Müsahibimiz Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Abbas XƏlilovdur
"İstənilən ölkənin təhlükəsizliyi onun sərhədlərinin təhlükəsizliyi ilə təmin olunur. Sərhədlər nə qədər etibarlı qorunarsa, o qədər də vətəndaşlarımız sülh və əmin-amanlıq şəraitində yaşayacaqdır. Buna görə biz Azərbaycanda sərhəd xidmətinin inkişafına böyük diqqət yetirmişik və yetirəcəyik".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı
Azərbaycanın dövlətçilik tarixində sərhəd anlayışı hər zaman xüsusi məna daşıyıb. Sərhəd yalnız dövlətləri bir-birindən ayıran coğrafi xətt deyil. Sərhəd müstəqilliyin, suverenliyin, ərazi bütövlüyünün və milli təhlükəsizliyin təcəssümüdür. Dövlətin qüdrəti onun sərhədlərinə nəzarət etmək, onları qorumaq və hər bir təhdiddən etibarlı müdafiə etmək imkanları ilə də ölçülür.
1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən ölkə ərazisində 99 sərhəd mühafizə postunun yaradılmasını nəzərdə tutan qanunun qəbul edilməsindən 107 il ötür. Bu illər ərzində Azərbaycan sərhədçisi müxtəlif tarixi mərhələlərdən keçib, böyük çətinliklərlə üzləşib, lakin Vətənin hüdudlarını qorumaq kimi müqəddəs missiyaya daim sədaqətlə xidmət edib.
Bu gün Azərbaycan Sərhəd Mühafizəsi özünün 107-ci ildönümünü tamamilə fərqli siyasi və hərbi reallıqlar şəraitində qarşılayır. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib dövlətdir. Bir vaxtlar işğal altında olan sərhədlərimizdə bu gün üçrəngli Dövlət bayrağımız dalğalanır, sərhədçilərimiz həmin ərazilərdə Vətənin keşiyini çəkirlər.
Azərbaycan Sərhəd Mühafizəsinin keçdiyi tarixi yol, Ümummilli Lider Heydər Əliyevin milli sərhəd təhlükəsizliyi strategiyası, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə sərhəd mühafizəsinin inkişafı, Azərbaycan sərhədçilərinin Vətən müharibəsində qəhrəmanlığı, işğaldan azad olunmuş ərazilərdə dövlət sərhədinin mühafizəsinin təşkili, müasir çağırışlar və qarşıda duran vəzifələr barədə "Azərbaycan" qəzetinin suallarını Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Abbas XƏlilov cavablandırır.
- Cənab general-leytenant, Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümünü hansı hisslərlə qarşılayırsınız?
- 18 avqust hər bir Azərbaycan sərhədçisi üçün son dərəcə əlamətdar, qürurlu və şərəfli gündür. 107 illik tarix, sadəcə, müəyyən bir zaman kəsiyi deyil. Bu tarix Azərbaycan dövlətçiliyinin, dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi uğrunda aparılmış mübarizənin, sərhədçi nəsillərin fədakar xidmətinin salnaməsidir.
1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin sərhəd mühafizəsinin təşkilinə dair qəbul etdiyi qərar milli sərhədçilik tariximizin mühüm başlanğıc nöqtəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, müstəqil dövlətin öz sərhədinə sahib olması və onu öz qüvvələri ilə qoruması ideyası milli dövlətçilik təfəkkürümüzə birdəfəlik həkk olunmuşdu.
Azərbaycan sərhədçisi bu illər ərzində müxtəlif tarixi mərhələlərdən keçib. Bu yolun ən böyük yüksəliş və intibah dövrü isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
İllərlə hər birimizin arzuladığı mənzərə bu gün reallıqdır: Azərbaycanın bütün sərhədlərində üçrəngli Dövlət Bayrağımız dalğalanır. Bundan böyük qürur yoxdur.
- Azərbaycan Sərhəd Mühafizəsinin formalaşmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin rolunu necə səciyyələndirərdiniz?
