XXI əsr yeni geosiyasi reallıqların formalaşdığı mürəkkəb bir mərhələyə qədəm qoyub. Qlobal güc mərkəzləri arasında rəqabət kəskinləşir, iqtisadi maraqlar siyasi qərarlara əvvəlkindən daha çox təsir göstərir, enerji və nəqliyyat marşrutları dövlətlərin təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilir. Bir vaxtlar iqtisadi layihə kimi nəzərdən keçirilən dəhlizlər bu gün geosiyasi çəkisi olan strateji arteriyalarla əvəz olunur.
Dünya siyasətində yeni reallıq budur - artıq hər bir ölkənin gücü yalnız hərbi potensialla deyil, onun yerləşdiyi coğrafiyanın imkanları, enerji resursları, nəqliyyat bağlantıları, iqtisadi tərəfdaşlıqları və diplomatik manevr qabiliyyəti ilə də ölçülür. Yaranmış bu şəraitdə Cənubi Qafqazın əhəmiyyəti də yüksək dərəcədə artıb. Avropa ilə Asiyanı birləşdirən yolların yenidən qurulduğu, enerji təhlükəsizliyinin prioritetə çevrildiyi, ənənəvi təchizat zəncirlərinin şaxələndirildiyi bir dövrdə Azərbaycan, Ermənistan və Gürcüstanın yerləşdiyi coğrafiya təkcə regional məsələ deyil. Cənubi Qafqaz Xəzər hövzəsini Avropa ilə, türk dünyasını qərblə, "Şimal-Cənub" və "Şərq-Qərb" marşrutlarını bir-biri ilə əlaqələndirən mühüm məkan kimi yeni geosiyasi dəyər qazanır. Bu coğrafiyanın qarşısında uzun müddətdir süni surətdə yaradılmış maneə nəticəsində böyük iqtisadi və nəqliyyat potensialına malik region siyasi parçalanma, münaqişə və qarşılıqlı etimadsızlıq səbəbindən öz imkanlarını tam reallaşdıra bilməyib.
Qarabağ münaqişəsi bunun ən ağır nümunəsi idi. 30 il davam edən işğal və nəticəsiz danışıqlar Cənubi Qafqazın inkişafının qarşısında yalnız siyasi deyil, həm də iqtisadi və kommunikasiya səddi yaratmışdı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi vəziyyəti kökündən dəyişdi. Azərbaycanın hərbi Zəfəri yalnız ərazi bütövlüyünün bərpası ilə nəticələnmədi, eyni zamanda Cənubi Qafqazda qüvvələr nisbətini dəyişərək regionun gələcək inkişafı üçün tamamilə yeni siyasi şərait yaratdı. 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticəsində ölkəmizin suverenliyinin tam bərpa edilməsi bu prosesin mühüm yekun mərhələsi oldu. Beləliklə, uzun illər regionun gələcəyini müəyyənləşdirən əsas problem artıq başqa məzmun aldı. Bakı hərbi üstünlüyü yeni qarşıdurmaların başlanğıcına deyil, sülh və əməkdaşlığın təməl daşına çevirmək xəttini seçdi. Azərbaycanın sülh gündəliyinin mahiyyəti də bundan ibarətdir - keçmiş münaqişənin səhifəsini bağlamaq, dövlətlərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyi, sərhədlərin qarşılıqlı tanındığı, kommunikasiya xətlərinin açıldığı və iqtisadi maraqların qarşıdurmanı əvəz etdiyi yeni regional düzən yaratmaq.
Prezident İlham Əliyevin Şuşada keçirilən IV Qlobal Media Forumunda səsləndirdiyi bir fikir bu yanaşmanın mahiyyətini olduqca dəqiq ifadə edir: "Cənubi Qafqaz sülh, qarşılıqlı fəaliyyət regionu olmalı və geosiyasi rəqabətdən mümkün qədər azad olmalıdır". Bu tezis təkcə siyasi çağırış olmaqla yanaşı, həm də regionun gələcəyinə dair strateji baxışdır. Çünki Cənubi Qafqazın problemlərinin əsas səbəblərindən biri uzun illər onun ayrı-ayrı xarici güclərin rəqabət meydanı kimi qəbul edilməsi olub. Bu gün isə dəyişən reallıq region dövlətlərin öz maraqlarını daha müstəqil müəyyənləşdirməsini tələb edir.
