19 Avqust 2026 09:00
131
SİYASƏT
A- A+
Naxçıvanın yetirdiyi böyük şəxsiyyətlər

Naxçıvanın yetirdiyi böyük şəxsiyyətlər


"Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik. Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib".

İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan tarixini zənginləşdirən dəyərlər həm də Vətənin ayrı-ayrı bölgələrində yetişmiş böyük şəxsiyyətlərimizdir. Dünyanın qədim mədəniyyət mərkəzlərindən sayılan Naxçıvanın bu baxımdan özünəməxsus yeri var. Böyük sivilizasiya və dövlətçilik ənənələrinin beşiyi olan bu diyar tarixi abidələri ilə yanaşı, xalqımızın ictimai-siyasi və mədəni düşüncəsinə istiqamət vermiş parlaq simaları ilə də məşhurdur. 

Azərbaycan Atabəyləri - Eldəgizlər dövlətinin paytaxtı olmuş Naxçıvan Orta əsrlərdə mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən birinə çevrilmişdir. Burada Əcəmi Naxçıvani tərəfindən yaradılan memarlıq məktəbi Şərqin sənət tarixində dərin iz qoymuşdur. Sonrakı əsrlərdə isə Naxçıvan Azərbaycanın dövlətçilik tarixinə, ədəbiyyatına, maarifinə, hərb sənətinə, elminə Ümummilli Lider Heydər Əliyev kimi dahi şəxsiyyət, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Cəmşid Naxçıvanski, Yusif Məmmədəliyev kimi görkəmli simalar bəxş etmişdir. Bu şəxsiyyətlərin yaratdığı mükəmməl irs bir-birindən fərqli sahələri əhatə etsə də, hamısını birləşdirən ümumi cəhət Vətənə, xalqa, milli-mənəvi dəyərlərə xidmət ideyasıdır.


Naxçıvandan dövlətçilik zirvəsinə


Naxçıvanın Azərbaycana bəxş etdiyi şəxsiyyətlər sırasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin yeri müstəsnadır. Bu böyük dövlət adamının fəaliyyəti yalnız müəyyən bir istiqamətlə məhdudlaşmırdı. Ulu Öndər Azərbaycan dövlətçiliyinin inkişafının müxtəlif mərhələlərində siyasi lider, dövlət xadimi və milli ideyanın daşıyıcısı kimi mühüm rol oynayıb. Heydər Əliyevin siyasi irsi bu gün də Azərbaycanın tərəqqisinə xidmət edir.

Naxçıvan isə Heydər Əliyevin həyatında mənəvi-tarixi əhəmiyyət daşıyan məkandır. Ulu Öndər bu torpaqda doğulub, boya-başa çatıb, sadə bir azərbaycanlı ailəsindən dünyanın ən böyük imperiyasının ali rəhbərliyinə qədər zəngin və şərəfli yol keçib. Həmin imperiyanın çökməsi ərəfəsində - 1990-cı ildə Naxçıvana qayıdan Ulu Öndər burada Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizənin önündə oldu. Ümummilli Liderin Naxçıvan Ali Məclisindəki fəaliyyəti Azərbaycanın müstəqillik tarixinin mühüm səhifələrindən birinə çevrildi. Dövlətimizin ilk müstəqillik atributu - bayrağımız burada qəbul olundu. Məhz həmin mürəkkəb dövrdə Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi kimi qəbul edilməsi milli dövlətçilik düşüncəsinin mühüm ifadələrindən biri idi. Ümummilli Liderin Naxçıvandakı fəaliyyəti onun sonrakı siyasi kursunun da mühüm əsaslarını formalaşdırdı. Muxtar respublikada həyata keçirilən siyasi təşəbbüslər Azərbaycan dövlətçiliyinin bərpası və möhkəmləndirilməsi istiqamətində daha geniş proseslərin tərkib hissəsinə çevrildi. 

1993-cü ildə ölkənin çətin sınaqlar qarşısında olduğu zamanlarda Ulu Öndərin xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Heydər Əliyevin rəhbərliyi ilə dövlət institutlarının möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və milli dövlətçilik konsepsiyasının inkişafı istiqamətində mühüm addımlar atıldı.

Ulu Öndərin hər zaman müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası mənəvi inkişafımızın, Azərbaycanın əbədi müstəqilliyinin təminatçısına çevrildi. Onun müəyyən etdiyi azərbaycançılıq özündə iki təməl ideyanı birləşdirirdi: dövlətçilik və vətənpərvərlik. Azərbaycançılıq bir çox istiqamətlərdən ölkəmizə qarşı yönələn təhdidlərin, doğma yurdumuzu etnik bölgüçülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipərə çevrildi, onu zəhərli ideyalardan qorudu.

Azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsidir. Ulu Öndər çıxışlarında bir vacib məqamı daim nəzərə çatdırırdı: "Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir və biz bunu qoruyub saxlamalı, dünyaya ən yüksək səviyyədə təbliğ etməliyik".

Əlbəttə, hər bir ideologiyanın uğuru, ilk növbədə, onu irəli sürən düha sahibinin özünün göstərdiyi nümunədən asılıdır. Bu mənada Heydər Əliyev ən böyük azərbaycanlı idi. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" deyən Ulu Öndər yürütdüyü siyasətlə bütün dünya azərbaycanlılarının liderinə çevrilmiş, Yer üzündə yaşayan soydaşlarımızı vahid məqsəd ətrafında birləşdirmişdir. Heydər Əliyev hər zaman xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və perspektivlərini deyirdi. Ulu Öndər özü dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı uğurla yerinə yetirmiş, bu istiqamətdə mühüm addımlar atmışdır. 

Ümummilli Liderin strateji inkişaf kursunu əzmlə davam etdirərək dövlətimizi tarixinin ən qüdrətli mərhələsinə yetirmiş Prezident İlham Əliyev Ulu Öndərin azərbaycançılıq amalına sadiqdir. Ölkə rəhbəri qloballaşma dövründə bu ideologiyanı müasir çağırışlara uyğun daha da zənginləşdirmiş, azərbaycançılıq konsepsiyasını cəmiyyətin təkamülünün ideya əsasına çevirmişdir. Azərbaycan bu irs işığında gələcəyə doğru inamla irəliləyir, tarixinin mühüm nailiyyətlərinə imza atır.

Naxçıvanın yetirdiyi görkəmli şəxsiyyətlərdən Əcəmi Naxçıvani daşda əbədiləşən memarlıq əsərləri, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və digər ədəbiyyat adamları söz sənəti, Cəmşid Naxçıvanski hərb, Yusif Məmmədəliyev elm sahələrində böyük irs yaratmışlarsa, Heydər Əliyev də Azərbaycan kimi qüdrətli dövlətin təməlini qoymuşdur.


Daşlarda dil açan sənət və tarix


Naxçıvanın Azərbaycan mədəniyyətinə bəxş etdiyi böyük şəxsiyyətlərdən biri XII əsrdə yaşamış dahi memar Əcəmi Naxçıvanidir. Onun adı Azərbaycan memarlıq sənətinin inkişafında xüsusi mərhələ təşkil edir. Əcəminin yaratdığı Naxçıvan memarlıq məktəbi Orta əsr Şərq memarlığının ən parlaq nümunələrindən hesab olunur. Möminə xatun türbəsi kimi möhtəşəm abidələr onun həm sənətkarlıq qüdrətinin göstəricisi, həm də dövrün estetik dünyagörüşünün, riyazi düşüncəsinin və yüksək sənət zövqünün daşlaşmış ifadəsidir. 

Əcəmi Naxçıvani nümunəsi göstərir ki, bu diyarın Azərbaycana bəxş etdiyi böyük şəxsiyyətlər ən qədim dövrlərdən milli mədəniyyətimizin müxtəlif sahələrində necə misilsiz dəyərlər yaratmışlar. Onun adı ilə bağlı memarlıq məktəbi Naxçıvanın Orta əsrlərdəki yüksək mədəni səviyyəsinin qiymətli nişanəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvanın 100 illiyi ilə bağlı sərəncamında da Əcəmi Naxçıvaninin əsasını qoyduğu memarlıq məktəbinin Naxçıvanın tarixi-mədəni simasının formalaşmasındakı rolu xüsusi vurğulanmışdır. 

XIX əsrin sonu - XX əsrin əvvəllərində Naxçıvan yeni intellektual yüksəliş mərhələsinə qədəm qoydu. Bu dövrdə burada yetişən ziyalılar milli maarifçilik, mətbuat, ədəbiyyat və ictimai fikir tarixində mühüm rol oynadılar. Məhəmməd Tağı Sidqi, Məhəmməd ağa Şahtaxtlı, Eynəli bəy Sultanov kimi ziyalıların fəaliyyəti Naxçıvanda yeni düşüncə mühitinin formalaşmasına ciddi təsir göstərdi. Onların əsas məqsədlərindən biri xalqın maariflənməsi, təhsilin yayılması, milli özünüdərkin güclənməsi idi.