- Azərbaycan Sərhəd Mühafizəsinin müasir inkişaf tarixini Ümummilli Lider Heydər Əliyevin adı olmadan təsəvvür etmək mümkün deyil. Ulu Öndər hələ sovet dövründə milli hərbi kadrların, o cümlədən sərhədçi zabitlərin hazırlanmasına strateji məsələ kimi yanaşırdı. Həmin illərdə Sərhəd Qoşunlarında azərbaycanlı zabitlərin sayının çox az olması onun diqqətindən yayınmırdı. Heydər Əliyevin təşəbbüsü və ardıcıl fəaliyyəti nəticəsində azərbaycanlı zabitlərin hərbi xidmətə cəlb edilməsi, onların peşəkar inkişafının təmin olunması və rəhbər vəzifələrə irəli çəkilməsi istiqamətində çox mühüm dəyişikliklər baş verdi.
1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması isə bütövlükdə milli hərbi kadr potensialımızın formalaşması baxımından tarixi hadisə oldu. Dahi Öndər həmin qərarla yalnız mövcud dövrün deyil, Azərbaycanın gələcəyinin hərbi kadr bazasının əsasını yaratdı.
Müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən mürəkkəb hərbi-siyasi vəziyyət sərhədlərin etibarlı mühafizəsinin təşkilinə ciddi maneələr yaradırdı. Lakin 1992-ci ildə Naxçıvanda baş verən proseslər bir daha Heydər Əliyevin siyasi iradəsinin, dövlətçilik düşüncəsinin və qətiyyətinin gücünü göstərdi. Naxçıvan Ali Məclisinin Sədri kimi onun qətiyyətli mövqeyi nəticəsində 1992-ci il avqustun 22-də Naxçıvan sərhəd dəstəsinin yaradılması elan edildi. Həmin ilin sentyabrında keçmiş sovet sərhədçiləri Naxçıvanı tərk etdilər və hərbi əmlakın, silah-sursatın ərazidə saxlanılması təmin olundu.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra dövlətin bütün sahələrində olduğu kimi, sərhəd mühafizəsində də əsaslı islahatlara başlanıldı. Sərhəd Qoşunlarının idarəetmə sistemi təkmilləşdirildi, yeni sərhəd dəstələri yaradıldı, maddi-texniki təminatı yaxşılaşdırıldı, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi istiqamətində sistemli tədbirlər görüldü.
Ulu Öndərin 2000-ci il avqustun 16-da imzaladığı fərmanla avqustun 18-nin Azərbaycan Respublikası Sərhəd Mühafizəsi Orqanları Əməkdaşlarının Peşə Bayramı Günü elan edilməsi isə milli sərhədçilik tariximizin varisliyinə verilmiş böyük qiymət oldu.
- Azərbaycan Sərhəd Mühafizəsinin müasir çağırışlar fonunda inkişafını necə qiymətləndirirsiniz?
- Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən olunmuş milli sərhəd təhlükəsizliyi strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yeni tarixi mərhələdə uğurla inkişaf etdirilib.
Son illərdə Dövlət Sərhəd Xidmətinin döyüş və texniki imkanları əsaslı şəkildə artırılıb, yeni hərbi hissələr, sərhəd zastavaları, sərhəd-döyüş məntəqələri, təlim mərkəzləri və digər mühüm infrastruktur obyektləri yaradılıb.
Sərhəd mühafizəsində ən müasir texnologiyaların tətbiqi genişləndirilib. Elektron-optik müşahidə vasitələri, radiolokasiya sistemləri, pilotsuz uçuş aparatları, müasir rabitə vasitələri, xüsusi təyinatlı nəqliyyat və mühəndis texnikası xidməti fəaliyyətimizin ayrılmaz hissəsinə çevrilib.
Dövlət Sərhəd Xidmətinin qarşısında duran mühüm vəzifələrdən biri istənilən relyef və hava şəraitində fasiləsiz sərhəd mühafizəsini təmin edə bilən mobil, yüksək döyüş hazırlıqlı və müasir texnologiyalarla təchiz edilmiş qüvvələrin formalaşdırılmasıdır.
