Elm bəşəriyyətin tərəqqisini müəyyən edən qüdrətli vasitələrdəndir. Müasir dövrdə ölkələrin inkişaf səviyyəsi təkcə iqtisadi göstəricilər və ya texnoloji nailiyyətlərlə deyil, həm də onların elmi potensialı, beynəlxalq akademik əməkdaşlığa verdiyi töhfələr, ali təhsil müəssisələrinin qlobal elm məkanında tutduğu mövqe ilə ölçülür.
Bu baxımdan beynəlxalq elmi konfranslar, sadəcə, fikir mübadiləsi aparılan platformalar deyil, yeni elmi ideyaların formalaşdığı, gələcək əməkdaşlıqların təməlini qoyan və universitetlərin beynəlxalq nüfuzunu möhkəmləndirən mühüm hadisələrdir. Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilən "Riyaziyyat, mexanika və onların tətbiqlərinin müasir problemləri" II Beynəlxalq Konfransı - MPMMA 2026 məhz belə əhəmiyyətli elmi platformalardan biri kimi diqqəti cəlb etdi. Bu mötəbər tədbir universitetin son illər elmi inkişaf strategiyasının, beynəlxalq əməkdaşlıq siyasətinin və qlobal akademik məkana inteqrasiya istiqamətində qazandığı uğurların real təzahürü oldu.
Elm və Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Gürcüstan Universiteti, Türkiyənin Yıldız Texniki Universiteti və Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfrans elm adamlarını vahid məqsəd ətrafında bir araya gətirdi. Dünyanın 22 ölkəsindən təqdim olunan 178 elmi məruzə, onlardan 82-nin xarici həmmüəlliflərlə hazırlanması tədbirin beynəlxalq miqyasını və elmi nüfuzunu aydın şəkildə nümayiş etdirdi.
Bu rəqəmlər təsdiq edir ki, AzMİU artıq yalnız ölkənin aparıcı mühəndislik ali məktəblərindən biri deyil, eyni zamanda beynəlxalq elmi əməkdaşlığın fəal iştirakçısına çevrilməkdədir. Universitetdə formalaşan müasir elmi mühit, geniş tərəfdaşlıq əlaqələri və aparılan məqsədyönlü islahatlar onun dünya elm məkanında mövqeyini ildən-ilə möhkəmləndirir.
Ənənəvi olaraq memarlıq, inşaat, şəhərsalma və mühəndislik sahələri üzrə ixtisaslaşan AzMİU bu gün fəaliyyət istiqamətlərini daha da genişləndirərək riyaziyyat, mexanika, süni intellekt, informasiya təhlükəsizliyi, rəqəmsal texnologiyalar, struktur mexanikası, biomatematika və optimallaşdırma kimi müasir elmi istiqamətlərdə də mühüm tədqiqatlar aparır. MPMMA 2026 konfransı universitetin klassik mühəndislik məktəbini müasir elmi çağırışlarla uğurla uzlaşdırdığını bir daha nümayiş etdirdi.
Müasir mühəndislik yalnız texniki biliklərə söykənmir, eyni zamanda "ağıllı şəhər"lər, enerji səmərəliliyi, rəqəmsal infrastruktur, təhlükəsizlik sistemləri, nəqliyyat-logistika şəbəkələri və dayanıqlı tikinti texnologiyaları riyazi modelləşdirmə, süni intellekt və məlumat analitikası olmadan təsəvvür edilmir. AzMİU-nun məhz bu istiqamətlər üzrə beynəlxalq elmi müzakirələrə evsahibliyi etməsi universitetin gələcəyin mühəndislik modelini düzgün qiymətləndirdiyini göstərir.
Sözsüz ki, konfransın uğurla keçirilməsi universitetdə mövcud olan güclü elmi potensiala da söykənir. Hazırda AzMİU-da 600-dən çox professor-müəllim heyəti fəaliyyət göstərir. Onların sırasında Dövlət mükafatı laureatları, akademiklər, professorlar, elmlər doktorları və fəlsəfə doktorları yer alır. Universitet alimlərinin Scopus, Web of Science, ResearchGate, ORCID və digər beynəlxalq elmmetrik bazalarda fəal təmsil olunması AzMİU-nun elmi məhsuldarlığının və beynəlxalq əməkdaşlığının ildən-ilə artdığını göstərir.
Son illər əldə olunan nəticələr də bunu təsdiqləyir.
