04 Noyabr 2026 08:00
221
SİYASƏT
A- A+
İlham Əliyevə nüfuz qazandıran müstəqil siyasət

İlham Əliyevə nüfuz qazandıran müstəqil siyasət


Dünya siyasətində yeni güc mərkəzlərinin formalaşdığı, geosiyasi maraqların toqquşduğu və beynəlxalq münasibətlərin yeniləndiyi bir vaxtda Azərbaycanın tutduğu mövqe diqqət çəkir. Coğrafi baxımdan Şərqlə Qərbin, Şimalla Cənubun qovuşuğunda yerləşən ölkəmiz bu üstünlüyü təkcə tranzit imkanlarına deyil, həm də müstəqil siyasi kursunun, fəal diplomatiyasının və genişlənən tərəfdaşlıq əlaqələrinin mühüm dayağına çevirib. 

Bu gün Bakı ilə dünyanın müxtəlif siyasi və iqtisadi mərkəzləri arasında qurulan dialoq, irəli sürülən təşəbbüslər və həyata keçirilən birgə layihələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisini nümayiş etdirir. Ölkəmiz artıq qlobal proseslərin təsirini qəbul edən tərəf olmaqla kifayətlənmir, eyni zamanda regional və beynəlxalq əməkdaşlığın istiqamətlərinin müəyyənləşməsində sözünü deyir.

Bu yüksəlişin təməlində Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və ardıcıl həyata keçirdiyi müstəqil, praqmatik və çoxşaxəli xarici siyasət strategiyası dayanır. Dövlət başçısının siyasi iradəsi, beynəlxalq prosesləri düzgün qiymətləndirməsi, dəyişən geosiyasi reallıqlara çevik münasibəti və milli maraqlara söykənən diplomatik yanaşması Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərini təşkil edir. Bu siyasətin başlıca üstünlüyü ondan ibarətdir ki, ölkəmiz müxtəlif güc mərkəzləri ilə münasibətlərini qarşıdurma məntiqi üzərində deyil, qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və ortaq maraqlar əsasında qurur. Azərbaycan heç bir geosiyasi qütbün qarşısında seçim etməyə məcbur qalmadan, öz milli maraqlarına uyğun tərəfdaşlıq istiqamətlərini müəyyənləşdirir. Məhz bu müstəqil siyasi xətt ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə, etibarlı tərəfdaş kimi qəbul edilməsinə şərait yaradır.

Azərbaycanın beynəlxalq nüfuzunun artmasını şərtləndirən mühüm amillərdən biri dünyanın aparıcı dövlətləri ilə münasibətlərinin yeni məzmun və keyfiyyət mərhələsinə yüksəlməsidir. Bu baxımdan ABŞ ilə əlaqələrin inkişafı xüsusi əhəmiyyət daşıyır. 2025-ci il avqustun 7-8-də Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfəri və Ağ Evdə keçirilən görüş iki ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi yadda qaldı. Görüş zamanı Donald Trampın Azərbaycan Prezidentinə Ağ Evin rəmzi açarını təqdim etməsi dövlətimizin başçısına göstərilən ehtiramın simvolik ifadəsi oldu. Səfər çərçivəsində əldə edilmiş razılaşmaların davamı kimi 2026-cı il fevralın 10-da Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ikitərəfli münasibətləri yeni institusional mərhələyə yüksəltdi. Sənəd regional bağlantılar, enerji, ticarət, nəqliyyat, investisiyalar, süni intellekt, rəqəmsal infrastruktur və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bu sənəd Azərbaycanın beynəlxalq tranzit və iqtisadi mərkəz kimi mövqeyinin möhkəmlənməsi, eləcə də Cənubi Qafqazda sülh və regional əməkdaşlıq imkanlarının genişlənməsi baxımından mühüm perspektivlər açır.

Çinlə münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi də Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin 2025-ci ilin aprelində Çinə dövlət səfəri zamanı imzalanmış Birgə Bəyannamə iki ölkə arasında siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, nəqliyyat-logistika əməkdaşlığının və humanitar münasibətlərin genişləndirilməsi üçün yeni imkanlar yaradıb. Dünyanın ən böyük iqtisadi mərkəzlərindən sayılan Çinlə tərəfdaşlıq Azərbaycanın "Şərq-Qərb" nəqliyyat əlaqələrindəki rolunu artırmaqla yanaşı, ölkəmizin qlobal iqtisadi proseslərə inteqrasiyasına da töhfə verir. ABŞ və Çin kimi fərqli geosiyasi və iqtisadi mərkəzlərlə strateji tərəfdaşlıq münasibətlərinin qurulması Azərbaycanın müstəqil xarici siyasətinin mühüm göstəricisidir.