2026-cı il üçün Dövlət Sərhəd Xidməti qarşısında müəyyənləşdirilmiş əsas istiqamətlər sırasında dövlət sərhədinin texniki vasitələrlə mühafizə və müdafiəsinin daha da gücləndirilməsi, çətin relyef və hava şəraitində tapşırıqları yerinə yetirə bilən hərbi qulluqçuların hazırlığının yüksəldilməsi, döyüş hazırlığının və hərbi intizamın daim yüksək səviyyədə saxlanılması xüsusi yer tutur.
Prezident cənab İlham Əliyevin Dövlət Sərhəd Xidmətinə göstərdiyi diqqət və yüksək etimad Azərbaycan sərhədçiləri tərəfindən böyük məsuliyyətlə qarşılanır.
- Azərbaycan sərhəd mühafizəsinin dəniz imkanlarının genişlənməsi hansı əhəmiyyətə malikdir?
- Azərbaycan Xəzəryanı dövlətdir və dəniz sərhədlərimizin etibarlı mühafizəsi milli təhlükəsizlik sistemimizin mühüm tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2005-ci il tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılması bu sahədə yeni inkişaf mərhələsinin əsasını qoydu.
Sonrakı illərdə Sahil Mühafizəsinin infrastrukturu əsaslı şəkildə inkişaf etdirildi, texniki-müşahidə imkanları genişləndirildi, müasir kater və sərhəd gəmilərinin istifadəyə verilməsi təmin edildi.
Dövlət Sərhəd Xidmətinin Gəmi İnşası və Təmiri Mərkəzinin yaradılması isə Azərbaycan sərhəd mühafizəsinin dəniz imkanlarını keyfiyyətcə yeni mərhələyə yüksəltdi.
Bu gün Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xəzər dənizinin Azərbaycan sektorunda dövlət sərhədinin mühafizəsi, sərhəd rejiminin təmin olunması, qanunsuz fəaliyyətlərin qarşısının alınması, strateji əhəmiyyətli enerji infrastrukturunun təhlükəsizliyinin təmin edilməsində üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirir.
- Peşəkar sərhədçi kadrların hazırlanması bu sistemdə hansı yeri tutur?
- İstənilən müasir texnikanın arxasında onu idarə edən insan dayanır. Ən müasir silaha, müşahidə sisteminə və texnologiyaya sahib olmaq kifayət deyil. Əsas məsələ həmin vasitələrdən düzgün istifadə etməyi bacaran, yüksək intizama, möhkəm iradəyə və vətənpərvərlik hissinə malik peşəkar şəxsi heyətin yetişdirilməsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 iyun 2007-ci il tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması bu baxımdan tarixi əhəmiyyət daşıyır.
Akademiyada gələcəyin sərhədçi zabitləri həm nəzəri biliklərə, həm praktiki bacarıqlara, həm də müasir hərbi idarəetmə vərdişlərinə yiyələnirlər.
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin fəaliyyəti də milli sərhədçi kadrların hazırlanması sisteminin mühüm hissəsidir. Məktəbin əsas missiyası Vətəninə, dövlətinə və xalqına sədaqətli, fiziki və mənəvi cəhətdən sağlam, yüksək intizamlı Azərbaycan gənclərinin yetişdirilməsidir.
Bizim üçün sərhədçi anlayışı yalnız müəyyən peşənin adı deyil. Sərhədçi olmaq xarakterdir. Sərhədçi ən çətin anda düzgün qərar verməyi, məsuliyyəti üzərinə götürməyi, dövlət maraqlarını hər şeydən üstün tutmağı bacarmalıdır. Azərbaycan sərhədçisinin ən mühüm silahlarından biri də onun Vətəninə sədaqətidir.
- Vətən müharibəsi Azərbaycan sərhədçisinin döyüş tarixində hansı yeri tutur?
- Vətən müharibəsi xalqımızın və dövlətimizin tarixində əbədi yaşayacaq möhtəşəm Zəfər salnaməsidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın davam edən işğala son qoydu, tarixi ədaləti döyüş meydanında bərpa etdi. Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də müharibənin ilk günündən bütün qüvvə və vasitələri ilə qarşıya qoyulmuş tapşırıqların icrasına səfərbər olundu.
