Azərbaycan Milli Elmlər Akademiyasının tənqid şöbəsinin baş elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözovanın mənim haqqımda yazdığı "XXI əsrin Konan Doylu: "Çingiz Abdullayev" yazısı "Ədəbiyyat qəzeti"ndə dərc edilmişdir. Orada göstərilir: "Detektiv janrın ədəbiyyatımızda ilkin nümunələri XX əsrdə yaranmışdır. Həsən Seyidbəylinin "Cəbhədən cəbhəyə", Cəmşid Əmirovun "Qara Volqa", "Brilyant məsələsi", Əlisəfa Azayevin "Gecəyarı sui-qəsd", "Gizli əməliyyat" əsərləri janrın inkişafının ilkin etapını təmsil edirdi. Bəhs edilən əsərlər sovet ədəbiyyatı nümunələri kimi dövrün siyasi-ictimai tələblərini özündə ehtiva edirdi. Bununla yanaşı, həmin əsərlərin bu gün də oxucular tərəfindən sevildiyini, təkrar-təkrar oxunduğunu qeyd etməliyik".
Bu günlərdə 75 illiyini qeyd etdiyimiz yazıçı Əlisəfa Azayevdə ədalət hissinin həmişə güclü olduğunu hiss etmişəm. Bəlkə də məni ona daha çox bağlayan elə bu xarakteri, xasiyyəti, məziyyətidir. Əlisəfa müəllim barədə düşünəndə istər-istəməz yetmişinci illərin xoş mənzərəli günlərini xatırlayıram. O günləri ki, biz ADU-nun (indiki BDU-nun) Hüquq fakültəsinin tələbələri idik. Əlisəfa bizdən üç il əvvəl qəbul olunmuşdu. Qiyabi oxusa da, hər altı aydan bir bir ay demək olar ki, bir yerdə olurduq. Eyni fakültə, dekanlıq, kafedra...
Yazıçılar Birliyinin katibi idim. 1991-ci ilin söhbətidir. Telefon zəng çaldı. Bakı şəhər məhkəməsinin sədri İkram Kərimov idi. Bu xeyirxah insanla nə qədər xoş münasibətimiz olsa da, bir az təsirlənən kimi oldum. Mənim məhkəməlik nə işim?!. Salamlaşıb, hal-əhval tutandan sonra İkram müəllim dedi:
- Çingiz müəllim, bilirsiniz də, mən Kürdəmirdənəm. İndi yanımda bir ellim var: Əlisəfa Azayev. Yazıçıdır, həm də bizim kimi hüquqşünas. Onun Yazıçılar İttifaqına üzv qəbulu ləngiyir. İmkan daxilində kömək etməyə çalışın.
Əlbəttə, mən onda İkram müəllimə söz verdim ki, imkan daxilində kömək etməyə çalışacağam. O vaxtlar qəbul məsələsi dayandırılmışdı. Əvvəllər beş çap vərəqi lazım idisə, indi on çap vərəqi materialın olmalı idi. Kitab, məqalə, qəzetdə çap olunmuş yazı... Əlisəfanın on çap vərəqinə yaxın yazısı vardı. "Yeddi il sonra", "Çin qızılgülü" kitabları çap olunmuşdu. İndi isə "Gecəyarı sui-qəsd" povestlər kitabı çapdan çıxmışdı. Elə bu, on çap vərəqindən çox idi.
Beləcə, o, 1993-cü ildə AYB-yə üzv qəbul olundu. Çap olunan ilk kitablarının bir nüsxəsini həmişə mənə hədiyyə edərdi. Aramızda çox xoş münasibət yaranmışdı. Bir gün də eşitdim ki, Əlisəfa Qarabağa getmək üçün o vaxt Kürdəmir rayon partiya komitəsinin konfransında iştirak edən MK-nın nümayəndəsi Səyavuş Vəliməmmədova ərizə vermişdir. Səyavuş əvvəl Göyçayın birinci katibi işləmiş, sonralar Qarabağ təşkilat komitəsinin üzvü olmuşdu. Xankəndiyə yerləşmişdilər.
Əlisəfa sonralar da mənə bir neçə kitabını təqdim etdi. Bir gün də "Prokuror qızı" povestini və bir neçə hekayəsini verdi. Povest çap olunmuşdu. Oxuyacağıma söz verdim. Hekayələr də xoşuma gəldi. Hətta "Dəri gödəkçə" hekayəsini rusca çıxan "Azərbaycan" jurnalına təqdim etdim. "Kojanaya kurtka" adı ilə çap olundu. Görüşəndə isə dedim:
- "Xoruz başı" hekayəni də oxudum. Çox xoşuma gəldi.
