06 Oktyabr 2026 08:35
141
CƏMİYYƏT
A- A+
Azərbaycanın qala şəhəri - ŞUŞA

Azərbaycanın qala şəhəri - ŞUŞA


Dövlətimizin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və quruculuq işlərinin əzəmətini və miqyasını işğaldan azad olunmuş ərazilərə daxil olar-olmaz görmək mümkündür. Bərdə-Ağdam yolu ilə Qarabağa doğru irəlilədikcə də bunun şahidi olursan. Həm bu yolun özü, həm Ağdamın bərpa olunan kəndləri, həm də yenidən boy atan və nəinki Azərbaycanın, bütün regionun ən gözəl ünvanlarından biri kimi inşa olunan Ağdam şəhəri  Azərbaycan dövlətinin qüdrətinin, Prezident İlham Əliyevin quruculuq əzminin təntənəsi kimi bizi salamlayır.

Yolumuz isə bir qədər uzanacaq, Vətən müharibəsindəki və antiterror tədbirlərindəki zəfərlərimizin izi ilə Şuşa və Xankəndiyədir….

Şuşanın dirçəlişinin mühüm rəmzlərindən biri də Yeni Şuşa məscidinin inşasıdır. Bu məscidin təməli 2021-ci ildə qoyulub. Tarixi şəhərin yuxarı hissəsində inşa edilən məscidin memarlıq həlli özündə xüsusi rəmzlər daşıyır. Məscidin forması 8 rəqəmini əks etdirir - bu, 8 Noyabrı, Şuşanın azad edildiyi və Zəfər Gününün qeyd olunduğu tarixi simvolizə edir. İki minarənin 11 rəqəmini ifadə etməsi isə Şuşanın işğaldan azad edilməsini və Qarabağın azadlığının rəmzi məzmununu yaşadır. Məscidin hündürlüyünün 73 metr olması və xarici səthinin Şuşanın qədim məscidlərinin memarlıq elementləri əsasında formalaşdırılması onun həm müasir, həm də milli memarlıq siması daşımasına xidmət edir. Yeni Şuşa məscidi yalnız yeni ibadət ocağı deyil. O, Şuşanın qədim dini-mənəvi irsi ilə müasir şəhər simasının qovuşduğu yeni bir memarlıq nümunəsidir. İşğal dövründə dağıdılmış məscidlərin bərpası ilə yanaşı, yeni məscidin ucaldılması isə bir daha göstərir ki, Şuşanın dirçəlişi keçmişi bərpa etməklə məhdudlaşmır, şəhərin gələcəyini də qurur.

Şuşada "Şirin su" hamamı da Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. "Şirin su" hamamı 1880-ci ildə inşa edilib. Vaxtilə şəhərin hamamlarında ərazilərdəki şor quyu sularından istifadə olunurdu. Bu hamam isə Xan qızı Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi şirin su ilə təchiz edilib. Məhz buna görə də hamam "Şirin su" adlandırılıb. Şuşa şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra "Şirin su" hamamında abidənin memarlıq üslubuna aid olmayan dəyişikliklər edilib, əlavə aidiyyəti olmayan tikinti işləri aparılaraq hamam yararsız vəziyyətə salınmışdı. Bərpa işləri zamanı ilkin hamama aidiyyəti olmayan hissələr sökülüb, bütün xarici və daxili hissələr - fasad, dam, qapı-pəncərə sistemi, döşəmə, tavan bərpa edilib.

Şuşanın musiqi yaddaşının bərpasında tarix-memarlıq abidəsi olan "Sadıqcanın evi"nin xüsusi yeri var. Mirzə Əsəd oğlu Sadıq - xalq arasında Sadıqcan kimi tanınan tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkardır. 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə onun Şuşadakı evinin layihələndirilməsi və bərpası üçün ilkin olaraq 600 min manat vəsait ayrılıb. 2024-cü ildə bərpa işlərinə başlanılıb və 2026-cı il iyulun 11-də Sadıqcanın evi istifadəyə verilib. Bu ev-muzeydə Sadıqcanın həyat və yaradıcılığına, milli musiqi irsinə və Şuşanın zəngin ədəbi-bədii mühitinə həsr olunan ekspozisiya sahələri, konsert zalı, muğam ekspozisiya otağı, musiqi alətləri emalatxanası və digər bölmələr yaradılıb. Binanın sivri tağlı pəncərələri, iri daşlarla işlənmiş giriş qapısı və tarixi memarlıq elementləri onun Şuşa şəhər mühitindəki özünəməxsus yerini qoruyur. 