Azərbaycan sərhədçiləri Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində gedən döyüşlərdə, Hadrut və Şuşanın azad edilməsi uğrunda aparılan əməliyyatlarda qəhrəmanlıq və rəşadət nümayiş etdirdilər.
Xudafərin körpüsü üzərində üçrəngli Azərbaycan Bayrağının ucaldılması sərhədçilərimizin yaddaşında xüsusilə unudulmaz hadisədir. Ardınca Zəngilan şəhərində və Azərbaycanın Ermənistanla dövlət sərhədinin mühüm istiqamətlərində Dövlət Bayrağımızın ucaldılması illərlə həsrətində olduğumuz tarixi anlar idi.
Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin, aviasiya və pilotsuz uçuş aparatları heyəti, eləcə də digər bölmələrin peşəkarlığı döyüş əməliyyatlarında özünü yüksək səviyyədə göstərdi. Azərbaycan sərhədçiləri sübut etdilər ki, onlar yalnız dövlət sərhədini mühafizə edən qüvvə deyil, Vətən qarşısında zərurət yarandıqda ən mürəkkəb döyüş tapşırığını yerinə yetirməyə qadir olan peşəkar hərbçilərdir.
Bu Zəfər, ilk növbədə, Azərbaycan xalqının birliyinin, dövlətimizin uzun illər ərzində məqsədyönlü şəkildə gücləndirdiyi hərbi potensialın və Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyinin nəticəsi idi.
Biz Vətən müharibəsində şəhid olmuş 47 sərhədçimizin əziz xatirəsini daim qəlbimizdə yaşadırıq. Onların hər biri Azərbaycan sərhədçisinin qəhrəmanlıq tarixinin əbədi səhifəsidir.
- Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə sərhəd mühafizəsinin təşkili olduqca mürəkkəb vəzifə idi. Bu istiqamətdə görülən işləri necə qiymətləndirirsiniz?
- Vətən müharibəsinin başa çatması Dövlət Sərhəd Xidməti üçün yeni və son dərəcə məsuliyyətli mərhələnin başlanğıcı oldu. İşğaldan azad edilmiş yüzlərlə kilometr dövlət sərhədinin qısa müddətdə mühafizəyə götürülməsi, həmin ərazilərdə sıfırdan müasir sərhəd infrastrukturlarının qurulması, hərbi hissələrin, sərhəd zastavalarının və sərhəd-döyüş məntəqələrinin yaradılması tələb olunurdu. Azərbaycan sərhədçiləri bu vəzifələrin öhdəsindən layiqincə gəldilər.
İran İslam Respublikası ilə işğaldan azad edilmiş dövlət sərhədində sərhəd zastavalarının fəaliyyəti bərpa edildi, Ermənistanla sərhədin Zəngilan, Qubadlı və Laçın istiqamətlərində yeni infrastrukturlar yaradıldı.
Bəzən bunun tarixi miqyasını gündəlik həyatda tam dərk etmirik.
Uzun illər Azərbaycan xalqı xəritədə öz dövlət sərhədinin müəyyən hissəsini görürdü, lakin həmin ərazilərə faktiki nəzarət edə bilmirdi. Bu gün isə dövlət sərhədimizin həmin hissələrində Azərbaycan əsgəri dayanır. Bu, Vətən müharibəsində əldə edilmiş Qələbənin ən mühüm nəticələrindən biridir.
- 23 aprel 2023-cü ildə "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılması da müasir sərhədçilik tariximizin mühüm hadisələrindən hesab olunur.
- Şübhəsiz! "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılması Azərbaycanın öz dövlət sərhədinə nəzarət imkanlarının təmin olunması baxımından mühüm tarixi hadisə idi.
23 aprel 2023-cü ildə Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında dövlət sərhədindən buraxılış məntəqəsi quruldu və Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı. Dövlət sərhəd-buraxılış məntəqəsinin fəaliyyətə başlaması Azərbaycanın suveren hüquqlarının təmin olunması istiqamətində mühüm mərhələ oldu.
Daha sonra 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam təmin edildi. 2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması, noyabrın 8-də isə Xankəndidə keçirilmiş hərbi parad hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq tarixi hadisələrdir.
Azərbaycan sərhədçisi bu gün məhz həmin qalib dövlətin sərhədlərini qoruyur.
