Hər tamaşa böyük zəhmətlə hazırlanır. Tamaşaçılar isə səhnədə, ilk növbədə, aktyorları görürlər. Onların oyunlarına, mimikalarına diqqət kəsilirlər, ya bəyənib alqışlayır, ya da tənqid edirlər. Əlbəttə, hər bir tamaşanın uğurlu alınmasında aktyorların məharəti, istedadı və peşəkarlığı danılmazdır. Ancaq tamaşaçılara təsir edən yalnız aktyor oyunları deyil. Onlar baxdıqları tamaşa haqqında rəy bildirəndə fəqinə varmadan, həm də pərdə arxasındakı qəhrəmanların əməyini, bacarığını dəyərləndirirlər.
Teatrın gözəgörünməz istedadlı sənətkarlarından biri də rəssamlardır. Bütün tamaşalarda onların böyük zəhməti, axtarışları və təsəvvürləri var. Ötən əsrin əvvəllərində tərtibat-dekorasiya və geyim sənətinin inkişafında, formalaşmasında böyük xidmətləri olan ilk professional qadın rəssamlarımızdan biri Bədurə Əfqanlı da neçə-neçə tamaşanın tamaşaçıların rəğbətini qazanmasında əvəzsiz rol oynayıb.
O, rəssamlığa kiçik yaşlarından meyl salıb. 1912-ci il oktyabrın 25-də Bakıda ziyalı aləsində dünyaya gələn Bədurə xanımı ata qayğısı, ana nəvazişi ilə keçən uşaqlıq çağlarından gördüklərini, duyduqlarını kağıza köçürmək istəyib. Evlərində sənətə, ədəbiyyata maraq olub. Onun dövlət qulluğunda çalışan atası Məlik Ağamalov macal tapanda rəsmlər çəkib, uşaqlarına ədəbiyyatdan, incəsənətdən söz açıb.
Hər il ailəlikcə köçüb, bütün yayı keçirdikləri Novxanıdakı bağ evləri, tez-tez sahilinə qaçdığı dənizin əsrarəngiz gözəlliyi, el şənlikləri onun yaddaşında dərin izlər salıb. Gördükləri Bədurə xanıma bitib-tükənməz mövzular verib. Yay tətili başa çatıb şəhərə qayıtdıqdan sonra da fürsət tapan kimi onları yaddaşından kağıza köçürüb.
Onun rəssamlıq istedadı, həvəsi orta məktəbdə oxuduğu illərdə müəllimlərinin, şagird yoldaşlarının da diqqətini cəlb edib. Heç kim Bədurə xanımın rəssam olacağına şübhə etməyib. Amma onun orta məktəbi başa vuranda Bakı Rəssamlıq Məktəbinə getməyə cürəti çatmayıb. 1929-cu ildə sənədlərini Bakı Pedaqoji Texnikumuna verib. Həmin texnikumun tələbəsi olub. Rəssamlığa marağı isə nəinki azalmayıb, gündən-günə artıb.
Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra beş il orta məktəbdə müəllim işləyib. 1931-ci ildə Bakı Rəssamlıq Məktəbinin qrafika şöbəsinə daxil olub. Həm çalışıb, həm də rəssamlıq təhsili alıb.
Tələbəlik illərində dünya incəsənət tarixini öyrənməyə başlayan Bədurə xanım Moskvada, Sankt-Peterburqda yerləşən qalereya, teatr və etnoqrafiya muzeylərində olub.
O illərdə artıq tanınmış aktyor olan Rza Əfqanlıyla tanışlığı Bədurə xanımın sənətlə bağlı düşüncələrinə yeni istiqamət verib. Teatr rəssamı olmaq qərarına gəlib. Rəssamlıq məktəbində diplom işi Vilyam Şekspirin "Otello" faciəsi olub.
O, Bakı Rəssamlıq Məktəbində təhsil alan ilk azərbaycanlı qadınlardan biri olmuşdu. Azərbaycanlı qadın teatr rəssamı kimi də birincilik Bədurə Əfqanlının adına yazılıb.
Bədurə xanım teatr sahəsində ilk, kövrək addımlarını atanda həyat yoldaşı Rza Əfqanlı əlindən tutub. 1930-cu ildə Rza Əfqanlının quruluşçu rejissoru olduğu "Qaçaq Kərəm" tamaşasının bədii tərtibatını verib. Onlar uzun illər birgə tamaşalar hazırlayıblar. "Şeyx Sənan", "Aşıq Qərib", "1905-ci ildə", "Sevil" tamaşaları əfqanlılara daha çox uğur gətirib. Bir müddət Türkmənistanda, Aşqabad Dram Teatrında fəaliyyət göstəriblər. Bakıya qayıtdıqdan sonra da böyük həvəslə yaradıcılıqlarını davam etdiriblər.
