Vətən müharibəsində qazanılan tarixi Zəfər regionda yeni reallıqlar yaratmaqla yanaşı, illərdir ürəklərimizdə qubar etmiş arzularımızın həyata keçirilməsi istiqamətində də mühüm mərhələnin əsasını qoydu. Məhz tarixi Zəfərdən sonra Qərbi Azərbaycana qayıdış məsələsi daha geniş müstəvidə aktuallaşdı, tarixi, hüquqi və humanitar aspektləri ilə dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi ön plana çıxdı.
Əsrlər boyu azərbaycanlıların yaşayıb-yaratdıqları doğma yurd yerlərinə qayıdış ideyası bu gün dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq gündəmdə saxlanılır. 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşən Prezident İlham Əliyev demişdir: "Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar... Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq".
XIX əsrin əvvəllərindən başlayaraq erməni şovinistləri düşünülmüş, məqsədyönlü şəkildə azərbaycanlıları öz tarixi torpaqlarından, ata-baba yurdlarından didərgin salmış, əmlaklarını talamış, evlərini yandırmış, özlərinə divan tutaraq deportasiya etmişlər. Erməni vandalları bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı, yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar. Prezident İlham Əliyev bu barədə demişdir: "Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi 1905, 1918-ci illərdə Azərbaycan əhalisini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir".
Müsahibim - əslən Göyçə mahalının Bala Məzrə kəndindən olan Amin Cəfərov dedi: "Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun İkinci Qarabağ müharibəsində qələbə qazanması qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdacaqlarına ümidlərini birəbeş artırıb. Mənim böya-başa çatdığım Basarkeçər rayonu 1922-ci ilə qədər Azərbaycanın tərkibində olub. Göyçə gölünün ətrafında bir neçə rayon yerləşsə də, yalnız Basarkeçər Göyçə sayılırdı. Burada azərbaycanlılar kompakt yaşayırdılar. Bu səfalı mahalın əsrarəngiz və füsunkar təbiəti, bərəkətli torpaqları, yaşıl yamacları, ecazkar yaylaqları, buzlu bulaqları, nadir qızıl balıqları, min bir dərdin dərmanı olan bitkiləri hər kəsi məftun edirdi. Göyçə gölündən 3-4 kilometr məsafədə yerləşən Bala Məzrə kəndi müasirliyi, əhalisinin zəhmətsevərliyi, təhsilə xüsusi önəm verməsi ilə seçilirdi. Kəndimizin gəncləri təhsil almaq, peşəkar mütəxəssis olmağa çox meyilli idilər. İstər gənclər, istərsə valideynlər tərəfindən təhsilə qayğı və tələb yüksək səviyyədə idi. Müəllimlər tələbkar, habelə məsuliyyətli idilər. Məhz bunun nəticəsi idi ki, hər il məzunların 97-98 faizi müxtəlif ali məktəblərə qəbul olunurdular. Bu il Qərbi Azərbaycan İcmasının dəstəyi ilə Bala Məzrə kənd orta məktəbinin 100 illiyini keçirmək niyyətindəyik. Bunun üçün arxiv sənədləri əsasında texniki işlər görülür, kitablar, bukletlər hazırlanır".
Müsahibim bildirdi ki, ötən əsrin 80-ci illərindən başlayaraq ermənilər azərbaycanlıları sıxışdırmağa başladılar: "Rayonda rəhbər vəzifələrdə işləyən azərbaycanlıları zorla, yaxud müxtəlif yollarla ləkələməklə işdən çıxarır, yerinə qatı şovinist erməniləri təyin edirdilər. Paralel olaraq, xarici ölkələrdən - Kipr, Misir, Suriya, İran, ABŞ, Türkiyə, Uruqvay və Argentinadan olan erməniləri bölgələrdə yerləşdirməyə başladılar. 1988-ci il fevralın 20-də keçmiş DQMV-nin Xalq Deputatları Soveti "Dağlıq Qarabağın Azərbaycan SSR-nin tərkibindən çıxarılaraq, Ermənistan SSR-nin inzibati-ərazi bölgüsünə daxil edilməsi haqqında" qərar qəbul etməsi millətlərarası münasibətləri daha da kəskinləşdirdi. Ermənistan siyasi və dini dairələrinin bu mənfur addımlarından sonra erməni şovinistləri, hər yerdə olduğu kimi, Göyçədə də açıq hərbi təcavüzə cəhd göstərdilər. 1988-ci il iyunun 15-də Göyçə mahalında azərbaycanlılar ermənilərin özbaşınalıqlarına qarşı etiraz səslərini qaldırdılar. Əfsuslar ki, ovaxtkı səriştəsiz Azərbaycan rəhbərliyinə müraciət edilsə də, heç bir nəticəsi olmadı. Yeganə çarəmiz özümüzü, ailəmizi, qohum-əqrəbamızı qorumaq üçün gecə-gündüz ayıq-sayıq dayanmaq idi.