- 2024-cü ildə Qazax rayonunun dörd kəndinin ərazilərinin Azərbaycanın nəzarətinə qaytarılması hansı tarixi əhəmiyyət daşıyır?
- 24 may 2024-cü il sərhəd tariximiz üçün xüsusi əhəmiyyət kəsb edir. Həmin gün Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürüldü və həmin ərazilərdə Dövlət Bayrağımız yüksəldi.
Burada xüsusilə mühüm məqam ondan ibarət idi ki, nəticə hərbi əməliyyat olmadan, delimitasiya prosesi çərçivəsində əldə edildi. Bu hadisə Azərbaycanın hərbi Qələbədən sonra yaratdığı yeni siyasi reallığın, dövlətimizin gücünün və diplomatik imkanlarının göstəricisi idi.
Dövlət sərhədinin müəyyənləşdirilməsi və onun mühafizəsinin təşkili uzunmüddətli sülhün də mühüm şərtlərindən biridir. Bu baxımdan, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri arasında keçirilmiş görüşün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması, həmçinin iki ölkənin xarici işlər nazirləri tərəfindən "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsinin paraflanması mühüm siyasi mərhələ olmuşdur. 2026-cı ildə də sərhədlərin delimitasiyası prosesi davam etdirilir.
Sülhün möhkəm olması üçün dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət etməsi əsas şərtdir. Azərbaycan sərhədçisinin missiyası da məhz dövlətimizin müəyyən edilmiş sərhədlərinin toxunulmazlığını etibarlı şəkildə qorumaqdır.
- Müasir dövrdə sərhəd təhlükəsizliyinə qarşı hansı əsas təhdidlər mövcuddur?
- Müasir dünyada sərhəd təhlükəsizliyi əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb və çoxşaxəli xarakter daşıyır. Qeyri-qanuni miqrasiya, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, transmilli mütəşəkkil cinayətkarlıq, terrorçuluq, saxta sənədlərdən istifadə və digər qanunsuz fəaliyyətlər sərhəd təhlükəsizliyinə qarşı əsas təhdidlər sırasındadır.
Texnologiyanın sürətli inkişafı cinayətkar qrupların istifadə etdiyi metodların da dəyişməsinə səbəb olur. Bu gün sərhədçilər təkcə ənənəvi sərhəd pozucusu ilə deyil, müasir texnoloji imkanlardan istifadə edən mütəşəkkil qruplarla da qarşılaşırlar. Son dövrdə narkotik vasitələrin qanunsuz daşınmasında pilotsuz uçuş aparatlarından istifadə hallarının qeydə alınması bunun bariz nümunəsidir. Ona görə sərhəd mühafizəsi sistemi daim yenilənməli, təhdiddən bir addım öndə olmalıdır.
2025-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədini pozduqlarına görə 516 nəfər, sərhəd rejimini pozduqlarına görə 1226 nəfər, hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 3922 nəfər saxlanılıb. İl ərzində DSX-nin struktur qurumları tərəfindən və digər hüquq-mühafizə orqanları ilə birgə 4 ton 311 kiloqram 864 qram narkotik vasitənin, 78 min 457 ədəd müxtəlif tərkibli həbin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.
Bu mübarizə 2026-cı ildə də eyni qətiyyətlə davam etdirilir. Belə ki, bu ilin ilk 6 ayı ərzində Dövlət Sərhəd Xidmətinin struktur qurumları tərəfindən həyata keçirilən məqsədyönlü və ardıcıl tədbirlər nəticəsində 1 ton 630 kiloqram 280 qram narkotik vasitə,
43 min 251 ədəd müxtəlif tərkibli həb aşkar edilərək qanunsuz dövriyyədən çıxarılmışdır. Bütün bunların arxasında sərhədçilərimizin sayıqlığı, peşəkarlığı və böyük əməyi dayanır.
- Dövlət sərhədindən buraxılış məntəqələrində xidmətin təşkili də cəmiyyətin daha çox gördüyü fəaliyyət sahələrindəndir. Burada əsas prinsipiniz nədən ibarətdir?