1938-ci ildə Bədurə xanım Azərbaycan Dövlət Dram Teatrına dəvət olunub. Həmin teatrda rəssam assistenti kimi fəaliyyətə başlayan Bədurə Əfqanlı çox keçməyib ki, tamaşalara müstəqil quruluşlar verib. O, sonralar Azərbaycan Dövlət Rus Dram Teatrının da bir sıra tamaşalarının rəssamı olub. Milli Dram Teatrda "Aslan yatağı", "Aydın", "Solğun çiçəklər", "Qatır Məmməd", "Məhəbbət", "İnsan", "İşıqlı yollar", "Bahar", "Köhnə dostlar", "Bir evin sirri", "Rəqs müəllimi", "Namus", "Bahar suları", Opera və Balet Teatrında "Sevil", "Leyli və Məcnun", Rus Dram Teatrında "Vaqif", "Aydın" və başqa tamaşalara geyim eskizləri çəkib. Bədurə xanım bir çox tamaşaların həm də rəssamlıq tərtibatını, obrazların qrimlərinin eskizlərini hazırlayıb.
İllər keçdikcə quruluşçu rəssam kimi daha da məşhurlaşıb. Onun eskizləri, bədii tərtibat verdiyi tamaşalar digər rəssamlar üçün nümunə sayılıb.
Rejissor Adil İsgəndərovla birgə hazırladığı "Fərhad və Şirin" tamaşası 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyündə Vaxtanqov teatrında uğurla təqdim edilib.
Bədurə Əfqanlı teatrlarla bərabər, kinostudiyada da işləyib. 1960-cı ildən "Azərbaycanfilm" kinostudiyasında geyim üzrə rəssam kimi çalışıb. O, "Koroğlu", "Leyli və Məcnun", "Dədə Qorqud", "Böyük dayaq", "Dəli Kür", "O qızı tapın", "Qatır Məmməd", "Məhəbbət dastanı" və başqa filmlərin geyim eskizlərini çəkib. Bədurə xanımın qızı Xalidə xanımdan eşitmişdik: "Anam Azərbaycanın ən məşhur kinofilmlər rəssamı kimi tanındı. Həmişə də assistentsiz işləyirdi. O, Soltan Dadaşov, Adil İsgəndərov, Lətif Səfərov, Həsən Seyidbəyli kimi böyük sənətkarlarla işlədi".
Rəqs ansamblı, bədii özfəaliyyət kollektivləri üçün də geyim eskizləri hazırlayıb. Uzun illər Rəşid Behbudovun rəhbərlik etdiyi Mahnı Teatrının kollektivi Bədurə Əfqanlının məsləhət bildiyi geyimlərlə səhnəyə çıxıb.
Qızı Bədurə xanımın 1949-cu ildə Əməkdar incəsənət xadimi adına layiq görülməsindən danışırdı: "O vaxt Azərbaycanın rəhbəri olan Mir Cəfər Bağırov təqdim olunan siyahıda anamın adını görməyəndə soruşub: "Bəs sizin gənc rəssamınız Bədurə Əfqanlının adı niyə yazılmayıb? O, ildə bir neçə tamaşanın quruluşçu rəssamı olub". Bundan sonra anamın adını da təltif olunanların siyahısına yazıblar".
Xalq artisti fəxri adına isə Bədurə Əfqanlı 1974-cü ildə layiq görülüb. "Şərəf nişanı" ordeni ilə təltif olunub.
Onun bir çox əsəri Azərbaycan Dövlət Teatr Muzeyi və Mokvadakı A.A.Baxruşin adına Rusiya Mərkəzi Teatr Muzeyində saxlanılır.
Bədurə Əfqanlı doxsan il ömür sürüb. 2002-ci il mayının 7-də vəfat edib. Ömrünün son illərini keçmiş günlərinin xiffəti ilə keçirib. Ancaq nə qocalıq, nə də xəstəlik Bədurə xanımın sənətlə bağlı arzularını tükəndirə bilməyib. Bir də yaratdığı əsərlərin onu heç vaxt unudulmağa qoymayacağına inamını itirməyib.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"