 Ölkəmizin Avropa istiqamətli beynəlxalq əməkdaşlıq strategiyası da xüsusi yer tutur. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, enerji təhlükəsizliyi, nəqliyyat, investisiya və "yaşıl enerji" sahələrində mühüm tərəfdaşdır. 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu bu əməkdaşlığın hüquqi və siyasi əsaslarını gücləndirib. Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsində artan rolu ölkəmizin strateji əhəmiyyətini daha da yüksəldir. "Cənub qaz dəhlizi" vasitəsilə həyata keçirilən enerji əməkdaşlığı təkcə iqtisadi layihə deyil, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verən mühüm geosiyasi amildir. 2026-cı il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfəri və Prezident İlham Əliyevlə görüşü bu əlaqələrin inkişafında növbəti əhəmiyyətli mərhələ oldu. Görüşdə siyasi dialoqun dərinləşdirilməsi, enerji və nəqliyyat əməkdaşlığı, investisiyalar, rəqəmsal transformasiya və regional təhlükəsizlik məsələləri diqqət mərkəzində saxlanıldı. Eyni zamanda Azərbaycanın Orta dəhlizdəki strateji mövqeyi və bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanları xüsusi vurğulandı. Bütün bunlar göstərir ki, Azərbaycan-Avropa münasibətləri ənənəvi enerji tərəfdaşlığını aşaraq daha geniş iqtisadi və siyasi məzmun kəsb edir.

Türkiyə ilə münasibətlər isə Azərbaycanın xarici siyasətində xüsusi strateji və mənəvi əhəmiyyətə malikdir. "Bir millət, iki dövlət" prinsipi üzərində qurulan bu münasibətlər Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlib. İki ölkə arasında siyasi, hərbi, iqtisadi, enerji, müdafiə sənayesi, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq regional təhlükəsizliyin və sabitliyin mühüm dayaqlarından biridir. Türkiyə ilə Azərbaycan arasında formalaşmış güclü müttəfiqlik türk dünyasının inteqrasiyasına da mühüm təkan verir. Bu inteqrasiyanın genişlənməsində Türk Dövlətləri Təşkilatının fəaliyyəti xüsusi yer tutur. Azərbaycan təşkilatın fəal üzvü və təşəbbüskar dövlətlərindən biri kimi türk dövlətləri arasında siyasi həmrəyliyin, iqtisadi əlaqələrin, nəqliyyat imkanlarının və mədəni-humanitar əməkdaşlığın gücləndirilməsinə ardıcıl töhfə verir. Ortaq tarixi, dili və mədəniyyəti birləşdirən bu dövlətlər arasında münasibətlərin yeni mərhələyə yüksəlməsi Avrasiya məkanında mühüm əməkdaşlıq platformasının formalaşmasına xidmət edir.

Mərkəzi Asiya ölkələri ilə əlaqələrin dərinləşməsi də Azərbaycanın strateji baxışının mühüm tərkib hissəsidir. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla qurulan tərəfdaşlıq münasibətləri Xəzər hövzəsində iqtisadi və nəqliyyat inteqrasiyasını gücləndirir. Azərbaycanın 2025-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu üzvü olması bu əməkdaşlığın coğrafiyasını və siyasi əhəmiyyətini daha da genişləndirib. Beləliklə, Xəzərin iki sahilində yerləşən ölkələrin qarşılıqlı əlaqələri yeni geoiqtisadi məzmun qazanır, Azərbaycan isə Mərkəzi Asiya ilə Avropa arasında etibarlı körpü rolunu möhkəmləndirir.

Rusiya, İran, Pakistan, Gürcüstan və digər qonşu, eləcə də tərəfdaş dövlətlərlə münasibətlər də regional siyasətin mühüm istiqamətlərindəndir. Azərbaycanın bu ölkələrlə əlaqələrində qarşılıqlı suverenliyə hörmət, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və nəqliyyat-kommunikasiya imkanlarının inkişafı əsas yer tutur. Xüsusilə Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı Cənubi Qafqazın beynəlxalq nəqliyyat və enerji xəritəsində mövqeyini gücləndirib. "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin inkişafı isə ölkəmizin həm regional, həm də qlobal iqtisadi əlaqələrdə əhəmiyyətini artırır.

Azərbaycanın beynəlxalq nüfuzunun mühüm göstəricilərindən biri də qlobal təşəbbüslərlə çıxış etmək və beynəlxalq təşkilatlarda fəal mövqe nümayiş etdirmək bacarığıdır. Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə ölkəmiz təşkilatın beynəlxalq nüfuzunun gücləndirilməsinə, üzv dövlətlər arasında həmrəyliyin artırılmasına və inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsinə mühüm töhfələr verdi. 2024-cü ildə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı - COP29 isə Azərbaycanın qlobal problemlərin həllində məsuliyyətli tərəfdaş kimi mövqeyini nümayiş etdirdi. Bu mötəbər tədbirdə əldə olunan iqlim maliyyələşməsi üzrə razılaşmalar, Paris Sazişinin 6-cı maddəsinin tətbiqinə dair qərarlar və Bakı təşəbbüsləri ölkəmizin beynəlxalq iqlim diplomatiyasına verdiyi töhfənin miqyasını göstərdi.

Bu gün Azərbaycanın beynəlxalq fəaliyyəti təkcə siyasi və iqtisadi münasibətlərlə məhdudlaşmır, eyni zamanda humanitar diplomatiya, mədəniyyətlərarası dialoq, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq ölkəmizin beynəlxalq nüfuzunun mühüm komponentlərinə çevrilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən "Bakı Prosesi" müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun təşviqinə xidmət edən mühüm beynəlxalq platformadır. Bu təşəbbüs Azərbaycanın regional deyil, həm də qlobal humanitar gündəliyə də töhfə vermək əzmində olduğunu nümayiş etdirir. Əlbəttə, beynəlxalq nüfuzun möhkəmləndirilməsi davamlı prosesdir və əldə edilən siyasi uğurların iqtisadi nəticələrlə, yeni investisiyalarla, texnoloji inkişafla və insanların rifahının yüksəlməsi ilə tamamlanması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri tərəfdaşlıq əlaqələrini real layihələrə, yeni istehsal imkanlarına, müasir infrastrukturun inkişafına və qeyri-neft sektorunun genişlənməsinə çevirməkdir. Enerji keçidi, rəqəmsal iqtisadiyyat, süni intellekt, "yaşıl enerji" və beynəlxalq logistika sahələrində mövcud imkanlardan səmərəli istifadə ölkəmizin gələcək inkişafında mühüm rol oynayacaq.

Bu gün Azərbaycanın beynəlxalq nüfuzu onun seçdiyi siyasi kursun, möhkəmlənən dövlətçilik dayaqlarının və ardıcıl diplomatik fəaliyyətinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət ölkəmizə müxtəlif siyasi və iqtisadi mərkəzlərlə münasibətləri milli maraqlar əsasında inkişaf etdirmək, regional proseslərdə təşəbbüskar mövqe tutmaq və qlobal əməkdaşlığa öz töhfəsini vermək imkanı yaradıb. 

Dünya dəyişir, beynəlxalq münasibətlər sistemi yeni sınaqlarla üzləşir. Belə bir şəraitdə Azərbaycanın qarşısında duran hədəf qazandığı nüfuzu daha da möhkəmləndirmək, tərəfdaşlıq coğrafiyasını genişləndirmək və milli maraqlarını beynəlxalq əməkdaşlığın imkanları ilə uzlaşdırmaqdır. Güclü dövlət təkcə öz maraqlarını qoruyan deyil, həm də ətrafında etimad, sabitlik və əməkdaşlıq mühiti yarada bilən dövlətdir. Azərbaycanın beynəlxalq siyasətdə qazandığı mövqe də məhz bu strateji düşüncənin və müstəqil dövlətçilik iradəsinin ifadəsidir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

08:55
04 Noyabr

Kukla Teatrı "Balaca səyyah"la uşaqları sevindirəcək

08:50
04 Noyabr

"Niyyətin hara, mənzilin ora"

08:45
04 Noyabr

Mahnılara köçən ömür

08:40
04 Noyabr

Qarabağın "Fəryad"ı

08:35
04 Noyabr

ZƏFƏR gündəliyi

08:30
04 Noyabr

Qlobal temperatur artır

08:25
04 Noyabr

İşğaldan azad edilmiş ərazilərin məskunlaşması həm də urbanizasiya probleminin həllinə dəstək olur

08:20
04 Noyabr

Makronun uğursuz siyasəti və dərinləşən böhran 

08:15
04 Noyabr

Azərbaycan və Gürcüstan praqmatik tərəfdaşlığa sadiqdirlər

08:10
04 Noyabr

Zəfər Günü Azərbaycan tarixində müstəsna yer tutur

08:05
04 Noyabr

İlham Əliyevə nüfuz qazandıran müstəqil siyasət

08:00
04 Noyabr

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında

00:31
04 Noyabr

S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında

00:30
04 Noyabr

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında

00:29
04 Noyabr

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ

00:27
04 Noyabr

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin STRUKTURU

00:26
04 Noyabr

"Respublika Diaqnostika Mərkəzi" ASC-nin səhmdarlarının nəzərinə

00:24
04 Noyabr

“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

23:57
03 Noyabr

Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar  

22:54
03 Noyabr

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

21:27
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!