2016-cı ildə Əlisəfa Azayev Azərbaycan Yazıçılar Birliyi və PEN klubun birgə təsis etdiyi İsmayıl bəy Qutqaşınlı mükafatına layiq görüldü. Mükafatı ona özüm təqdim etdim.
Bu günlərdə onun 75 illiyi qeyd olundu. Əlamətdar və tarixi günlər barədə respublika təqvim kitabında onun 75 illiyi qeyd olunaraq göstərilmişdir. Gənclik illərində yazıçı Əlfi Qasımov Əlisəfanın əsl mənada xeyirxahı olmuşdur. Saratov vilayətində hərbi xidmətdə olarkən ona göndərdiyi "Xatirə" hekayəsini 1974-cü ildə "Azərbaycan gəncləri" qəzetində çap etdirərək ona uğurlu yol arzulamışdır. Yazıçılar Birliyinə üzv qəbul olunanda yazıçı-tənqidçi Qulu Xəlilov, şair Hikmət Ziya, yazıçı Vaqif Musa ona zəmanət vermişlər. Yazıçı Əlibala Hacızadə "Gecəyarı sui-qəsd" povestinin çapına müsbət rəy vermişdir.
O vaxtdan Əlisəfanın hekayələri dövri mətbuatda müntəzəm olaraq çap olunur. "Azərbaycan gəncləri" qəzetində "Xatirə" və "Əminə" hekayələri dərc edildi. "Azərbaycan qadını" jurnalında "Övlad həsrəti", "Ana qəlbi" hekayələri çap olundu. "Azərbaycan müəllimi" qəzetində "Müəllim kövrəldi", "Görüş", "Ərəb pulu" hekayələri işıq üzü gördü. Sonuncu hekayəsi hətta APİ-də tədbirdə səhnələşdirilib göstərildi. "Sovet kəndi" qəzetində "Brilyant üzük", "Mələk xala" hekayələri oxuculara təqdim edildi. "Ədəbiyyat və incəsənət" qəzetində "Forslu qonaq", "Şirmayı bıçaq" hekayələri çap olunaraq oxucuların ixtiyarına verildi. Sonuncu dörd hekayə arasında müzakirədə tərifləndi, birinci oldu.
Yazıçı-tənqidçi Qulu Xəlilov deyib ki, Əlisəfa həyatdan ədəbiyyata gələn yazıçılarındandır. Onun əsərlərini müntəzəm çap etmək lazımdır.
Yazıçı həmkarı, neçə-neçə kitabının redaktoru Mustafa Çəmənli "Yazıçı Əlisəfa Azayevə açıq məktub" yazısı ilə "Ədalət" qəzetində çıxış edib. Haqlı olaraq yazırdı: "Əziz Əlisəfa bəy, sən həyatda çox az-az rast gəlinən etibarlı, vəfalı insansan. Yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayan qələm sahibisən. Gözəl ailə başçısısan. Hər cür məhəbbətə, hörmətə layiqsən".
Türkiyədə çap olunmuş "Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsinin incələməli" kitabında onun "Günahsız məhbus" kitabından istifadə olunub. İngiliscə, rusca, türkcə, azərbaycanca çap olunmuş beynəlxalq jurnalda 2021-ci il tarixdə Türkiyədə Qarabağ barədə keçirilmiş konfransın materialları yer alıb. Məruzələrdən biri belə adlanır: "Əlisəfa Azayevin yaradıcılığında Qarabağ mövzusu". Məruzəçi Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nurlanə Məmmədova olmuşdur. Məruzə onun "Əsgər anası" və "Qanlı gündəlik" kitabları əsasında hazırlanmışdır.
Filologiya üzrə fəlsəfə doktoru Mərziyyə Nəcəfova onun "Əsgər anası" povesti haqqında geniş bir məqalə yazmışdır. Əlisəfanın əfsanəvi Qarabağ qəhrəmanı, general Polad Həşimov haqqında yazdığı "General qətiyyəti" romanı da diqqət mərkəzində olmuşdur. Mərziyyə Nəcəfovanın yazdığı "Əlisəfa Azayevin yaradıcılığında general obrazı" yazısı Türkiyədə, Bolqarıstanda saytlarda dərc olunmuşdur. Göstərir ki, müəllif romanın sonunu böyük bir qürur hissi ilə bitirir: "Doğmaqda olan Günəşin al şəfəqləri altında onun gülümsər çöhrəsi, silueti görünür, sanki bizi, babası Mikayıl kişini, atası İsrayılı, anası Səmayəni, həyat yoldaşı Ofeliyanı, canından əziz bildiyi övladlarını salamlayırdı... Dilində Aybəniz, Davud, Teymur kəlmələri ilə... Bir də Azərbaycan əsgəri, zabiti, Vətən çağırışı, harayı!.."