Şuşada bərpa edilən hər ev belə bir həqiqəti ortaya qoyur - sanki şəhərin daşları susmur. Onlar öz sahibləri, sənətkarları və tarixi haqqında xatirələrini danışırlar.


Şuşanın yeni küçələri və ünvanları


Şuşanın dirçəlişində məqsəd burada yalnız yeni binalar tikmək deyil, tarixi şəhərin ruhunu qorumaqla müasir həyat üçün yeni imkanlar yaratmaqdır. Bu gün Şuşaya baxarkən insan qarşısında iki mənzərəni birləşdirən bir şəhər görürsən - biri tarixdən gələn Şuşadır, digəri isə Zəfərdən sonra yenidən qurulan Şuşa. Bu iki Şuşanın arasında isə bir prinsip dayanır - yeni tikilən heç bir bina qədim şəhərin ruhunu kölgədə qoymamalıdır.

Prezident İlham Əliyev Şuşanın gələcək inkişafından danışarkən bu şəhərdə memarlıqla təbiətin vəhdət təşkil etməsini vurğulayaraq dünyada bənzəri olmayan şəhərə çevriləcəyini bildirib. İndi bu unikal yanaşmanı Şuşanın küçələrində görmək mümkündür.

Qarabağ küçəsi sadəcə yeni tikililərin yerləşdiyi bir məhəllə deyil. Birmənalı olaraq deyə bilərik ki, bu küçə azad edilmiş Şuşanın yeni şəhər həyatının simvollarından birinə çevrilməkdədir. Küçənin adının özü də rəmzidir. Burada yeni Azərbaycan Şuşasının gündəlik həyatı ilə tarixi Şuşanın memarlıq yaddaşı bir araya gətirilib. Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən müxtəlif təyinatlı 10 bina inşa edilib. Həmin binalar arasında mehmanxana, apart-hotellər, ofislər və iaşə obyektləri var. Bu, adi bir tikinti prinsipi deyil, həm də Şuşada yeni bina tikmək tarixlə danışmaq deməkdir. Çünki burada yeni tikili qədim şəhərin yanında dayanır. Onun hündürlüyü, fasadı, daşının rəngi, pəncərə və eyvanlarının quruluşu, küçə ilə münasibəti şəhərin ümumi mənzərəsinə təsir göstərir. Qarabağ küçəsində müasir funksiyalı binaların Şuşanın tarixi-milli memarlıq üslubuna uyğunlaşdırılması şəhərin gələcək siması baxımından mühüm məsələdir.

Şuşada yeni həyatın infrastrukturu da yaradılır. Qarabağ küçəsində mehmanxanalar, ofislər, iaşə obyektləri, ictimai məkanlar və digər tikililər şəhərin turizm və iqtisadi potensialının inkişafına xidmət edir. Küçənin bir tərəfi yeni həyatın, digər tərəfi isə tarixi yaddaşın sanki bir-birinə söykənməsi mənzərəsini yaradır.

Şuşanın mərkəzində ucalan Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi də şəhərin müasir simasının mühüm elementlərindəndir. 2023-cü il mayın 10-da istifadəyə verilən kompleks 2021-ci ildə təməli qoyulmuş layihə əsasında inşa edilib. Layihədə karvansara konsepsiyası əsas götürülüb, müasir və milli memarlıq üslublarının sintezinə üstünlük verilib. Kompleksin layihəsində Şuşanın tarixi tikililərində istifadə olunan daş və milli memarlıq elementlərindən yararlanılması nəzərdə tutulub.

