Basqalın qədim küçələrində, dağların qoynunda, zəhmətkeş insanların ocağında bir ailənin sevinci olan balaca bir oğlan böyüyürdü. Onun gələcəyinə dair qurulan arzuların, ata-anasının ürəyində yaşatdığı ümidlərin bir gün Vətənin taleyi ilə qovuşacağını, adının doğulduğu elin sərhədlərini aşaraq Azərbaycanın şəhidlik yaddaşına yazılacağını heç kim ağlından belə keçirmirdi. Məhəmməd Xəlillinin taleyi belə yazıldı. O, ailəsinin sevimli övladı kimi başladığı həyat yolunu Vətən uğrunda canından keçən əsgər kimi başa vurdu.
Məhəmmədin uşaqlıq illəri onun xarakterinin formalaşdığı, gələcək həyat yolunun ilk cizgilərinin çəkildiyi dövr idi. Biləcəri qəsəbəsindəki 299 nömrəli orta məktəbdə təhsil aldığı illərdə müəllimlərinin və sinif yoldaşlarının yaddaşında savadlı, intizamlı, tərbiyəli və zəhmətkeş bir gənc kimi qaldı. Ailənin bir oğul övladı kimi valideynlərinin qayğısını, sevincini, ümidlərini özündə birləşdirirdi. Onun üçün ailə müqəddəs idi. Valideynlərinə bağlılığı, doğmalarına diqqəti, məsuliyyət hissi yaşından böyük düşüncəyə malik olduğunu göstərirdi. Hələ gənc yaşlarından həyatın təkcə şəxsi arzular ətrafında qurulmadığını anlayırdı. Vətənin taleyi, torpaqlarımızın gələcəyi onun düşüncələrində xüsusi yer tuturdu.
Qarabağın Azərbaycan üçün tarixin, milli yaddaşın və mənəvi bütövlüyün ayrılmaz parçası olduğunu dərk edirdi. Doğmalarına tez-tez söylədiyi bir fikir onun dünyagörüşünü ifadə edirdi - torpaqlarımızın işğalı ilə heç vaxt barışmaq olmaz. 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror əməliyyatları zamanı Məhəmməd də Vətənin müdafiəsi uğrunda döyüşən əsgərlər sırasında idi. Cəmi 23 saat davam edən əməliyyat Azərbaycan Ordusunun qüdrətini, hərbçilərimizin peşəkarlığını və qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi hadisənin iştirakçılarından olan Məhəmməd döyüş meydanında əsgər andına sadiq qaldı. O, 19 sentyabr 2023-cü ildə qəhrəmancasına şəhid oldu. Gənclik çağında bitən ömrü ilə Vətən qarşısında ən böyük vəzifəsini yerinə yetirdi.
Bu xəbərin bir ailənin qapısını necə döydüyünü təsəvvür etmək belə ağırdır. Övlad böyütmək, onun gələcəyini düşünmək, arzularını addım-addım gerçəkləşdirmək hər bir ata və ananın ən böyük istəyidir. Xoşqədəm ananın illərlə bəslədiyi ümidlər, atası İlqarın oğlunun gələcəyi ilə bağlı arzuları bir gün üçrəngli bayrağa bükülmüş tabutun qarşısında dayanmalı oldu. Lakin bu ailənin kədəri ilə yanaşı, qüruru da var, çünki Vətən uğrunda canından keçən bir oğulun valideynləridir.
Şəhidlik bir insanın həyatının sonu deyil, eyni zamanda Vətən qarşısındakı sədaqətinin əbədiyyətə qovuşması kimi dərk olunur. Məhəmmədin də ömrü bu həqiqətin nümunəsidir. O, gələcək üçün arzular qura, ailəsinin yanında ola, həyatın gözəlliklərini yaşaya bilərdi. Vətənin taleyinin həll olunduğu məqamda öz vəzifəsini hər şeydən üstün tutdu. Bu seçim onun adını gənc yaşında tarixə yazdı.
Bu gün Basqalın qoynunda dünyaya göz açmış həmin gəncin adı ehtiramla çəkilir. Onun doğulduğu torpağın hər daşı, böyüdüyü ailənin xatirələri, təhsil aldığı məktəbin hər guşəsi bu ömrün bir parçasını yaşadır. Məhəmmədin valideynləri üçün onun yoxluğu heç nə ilə əvəz edilə bilməyən ağrıdır. Xalq üçün isə belə oğulların fədakarlığı müstəqilliyimizin, ərazi bütövlüyümüzün və milli qürurumuzun hansı bədəllər bahasına qorunduğunu xatırladan müqəddəs bir əmanətdir. İllər ötəcək, nəsillər dəyişəcək, sentyabrın 17-si onun doğum günü, sentyabrın 19-u isə şəhidlik tarixi kimi yenidən xatırlanacaq. Bu iki tarix arasındakı ömür təkcə təqvimdə qalan rəqəmlərdən ibarət olmayacaq. Bəzi insanlar dünyadan köçəndən sonra da yaşamağa davam edirlər. Onlar xatirələrdə, dualarda, dalğalanan bayraqda, azad torpaqlarda və gələcək nəsillərin qəlbində yaşayırlar. Məhəmməd Xəlilli də Vətənə sədaqəti ilə öz ömrünü əbədiyyətə çevirən həmin igidlərdəndir.
Elşən QƏNİYEV,
"Azərbaycan"