Azərbaycanın yaratdığı yeni reallığın mühüm xüsusiyyətlərindən biri də geosiyasi rəqabətdə hansısa düşərgənin aləti olmamasıdır. Bakı müxtəlif güc mərkəzləri ilə münasibətlərində milli maraqları, suverenliyi və qarşılıqlı faydanı əsas götürür. Bunun nəticəsində bir tərəfdən Türkiyə ilə strateji müttəfiqliyini dərinləşdirir və Avropa ilə enerji və nəqliyyat əməkdaşlığını genişləndirir, digər tərəfdən Rusiya və İranla münasibətlərdə öz maraqlarını qoruyur, Mərkəzi Asiya və Türk Dövlətləri Təşkilatı ilə əlaqələrini gücləndirir. Bu çoxvektorlu siyasət Azərbaycanın regional çəkisinin artmasına xidmət edən başlıca amillərdir.
Bu mənzərədə Azərbaycan-Türkiyə müttəfiqliyinin ayrıca çəkisi var. Şuşa Bəyannaməsi ilə siyasi və təhlükəsizlik müstəvisində daha yüksək səviyyəyə qalxan bu münasibətlər iki dövlət arasındakı qardaşlıq əlaqələrindən daha geniş məna daşıyır. Enerji, müdafiə sənayesi, nəqliyyat, ticarət və regional təhlükəsizlik sahələrində əməkdaşlıq Bakı-Ankara tandemini Cənubi Qafqazın yeni geosiyasi düzəninin əsas dayaqlarından biri edib.
Azərbaycanın regional çəkisini artıran digər mühüm amil onun Avrasiya nəqliyyat və enerji xəritəsindəki mövqeyidir. Bakı-Tbilisi-Ceyhan, "Cənub qaz dəhlizi", Xəzər üzərindən keçən nəqliyyat bağlantıları və Orta dəhliz ölkəmizin coğrafi üstünlüyünü real siyasi-iqtisadi kapitala çevirir. Şərqdən qərbə gedən yüklərin alternativ marşrutlara ehtiyac duyduğu bir vaxtda Azərbaycan artıq, sadəcə, xəritədə yerləşən tranzit ölkə deyil, yeni bağlantıların formalaşmasına təsir göstərən əsas aktorlardan biridir. Burada Ermənistanın qarşısında da düzgün seçim etməsi qaçılmaz şəkildə ortaya çıxır. Yeni şərait İrəvanı ölkəmizlə münasibətlərin normallaşdırılmasına, qarşılıqlı suverenliyin tanınmasına və regionun iqtisadi imkanlarından yararlanmasına sövq edən daha real yanaşma tələb edir. Bu baxımdan sülh sazişi Azərbaycan və Ermənistan arasında hüquqi sənəd olmayacaq. Onun əsl tarixi əhəmiyyəti daha genişdir - bu saziş Cənubi Qafqazın siyasi fəlsəfəsini dəyişə, müharibə ehtimalını əməkdaşlıq imkanları ilə əvəz edə bilər. Sərhədlərin tanınması və qarşılıqlı suverenliyin qəbul edilməsi siyasi sabitliyin hüquqi əsasını yaradacaqsa, nəqliyyat əlaqələrinin açılması həmin siyasi razılaşmanı iqtisadi məzmuna çevirəcək. Elə bu səbəbdən də Zəngəzur istiqamətində kommunikasiyaların açılması məsələsi, sadəcə, bir nəqliyyat layihəsi kimi qiymətləndirilə bilməz. Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında bağlantının təmin olunması Türkiyə ilə Azərbaycanı daha sıx birləşdirəcək, Xəzər hövzəsi və Mərkəzi Asiya ilə əlaqələri gücləndirəcək, Orta dəhlizin imkanlarını genişləndirəcək. Başqa sözlə, sülh sazişinin ən böyük nəticələrindən biri siyasi xəritədə görünməyən, lakin iqtisadi həyatı kökündən dəyişə biləcək yeni bağlantıların meydana çıxmasıdır.