Şuşada təməli 2021-ci ildə qoyulan birinci yaşayış kompleksində 23 bina inşa edilib. Ümumilikdə 450 mənzildən ibarət kompleksdə keçmiş məcburi köçkünlər və şəhərdə çalışan insanlar yaşayırlar. Ərazidə yaşıllıqlar salınıb, sakinlərin rahatlığı üçün müvafiq şərait yaradılıb. Bu rəqəmlərin arxasında isə daha böyük bir məna var - Şuşa artıq xatırlanan yox, yaşanan şəhərdir. Bu şəhərin əsl dirçəlişini onun küçələrində uşaqların səsində, evlərin işıqlarında, səhər açılan pəncərələrində, mağazaların və iş yerlərinin fəaliyyətində görmək olur.

Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin istifadəyə verilməsi də bu baxımdan mühüm hadisədir. 2025-ci il mayın 9-da açılan mərkəz 6 korpusdan ibarətdir və 90 çarpayılıqdır. Burada terapiya, pediatriya, cərrahiyyə, konsultativ poliklinika, uşaq poliklinikası, şüa və funksional diaqnostika, fizioterapiya, tibbi bərpa və klinik-diaqnostik laboratoriya kimi bölmələr yaradılıb, müasir tibbi avadanlıqla təchiz olunub. Bu da Şuşanın bərpasının mahiyyətini göstərən mühüm məqamdır - şəhər yalnız gözəl görünmək üçün deyil, insanların rahat yaşaması üçün qurulur. Şuşada bir ev bərpa olunur, əslində bir dövr geri qayıdır, bir məscid bərpa olunur, şəhərin dini-mənəvi yaddaşının bir səhifəsi yenidən açılır. Bir muzey yaradılır - keçmişlə gələcək arasında körpü salınır. Bu mənada Şuşada bərpa işlərinin ən böyük nəticəsi binaların sayında deyil, həyatın geri qayıtmasındadır.


Beynəlxalq tədbirlərin ünvanı


Şuşa artıq beynəlxalq görüşlərin, forumların, mədəniyyət tədbirlərinin keçirildiyi məkandır. Şəhər sözün həqiqi mənasında dialoq məkanına çevrilməkdədir. 2024-cü ildə Şuşada VII Xarıbülbül Beynəlxalq Musiqi Festivalı və "Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin açılışı keçirildi. Festivalda Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən ifaçılar və yaradıcı kollektivlər iştirak etdilər.

Şuşa Qlobal Media Forumu da şəhərin beynəlxalq dialoq məkanı kimi yeni funksiyasını nümayiş etdirən tədbirlər sırasındadır. 2023-cü ildə keçirilmiş I Şuşa Qlobal Media Forumunda 49 ölkədən 150 xarici qonaq iştirak etmişdi. 2026-cı ilin iyulunda keçirilən IV Şuşa Qlobal Media Forumunda isə 53 ölkədən 160 qonağın, 30 xəbər agentliyinin, 60-dan çox media qurumunun və 10 beynəlxalq təşkilat və təsisatın təmsilçilərinin iştirakı barədə məlumat verilmişdi.

Deməli, vaxtilə sıldırım qayaların qoruduğu qala şəhəri indi fikir və sözlərin görüşdüyü bir məkana çevrilib. Burada müxtəlif ölkələrdən gələn insanlar Azərbaycanın mədəniyyət paytaxtında görüşür, fikir mübadiləsi aparır, beynəlxalq gündəmin müxtəlif məsələlərini müzakirə edirlər. Şuşanın yeni missiyası məhz burada bir daha aydın görünür - şəhər keçmişin yaddaşını qorumaqla yanaşı, gələcəyin dialoquna da evsahibliyi edir.


Qədim Şuşa yaşayır, yeni Şuşa qurulur


Bir şəhərin həqiqi dirçəlişini onun küçələrindəki insanlardan görmək mümkündür. Evlərin işıqları yanırsa, səhər pəncərələr açılırsa, uşaqlar küçələrdə görünürsə, mağazalar və iş yerləri fəaliyyət göstərirsə, deməli, şəhər artıq sadəcə xatirə deyil, yenidən yaşayan şəhərdir. Azadlıq yalnız qala divarının üzərində bayrağın dalğalanması deyil, şəhərin yenidən yaşamasıdır. Muzeydə eksponatların nümayişi, evlərdə ailələrin yaşaması, küçələrdə insanların gəzməsi, məktəblərdə uşaqların təhsil alması, salonlarında musiqinin səslənməsidir. Şuşanın azadlığının mənası da elə bundadır. Bir vaxtlar səsini itirməyə məhkum edilmiş şəhərin yenidən səsə gəlməsidir. 

