Azərbaycan-Türkmənistan münasibətlərində strateji mərhələ başlayır
Müasir dünyamızın beynəlxalq münasibətlər sistemində dövlətlərin strateji tərəfdaşlığı onların birlikdə yaratdığı nəqliyyat marşrutları, enerji təhlükəsizliyi mexanizmləri regional inteqrasiya təşəbbüsləri və ortaq geosiyasi baxışlarla müəyyənləşir. Bu baxımdan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri ölkələrimiz arasında münasibətlərin tarixində növbəti diplomatik mərhələ olmaqla yanaşı, Xəzər hövzəsində və bütövlükdə Avrasiya məkanında formalaşan yeni geosiyasi reallıqların mühüm göstəricisi kimi qiymətləndirilə bilər.
Səfər zamanı aparılan danışıqlar, imzalanan sənədlər və verilən siyasi mesajlar göstərdi ki, Azərbaycan və Türkmənistan münasibətləri artıq klassik ikitərəfli əməkdaşlıq çərçivəsini əhəmiyyətli dərəcədə aşaraq, regional təhlükəsizlik, beynəlxalq logistika, enerji əməkdaşlığı, türk dünyasının inteqrasiyası və çoxtərəfli diplomatiyanın əsas istiqamətlərindən birinə çevrilməkdədir.
Tarixi köklər üzərində qurulan tərəfdaşlıq
Azərbaycan və Türkmənistanı birləşdirən amillər sırasında ortaq dil, din və etnik-mədəni yaxınlıqla bərabər, əsrlərlə formalaşmış ortaq tarix, Xəzər sivilizasiyası və türk dövlətçilik ənənələri də dayanır. Məhz buna görə Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti ilə mətbuata birgə bəyanatında münasibətlərimizin möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi dəyərlər üzərində qurulduğunu xüsusi vurğuladı. Eyni zamanda Türkmənistan Prezidenti də xalqlarımızı ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərin birləşdirdiyini bildirdi, ölkələrimiz arasında münasibətlərin bərabərhüquqlu və qarşıqlıqlı faydalı prinsiplər əsasında dinamik və ardıcıl şəkildə inkişaf etdiyini söylədi. Son illər Prezident İlham Əliyevlə türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədov və Prezident Sərdar Berdiməhəmmədov arasında yaranmış yüksək etimad və səmimi münasibətlər dövlətlərarası əlaqələri tamamilə yeni keyfiyyət mərhələsinə yüksəldib.
Dövlətimizin başçısının bəyanatında ən diqqətçəkən siyasi məqamlardan biri Türkmənistanın Qarabağın bərpasına verdiyi töhfələrlə bağlı oldu. Prezident İlham Əliyev Füzuli şəhərində Türkmənistanın dəstəyi ilə tikilən məscidi iki xalq arasında səmimi qardaşlığın rəmzi adlandırdı. Türkmənistan Prezidenti də bu layihənin xalqlar arasında mənəvi bağların ifadəsi olduğunu vurğuladı.
Səfər proqramı çərçivəsində Azərbaycan və Türmənistan prezidentləri Qarabağ bölgəsinə - Füzuliyə və Şuşaya da getdilər. Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar, ali qonağa bu məkanda aparılan yenidənqurma işləri barədə məlumat verildi. Hər iki ölkənin liderləri Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində, Heydər Əliyev Fondunun bərpa etdiyi Şuşa Yaradıcılıq Mərkəzində açılmış "Heydər Əliyev və Qarabağ" sərgisində, Bülbülün ev-muzeyində, hazırda inşa edilən Şuşa məscidi ərazisində oldular, Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxdılar. Türkmənistan Prezidentinə məlumat verildi ki, işğal dövründə erməni vandalizminə məruz qalan bu büstlərin talan edilərək Ermənistana aparıldığı və metal qırıntısı kimi əridilməyə cəhd göstərildiyi planlaşdırılmışdı. Məhz Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində abidələr xilas edilərək Azərbaycana gətirildi. Bir müddət Bakıda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxlanılan bu büstlər Şuşa işğaldan azad olunduqdan sonra əvvəlki yerlərinə qaytarıldı.
Bütün bunların siyasi mənası olduqca dərindir. Dost ölkə tərəfindən görülən işlər Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyin və postmünaqişə dövründə Qarabağın bərpasında iştirak etmək istəyinin real ifadəsidir. Dövlət səfərinin sonunda Azərbaycan Prezidenti İlham Əliyevin Sərdar Berdiməhəmmədova "Mərd" adlı Qarabağ atını hədiyyə etməsi də diplomatik protokoldan daha artıq məna daşıyırdı. Qarabağ atı Azərbaycan dövlətçiliyinin və milli irsinin rəmzidir. Belə bir hədiyyə ölkələrimiz arasında strateji dostluğun, qarşılıqlı etimadın yüksək səviyyəsini nümayiş etdirən simvolik jestdir.