Onu da deyim ki, ermənilər məqsədyönlü olaraq kənddə yaraşıqlı, böyük evlərin tikilməsinə mane olmurdular. Bu baxımdan kənddə yaşamaq üçün hər bir şərait yaradılmışdı. Nə biləydik ki, xain, xəbis qonşular gizli plan hazırlayıb bizləri vətəndən didərgin salacaqlar.
Basarkeçərin bütün kəndlərində olduğu kimi, bizim kəndin sakinləri də haqlı tələblərlə mitinqlərdə iştirak edirdilər. Həmin günlər rayonda bir erməni də qalmamış, qorxudan İrəvana qaçmışdılar. Biz dədə-baba yurdumuzdan, torpaqlarımızdan çıxmaq istəmir, Bakıdan dəstək gözləyirdik. Bizi köməksiz görən ermənilər çox harınladılar. Evlərə soxulur, yolları kəsir, rayon mərkəzinə gedənləri döyür, daşa basırdılar. Rayon rəhbərliyi də erməni idi. Kəndlilərə xəbər göndərirdi ki, Göyçədən çıxın, yoxsa hamınız qırılacaqsınız. Ermənilər azğınlaşır, bizim sıralarımız isə seyrəlirdi. Dəstək olmadığından müqavimətimiz də uzun müddət davam edə bilmədi. Beləcə, Göyçədən kütləvi köç başladı. 350-dən çox yaşayış məntəqəsindən 250 min azərbaycanlı, 85 min Azərbaycan kürdü qovuldu.
1988-ci il noyabr ayının sonu, dekabrın əvvəli idi. Şaxtalı, boranlı havada minlərlə ailə evini, yurdunu tərk etməli oldu. Nə qədər uşaq yolda şaxtadan dondu. Ermənilərin mərkəzi yolu bağladığından Kəlbəcər yolu ilə hərəkət edilirdi. Beləliklə, ürəyimizi, əmlakımızı Göyçədə qoyub min bir əziyyətlə Gəncəyə pənah gətirdik. Bu şəhər minlərlə ailəyə qucaq açdı. Gəncədə məskunlaşdıq. Amma Göyçə həsrəti, niskili ilə yaşayırıq. Açığını desək, əvvəllər Göyçəyə qayıdacağımıza ümidimiz yox idi. Amma bu gün var. Qalib Prezidentimizin dediyi kimi, işğaldan azad olunan kəndlərin sakinləri indi doğma yurdlarında yaşayırlar. Oranı heç vaxt görməyən uşaqlar belə ata yurdlarına qayıdıblar.
Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Əfsuslar olsun ki, ermənilər Göyçə mahalında olduğu kimi, hər yerdə bizim bütün tarixi, dini abidələrimizi yerlə yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər. Bütün dünyaya məlumdur ki, Qərbi Azərbaycanın bütün kəndlərinin, obalarının, çaylarının, göllərinin, dağlarının, dərələrinin və s. adları Azərbaycan mənşəlidir, ermənilərin burada bir qarış yeri və torpağı olmayıb. Görünən odur ki, icma bu işləri daha məqsədyönlü şəkildə aparır. Biz, azərbaycanlılar, o torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Qərbi Azərbaycana qayıdış zamanın, haqqın-ədalətin tələbidir. Əminəm ki, Göyçəmizə qayıdacağıq. Bu sözlər hər bir qərbi azərbaycanlının illərlə ürəyində yaşatdığı istəkdir".
Rəhman SALMANLI,
"Azərbaycan"