Bu mənada Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin irsində maarifçilik xüsusi xətt təşkil edir. Onlar cəmiyyətin dəyişməsi üçün ilk növbədə insanın düşüncəsinin dəyişməli olduğunu anlayırdılar. Məktəb, mətbuat, kitab, teatr və s. kimi vasitələr milli inkişafın əsas alətlərinə çevrilirdi.


Milli oyanışın böyük söz ustaları


Naxçıvanın Azərbaycan xalqına bəxş etdiyi ən böyük ədəbi şəxsiyyətlər sırasında şübhəsiz ki, Cəlil Məmmədquluzadənin xüsusi yeri var. Yazıçı, dramaturq və publisist kimi o, Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında müstəsna rol oynayıb. Mirzə Cəlilin yaradıcılığı milli özünüdərk, maarifçilik, cəhalətə və sosial ədalətsizliyə qarşı mübarizə ideyaları ilə səciyyələnir.

Cəlil Məmmədquluzadənin adı ilk növbədə "Molla Nəsrəddin" jurnalı ilə bağlıdır. Bu jurnal Azərbaycan ictimai fikrində yeni mərhələnin təməlini qoymuş, satira vasitəsilə cəmiyyətin ağrılı problemlərini geniş auditoriyaya çatdırmışdır. Görkəmli ədib bir-birindən dəyərli əsərləri ilə Azərbaycan cəmiyyətinin müxtəlif problemlərini böyük sənətkarlıqla əks etdirirdi. Onun yaradıcılığında milli dil, milli birlik və milli şüur məsələləri xüsusi əhəmiyyət daşıyırdı. Cəlil Məmmədquluzadənin Naxçıvanla bağlılığı isə təkcə onun burada doğulması ilə məhdudlaşmır. Naxçıvanın ictimai mühiti, insanları və həyat tərzi onun yaradıcılığının formalaşmasında mühüm rol oynamışdır. 

Bu diyarın yetirdiyi digər böyük şəxsiyyətlərdən biri də Hüseyn Caviddir. Görkəmli şair, dramaturq və mütəfəkkir Azərbaycan romantizminin böyük nümayəndələrindən biri olmaqla yaradıcılığında insan, azadlıq, məhəbbət, ədalət, xeyir və şər kimi ümumbəşəri mövzuları yüksək fəlsəfi səviyyədə ifadə edib. Cavidin "Şeyx Sənan", "İblis", "Peyğəmbər", "Səyavuş", "Topal Teymur" və s. kimi əsərləri Azərbaycan ədəbiyyatının klassik irsinin mühüm hissəsini təşkil edir. Cavidin yaradıcılığının aparıcı xüsusiyyəti milli düşüncə ilə ümumbəşəri ideyaların vəhdətidir. Hüseyn Cavidin taleyi isə XX əsrin repressiyalarının faciəsini özündə əks etdirir. Onun yaradıcılıq irsi uzun illər təzyiq altında qalsa da, son nəticədə öz həqiqi qiymətini aldı.

Ümummilli Lider Heydər Əliyevin Cavid irsinə münasibəti bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin nəşinin 1982-ci ildə Sibirdən Azərbaycana gətirilməsi və Naxçıvanda dəfn olunması mədəniyyət tariximizin ən təsirli hadisələrindəndir. Sonralar Naxçıvanda Hüseyn Cavid məqbərəsinin yaradılması da böyük şairin xatirəsinə dövlət səviyyəsində göstərilən ehtiramın ifadəsinə çevrildi.

Cavid irsi ilə Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi, bu mənəvi dəyərlər işığında Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə yetirmiş Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasəti arasında  mühüm mənəvi bağ var: biri Azərbaycan insanının mənəvi dünyasını söz və sənət vasitəsilə yüksəldir, digəri həmin milli-mənəvi dəyərləri dövlət səviyyəsində qoruyur, onun üzərində Azərbaycanın bu gününü və sabahını qurur, gələcək nəsillər üçün güclü, mükəmməl dövlətçilik irsi formalaşdırır. 

Naxçıvan torpağı Azərbaycan ədəbiyyatına böyük bir yazıçı və publisist - Məmməd Səid Ordubadini da bəxş edib. O, xüsusilə tarixi roman janrının inkişafında mühüm rol oynayıb. Ordubadinin "Dumanlı Təbriz", "Qılınc və qələm" kimi əsərləri tariximizin müxtəlif mərhələlərini bədii şəkildə canlandırmaqla yanaşı, milli yaddaşın qorunmasına xidmət edir. Naxçıvanın ədəbi mühiti və Ordubadın tarixi-mədəni atmosferi onun yaradıcılığının formalaşmasına ciddi təsir göstərib. Məmməd Səid Ordubadinin yaradıcılığının əhəmiyyəti ondadır ki, o, tarixi yalnız keçmiş haqqında məlumat kimi təqdim etmir. Tarixi hadisələri insan taleləri ilə birləşdirərək oxucunu milli keçmiş üzərində düşünməyə sövq edir.