Detektiv yazıçı kimi tanınsa da, müharibə mövzusu Əlisəfa Azayevin yaradıcılığından qızıl xətt kimi keçir. Onun son illər yaratdığı bir-birindən gözəl romanlar oxucularda maraq doğurub. 2023-cü ildə Ulu Öndərin 100 illiyinə ərməğan etdiyi, əsl mənada söz hədiyyəsi olan "Qarlı zirvə" romanı çox yaxşı qarşılanıb. 2024-cü ildə 2023-cü ilin ədəbi prosesinə yekun vurularkən Milli Elmlər Akademiyasının yüksək kürsüsündən akademik İsa Həbibbəyli roman haqqında xoş sözlər deyib.
Bütün türk dünyasının fəxri Mübariz İbrahimov haqqında yazdığı "Mübariz cəsurluğu" kitabı gənclərimizə əsl örnəkdir.
Əfsanəvi Qarabağ qəhrəmanı general Polad Həşimov barədə yazdığı "General qətiyyəti" kitabını da oxucular yüksək qiymətləndirdilər.
Prezident, Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsində göstərdiyi qətiyyət onun yazdığı "Böyük zəfər" romanında kifayət qədər aydın və gözəl işıqlandırılmışdır.
Yazıçı Əlisəfa Azayev on ilə yaxın müəllim işləmiş, üç il "Bilik" cəmiyyəti Kürdəmir rayon təşkilatının məsul katibi, on beş il Kürdəmir Rayon İcraiyyə Komitəsi təşkilat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 21 il Siyəzəndə dövlət notariusu işləmiş, bu müddətdə illərlə Xızı və Şabran rayon dövlət notariuslarını da əvəz etmişdir. Kürdəmirdə, Siyəzəndə bir ilədək hakimi əvəz edərək, həmin məhkəmələrə sədrlik etmişdir. Onun əməyi layiqincə qiymətləndirilərək dövlət notariusları arasında ilk dəfə ədliyyə döş nişanı ilə təltif olunmuşdur.
Orxon-Yenisey abidələrində deyilir: "El törəsin (qanunun) itirmisiz, nə yazıq!" Bəli, qanunu itirən, qanuna əməl etməyən həqiqi mənada yazıqdır! Əlisəfa Azayevin əsərlərində bu məziyyət həmişə diqqət mərkəzində olub. Onun "İmtiyazlı adam" hekayəsində bu barədə bəhs edilir. Böyük yunan filosofu Demokrit nahaq yerə deməmişdir: "Xalq mövcud qanunları öz son istinadgahı, onu qoruyan qala bürcü kimi müdafiə etməlidir". Bəli, qanunun ən qatı düşməni elə imtiyazdı. Hammurabi qanunlarında sərt şəkildə deyilirdi: "Əgər oğul atanı vursa, onun barmaqları kəsilməlidir".
Böyük yunan filosofu Platon o vaxt yazırdı: "Kamilliyə can atan insan üçün elmlərin ən gərəklisi qanunlar haqqında elmdir". Əlisəfa müəllim hekayələrində bu məsələyə toxunub, onu oxucuya bir daha xatırladır ki, ən gözəl sərmayə elmə, biliyə, əxlaqa qoyulan sərmayədi. Övladlarınızın bilikli, savadlı, geniş dünyagörüşlü olmasına çalışın. Bir sözlə, çoxlu kitab oxuyun. Hətta hekayələrinin birində italyan ictimai xadimi, ilahiyyatçı C.Savonaroladan misal gətirir: "Qanunlara əməl etməyən insandan zərərli heyvan yoxdur!" Bir də Solonun deyimi: "Qanunlar hörümçək toruna bənzəyir. Zəiflər bu torda ilişib qalır, güclülər isə toru yırtıb çıxırlar".
Bu gün Əlisəfa Azayevin 44 kitabı təkrar nəşrlə 100-dən artıq olmaqla, respublikamızın kitabxanalarında oxunur. Ona yaradıcılığında yeni uğurlar arzulayırıq. Daha böyük, gözəl, məzmunlu əsərlər yaratmasını istəyirik! Arzu edirik ki, özü hüquqşünas kimi araşdırma aparıb nəticə verən əsərlərdən çox yazsın.
Çingiz ABDULLAYEV,
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi,
Xalq yazıçısı