Uca dağların zirvəsində məskən salan Lerik təbii gözəlliyi ilə adamın könlünü, gözünü oxşayır. Bu yerlərin insanları da havası kimi təmiz, suları kimi duru və bir də səmimi, mehriban və qonaqpərvərdirlər. Lerikə yolu düşən hər kəs yalnız bu yerlərin torpağını, təbiətini deyil, insanlarının isti münasibətini də bir ömür yaddaşına yazır.
Lerikə səfərimizin məqsədi yalnız təbiətin gözəlliklərini seyr etməklə bitmirdi. Bu dağların qoynunda milli sənətimizi yaşadan, ağaca nəfəs, musiqi alətlərinə ruh verən Əfrəddin Şahiyevin sənətinə olan maraq gətirmişdi bizi Lerikə. Əfrəddin usta bizi həyətində qarşıladı. Ağlımızdan belə keçmirdi ki, bir azdan samovarın zümzüməsi ilə balabanın kövrək səsi bir-birinə qoşulub Lerik dağlarına yayılacaq.
Əfrəddin Şahiyev 1961-ci ildə Lerikdə dünyaya göz açıb. Onun sənət yolu ailədən başlayıb. Uşaqlıq xatirələrini yada salaraq deyir: "Gözümü açıb evimizdə musiqi səsi eşitmişəm. Atam regionda məşhur zurna-balaban ifaçısı olub. Təkcə Lerikdə yox, cənub bölgəsinin əksər toylarını atam edərdi. O zaman mən də klarnet ifaçısı kimi atamla toylara gedərdim. Amma hiss edirdim ki, musiqi aləti kimi zurnanın imkanları daha genişdir. Beləcə, klarneti zurna-balabanla əvəz etməli oldum".
Əfrəddinin atası Xanış kişini Azərbaycanda tanımayan az adam olar. Çoban Xanış Ulu Öndəri özünə dost bilərdi. Amma sən demə, o, həm də tanınan zurna ustası və ifaçısı imiş. Atasından qalan dəzgahlar bu gün də Əfrəddin ustanın emalatxanasında onun sənət yolunun canlı şahidləridir. Əfrəddin deyir ki, özü də uşaqlıqdan musiqi aləti hazırlamağa maraq göstərib. İlk əl işinin uğurlu alınması onun həyatında dönüş yaradıb. "Düzəltdiyim zurna Bakıda sənət xiridarlarının əlinə düşmüşdü. İşimi bəyənən sənətkarlar buraya gəlib mənə xeyir-dua verdilər", - deyə Əfrəddin usta bildirir. Bu əhvalatdan sonra Əfrəddin ifaçılıqdan çox əsasən sənətkarlıqla məşğul olmağa başlayıb.
Bu gün onun emalatxanasına daxil olanda keçmişlə bu günün yanaşı yaşadığını görürsən. Sahibinin əlinin toxunuşunu gözləyən zurna, balaban, ney və tütəklər, hazırlanmaq üçün seçilmiş ərik ağacları, ebonit materiallar, müxtəlif dəzgah və alətlər burada böyük bir sənət dünyasının mənzərəsini yaradır. Emalatxanada ağac, sadəcə, taxta parçası deyil, gələcəkdə nəfəs alacaq, danışacaq, xalqın musiqisini səsləndirəcək alətdir.
Əfrəddin ustanın sənət sevgisinin kökləri daha qədimlərə gedib çıxır. Lerikdə vaxtilə böyük sənətkar kimi tanınan Sahil Quliyev onun atasının da ustadı olub. Əfrəddin usta onu Azərbaycanın misilsiz zurna ustalarından biri kimi xatırlayır. Atasından qalan, 100 ildən artıq yaşı olduğu deyilən zurnanı isə bu sənət məktəbinin canlı yadigarı kimi indi də qoruyur.
Bir əsrdən artıq yaşı olan həmin zurna ilə Əfrəddin ustanın hazırladığı yeni zurnalar arasında görünməz bir bağ var. Biri keçmişdən xəbər verir, digərləri isə gələcəkdən. Usta özü də bu sənətin yaşamasını istəyir. Çünki onun üçün hazırladığı hər zurna, hər balaban ululardan qalan sənətin davamıdır.
Əfrəddin usta deyir ki, musiqi aləti hazırlamaq həm ustalıq, həm də zərgər dəqiqliyi tələb edir. Zurna və balaban əsasən cır ərik ağacından hazırlanır. Amma hər ərik ağacı da alət üçün yararlı deyil. Ağacın kəsilməsinin də öz vaxtı var. Ağac dekabr-yanvar aylarında, suyu çəkiləndə kəsilməli, gövdəsi sağlam və diametri kifayət qədər böyük olmalıdır. "Budaqdan alət hazırlamazlar. Ağacın əyilməsi, partlaması var. İçərisində gözlə görünməyən kiçik bir çat olsa, həmin alət düzgün səs verməz. Ona görə ağacı da tanımaq lazımdır".
Ustanın bu sözlərində sənətin uzun illərin təcrübəsi ilə yoğrulduğu hiss olunur. O, hazırladığı alətin hər detalına özü nəzarət edir. Klarnetin üst hissəsini gümüşdən hazırlayır, materialı kəsir, qəlibə salır. Cüzi bir səhv alətin səsinə təsir göstərə bilər. Balabanlarda müəyyən dəyişikliklər edən usta deyir ki, bəzi alətlərə əlavə pərdələr qoyur. Klarneti ebonitdən, zurna və balabanı isə uyğun ərik ağacından hazırlayır. Keçmişdə zurnaçılar aləti tez-tez sulamalı olurdular. Əfrəddin usta bu problemi həll edib. Zurnanın əsas hissəsini birləşdirən keçidi ebonitdən hazırlamaqla ağacın qurumasından yaranan boşluğu aradan qaldırıb.
Bu zəhmətin nəticəsi isə yalnız Lerikdə eşidilmir. Əfrəddin usta fəxrlə deyir: "Xoşbəxt sənətkaram ki, mənim düzəltdiyim zurnanın, balabanın səsi xarici ölkələrdən gəlir. Fransadan, Amerikadan, İsraildən, İngiltərədən, Almaniyadan, Rusiyadan, Qazaxıstandan, Özbəkistandan və başqa yerlərdən sifarişlər almışam. Telefonumun yaddaşında düzəltdiyim alətlərin müxtəlif ölkələrdən olan ifaçıların səsləndirdiyi musiqilər var".
Bir fransız ifaçının qara zurnada ifasını dinlədərkən Əfrəddin usta həmin alətin səsinin necə gözəl səsləndiyini göstərir. Sonra isə fikrini bizimlə bölüşür: "Zurnadır, balabandır - bunlar təmiz Azərbaycan xalqına aid musiqi alətləridir. Ermənilər bizim balabanı özlərinə çıxarmaq istəyirlər. Hələ özlərinə yaraşan bir ad da uydurublar - duduk. Bu, qəti belə deyil. Balaban Azərbaycan xalqına aid musiqi alətidir. Nə qədər erməni balaban ifaçısı varsa, araşdırsan onun Cənubi Qafqazla bağlılığı var. Yəni bizdə görüb, götürüblər".
Söhbətin bu məqamında ustanın hazırladığı yastı balabanı əlinə alması və "Sarı gəlin"i səsləndirməsi söhbətin başqa bir məcraya keçməsinə səbəb olur. Balabanın kövrək səsi emalatxananın divarlarından süzülüb Lerik dağlarına yayılır. Alət ustanın əlində sanki dil açıb danışırdı. "Sənətkar gərək ifa etdiyi alətin dilini bilsin. Mən düzəltdiyim alətlərin dilini bilirəm. "Sarı gəlin"i də təsadüfən ifa etmədim. Ermənilər həm bizim "Sarı gəlin"ə, həm də balabanımıza iddia edirlər. Gəlsin bir erməni Lerikdən bir addım kənara çıxmayan Əfrəddin kimi bu aləti danışdırsın görüm necə danışdırır?! Bunu bacarmaq üçün adamın canında və müsiqi alətində, eləcə də müsiqidə milli ruh olmalıdır. İfa ilə sənətkarlıq bir-birindən ayrılmır. Aləti hazırlayan usta onun səsini duymalı, ifa edən sənətkar isə həmin səsin mahiyyətini bilməlidir" - deyə usta bildirir.
