Günəş göydən od ələyir. Muğan düzü sanki alışıb yanır. "Prime Cotton" MMC Salyan filialının istehsalat şöbəsinin müdiri Əliskəndər Əliyevlə fermer Arif Mehdiyevin pambıq sahəsinə gedirik. Astara istiqamətinə uzanan dəmir yolu keçidini adlayıb şor su drenajının kənarı ilə irəlilədikcə hər iki tərəfində sıx bitmiş biyan kolları elə bil yolumuza çəpər çəkmək istəyir. Lakin "Niva" buna məhəl qoymadan keçib gedir.
Bir qədər irəlilədikdən sonra qarşımızda yamyaşıl pambıq sahələri görünür. Birinci sahəni keçib ondan xeyli böyük olan sahənin baş tərəfində dayanırıq. Maşından düşüb cərgələr arasına giririk. Kolların daban hissəsi qoza, nisbətən yuxarıları isə gül-daraqla doludur. Bitkilər yaxşı inkişaf edib, həm lazımi qədər boy atıb, həm də kənara doğru budaqlanıb, yarpaqlar isə yamyaşıldır, alaq-filan da gözə dəymir. İstehsalat şöbəsi müdirinə:
- Maşallah, yaxşı məhsul yetişdirir, - deyirəm.
- Təcrübəli fermerdir, demək olar ki, şirkətimizdəki ən yaxşı pambıq bilicilərindən biridir, - deyə Ə.Əliyev bildirir.
O, məndən bir az aralanıb telefonla kiminləsə danışır: "Haradasız? Sahədə sizi gözləyirik". Sonra üzünü mənə tutaraq:
- Arbatan kəndi üzrə sahə rəisi Yusif Teymurovla danışırdım. Az qalıb, 5-6 dəqiqəyə gələcək, - deyir.
Dayandığımız pambıq sahəsinin neçə hektar olduğunu soruşuram.
- Səhv etmirəmsə, 4,2 hektar olmalıdır.
- Elə bilirəm, çox olar.
Elə bu vaxt sahə rəisi gəlib çıxır. O da Əliskəndər müəllimin fikrini təsdiqləyir. Məsələyə dəqiqlik gətirmək üçün cibindən mobil telefonunu çıxarıb:
- Bu meydan, bu da şeytan, - deyərək sahəni ölçür. Pambıq sahəsinin 4,2 hektar olduğunu bildirir.
Sonra Y.Teymurov yumşaq səslə Əliskəndər müəllimə deyir:
- Fermer Arif Mehdiyevin təcili işi çıxdı. Dedi ki, yoldaşlardan mənim əvəzimə üzr istə, lazımi məlumatları ver. Necə işçi olduğumu, gümün edirəm, məndən yaxşı bilirsiniz.
Sahənin o başından gələn kultivator bizim yanımıza çatanda sahə rəisinin işarəsi ilə dayanır. Mexanizator traktorun kabinəsindən düşüb yanımıza gəlir. Salamlaşıb hal-əhval tuturuq, işlərin necə getməsini soruşuruq.
- Çox sağ olun, işlərimiz pis getmir. Elə bilirəm, sahənin görünüşü də hər şeyi deyir. Sağ olsun şirkət filialının rəhbərliyi, onun yanımızda dayanan işçiləri. Bir mexanizator kimi onlardan yerdən-göyə qədər razıyam. Filialın müdiri Bahəddin Leysanov əsl insandır. İşçinin qədrini bilən adamdır. Kollektiv üzvlərinin hər biri işçinin həmişə yanındadır. İstər xeyir olsun, istərsə də şər. Əliskəndər müəllim də, Yusif müəllim də B.Leysanovu layiqincə təmsil edirlər. Hər gün yanımızdadırlar. İşlərimizi onların məsləhəti, göstərişi ilə qururuq. Dünən tapşırıq aldım ki, Arifin bu yerinə baraza - şırım çəkmək lazımdır. Bundan sonra sahə suvarılacaq.
Şöbə rəisi:
- Ay Yəhya, bəsdir bizi təriflədin. Görülən işlər birinci olaraq sizin əməyinizin nəticəsidir. Sən keyfiyyətli kultivator çəkməsəydin, işə məsuliyyətlə yanaşmasaydın, pambıq sahəsi belə nümunəvi olmazdı, - deyir.
Sonra, əgər belə demək mümkünsə, kultivatora baxış keçiririk. Üzərində hər birinin müxtəlif vəzifələri yerinə yetirdiyi 29 işçi orqanın yerləşdiyi məlum olur. Pambıq kollarını zədələməmək üçün ön və arxa təkərlərin ön hissəsinə xüsusi olaraq qoruyucu şit bağlanmışdır.