Bu gün Cənubi Qafqazın qarşısında tarixi seçim dayanır - region yenidən geosiyasi rəqabətin sərt toqquşma xəttinə, yoxsa öz coğrafiyasının yaratdığı imkanlardan istifadə edərək sülh, nəqliyyat, enerji və iqtisadi əməkdaşlıq məkanına çevriləcək? Azərbaycanın irəli sürdüyü sülh gündəliyi ikinci istiqamətə aparan yolun siyasi əsaslarını artıq ortaya qoyub. İndi əsas məsələ bu yeni reallığın bütün region dövlətləri tərəfindən nə dərəcədə düzgün qiymətləndiriləcəyidir. Bu şəraitdə Azərbaycanın sülh təşəbbüsünün məzmunu xüsusi anlaşılır. Bakı sülhü yalnız iki ölkə arasında münasibətlərin normallaşmasından savayı, həmçinin bütün regionun gələcəyinə təsir edəcək daha geniş proses kimi nəzərdən keçirir. Siyasi razılaşma sərhəddə sabitlik yaradacaqsa, açılan yollar həmin sabitliyi iqtisadi dividendlərə çevirəcək, ölkələr arasında iqtisadi əlaqələr gücləndikcə isə yeni müharibəyə başlamağın həm siyasi, həm də iqtisadi zərərini tərəflər daha düzgün qiymətləndirə biləcəklər. Beləliklə, sülh özünü qoruyan bir sistemə çevriləcək.
Bu sistemin mühüm dayaqlarından biri nəqliyyat bağlantılarının bərpasıdır. Zəngəzur istiqamətində kommunikasiyaların açılması Azərbaycan üçün Naxçıvanla birbaşa əlaqənin gücləndirilməsi deməkdirsə, daha geniş miqyasda bu, Türkiyə ilə Xəzər hövzəsi və Mərkəzi Asiya arasında yeni bağlantının yaranması anlamına gəlir. Burada söhbət yalnız bir yolun çəkilməsindən getmir, eləcə də Avrasiyanın nəqliyyat xəritəsində yeni bir xəttin formalaşmasından gedir.
Orta dəhlizin əhəmiyyəti də məhz burada üzə çıxır. Qlobal ticarət yollarının şaxələndirildiyi, ənənəvi marşrutların siyasi risklərlə üzləşdiyi bir vaxtda Xəzər üzərindən keçən "Şərq-Qərb" bağlantısı Azərbaycanı daha böyük iqtisadi sistemin mühüm halqasına çevirir. Zəngəzur bağlantısının Orta dəhlizlə tamamlanması isə Türkiyədən Azərbaycan ərazisi ilə Xəzərə, oradan Mərkəzi Asiyaya uzanan xəttin səmərəliliyini artıra bilər. Bunun nəticəsində Azərbaycan təkcə enerji ixracatçısı yox, həm də Avrasiya ticarətinin mühüm tranzit mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirə bilər.
Burada enerji amili də xüsusi yer tutur. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşlardandır. "Cənub qaz dəhlizi" ilə yanaşı, bərpaolunan enerji potensialının inkişafı Xəzər regionunun Avropaya enerji bağlantısında Azərbaycanın rolunu daha da genişləndirə bilər. Belə bir şəraitdə Cənubi Qafqazın sabitliyi enerji təhlükəsizliyində maraqlı olan daha geniş coğrafiyanın strateji marağına daxil olur. Bütün bunlar Azərbaycanın 2020-ci ildən sonrakı siyasətinin mühüm xüsusiyyətini göstərir - hərbi qələbə siyasi məqsədə, siyasi nəticə isə iqtisadi və kommunikasiya üstünlüyünə çevrilir.