- Dövlət sərhədindən buraxılış məntəqəsi dövlətin qapısıdır. Ölkəmizə gələn əcnəbi vətəndaş çox vaxt Azərbaycan dövlətinin nümayəndəsi kimi ilk olaraq sərhədçini görür. Buna görə sərhəd nəzarətində təhlükəsizliklə yanaşı, xidmət mədəniyyəti və etik davranış da son dərəcə vacibdir. Əsas məqsəd dövlət təhlükəsizliyinə xələl gətirmədən sərhəddən keçid prosesini mümkün qədər operativ, şəffaf və rahat təşkil etməkdir.
Müasir informasiya sistemlərinin, biometrik texnologiyaların, elektron məlumat bazalarının tətbiqi sənədlərin yoxlanılması imkanlarını artırır və sərhəd nəzarətinin etibarlılığını daha da yüksəldir.
Saxta sənədlərin müəyyən edilməsi, axtarışda olan şəxslərin vaxtında aşkarlanması, ölkəyə girişi və ya ölkədən çıxışı məhdudlaşdırılmış şəxslərlə bağlı qanunvericiliyin tələblərinin icrası sərhəd nəzarətinin mühüm istiqamətləridir.
Sərhədçidən həm peşəkarlıq, həm yüksək diqqət, həm də mədəni davranış tələb olunur. Çünki sərhədçi həmin anda təkcə özünü deyil, Azərbaycan dövlətini təmsil edir.
- Sərhədçi peşəsinin əsas xüsusiyyəti nədir?
- Mən ilk növbədə Vətənə, xalqa və Ali Baş Komandana sədaqət deyərdim. Azərbaycan sərhədçisi bilməlidir ki, onun arxasında doğma şəhərlərimiz, kəndlərimiz, ailələrimiz və bütövlükdə Azərbaycan xalqı dayanır. O, gecə-gündüz, bayram və istirahət günü anlayışı olmadan xidmət edir ki, ölkə vətəndaşı öz gündəlik həyatını təhlükəsiz və əmin-amanlıq şəraitində yaşaya bilsin. Bu, görünməyən, lakin dövlət üçün əvəzsiz xidmətdir.
Digər mühüm xüsusiyyətlər isə məsuliyyət və sayıqlıqdır. Sərhədçi xidmət zamanı verdiyi qərarın arxasında dövlətin təhlükəsizliyinin dayandığını bilməlidir.
Sərhəd xəttində bəzən saniyələr ərzində qərar qəbul etmək tələb olunur. Həmin qərarın düzgün olması üçün isə illərlə formalaşan peşəkarlıq, təcrübə, intizam və hazırlıq lazımdır. Sərhəddə "əhəmiyyətsiz detal" anlayışı yoxdur. Bəzən ilk baxışdan adi görünən bir hərəkət böyük qanunsuz fəaliyyətin əlaməti ola bilər.
- Bildiyimizə görə, şəhid sərhədçilərin ailələrinə və qazilərə münasibət Dövlət Sərhəd Xidmətində xüsusi ənənəyə çevrilib.
- Şəhidlərimizin ailələrinin qayğısına qalmaq bizim üçün yalnız xidməti vəzifə deyil, mənəvi borcdur. Vətən müharibəsində və dövlət sərhədinin mühafizəsi zamanı canlarını fəda etmiş hərbi qulluqçularımızın hər biri bizim silahdaşımız, qardaşımızdır. Onların övladları bizim övladlarımızdır.
Şəhid ailələrinin daim diqqətdə saxlanılması, onların sosial problemlərinin həllinə kömək göstərilməsi, şəhidlərin doğum və anım günlərində ailələrinin və məzarlarının ziyarət edilməsi Dövlət Sərhəd Xidmətində formalaşmış ənənələrdəndir. Qazilərimizin sağlamlığının bərpasına, onların müalicəsinin təşkilinə və sosial təminat məsələlərinin həllinə də xüsusi diqqət göstərilir.
Azərbaycan sərhədçisi yaxşı bilir ki, bu gün onun xidmət etdiyi azad torpaqların hər qarışında şəhid qanı var. Biz şəhidlərimizi heç vaxt unutmayacağıq. Onların qəhrəmanlıq yolu gələcək sərhədçi nəsillərinin vətənpərvərlik məktəbidir.
