Ölkənin ən çətin dövründə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası respublikamızın ictimai-siyasi həyatında yeni tarixi mərhələnin başlanğıcını qoyub. Hər zaman öz fəaliyyəti ilə dövlətimizin inkişafına xidmət edən Yeni Azərbaycan Partiyası bölgədə əsas güclü siyasi qüvvəyə, ümumxalq partiyasına çevrilib.
Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ovaxtkı hakimiyyət partiyanın Bakı şəhərində təşkilatlanmasına imkan vermədiyindən, ölkəmizin müxtəlif bölgələrindən gəlmiş 550-dən artıq nümayəndənin iştirak etdiyi təsis konfransı Naxçıvan Dövlət Dram Teatrında keçirildi. Ulu Öndər həmin günü belə xatırlayırdı: "Biz 1992-ci ilin şaxtalı bir günündə, istilik olmayan bir zalda, Naxçıvan Dövlət Teatrının binasında paltoda və çoxları papaqda oturaraq ilk konfransımızı keçirirdik. Üşüyürdük, əlimizi əlimizə sürtürdük. Amma iradəmiz yüksək idi, iradəmiz güclü idi. Gələcəyə çox nikbinliklə baxırdıq... Məni sevindirən odur ki, ağır şəraitdə Naxçıvanda keçirdiyimiz konfrans ölkənin və partiyanın böyük inkişaf yolunu təmin etdi".
Zamanın ən mütəşəkkil siyasi təşkilatlarından biri olan Yeni Azərbaycan Partiyası ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi kimi meydana gəldi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında Naxçıvanda yaranan və demokratik prinsiplərə söykənməklə hakimiyyətə gələn Yeni Azərbaycan Partiyası 30 ildir dövlətimizə, xalqımıza, ən yeni dövrdə şanlı dövlətçilik tariximizin yazılmasına ləyaqətlə xidmət edir. Sosial sifariş olaraq meydana atılan Yeni Azərbaycan Partiyası ölkəmizdə qurtuluş və tərəqqinin simvolu kimi qəbul edilməklə bərabər, həm də Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin siyasi istinad mənbəyidir.
Yeni Azərbaycan Partiyası güclü liderin ətrafında yaranmış partiyadır. Partiyanın yarandığı dövrə nəzər salanda görürük ki, zəngin dövlətçilik və idarəetmə təcrübəsinə malik olan, ömrünü və bütün fəaliyyətini öz xalqına və dövlətinə xidmətə həsr edən bir şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi partiyamıza olan inam, etimad və dəstəyi artırırdı. Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkəmizin xilaskarı Heydər Əliyevin siyasi xətti olaraq qəbul edilirdi. Bu səbəbdən Yeni Azərbaycan Partiyası qısa müddət ərzində ümumxalq partiyasına çevrildi, Azərbaycanın tərəqqisi yolunda fəaliyyətini uğurla davam etdirərək ölkəmizin möhtəşəm nailiyyətlər əldə etməsinə fundamental töhfələr verdi.
Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin tək səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi və inamı. Zaman göstərdi ki, xalq xilaskarına - dahi lider Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu. 1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar.
Təbii ki, dövr dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən qarşıya qoyduğu əsas prioritet məsələlərdən biri ən müasir təcrübənin Azərbaycanda bütün sahələrdə tətbiq edilməsi və ölkəmizin bütün sahələrdə qazandığı təcrübə ilə dünyaya nümunə olması idi. Məhz bu çağırışların reallıqda öz əksini tapması son 19 ilin davamlı uğurlarını, Azərbaycanın beynəlxalq aləmdə təqdir olunan inkişaf modelini şərtləndirən əsas amillər sırasında oldu. Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, həyata keçirilən siyasəti dəstəkləməsi, gələcəyə böyük inamla addımlaması Yeni Azərbaycan Partiyasına olan inam və məhəbbəti gücləndirdi.
Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin yaratdığı inkişaf konsepsiyasını yeni dövrün reallıqlarına uyğun şəkildə daha çevik, özünəməxsus və müsasir idarəetmə platforması kimi formalaşdırdı. Azərbaycanın siyasi lideri idarəçilik fəlsəfəsinin yeni komponentlərini yaratmaqla dövlət aparatı sistemində ən mükəmməl və demokratik meyarlara əsaslanan unikal bir idarəetmə formulu müəyyən etdi. Son illərdə Azərbaycanın bütövlükdə inkişafı, əldə etdiyimiz uğurlar Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti, onun cəsarəti və eyni zamanda uzaqgörənliyi sayəsində mümkün olub.
Tarixi zəfərlərimizə və bugünkü strateji nailiyyətlərimizə zəmin yaradan milli birliyin formalaşması isə təsadüfi xarakter daşımır. Zirvəyə gedən yolun təməli məhz dövlətçilik tariximizin mürəkkəb və taleyüklü mərhələsində atılıb. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı nitqində həmin tarixi dönüş nöqtəsini və qələbələrimizin təməl daşını bu sözlərlə xüsusi vurğulayıb: "O vaxt cəmiyyətimizin cəsarətli insanları, mütərəqqi insanlar, Azərbaycan dövlətinin taleyini düşünən insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmişdilər. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açmışdır. Bu, bir ictimai sifariş idi".
Bütün dövlətlərdə hakimiyyətdə olan siyasi partiyaların qəbul etdiyi qərarlar ölkənin siyasi həyatına birbaşa təsir edir. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixdə keçirilən VII qurultayı təbii olaraq ölkə ictimaiyyətinin diqqət mərkəzində idi. Həmçinin Vətən savaşındakı şanlı Qələbədən sonra və ölkədə aparılan islahatlar fonunda qurultayın baş tutması ölkənin gələcək inkişafı baxımından önəmli hadisə sayılırdı. Hakim partiyanın budəfəki qurultayı da vacib qərarların qəbul edilməsi ilə yadda qaldı. Partiyanın yeni Nizamnaməsi qəbul olundu, 40 nəfərdən ibarət tərkibdə İdarə Heyəti seçildi, 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmasına dair qərar qəbul edildi. Bununla da ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın əsası qoyuldu.
Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı dərin məzmunlu və proqram xarakterli çıxışı ölkəmizin növbəti dövrdəki inkişaf strategiyasını, milli təhlükəsizlik prioritetlərini və ideoloji dayaqlarını müəyyən edən yeni konseptual doktrina kimi çıxış edir. Dövlətimizin başçısının nümayiş etdirdiyi bu strateji baxış təkcə partiyanın deyil, bütövlükdə Azərbaycanın suverenliyini, siyasi-iqtisadi müstəqilliyini və milli həmrəyliyini daha da möhkəmləndirmək üçün yol xəritəsi funksiyasını yerinə yetirir. Bu yeni konseptual yanaşma milli maraqların qorunmasını, müasir çağırışlara adekvat reaksiyanı və gələcək hədəflərə doğru inamlı addımları özündə ehtiva edərək dövlətçiliyimizin sarsılmaz təməlini təşkil edir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bir daha göstərdi ki, bu təşkilat çoxmillətli bir ölkənin, sülhü, sabitliyi, tolerant, ümumbəşəri dəyərləri həyat tərzinə çevirən, müxtəlif xalqların birgəyaşayışına nail olan, tarixlə müasirliyi özündə birləşdirən bir ölkənin - Azərbaycanın hakim partiyasıdır. Onun başında xalqımızın arxalandığı, inandığı, güvəndiyi, etibar etdiyi, etimad göstərdiyi, dünyada yaşayan bütün azərbaycanlıların lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyev dayanır.
Bu gün İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatlar xalq tərəfindən yüksək qiymətləndirilir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq. Çünkü görülən işlər və Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli, prinsipial, uzaqgörən siyasət yeganə düzgün siyasətdir. 760 mindən çox insanı birləşdirən partiyamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəkdə daha böyük qələbələr qazanacağı şübhəsizdir.
Arzu ABDULLAYEV,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini