20 Avqust 2026 08:10
192
SİYASƏT
A- A+
Bakı-Kiyev əlaqələri: strateji tərəfdaşlıq və humanitar həmrəylik

Bakı-Kiyev əlaqələri: strateji tərəfdaşlıq və humanitar həmrəylik


Azərbaycan və Ukrayna arasında tarixən formalaşmış tərəfdaşlıq və dostluq əlaqələri son dövrlərdə həyata keçirilən önəmli təmaslar və mühüm humanitar təşəbbüslərlə məhsuldar dövrlərindən birini yaşayır. İki ölkənin sıx münasibətlərinin təməlində mədəni, iqtisadi və siyasi əlaqələrlə yanaşı, beynəlxalq hüququn əsas təməli olan ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı məsələlərinə prinsipial yanaşma dayanır. 

Bakı və Kiyev arasında illər ərzində möhkəmlənən bu əməkdaşlıq təkcə ikitərəfli müstəvidə qalmayaraq, regional və beynəlxalq təhlükəsizlik məsələlərini də əhatə edir. Regional çağırışlar fonunda rəsmi Bakı konstruktiv dialoqu, humanitar dəstəyi və siyasi-diplomatik həll yollarını ön plana çəkərək Avropa regionunun təhlükəsizliyinə və böhranların aradan qaldırılmasına ardıcıl töhfələr verməkdədir. 

Münasibətlərin praktiki müstəvidə genişlənməsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun avqustun 6-da Ukraynaya həyata keçirdiyi rəsmi səfər xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qəbul edilən və ukraynalı həmkarı Andrey Sibiqa ilə geniş tərkibli görüşlər keçirən nazir Azərbaycanın strateji yanaşmalarını diqqətə çatdırıb. Görüşlər zamanı C.Bayramov Ukrayna rəhbərliyinə Cənubi Qafqazda münaqişədən sonrakı reallıqlar, sülh gündəliyinin irəlilədilməsi istiqamətində atılan addımlar və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə də ətraflı məlumat verib. Bununla yanaşı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki strateji roluna toxunularaq, Ukraynaya qaz ixracı imkanları hərtərəfli nəzərdən keçirilib.

Ukraynanın enerji təhlükəsizliyini təmin etmək üçün iki ölkə arasında əməkdaşlıq potensialı son dərəcə yüksək qiymətləndirilir. Vurğulanır ki, Azərbaycan xüsusilə qış dövründə və təchizatda yaranan fasilələr zamanı vacib təminatçıya çevrilə bilər. Ukrayna alıcı olmaqla bərabər, həm də Mərkəzi və Şərqi Avropaya gələcəkdə Azərbaycan qazının saxlanılması və paylanması üçün regional mərkəz kimi çıxış etmək imkanına malikdir. Trans-Balkan Dəhlizi (Türkiyə, Bolqarıstan, Rumıniya, Moldova və Ukraynadan keçən əsas təbii qaz boru kəməri xətti) ölkələri olan Azərbaycan, Ukrayna və Türkiyə arasında uzunmüddətli müqavilələrin bağlanması və marşrutun həcminin genişləndirilməsi hər iki tərəf üçün böyük iqtisadi dividendlər vəd edir. Ukrayna tərəfi Bakının bu çoxvektorlu xarici siyasətini və prioritetlərini Avropanın ümumi təhlükəsizliyinə mühüm investisiya kimi dəyərləndirir.

İkitərəfli münasibətlərin humanitar və mənəvi müstəvidəki dərinliyini nümayiş etdirən növbəti mühüm hadisə Ukraynanın sabiq prezidenti Viktor Yuşşenkonun avqustun 17-də Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi olub. Görüş zamanı tərəflər 20 ildən artıq davam edən dostluq münasibətlərinə nəzər salaraq, Azərbaycan-Ukrayna əlaqələrinin möhkəmləndirilməsi istiqamətində görülən birgə işləri xatırlayıb və gələcək perspektivlər barədə ətraflı fikir mübadiləsi aparıblar. Səfər çərçivəsində verdiyi bəyanatlarda Viktor Yuşşenko dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığının müasir beynəlxalq təhlükəsizlik sisteminin birnömrəli bəndi olduğunu xüsusi vurğulayıb. Sabiq dövlət başçısının fikrincə, İkinci Dünya müharibəsindən sonra yaranan sərhədlərin toxunulmazlığı prinsipi saxlanılmalıdır və bu məsələdə Azərbaycan ilə Ukraynanın təcrübəsi bütün beynəlxalq ictimaiyyət və BMT üçün mühüm nümunə olmalıdır.

