9 oktyabr 2013-cü il prezident seçkisində xalqın yenidən İlham Əliyevə etimad göstərməsi ölkəmizin tərəqqisini və gələcək zəfərlərini təmin etdi
Azərbaycanın müasir dövlətçilik tarixində 9 oktyabr 2013-cü il xüsusi siyasi və tarixi əhəmiyyət kəsb edən mühüm mərhələlərdən biridir. Həmin gün reallaşan sayca 7-ci prezident seçkilərində ölkə seçicilərinin 84,54 faizinin səsini qazanan İlham Əliyev növbəti dəfə dövlətimizin başçısı seçildi. 10 namizədin mübarizə apardığı və yüksək vətəndaş fəallığı ilə seçilən bu seçkilər Azərbaycan xalqının 2003-cü ildən etibarən qət edilən 10 illik dinamik inkişaf yoluna, siyasi sabitliyə və milli tərəqqiyə verdiyi ali qiymət idi.
Prezident İlham Əliyevin 2013-cü ildə qazandığı möhtəşəm zəfərin təməlində, ilk növbədə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik xəttinə xalqın dərin inamı və sadiqliyi dayanırdı. XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanın tənəzzül, xaos və anarxiya girdabından xilas edilməsi 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyevin müdrik xilaskarlıq missiyası sayəsində mümkün olmuşdu. Ölkənin gələcək inkişafının fundamental əsaslarını yaradan Ulu Öndər 1 oktyabr 2003-cü il tarixli müraciətində İlham Əliyevi yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət kimi səciyyələndirmiş, taleyüklü planların xalqın dəstəyi ilə onun həyata keçirəcəyinə əminliyini bildirmişdi.
Xalqımız bu çağırışı böyük vətəndaşlıq məsuliyyəti ilə qəbul etmişdir. 2003-cü və 2008-ci il prezident seçkilərində verilən qərarlar 2013-cü ildəki təkrar etimadın möhkəm təməlini qoydu.
Dünya təcrübəsində bir çox siyasi xadimlərin etimad limitinin tez tükənməsi, icra olunmayan vədlərin və siyasi kursun dəyişməsi nəticəsində ölkələrin böhrana sürüklənməsi faktlarına tez-tez rast gəlinir. Azərbaycanda isə tam fərqli idarəçilik modeli nümayış olundu. Dövlətimizin başçısı İlham Əliyev rəhbərliyə gəldiyi ilk gündən populizmdən uzaq, real nəticələrə hədəflənən siyasət yürütdü. 2003-cü ildəki 76 faizlik dəstəyin 2013-cü ildə 84,54 faizə yüksəlməsi 10 il boyunca həyata keçirilən məqsədyönlü fəaliyyətin məntiqi nəticəsi idi.
Seçkilərin keçirilmə şəraiti və müşahidə missiyalarının qiymətləndirmələri də həmin dövrün beynəlxalq mənzərəsini tamamlayan vacib məqamlardandır. Avropa Şurası Parlament Assambleyası (AŞPA), MDB Müşahidə Missiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi və müxtəlif ölkələrdən olan yüzlərlə müstəqil beynəlxalq ekspert səsvermə prosesini yüksək qiymətləndirərək səsvermənin azad, şəffaf və demokratiya prinsiplərinə uyğun təşkil edildiyini bildirdilər. Ümumu beynəlxalq rəydə seçki prosesinin yüksək təşkilatçılığı, vətəndaş aktivliyi və nəticələrin xalqın real siyasi iradəsini əks etdirməsi faktı əsas meyar kimi qəbul olundu.
Seçkilərdən dərhal sonra təşkil olunan andiçmə mərasimində Prezident İlham Əliyev ötən 10 ilin yekunlarına və qarşıda duran strateji vəzifələrə toxunaraq bildirmişdir: "On il bundan əvvəl birinci dəfə prezident vəzifəsinə seçiləndə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam. Hesab edirəm ki, prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edildi".
2003-2013-cü illəri əhatə edən onillikdə Azərbaycan keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu. Enerji strategiyasının uğurla davam etdirilməsi ilə yanaşı, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin liberallaşdırılması, sahibkarlığın və yerli istehsalın dəstəklənməsi prioritetə çevrildi. Regional inkişaf dövlət proqramları çərçivəsində ölkənin bütün bölgələrində nəhəng infrastruktur layihələri icra olundu.
Eyni zamanda "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" bəyanatı praktiki müstəvidə öz təsdiqini tapdı. Əhalinin rifahının yüksəldilməsi və sosial müdafiə sisteminin gücləndirilməsi dövlət siyasətinin ana xəttini təşkil etdi.
Həmin dövrdə torpaqlarımızın işğal altında olması reallığı nəzərə alınaraq, ordunun gücləndirilməsi, silahlı qüvvələrin modernləşdirilməsi və hərbi sənayenin formalaşdırılması istiqamətində fundamental addımlar atıldı.
Xarici siyasətdə isə Azərbaycan regional liderə çevrilməklə yanaşı, qlobal miqyasda söz sahibi oldu. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına daxil olması respublikamızın beynəlxalq arenadakı ləyaqətli mövqeyinin və artan nüfuzunun bariz göstəricisi idi.
Seçkidə xalqın böyük əksəriyyətinin öz səsini yenidən İlham Əliyevə verməsi güclü xalq, güclü dövlət, güclü lider formulunun Azərbaycanın real devizinə çevrildiyini bir daha təsdiqlədi. Nəyi, nə zaman və necə etməyi dərindən bilən dövlətimizin başçısı ənənələrə sadiq qalmaqla yanaşı, yeni ümummilli hədəflər müəyyənləşdirərək ölkəmizi müasir dövlət quruculuğu yolu ilə irəliyə apardı.
2013-cü il oktyabrın 9-da verilən tarixi qərar Azərbaycanın gələcək zəfərlərinin, ərazi bütövlüyünün və tam suverenliyinin bərpa olunmasına aparan strateji yolun mühüm nümayişi idi. Şüurlu seçimlə reallaşan bu etimad modern, qüdrətli və müstəqil Azərbaycanın davamlı tərəqqisini şərtləndirən əsas amillərdən biri kimi tariximizə həkk olundu.
İsmayıl QOCAYEV,
"Azərbaycan"