Naxçıvanın yetişdirdiyi şəxsiyyətlər sırasında tanınmış hərbçilərimiz də var. Xüsusilə Naxçıvanskilər nəslinin Azərbaycan hərb tarixində mühüm xidmətləri olub. Bu nəslin nümayəndələri arasında Cəmşid Naxçıvanskinin adı hər zaman böyük ehtiramla çəkilir. Cəmşid Naxçıvanski Azərbaycanın milli hərbi kadrlarının formalaşması və peşəkar zabit ənənələrinin inkişafı baxımından mühüm xidmətlər göstərib. Onun adı ilə bağlı hərbi təhsil ənənəsi sonrakı nəsillərin yetişdirilməsində əhəmiyyətli rol oynayıb. 

Naxçıvanın yetirdiyi tarixi şəxsiyyətlərdən söhbət açarkən Azərbaycan və dünya elminə böyük töhfələr bəxş etmiş görkəmli alim, akademik Yusif Məmmədəliyevin adını çəkməmək olmaz. Kimya elminin inkişafı və Azərbaycanda bu sahədə elmi məktəbin formalaşması onun adı ilə bağlıdır. Yusif Məmmədəliyevin fəaliyyəti Naxçıvanın yetirdiyi şəxsiyyətlərin xidmətlərinin dünya elminə də böyük töhfələr verdiyini göstərir. 

Naxçıvanın Azərbaycana bəxş etdiyi şəxsiyyətlərin həyat və yaradıcılığına nəzər saldıqda maraqlı mənzərə ortaya çıxır. Onlar müxtəlif əsrlərdə, fərqli tarixi şəraitlərdə yaşayıb, ayrı-ayrı sahələrdə fəaliyyət göstərsələr də, bu şəxsiyyətləri ümumi mənəvi dəyərlər birləşdirir. Bu dəyər milli kimliyə bağlılıq, maarifçilik, dövlətçilik, Vətənə xidmət və tarixi yaddaşın qorunması ideyalarına sadiqlikdir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanın yetirdiyi böyük şəxsiyyətlər

09:00
19 Avqust

Yeni SES, yeni qəsəbə

08:50
19 Avqust

Yaxın Şərqi böyük müharibədən kim xilas edəcək

08:40
19 Avqust

Rusiyanın bəzi dairələri təxribatdan əl çəkmirlər

08:30
19 Avqust

Prezidentin sərəncamı Naxçıvanın dinamik inkişafına hesablanmış mühüm sənəddir

08:20
19 Avqust

Tarixi təcrübə və humanizm: Azərbaycan-Ukrayna münasibətlərində yeni mərhələ

08:20
19 Avqust

Beynəlxalq ədalətin Azərbaycan modeli

08:10
19 Avqust

Yüksək etimad göstərilən lider

08:00
19 Avqust

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialı 2026/2027-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə abituriyent qəbulu elan edir  

01:05
19 Avqust

"Barselona" Rodrinin transferini açıqlayıb

21:48
18 Avqust

Ebola virusu yayılan Konqo Demokratik Respublikasında narazılıqlar başlayıb

21:17
18 Avqust

Müəllimlərin işə qəbulu müsabiqəsində vakansiya seçimi mərhələsinin nəticələri elan olunub

20:46
18 Avqust

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü qeyd edilib

20:45
18 Avqust

“Neftçi” serbiyalı futbolçu ilə müqavilə imzalayıb

20:44
18 Avqust

Berlin administrasiyasına kiberhücum 50 mindən çox ailənin sosial ödənişlərini riskə atıb

20:42
18 Avqust

907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ strateji tərəfdaşlığında yeni imkanlar aça bilər 

20:40
18 Avqust

Şahzadə Diananın qardaşı onun haqqında kitab yazacaq

18:50
18 Avqust

Azərbaycanın Milli Qəhrəmanı, itkin şəhid Xəqani Aslanovun xatirəsi yad edilib

18:45
18 Avqust

Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

18:43
18 Avqust

Çempionlar Liqası: “Hapoel” “Sabah”la oyuna tam heyətlə hazırlaşır

18:40
18 Avqust

TRIPP mövcud nəqliyyat dəhlizlərinə rəqib deyil, onları tamamlayan layihədir 

18:38
18 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!