İndi kənd təsərrüfatında işlərin qızğın çağıdır. Payız fəslidir. İsti yay günlərindən sonra artıq havalar bir qədər soyuyub. Qarşıdan isə qarlı qış gəlir. Belə bir vaxtda kənd adamları yetişdirdikləri kənd təsərrüfatı məhsullarını yığıb başa çatdırmaq üçün əllərindən gələni əsirgəmirlər. Respublikamızın digər rayonlarında olduğu kimi, Ağstafada da yetişdirilmiş məhsulun son yığımı aparılır.
Keçən ili nailiyyətlərlə başa vuran rayon sakinləri çalışırlar ki, bu il də uğurların sayını artırsınlar. Xüsusilə taxıl istehsalında fərqlənən ağstafalılar bu il göstəriciləri bir qədər də artırdılar. 8187,2 hektar sahədə taxıl yetişdirən rayon sakinləri 412,3 buğda sahəsinin hər hektarından 34 sentner, 3374,9 hektar arpa sahəsinin hər hektarından isə 28 sentner məhsul götürdülər ki, bu da əvvəlki illə müqayisədə xeyli çoxdur.
Hazırda rayon sakinləri gələn ilin bol məhsulu üçün bünovrə qoyurlar. Əkin sahələrində şumun aparılması üçün 90 ədədə yaxın texnika işləyir. Bu işdə ayrı-ayrı fermerlər xüsusilə fərqlənirlər. Məsələn, iri fermer təsərrüfatının sahibi olan Elxan Cürənli indiyədək 130 hektarda, Köçəsgər kənd sakinləri olan Gülbəniz Mehdiyeva 70 hektarda, Elmira İsmayılova isə 20 hektarda buğda əkmişdir.
Rayonda kartof əkini də uğurla aparılmışdır. 552,5 hektar karof sahəsinin hər hektarından 306,8 sentner məhsul götürülmüşdür. Bundan başqa, 1592,3 hektar sahədə günəbaxan, 264,3 hektar sahədə qarğıdalı, 852,2 hektar sahədə tərəvəz və bostan bitkiləri əkilmişdir ki, bu sahədə də yüksək məhsuldarlıq əldə olunmuşdur.
Rayonda meyvəçilik də uğurla inkişaf etdirilir. Hazırda Ağstafada 1640,9 hektar sahədə meyvə bağları mövcuddur. Keçən il olduğu kimi, bu il də bu bağlardan bol məhsul götürülmüşdür. İndiyədək bağlardan 6148,6 ton meyvə yığılmışdır. Yığım davam edir. Onu da qeyd edək ki, rayonda intensiv bağçılığa maraq xeyli artmışdır. Bir neçə il ərzində 11 çeşiddə intensiv meyvə bağı salınmışdır. Bu işdə fermer Nazim Əhmədov xüsusilə fərqlənmişdir. O, Aşağı Göycəli kəndində 6 hektar intensiv meyvə bağı salmışdır. Fermer Elfaq Mamayevin isə 1,49 hektar sahədə fındıq bağı var.
Rayonda üzümçülük də sürətlə inkişaf etdirilir. Qeyd edək ki, hazırda rayonda 466,6 hektarda üzüm bağı mövcuddur. Keçən il hər hektardan 153 sentner məhsul toplayan bağbanlar cari ildə bu rəqəmi yeniləmək əzmindədirlər. Hazırda bağlarda üzüm yığımının qızğın çağıdır. Bağlardan ən çox üzüm götürən rayonun Poylu kəndindən Səməndər Vəliyevdir. Hazırda yığım sürətlə gedir. Bağbanlar çalışırlar ki, iqtisadi cəhətdən gəlirli olan üzüm istehsalında yüksək göstəriciyə nail olsunlar.
S.YUNİSOĞLU,
"Azərbaycan"