli dayanıqlığını təmin edən amillərdən biri kimi çıxış edir. Beləliklə, idarəetmə yalnız mövcud problemlərin həllinə deyil, gələcək inkişaf üçün institusional potensialın yaradılmasına yönəlir.
Azərbaycan Prezidentinin böhranları idarə etmə bacarığı da böyük bir məktəbdir. Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə dünya müxtəlif iqtisadi böhranlarla, regional münaqişələrlə, qlobal pandemiya, enerji bazarlarında kəskin dəyişikliklər, beynəlxalq münasibətlərdə artan gərginlik və s. kimi mürəkkəb çağırışlarla üzləşmişdir. Belə şəraitdə daxili sabitliyin qorunması, iqtisadi inkişafın səngiməməsi, sosial siyasətin davam etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, dövlət idarəçiliyinin çevikliyini, dayanıqlılığını nümayiş etdirir. Milli güc anlayışına kompleks yanaşma da Azərbaycan Prezidentinin Liderlik fəlsəfəsinin əsas elementlərindəndir.
Ölkə rəhbərinin idarəçilik üslubunu xarakterizə edən digər mühüm xüsusiyyət məsuliyyət və məqsədyönlülük prinsipidir. Dövlət proqramlarının konkret nəticələrə istiqamətlənməsi, icra intizamına verilən əhəmiyyət və uzunmüddətli layihələrin ardıcıl həyata keçirilməsi idarəçilik fəlsəfəsinin praktiki tərəfini təşkil edir. Bu yanaşma dövlət siyasətinin effektivliyini artırır, qəbul edilən qərarların cəmiyyətin gündəlik həyatında real nəticələr verməsinə şərait yaradır.
Bir sözlə, Prezident İlham Əliyevin liderlik fəlsəfəsinin əsas xüsusiyyətləri uzunmüddətli strateji baxış, qərarların ardıcıllığı, milli maraqların üstün tutulması, praqmatik diplomatiya, nəticəyönümlü idarəetmə və dövlətin kompleks gücünün formalaşdırılmasıdır. Məhz bu prinsiplər 2003-cü ildən bəri Azərbaycanın keçdiyi inkişaf yolunun siyasi məntiqini təşkil etmiş və ölkənin regional liderliyini, beynəlxalq nüfuzunu və tam suveren dövlət kimi mövqeyini möhkəmləndirmişdir. Bu baxımdan Prezident İlham Əliyevin idarəçilik modeli müasir Azərbaycan dövlətçiliyinin əsas siyasi sütunlarındandır.
Azərbaycan Prezidentinin Liderliyi ilə yazılan tarixsə davam edir və hər keçən gün bu tarix salnaməsinin qürur dolu yeni səhifələridir.
İradə ƏLİYEVA,
"Azərbaycan"