- Azərbaycan sərhədçisinin sosial və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin xidməti fəaliyyətə təsiri necədir?
- Hərbi qulluqçunun döyüş hazırlığı ilə yanaşı, onun sosial təminatı, ailəsinin rifahı, yaşayış şəraiti və mənəvi-psixoloji vəziyyəti də böyük əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali diqqət və qayğısı nəticəsində bu istiqamətdə uzun illər ərzində böyük layihələr həyata keçirilib. Sərhədçilərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə çoxsaylı mənzillər və yaşayış kompleksləri tikilib, xidməti mənzillər əsaslı təmir edilərək şəxsi heyətin istifadəsinə verilib. İşğaldan azad edilmiş ərazilərdə xidmət aparan şəxsi heyət üçün də müasir yaşayış və xidmət şəraitinin yaradılması istiqamətində geniş işlər görülüb.
Bunun çox böyük mənəvi əhəmiyyəti var. Dövlətin sərhədçiyə göstərdiyi etimad və qayğı bizim üçün həm böyük mənəvi dayaq, həm də əlavə məsuliyyətdir.
- Sonsuz bir yolun 107-ci döngəsində bugünkü Azərbaycan Sərhəd Mühafizəsini bir neçə cümlə ilə necə xarakterizə edərdiniz?
- Güclü dövlətin güclü sərhəd mühafizəsi var. Bu gün Azərbaycan Sərhəd Mühafizəsi öz tarixinin ən qüdrətli dövrlərindən birini yaşayır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş qalib dövlətdir və Azərbaycan sərhədçisi ərazi bütövlüyü və suverenliyi tam olan dövlətimizin sərhədlərinin keşiyində dayanır. Bu gün sərhədçinin qarşısında yalnız bir məqsəd var: ona etibar edilmiş Vətən sərhədini göz bəbəyi kimi qorumaq.
Biz 107 illik tariximizi böyük qürurla xatırlayırıq. Lakin sərhədçi üçün keçmişlə fəxr etmək kifayət deyil. Hər yeni gün yeni məsuliyyət, yeni tapşırıq, yeni çağırış deməkdir.
Dünyada təhlükəsizlik mühiti dəyişir, yeni risk və təhdidlər meydana çıxır, texnologiyalar inkişaf edir. Biz də inkişaf etməli, daim öyrənməli, peşəkarlığımızı artırmalı və istənilən təhdidə hazır olmalıyıq. Azərbaycan sərhədçisi hər zaman dövrün çağırışından bir addım öndə olmalıdır.
- Cənab general-leytenant, peşə bayramı münasibətilə dövlət başçısı tərəfindən dünən Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçuları təltif edilmişlər. Bütün təltif olunanlara və ümumilikdə sərhədçilərə nə demək istərdiniz?
- İlk növbədə qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev həmişə olduğu kimi bu xüsusi gündə də diqqət və qayğısını Dövlət Sərhəd Xidmətinin əməkdaşlarından əsirgəmədi. Bu təltiflər dövlətin yüksək qiymətinin bir təzahürüdür.
Fürsətdən istifadə edərək Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümü və 18 avqust - sərhəd mühafizəsi orqanları əməkdaşlarının peşə bayramı münasibətilə təltif olunanları, eyni zamanda Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyətini, sərhədçi veteranlarımızı və onların ailə üzvlərini ürəkdən təbrik edirəm.
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi və dövlət sərhədlərinin toxunulmazlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirəm. Qazilərimizə möhkəm cansağlığı arzulayıram.
Vətən sərhəddən başlayır və sərhəddə dalğalanan üçrəngli Dövlət Bayrağımız bizim qürurumuz, şəhidlərimizin bizə əmanəti, gələcək nəsillər qarşısında isə məsuliyyətimizdir.
Bu bayraq daim yüksəklərdə dalğalanacaq, Azərbaycan sərhədçisi isə onun keşiyində daim ayıq-sayıq dayanacaq!
Müsahibəni apardı:
Bəxtiyar ƏZİZLİ,
"Azərbaycan"