Azərbaycanın iqtisadi gündəliyi ötən həftə müxtəlif sahələrdə yeni layihələr, investisiya təşəbbüsləri və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə yadda qalıb. Enerji, sənaye, nəqliyyat, rəqəmsal iqtisadiyyat və neftdənkənar sahədə baş verən yeniliklər ölkə iqtisadiyyatının əsas istiqamətlərini önə çıxarıb.
Həftənin iqtisadi gündəliyinə ilk olaraq ölkə xaricində keçirilən beynəlxalq tədbir möhür vurub. Sentyabrın 28-də Qətərin paytaxtı Dohada Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 11-ci İllik Toplantısı keçirilib. Tədbirdə Azərbaycanın 2027-ci ildə AİİB-in 12-ci İllik Toplantısına evsahibliyi etməsi ilə bağlı qərar qəbul olunub. Həmin toplantının 14-15 iyul 2027-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur.
* * *
Ötən həftə Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankının nümayəndələri arasında keçirilən görüşdə aqrar sektorun rəqabətqabiliyyətliliyinin və suvarma-drenaj xidmətlərinin səmərəliliyinin artırılmasına yönələn "Rəqabətqabiliyyətli, Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri" - CRAIS layihəsinin hazırlanması müzakirə olunub.
Görüşdə layihənin əhatə dairəsi, maliyyələşdirmə mexanizmləri, icra coğrafiyası və hədəf benefisiarlar, həmçinin Aqrar Kredit və İnkişaf Agentliyinin layihədə rolu ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər aqrar sektorun dayanıqlılığının artırılması, müasir maliyyələşmə alətlərinin tətbiqi və yeni təşəbbüslərin həyata keçirilməsi üzrə əməkdaşlığın genişləndirilməsi məsələlərini də nəzərdən keçiriblər.
* * *
Aqrar sektorda yeni təşəbbüslərlə yanaşı, texnologiya və innovasiya sahəsindəki yeniliklər də iqtisadi gündəmdə ön plana çıxıb. Bu baxımdan arxada qoyduğumuz həftədə kosmik texnologiyaların tətbiqində növbəti yenilik "Azərkosmos"dan gəlib. Qurum peyk təsvirlərinin süni intellekt vasitəsilə analizinə imkan verən "Platerra" məhsulunu istifadəyə verib. Platforma peyk görüntülərinin keyfiyyətini artırır, meşə və su hövzələrini, müxtəlif obyektləri, eləcə də əkin sahələrinin sərhədlərini avtomatik müəyyənləşdirir. Bununla da peyk məlumatlarını daha operativ şəkildə emal edərək qərarvermədə istifadə oluna bilən geoməkan informasiyasına çevirir.
* * *
Ötən həftənin iqtisadi gündəliyində ölkə daxilindəki proseslərlə yanaşı, Azərbaycanın ixrac və biznes imkanlarını xarici bazarlarda nümayiş etdirən hadisələr də yer alıb. Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən "The Saudi Food Show 2026", yəni "Səudiyyə Qida Sərgisi 2026" tədbirində Azərbaycan məhsulları "Made in Azerbaijan" vahid ölkə stendi ilə təqdim olunub. İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə sərgidə Azərbaycanın 20 şirkətinin və "İstisu" mineral su zavodunun məhsulları nümayiş etdirilib. Stenddə qənnadı və un məmulatları, konservləşdirilmiş məhsullar, meyvə, çərəz, mineral su, bal və digər ərzaq məhsulları sərgilənib.
* * *
Ötən həftə baş verən iqtisadi hadisələr arasında Bakıda keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi xüsusi yer tutub. Sentyabrın 30-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində keçirilən sərgilərlə tanış olublar. Prezident İlham Əliyev sosial şəbəkə hesablarında "ADEX 2026" sərgisi ilə bağlı paylaşım edib.
* * *
"Böyük qayıdış" proqramı çərçivəsində Xocavənd, Xocalı, Ağdərə və Cəbrayıl rayonlarına növbəti köç də ötən həftə həyata keçirilib. Xocavənd şəhərinə 55 nəfərdən ibarət 16 ailə, Xocalı şəhərinə 78 nəfərdən ibarət 17 ailə köçürülüb.
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə də 9 ailədən 60 nəfərin qayıdışı təmin olunub. Yeni köçən ailələrə yaşayış evlərinin açarları təqdim edilib.
* * *
Azərbaycan şirkətlərinin xarici bazarlarda təqdimatı ilə yanaşı, ötən həftə ölkənin beynəlxalq biznes tərəfdaşları ilə investisiya və ticarət əlaqələrinin genişləndirilməsinə yönələn görüşlər də keçirilib. Bu çərçivədə Afinada Azərbaycan və Yunanıstan şirkətlərinin iştirakı ilə biznes-forumu baş tutub. Tədbir iki ölkə arasında iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə Birgə Komissiyanın VI iclası çərçivəsində AZPROMO və "Enterprise Greece"in təşkilatçılığı ilə reallaşıb.
Forumda enerji, nəqliyyat və logistika, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, qida emalı və turizm sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Azərbaycanın Orta dəhlizdə strateji mövqeyi, Ələt Azad İqtisadi Zonası, sənaye parkları və logistika infrastrukturu Yunanıstan şirkətləri üçün yeni investisiya və istehsal imkanları kimi təqdim edilib.
* * *
Regional iqtisadi əməkdaşlıq gündəminin daha bir mühüm hadisəsi Bakıda baş tutub. Oktyabrın 1-də Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstanda dialoq, əməkdaşlıq və dayanıqlı iqtisadi inkişafın təşviqinə həsr olunan 12-ci CAMCA Regional Forumu işə başlayıb. İki gün davam edən forum hökumət, biznes, akademik dairələr və vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirib. Gündəliyə iqtisadi artım, innovasiya, təhlükəsizlik və idarəetmə ilə yanaşı, regional inteqrasiyanın və əməkdaşlığın genişləndirilməsi məsələləri daxil edilib.
* * *
Regional əməkdaşlıq gündəliyində media və kommunikasiya məsələləri də yer alıb. Həmin gün Media və Yayım Şurasının təşkilatçılığı ilə "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM Media Forumu keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini səsləndirib.
* * *
Həftənin sonu dünya bazarında Azərbaycan nefti ucuzlaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,75 dollar və ya 0,6 faiz azalaraq 124,01 dollar olub. Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar qeydə alınıb.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"