Səfərin önəmli məqamlarından biri Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev tərəfindən Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsinin təqdim olunmasıdır. Səfirin də qeyd etdiyi kimi, bu addım iki ölkə arasındakı güclü tərəfdaşlığın, həmrəyliyin və Azərbaycan dövlətinin İrpen şəhərinin bərpasına göstərdiyi davamlı dəstəyin yüksək qiymətləndirilməsinin bariz təzahürüdür.

Azərbaycan Ukraynanın müharibədən zərər görmüş İrpen şəhərinin yenidən qurulmasında fəal və ardıcıl şəkildə iştirak edir. Şəhərdəki İrpen Humanitar "Linqvist" Liseyi və diaqnostika poliklinikası Azərbaycan tərəfindən artıq tam bərpa olunaraq istifadəyə verilib. Humanitar dəstək proqramının növbəti mərhələsində isə yeni yaşayış binalarının tikintisi, uşaq-gənclər idman məktəbinin, Mərkəzi Mədəniyyət Evinin bərpası və müasir incəsənət mərkəzinin yaradılması nəzərdə tutulur. Bu təşəbbüslər Azərbaycanın sülhsevər və qurucu xarici siyasətinin real əməli nəticələridir.

Mənəvi və ictimai bağların gücləndirilməsi istiqamətində Bakıda "Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının sədri Elmar Məmmədov ilə Viktor Yuşşenko arasında da mühüm görüş baş tutub. Müzakirələrdə diasporun dəstəklənməsi, xalqlar arasında ənənəvi əlaqələrin möhkəmləndirilməsi, birgə sosial, mədəni, gənclər və təhsil layihələrinin reallaşdırılması xüsusi yer alıb. Viktor Yuşşenko Elmar Məmmədovun iki ölkə arasında dostluğun möhkəmlənməsinə verdiyi çoxillik töhfəni və ictimai diplomatiyanın imkanlarını yüksək qiymətləndirib. 

Nəticə etibarı ilə yüksəksəviyyəli diplomatik təmaslar, energetika sahəsindəki strateji planlar, genişmiqyaslı humanitar yardımlar və ictimai diplomatiyanın imkanları Azərbaycan-Ukrayna münasibətlərinin möhkəm əsaslar üzərində qurulduğunu nümayiş etdirir. Rəsmi Bakının nümayiş etdirdiyi konstruktiv mövqe, hüquqi prinsiplərə sədaqət və humanitar dəstək iki ölkə arasındakı dostluq tellərini daha da gücləndirir. 


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Ukrayna münasibətlərinin mühüm istiqamətlərindən biri humanitar əməkdaşlıqdır  

09:00
20 Avqust

Söz azadlığı adı altında terror və zorakılıq təbliğ edilir 

08:50
20 Avqust

Regionun gələcək inkişafını müəyyən edən layihə

08:40
20 Avqust

Özbəkistan və Azərbaycan startaplar sahəsində çoxsaylı birgə layihələr həyata keçirir 

08:30
20 Avqust

Azərbaycan-Böyük Britaniya münasibətləri qarşıdakı mərhələdə çoxşaxəli xarakter alacaq

08:20
20 Avqust

Bakı-Kiyev əlaqələri: strateji tərəfdaşlıq və humanitar həmrəylik

08:10
20 Avqust

Sənaye zonaları qeyri-neft sektorunun inkişafında irəli çıxır

08:00
20 Avqust

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 mart tarixli 107 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:31
20 Avqust

Azərbaycan taekvondoçusu Prezident Kubokunda bürünc medal qazanıb

18:40
19 Avqust

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib

18:35
19 Avqust

Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələrinin növbəti raundu baş tutub

18:30
19 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib 

18:25
19 Avqust

Mütəxəssis: Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər

18:20
19 Avqust

Azərbaycandan Bolqarıstana xam neft ixracı kəskin artıb

18:15
19 Avqust

Naxçıvan Avrasiya nəqliyyat xəritəsində mühüm logistika mərkəzinə çevrilir - MÜSAHİBƏ  

18:10
19 Avqust

Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb

18:05
19 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

18:00
19 Avqust

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir

17:45
19 Avqust

Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi

17:35
19 Avqust

Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır

17:30
19 Avqust

Tbilisidə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

17:25
19 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!