AzMİU ilk dəfə QS World University Rankings 2027 reytinqində dünyanın ən yaxşı 1000 universiteti sırasına daxil olub. Universitet "Academic Reputation" göstəricisi üzrə dünya miqyasında 567-ci, "Employer Reputation" üzrə isə 453-cü yerdə qərarlaşıb. Bu nailiyyətlər ali təhsil müəssisəsinin beynəlxalq akademik ictimaiyyət tərəfindən etimad qazandığını, məzunlarının isə əmək bazarında rəqabət qabiliyyətinin yüksəldiyini göstərir.
Bununla yanaşı, universitetdə beynəlxalq elmi bazalarda indeksləşən nəşrlərin sayının, sitat göstəricilərinin və elmi məhsuldarlığın sürətlə artması da diqqət çəkir. Web of Science və Scopus bazalarında yüzlərlə elmi məqalənin yer alması, H-index göstəricilərinin yüksəlməsi, eləcə də konfrans çərçivəsində seçilən 25 ən aktual məruzənin Scopus bazasında indeksləşdirilə bilməsi AzMİU alimlərinin beynəlxalq elmə verdiyi töhfələrin daha da genişlənəcəyindən xəbər verir.
Universitetdə fəaliyyət göstərən müasir elmi-tədqiqat laboratoriyaları, Süni İntellekt Mərkəzi, Risklərin Qiymətləndirilməsi və İdarə Olunması Elmi-Tədqiqat Mərkəzi, Riyazi Analiz Laboratoriyası və Zəlzələ Araşdırmaları Mərkəzi AzMİU-nun elmi infrastrukturunun davamlı olaraq gücləndirildiyini nümayiş etdirir. Bu elmi baza universitetin yalnız təhsil verən deyil, həm də yeni bilik yaradan mühüm tədqiqat mərkəzinə çevrildiyini təsdiqləyir.
Konfransın digər mühüm üstünlüyü beynəlxalq elmi diplomatiyanın inkişafına verdiyi töhfədir. ABŞ, Almaniya, Kanada, Türkiyə, Gürcüstan, Polşa, İtaliya, Hindistan, Serbiya, İsrail, Qətər, Çexiya, Özbəkistan, İraq və digər ölkələrdən alimlərin AzMİU-da bir araya gəlməsi yeni elmi əməkdaşlıqların qurulmasına, ortaq layihələrin hazırlanmasına, qrant proqramlarının həyata keçirilməsinə və gənc tədqiqatçıların beynəlxalq akademik mühitə inteqrasiyasına geniş imkanlar açır.
Doktorantlar, magistrantlar və gənc alimlər üçün belə konfranslar əvəzsiz məktəb rolunu oynayır. Dünyanın müxtəlif ölkələrindən gələn tanınmış alimlərlə eyni elmi mühitdə olmaq, müasir tədqiqat metodlarını yaxından öyrənmək, yeni əməkdaşlıq əlaqələri qurmaq gələcək elmi fəaliyyət üçün mühüm təcrübə qazandırır.
Son illər AzMİU-da həyata keçirilən beynəlmiləlləşmə siyasəti, ikili diplom proqramlarının genişləndirilməsi, xarici tələbələrin sayının artması, beynəlxalq tərəfdaşlıq şəbəkəsinin möhkəmləndirilməsi və elmi konfransların təşkilinə xüsusi önəm verilməsi universitetin inkişaf strategiyasının ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini göstərir. MPMMA 2026 isə bu strategiyanın növbəti uğurlu mərhələsi kimi yadda qaldı.
Keçirilən beynəlxalq konfrans bir daha sübut etdi ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti yalnız memar və mühəndis hazırlayan ali təhsil müəssisəsi deyil, həm də müasir elmin, innovativ texnologiyaların, süni intellektin, rəqəmsal transformasiyanın və beynəlxalq akademik əməkdaşlığın qovuşduğu nüfuzlu elm mərkəzidir.
MPMMA 2026-nın əsas nəticəsi də məhz budur: AzMİU öz inkişafını yalnız auditoriyalar və laboratoriyalarla məhdudlaşdırmır. Universitet yeni ideyaların formalaşdığı, beynəlxalq elmi əməkdaşlığın dərinləşdiyi, Azərbaycan elminin nüfuzunun dünyada yüksəldiyi mühüm akademik platformaya çevrilir. Bu isə təkcə universitetin deyil, bütövlükdə ölkəmizin elm və ali təhsil sahəsində qazandığı uğurların, gələcəyə hesablanmış inkişaf strategiyasının və intellektual potensialının ən parlaq göstəricilərindən biridir.
Elşən QƏNİYEV,
"Azərbaycan"