Müharibələrin qlobal iqtisadiyyata vurduğu ziyanın dəyəri trilyonlarla dollara çatıb
İki-üç il əvvəl "bəşəriyyət yeni dünya müharibəsi astanasındadır" ifadəsi çox işlədilirdi. Buna səbəb baş verən geosiyasi mübarizənin tədricən hərbi müstəviyə keçməsi idi. İndi artıq üçüncü dünya müharibəsinin getdiyi barədə hərbi və siyasi ekspertlər açıq şəkildə danışırlar.
Yeni dünya düzəninin yaranması üçün aparılan siyasət diplomatik gərginlikdən çıxıb hərbi qarşıdurma ilə əvəz olunub. Qəribəsi isə odur ki, üçüncü dünya müharibəsinin ilk qığılcımı da əvvəlki kimi Avropa qitəsində alovlanıb. Artıq 5 ildir ki, Rusiya-Ukrayna müharibəsi insan itkisi və dağıntılarla davam edir. Müharibənin əvvəlində Rusiya hərbi, Ukrayna isə siyasi üstünlüyə malik idi. İndi vəziyyət dəyişib. Ukrayna hərb meydanında Rusiya ilə bərabərliyə nail olub, üstəlik, siyasi üstünlüyünü də qoruyub saxlayır.
Rusiya-Ukrayna müharibəsinin davam etdiyi dövrdə İsraillə qonşuları arasında sonu görünmüəyən müharibə yenidən alovlanıb və aparılan hərbi əməliyyatlar nəticəsində 100 minə yaxın insan həlak olub, bundan bir neçə dəfə çox insan yaralanıb, böyük dağıntılardan da ki, danışmağa dəyməz.
İsrailin İrana 12 günlük hücumu Yaxın Şərqdə yeni bir dağıdıcı müharibənin başlamasına səbəb oldu. Bu gərginlik isə cari il fevralın 28-də ABŞ-nin İrana hücumu ilə pik həddə çatdı. Bu müharibə hazırda müəyyən fasilələr, eləcə də qarşılıqlı raket və dron zərbələri ilə davam edir.
Bu fonda isə yeni vəziyyət yaranıb. Artıq Körfəz ölkələri özlərini müdafiə etmək üçün hərbi qüvvələrini birləşdirmək qərarına gəliblər. Bu yaxınlarda Bəhreyndə keçirilən irimiqyaslı hərbi təlim bunun ilk işarəsidir. Körfəz Əməkdaşlıq Şurasına daxil olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn və Omman "Bəhreyn qartalı" adlı birgə hərbi təlimləri keçirməklə güc nümayiş etdirdilər.
Bundan başqa, Səudiyyə Ərəbistanı nüvə silahına malik Pakistanla hərbi müqavilə imzalayıb. Həmin sənəddə açıq yazılıb ki, ittifaq dövlətlərdən birinə hərbi təcavüz olarsa, bu, hər iki ölkəyə hərbi müdaxilə sayılacaq və düşmənə qarşı birlikdə savaş açılacaq.
ABŞ ilə İran arasında başlanmış müharibənin əvvəlində regionu yaxından bilən nüfuzlu ekspertlər müharibənin daha geniş coğrafiyaya yayıla bilməsi barədə fikirlərini bildirmişlər. Artıq müharibə Fars körfəzindən Qırmızı dənizə yayılmağa başlayıb. İranın dəstəklədiyi husilər isə Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki Yandu limanından neft daşıyan tankerlərinə hücum edirlər. Bundan sonra Səudiyyə Ərəbistanının husilərə qarşı birgə mübarizə aparmaq üçün başqa ölkələrə müraciət etməkdən savayı əlacı qalmayıb.
