Gəncə şəhərində əhalinin rahatlığının və yaşayış şəraitinin yaxşılaşdırılması, məhəllə, park və istirahət guşələrinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində başlanan abadlıq və quruculuq işləri uğurla davam etdirilir.
Hazırda şəhər inşaat meydançasını xatırladır. Hara baxsan görülən tikinti-abadlıq işlərinin şahidi olarsan. Park və xiyabanlar, fəvvarə və meydançalar, eləcə də insanların istirahət etdikləri əyləncə mərkəzlərində geniş quruculuq işləri gedir.
Görülən işlərlə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatı Pərvin Kərimzadə, şəhid atası Elşən Məmmədov və digər məsul şəxslər şəhərin bir sıra ərazilərində görülən işlərlə yerində tanış olmuşlar. Baxış zamanı icra başçısı görülən işlərin icra vəziyyəti ilə maraqlanmış, aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Şəhər rəhbəri, xüsusilə məhəllələrdə sakinlərlə görüşərək onların təkliflərini dinləmiş, görülən abadlıq işləri ilə bağlı fikirlərini öyrənmişdir. Sakinlər yaradılan şəraitdən razılıqlarını ifadə etmiş, məhəllələrin abadlaşdırılmasının əhalinin həyatına müsbət təsir göstərdiyini bildirmişlər.
İlk olaraq Mahrasa bağı yaşayış massivində görülən işlərə baxış keçirilmişdir. Burada yerləşən 12 çoxmənzilli yaşayış binasını əhatə edən 4 həyətdə genişmiqyaslı abadlıq işləri görülmüşdür. Belə ki, çoxmənzilli yaşayış binalarının fasadları təmir olunmuş, giriş qəfəslərində qapı və pəncərələr yenilənmişdir. Ərazidə uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün yeni oyun meydançaları yaradılmış, idman qurğuları, eləcə də sakinlərin istirahəti üçün söhbətgahlar və yeni oturacaqlar quraşdırılmışdır.
Ərazidə işıqlandırma sistemi də yenilənmişdir. Yaşıllıq zolaqlarında yeni suvarma sistemi yaradılmış, eyni zamanda ərazidə yerləşən mərasim evləri qismən təmir edilmiş, şəhid bulağı yenidən qurulmuşdur.
Şəhər rəhbəri Mahrasa bağı yaşayış massivində sakinlərlə görüşərək, məhəllədə yaradılan şərait və görülən abadlıq işləri barədə fikirlərini dinləmişdir. Sakinlərin irəli sürdükləri təkliflər qeydiyyata alınmış və onların həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.
Sonra Gəncə şəhərinin Dədə Qorqud küçəsində yerləşən çoxmənzilli yaşayış binalarının həyətlərinə baxış keçirilmişdir. Şəhər rəhbərinə məlumat verilmişdir ki, ərazidə yararsız vəziyyətdə olan mərasim evi sökülmüş, onun yerində futbol və basketbol meydançalarının salınması, uşaq və idman meydançalarının yaradılması, həmçinin sakinlərin istirahəti üçün müvafiq guşənin təşkili nəzərdə tutulmuşdur. Bununla yanaşı, ərazidə söhbətgahların quraşdırılması, yaşayış binalarının fasadlarının təmiri, giriş qəfəslərində qapı və pəncərələrin yenilənməsi istiqamətində işlərə başlanılmışdır.
Gəncənin Bayraq meydanında da geniş abadlıq işləri aparılıb. Ərazidə yerüstü qranit döşəmə yenilənmiş, bayraq dirəyinin ətrafında yerləşən iki məlumat lövhəsi, həmçinin himn və gerb elementləri bərpa olunmuşdur. Burada suvarma və işıqlandırma sistemləri də yenilənmişdir.
İcra başçısına məlumat verilmişdir ki, işıqlandırma sistemləri Gəncəçay Park-Bulvar Kompleksinin ərazisində də yenilənmişdir. Həmçinin burada velosiped zolağının asfalt örtüyü təzələnmiş və müvafiq rənglə boyanmışdır. Yaxın vaxtlarda bulvar ərazisində yerləşən fəvvarələrin təmirinin də həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Qeyd edək ki, şəhərin sahil parkında abadlıq işləri yekunlaşmaq üzrədir. Burada tamet döşəmənin salınması başa çatdırılmış, yeni oturacaqlar və zibil qabları quraşdırılmışdır. Parkın işıqlandırma və suvarma sistemləri tamamilə yenidən qurulmuşdur. Park ərazisində yerləşən Abbas Səhhətin və polkovnik Leonidin məzarüstü abidələrinin ətrafında da abadlıq işləri aparılmışdır. Hazırda parkda velosiped zolağının salınması, yaşıllaşdırma və dekorativ tərtibat işləri davam etdirilir.
Göründüyü kimi, respublikamızda ikinci ən böyük şəhər olan Gəncə başdan-başa yenilənir. Başlanan bu işlər isə söz yox ki, istər şəhər sakinlərində, istərsə də qədim Nizami yurduna gələn qonaqlarda xoş əhvali-ruhiyyə yaradacaq.
Sabir ƏLİYEV,
"Azərbaycan"