Bu gün Əfrəddin ustanın hazırladığı alətlərə Azərbaycanın müxtəlif bölgələrində də böyük maraq var. Qazax, Tovuz, Ağstafa və başqa rayonlardan ustad vaxtaşırı sifarişlər alır. Bəzən sifarişləri vaxtında çatdırmaq üçün gecə-gündüz işləməli olur. Amma onun ən böyük narahatlığı sənətinin davamçısının yoxluğudur.
- Çox təəssüf edirəm ki, bu sənəti yaşadan ustalar daha yoxdur. Nə qədər qohum-qardaşa dedim ki, bu dədə-baba sənətini yaşadan bir yetirməm olsun. Vallah, çörəkli sənətdir, amma gənclərdən gələn olmadı", - deyə usta bildirir. Və əlavə edir ki, bir vaxtlar qardaşı oğullarından birini bu sənətə yönəltməyə çalışıb, hətta onu Lənkəran musiqi məktəbinin balaban ixtisasına qoyublar. Ancaq o da sənətin ardınca getməyib. Beləcə, bir sənətin bütün ağırlığı bu gün bir ustanın çiyinlərində qalır.
Əfrəddin Şahiyevin sənəti yalnız ağacdan musiqi aləti hazırlamaqla məhdudlaşmır. Onun üçün zurna və balaban milli yaddaşın, mənəvi ruhun ifadəsidir.
- Zurnanın, balabanın səsi mənim üçün millətimin harayı, Azərbaycan milli-mənəvi ruhunun səsidir, qəhrəmanlığa çağırışdır. Bu səsdə xalqımızın tarixi yaddaşı yaşayır. İnsan gərək Vətəni qədər də tarixini sevə", - deyə o bildirir.
Birinci Qarabağ müharibəsində qardaşı Camal, İkinci Qarabağ savaşında isə qardaşı Tahirin iki oğlu - Altay və Elgün şəhid olublar. Bu da Əfrəddin ustanın sözləridir: "Zurna mənim üçün həm də bir silahdır. Onun səsi döyüşə, qəhrəmanlığa çağırışdır. Mənə görə zurnanın səsində Vətən sevgisi, şəhidlərin xatirəsi, xalqın mübarizə ruhu var. 2020-ci il sentyabrın 27-si Vətən müharibəsi başlayan gün Prezidentin xalqa müraciətini dinləyib zurnanı aldım əlimə, başladım "Cəngi"çala-çala şəhərə tərəf getməyə. İnanın, özümü döyüş meydanında hiss edirdim. "Cəngi"nin səsi dağlarda əks-səda verirdi. İgidlərimizi döyüşə çağırırdım. Özümdən asılı olmayan hiss idi bu".
Əfrəddin Şahiyev üç övlad atasıdır. Qızı və bir oğlu Bakıda riyaziyyat müəllimi işləyirlər. Digər oğlu isə rayonda tanınmış baytardır.
Bu gün Lerikin sakit guşəsində, müxtəlif dəzgahların arasında bir usta ağacı cilalayır, deşir, ölçür və nəhayət, ona nəfəs verir. Bir azdan həmin alət sahibinin əlinə keçəcək və danışmağa başlayacaq. Samovarın zümzüməsi ilə qoşalaşan o səs Lerikin dağlarından keçib uzaqlara gedəcək. Əsas məsələ isə budur ki, bu səs heç bir zaman kəsilməsin. Çünki milli musiqi alətlərini yaşadan sənətkar yaşadıqca, o alətlərin səsində xalqın yaddaşı da yaşayacaq. Əfrəddin usta məhz bu yaddaşı yaşadanlardandır.
E.QƏNİYEV,
"Azərbaycan"