Bu mərhələdə Ermənistanın qarşısında da tarixi seçim dayanır. Ölkə ya Cənubi Qafqazın yeni iqtisadi xəritəsinə qoşularaq qonşuları ilə münasibətlərini normallaşdıracaq, ya da köhnə geosiyasi təsəvvürlərin yaratdığı təcrid və asılılıq dövrünü uzadacaq. Ermənistanın Avropaya yaxınlaşmaq cəhdləri, Rusiya ilə münasibətlərində yaranan ziddiyyətlər və regional kommunikasiyaların gələcəyi ilə bağlı müzakirələr göstərir ki, İrəvan öz xarici siyasətinin əvvəlki vərdişlərini yenidən qiymətləndirməli olduğu mərhələyə daxil olub.
Buradan belə nəticəyə gəlmək olur ki, artıq Cənubi Qafqazda heç bir xarici güc əvvəlki təsir mexanizmləri ilə regiona yanaşa bilməz. Yeni reallıq daha çoxsaylı aktorların iştirak etdiyi, Azərbaycan və Türkiyənin, Avropa İttifaqının, Rusiyanın, İranın, ABŞ-nin və digər tərəflərin maraqlarının kəsişdiyi mürəkkəb bir siyasi məkan formalaşdırır. Bu reallıqda region dövlətlərin öz milli maraqlarını qorumaq qabiliyyəti daha böyük əhəmiyyət qazanır.
Elə Azərbaycanın həyata keçirdiyi siyasi xəttin əsas üstünlüyü də məhz burada üzə çıxır. Bakı Cənubi Qafqazın hər hansı güc mərkəzinin rəqabət meydanına çevrilməsini deyil, region ölkələrin öz aralarında əməkdaşlıq edə bildiyi bir məkan olmasını müdafiə edir. Prezident İlham Əliyevin "Cənubi Qafqaz sülh, qarşılıqlı fəaliyyət regionu olmalı və geosiyasi rəqabətdən mümkün qədər azad olmalıdır" fikri bu baxımdan həm çağırış, həm də gələcəyə hesablanmış siyasi konsepsiyadır. Bu konsepsiyanın həyata keçməsi üçün regionda yeni əməkdaşlıq mexanizmlərinə ciddi ehtiyac var. Azərbaycan, Ermənistan və Gürcüstanın, eləcə də regionun digər qonşularının iqtisadi və nəqliyyat layihələrində iştirakının genişlənməsi Cənubi Qafqazı ayrı-ayrı geosiyasi blokların sərhəd zonası olmaqdan çıxarıb qarşılıqlı maraqların birləşdiyi məkana çevirə bilər. Azərbaycan rəhbərliyinin regionun problemlərinin regional dövlətlərin iştirakı ilə həllinə verdiyi önəm də məhz bu yanaşmadan qaynaqlanır. Əgər sülh sazişi tam hüquqi və siyasi nəticəyə çevrilərsə, onun təsiri Bakı ilə İrəvan arasındakı münasibətlərdən daha çox kənara çıxacaq. Qarşılıqlı sərhədlərin tanınması təhlükəsizlik mühitini dəyişəcək, kommunikasiyaların açılması iqtisadi xəritəni yeniləyəcək, enerji və nəqliyyat layihələri Azərbaycanın strateji əhəmiyyətini artıracaq, Ermənistanın regional sistemə inteqrasiyası isə yeni iqtisadi imkanlar yaradacaq. Türkiyə-Azərbaycan bağlantısı daha da möhkəmlənəcək, Mərkəzi Asiyanın Avropa ilə əlaqələri üçün yeni imkanlar yaranacaq.
Cənubi Qafqazın gələcəyi məhz bu seçimdən asılıdır: keçmişin münaqişə, yaxud gələcəyin əməkdaşlıq xəritəsi. Azərbaycanın irəli sürdüyü Sülh Gündəliyi ikinci yolu göstərir. Bu yolun reallaşması isə regionun bütün dövlətlərinə yeni imkanlar açmaqla yanaşı, Cənubi Qafqazı Avrasiyanın qarşıdurma xəttindən əməkdaşlıq və bağlantı məkanına çevirmək potensialına malikdir.
Elşən QƏNİYEV,
"Azərbaycan"