Şuşada dini-mənəvi irsin bərpası, tarixi evlərin yenidən həyata qaytarılması, yeni yaşayış məkanlarının yaradılması, səhiyyə, turizm və mədəniyyət infrastrukturunun qurulması bir-birindən ayrı proseslər deyil, bütöv bir məqsədin müxtəlif tərəfləridir - Vətəni geri qaytarmaqla kifayətlənməmək, onu yenidən yaşatmaqdır. Bu baxımdan Şuşa Böyük qayıdışın yalnız coğrafi deyil, həm də mənəvi mənasını göstərən şəhərdir. Biz torpağa qayıdırıq, amma təkcə torpağa yox, tarixə, yaddaşa, mədəniyyətə, evlərə, musiqiyə qayıdırıq.

Torpağını azad etmək üçün Azərbaycan əsgəri silahla mübarizə apardı. Şuşanı yenidən qurmaq üçün isə memar, mühəndis, fəhlə, tarixçi, sənətkar, musiqiçi, şair, jurnalist və alim öz işi ilə iştirak edir. Bu gün silah səsinin yerini quruculuq işləri tutur. Döyüş meydanının yerini mədəniyyət meydanı, səngərin yerini məktəb, muzey, konsert salonu, məscid, yaşayış evi və ictimai məkan tutur. Zəfərin ən böyük mənası məhz buradadır. Müharibə torpağın taleyini dəyişdi, quruculuq isə həmin torpağın dirçəlişini təmin edib gələcəyini dəyişir.

1992-ci ildə itirilən Şuşa 2020-ci il noyabrın 8-də hərbi Zəfərlə Vətənə qayıtdı. İndi Şuşanın daşlarında başqa bir tarix yazılır. Bu tarixdə quruculuğun səsi eşidilir, keçmişə qayıdışla gələcəyə baxış yanaşı dayanır. Şuşaya qalxan yol yalnız dağ yolu deyil. Bu yol Azərbaycanın keçmişindən gəlib, Zəfərdən keçib. Bu yol Vətənə, gələcəyə qayıdır. Qala şəhəri yenidən ayaqdadır. Qədim Şuşa yaşayır, yeni Şuşa qurulur.


Rəşad CƏFƏRLİ,

Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan" 


Bakı-Şuşa-Xankəndi-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılış mərasimi keçirilib

09:30
06 Oktyabr

Azərbaycan kinosunun ilk qadın rejissoru

09:25
06 Oktyabr

Səhnənin görünməyən istedadlı sənətkarlarından biri

09:20
06 Oktyabr

Ədalət hissi

09:15
06 Oktyabr

Bu il Goranboyda pambıq bol olacaq

09:10
06 Oktyabr

Naftalanda ağsaqqallarla görüş olub

09:05
06 Oktyabr

Qusarda aqrar sahənin inkişafına dair tədbirlər keçirilir

09:00
06 Oktyabr

Şirvanda yeniyetmə voleybolçularla görüş

08:55
06 Oktyabr

Ağstafalılar ili uğurla başa vurmaq əzmindədirlər

08:45
06 Oktyabr

Gəncədə aparılan yenidənqurma işləri şəhərin simasını dəyişir

08:40
06 Oktyabr

Azərbaycanın qala şəhəri - ŞUŞA

08:35
06 Oktyabr

ZƏFƏR gündəliyi

08:30
06 Oktyabr

Dayanıqlı inkişafın və siyasi sabitliyin təminatçısı

08:25
06 Oktyabr

Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasının premyerası keçirilib

08:20
06 Oktyabr

Hər rəqəmin arxasındakı bir insan, bir ailə, bir ümid

08:15
06 Oktyabr

Müstəqil siyasət və sarsılmaz iradə

08:10
06 Oktyabr

Yeni mərhələnin siyasi xəritəsi: Azərbaycanın gücü və strateji hədəfləri

08:00
06 Oktyabr

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

01:04
06 Oktyabr

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

01:02
06 Oktyabr

Ladislau-Marius Vizerin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

01:01
06 Oktyabr

J.F.Əliyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

01:01
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!