İqlim dəyişikliyi sağlamlığa həm birbaşa, həm də dolayı yolla təsir göstərir. Havanın temperaturunun yüksəlməsi istilik vurması, susuzlaşma, ürək-damar və tənəffüs sistemi xəstəliklərinin ağırlaşması riskini artırır. Eyni zamanda, ekstremal hava hadisələri, hava çirklənməsi, su və qida təhlükəsizliyi ilə bağlı problemlər əhalinin sağlamlığına mənfi təsir edir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının dosenti Nərminə Göyüşova deyib.
Nərminə Göyüşovanın sözlərinə görə, iqlim dəyişikliyinin sağlamlığa təsiri təkcə istilik dalğaları ilə məhdudlaşmır. Havanın çirklənməsi, daşqınlar, quraqlıq, meşə yanğınları, su və qida təhlükəsizliyinin pozulması, həmçinin yoluxucu xəstəliklərin yayılma arealının genişlənməsi ictimai sağlamlıq üçün əlavə risklər yaradır. Eyni zamanda, ürək-damar, tənəffüs sistemi və psixi sağlamlıq problemlərinin artması səhiyyə sistemləri üzərində yükü daha da artırır: “İqlim dəyişikliyinə daha çox məruz qalan həssas qruplar uşaqlar, yaşlı insanlar, hamilə qadınlar, xroniki xəstəlikləri olan şəxslər və açıq havada çalışan insanlardır. Həmin qruplarda yüksək temperaturun və hava çirklənməsinin təsirləri daha ağır müşahidə oluna bilər. Həmçinin iqlim dəyişikliyi yoluxucu xəstəliklərin yayılmasına da təsir edərək, temperaturun və yağıntı rejiminin dəyişməsi ilə bəzi həşəratların və xəstəlik daşıyıcılarının yayılma arealını genişləndirə bilər. Bundan əlavə, sel və daşqınlar içməli su mənbələrinin çirklənməsinə səbəb olaraq, su mənşəli infeksiyaların yaranma riskini artırır”.
Qeyd edək ki, Nərminə Göyüşovanın fikirləri ilə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.