Yəmən mərkəzi hakimiyyəti də separatçı husilərin qanunsuz hərəkətlərinə son qoymaq üçün Bab-əl-Məndəd boğazının müdafiəsi üçün beynəlxalq koalisiya yaratmaq barədə çağırış edib. Bu ölkənin xarici işlər naziri Mustafa Noman husilərin boğazda beynəlxalq ticarətə mane olmasına son qoymağın vaxtı çatdığını bildirib. Onu da vurğulayaq ki, bu boğaz üzərindən dünya ticarətinin 33 faizi aparılır və boğazda baş verən neqativ proseslər qlobal ticarətə, həmçinin təchizat zəncirinə ziyan vurur.
Dünyanın tanınmış ekspertləri faktiki üçüncü dünya müharibəsinin başlamasını bir çox arqumentlə əsaslandırırlar. Məsələn, Rusiya-Ukrayna müharibəsində Avropa ölkələri birbaşa döyüş meydanında savaşmasalar da, Ukraynaya hərbi və maliyyə dəstəyi verirlər. Yaxın Şərqdəki müharibə isə artıq Afrika qitəsində sıçrayıb. Belə ki, İran Misir ərazisindəki qaz təchizatı mərkəzinə zərbə endirib. Yəməndə husilərə qarşı aparılmış əməliyyatların Bab-əl-Məndəd boğazının Afrika sahilini də ağuşuna alacağı an məsələsidir. Ekspertlər qeyd edirlər ki, hazırda münaqişə gedən ərazilərdə istifadə olunan silah-sursatın dağıdıcı gücü İkinci Dünya müharibəsindəkindən çoxdur. Bugünkü savaşlarda (Yaponiyaya atılan nüvə bombalarını çıxmaq şərti ilə) istifadə edilən bombalar daha böyük dağıdıcı gücə malikdir. Həmin fikirdə olan mütəxəssislər həm də müharibənin əhatə etdiyi coğrafiya və həmin ərazilərdə yaşayan əhalinin sayına da diqqət yetirməyin vacibliyini xüsusi qeyd edirlər: hazırda dünya əhalisinin 1 milyardı və ya qlobal iqtisadiyyatın ən azı 30 faizi bu müharibənin girovuna çevrilib.
Bu gərginlik fonunda indi ən çox müzakirə edilən məsələ enerji resurslarının qiymətinin baha olmasıdır. Məlumdur ki, enerji qiymətləri iqtisadiyyatın bütün sahələrinə təsir göstərir. Ancaq unutmayaq ki, bundan da dəhşətlisi ərzaq böhranıdır. Dünyanın buğda, qarğıdalı və duru yağlara olan tələbatının 30 faizə qədərini Rusiya ilə Ukrayna təmin edir. Digər tərəfdən, kənd təsərrüfatı üçün zəruri olan gübrələrin ən böyük ixracatçılarından biri Rusiyadır. Üstəlik Körfəz ölkələrinin də dünyanın gübrəyə olan ehtiyacının ödənilməsində az payı yoxdur. Hazırda Hörmüz boğazında baş verən proseslər üzündən dünya bazarına gübrə ixracı ən aşağı səviyyəyə düşüb. Bu da sözsüz ki, qlobal səviyyədə məhsul istehsalının aşağı düşməsinə səbəb olacaq. Onsuz da son illər dünyada baş verən quraqlıq nəticəsində buğda istehsalı xeyli azalıb. Belə davam edərsə, yaxın aylarda dünya buğda qıtlığı ilə üzləşə bilər.
Mütəxəssislərin hesablamalarına görə, müharibə nəticəsində İran iqtisadiyyatına dəyən zərər 500 milyard dollardan çoxdur. Ümumilikdə Körfəz müharibəsinin başlamasından bəri qlobal iqtisadiyyata dəyən ziyanın 2 trilyon dollardan çox olduğu bildirilir. Bunun üzərinə Rusiya ilə Ukrayna müharibəsinin iqtisadiyyata vurduğu ziyan da əlavə edilərsə, acınacaqlı bir mənzərənin şahidi olarıq.
Rüstəm KAMAL,
"Azərbaycan"