Mexanizator Y.Əliyev işçi orqanların cərgələr arasından çıxarıb gətirdiyi alaq otlarını təmizləyir. "MTZ-80" markalı traktora yaxınlaşıb kabinəyə qalxmaq istərkən yadına nəsə düşür, geri qayıdıb bildirir:
- Sahədə belə pambığın əmələ gəlməsində bizim hər birimizdən çox fermer Arif Mehdiyevin əməyi var. O, hər gün dan yeri söküləndən gün batana kimi tarlada olur. Neçə illərdir ki, onun sahələrinə kultivator çəkirəm. Bir-birimizdən narazılığımız olmayıb. Mən də çalışıram ki, zəhmətini çəkdiyimiz bir kola belə ziyan dəyməsin. Kollar yaxşı inkişaf etsin, bol məhsul versin.
İstehsalat şöbəsinin müdiri davam edir:
- Sözün həqiqi mənasında, Arif yaxşı pambıqçıdır. Siz deyən təhsili də yoxdur. Ancaq hələ uşaq vaxtlarından gördüklərini yaxşı-yaman edərək seçib götürüb, həyatı həyatın özündən öyrənib. Atası kolxoz dövründə adlı-sanlı çoban idi. Özü isə təkcə pambıqçılıqla deyil, kənd təsərrüfatının digər sahələri ilə də məşğul olur. Taxıl, yonca əkib-becərir. Ata sənətini də unutmayıb. Yaxşı qoyun ferması var. Hər sahədə də uğur qazanır. Bir sözlə, maşallah, zirək adamdır. Pay torpağından başqa, əlavə sahələri də var. Bəziləri torpağın qədrini bilməyib hektarını heç neçəyə satanda o, işdən qorxmayıb torpaq sahələrini genişləndirib. Bu gün bəhrəsini görür. Keçən il 40 hektar pambıq sahəsinin hər hektarından 48 sentner məhsul götürdü. Yetişdirdiyi məhsulun 98 faizini maşınla yığdı.
Sahə rəisi Y.Teymurov da Əliskəndərin sözünə qüvvət verir:
- "Prime Cotton" MMC Salyan filialının öhdəmdə olan Arbatan ərazisi üzrə cari ilin yanvar ayında 27 fermerlə 239 hektarda pambıq yetişdirmək üçün müqavilə bağlanıb. Fermerlərimizin hamısı səylə çalışırlar. Hər kəs istəyir ki, daha çox məhsul yetişdirsin. Ancaq onların içərisində Arif birincidir. Bu il pambıq əkdiyi 34 hektar sahənin hamısında vəziyyət gördüyünüz kimidir. Prezidentin yaxın günlərdə imzaladığı dövlət proqramının icrasına dəstək olaraq bu il hər hektardan 50 sentner pambıq götürməyi qarşısına məqsəd qoyub. Dilinə görə dilçəyi olan adamdır. Şəxsən mən inanıram ki, o bu məqsədinə çatacaq.
Qeyd edək ki, "Prime Cotton" MMC-nin Salyan filialı üzrə cari ildə 418 fermerlə bağlanmış müqaviləyə əsasən, 2 min 952 hektarda pambıq əkilmişdir. Aqrotexniki tədbirlərə məsuliyyətlə əməl edən fermerlərin hər biri səpin zamanı çiyidlə birlikdə torpağa ammofos gübrəsi vermişlər. Yazda havaların qeyri-sabit keçməsi kəndliləri daha çevik olmağa məcbur etmişdir. Lakin havaların soyuq keçməsi pambığın inkişafını müəyyən qədər ləngitmişdir. Mütəxəssislərin rəyinə görə, bu il pambığın inkişafı keçən ildəkindən təxminən 15-20 gün gecikir. Amma şirkətin mütəxəssisləri və fermerlər bu geriliyin aradan qaldırılması üçün əllərindən gələni edirlər. Hər hektara indiyədək 400 kiloqram karbamid gübrəsi verilib. Bundan başqa, çiləmə yolu ilə "Saxalin qumatı", "ELFEA", "Fostik", maqneziumsulfat, kökdənkənar gübrələri verilmişdir. Sovkaya qarşı 2 dəfə mübarizə aparılıb. Hal-hazırda 5-ci, bəzi sahələrdə isə 6-cı kompleks becərmə gedir.
Seyran CAVADOV,
"Azərbaycan"