Xəzərdən Avropaya
Səfərin əsas istiqamətlərindən biri də nəqliyyat-logistika məsələləri oldu. Prezident İlham Əliyevin xüsusi vurğuladığı kimi, bu gün dünyada təhlükəsiz və etibarlı beynəlxalq nəqliyyat marşrutlarının sayı məhduddur. Azərbaycan və Türkmənistan isə bu marşrutların formalaşdırılmasında aparıcı rol oynayan dövlətlər sırasındadır.
Əslində, söhbət təkcə iki ölkə arasında yükdaşımaların artırılmasından deyil, ümumilikdə Orta dəhlizin gələcəyindən gedir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa xətti artıq qlobal iqtisadiyyatın mühüm arteriyalarından birinə çevrilməkdədir. Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu infrastrukturu və "Şərq-Qərb" dəhlizindəki imkanları Türkmənistanın Türkmənbaşı limanı ilə birlikdə Avrasiyanın yeni logistika xəritəsini formalaşdırır. Sərdar Berdiməhəmmədovun Türkmənistan-Azərbaycan Nəqliyyat, Tranzit və Logistika Komissiyasının fəaliyyətinin gücləndirilməsi təşəbbüsü, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutunun və Xəzər-Qara dəniz dəhlizinin inkişafına dair fikirləri isə göstərdi ki, Bakı və Aşqabad regional logistikanın əsas koordinasiya mərkəzləri kimi çıxış etmək niyyətindədirlər.
Azərbaycan və Türkmənistan həm də dünyanın mühüm enerji istehsalçıları sırasındadır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, hər iki ölkə geniş enerji ehtiyatlarına malikdir və bu sahədə səylərin birləşdirilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir. Bu əməkdaşlıq artıq yalnız neft və qaz ixracı ilə məhdudlaşmır. Avropanın enerji təhlükəsizliyi, "yaşıl enerji" layihələri, Xəzərin dibi ilə mümkün kommunikasiya xətləri, elektrik enerjisinin ixracı və bərpaolunan enerji istiqamətində yeni imkanlar Azərbaycan və Türkmənistanı gələcək onilliklərin strateji tərəfdaşlarına çevirə bilər. Dövlətimizin başçısı bəyanatında xüsusi vurğuladı: "Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir... Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq".
Azərbaycan Prezidentinin səsləndirdiyi ən diqqətçəkən geosiyasi fikirlərdən biri Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsinin tarixi hadisə kimi qiymətləndirilməsi oldu. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyada yerləşməsə də, tarixi, mədəni və nəqliyyat əlaqələri böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi məkan kimi formalaşmasına zəmin yaradır. Bu yanaşma ölkəmizin xarici siyasətində yeni strateji baxışın ifadəsidir. Bakı özünü yalnız Cənubi Qafqaz dövləti kimi deyil, Avrasiya məkanında körpü rolunu oynayan mühüm aktor kimi təqdim edir.
Türk dünyasının inteqrasiyasında mühüm halqa
Azərbaycan və Türkmənistan münasibətlərinin inkişafı türk dünyasının inteqrasiyasına da ciddi töhfə verir. Türkmənistanın neytral statusunu qorumaqla yanaşı, türk dövlətləri ilə əməkdaşlığını dərinləşdirməsi, Azərbaycanın isə bu istiqamətdə təşəbbüskar mövqeyi ümumi strateji baxışın formalaşdığını göstərir. Qarşılıqlı "Mədəniyyət günləri", "Qardaş şəhərlər" layihələri, humanitar əməkdaşlıq və təhsil sahəsində əlaqələrin genişləndirilməsi bu inteqrasiyanın sosial-mədəni dayaqlarını möhkəmləndirir.
İkitərəfli əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirən ali qonaq humanitar əlaqələrin inkişafına xüsusi diqqət yetirdi. Görüşlər çərçivəsində mədəniyyət xadimlərimiz arasında təmasların davam etdirilməsinə və genişləndirilməsinə, həmçinin hər il mədəniyyət günlərinin keçirilməsinə ölkələrimizin hazır olduğunu bildirdi. Eyni zamanda qeyd etdi ki, həmin görüşlərin yekunlarına dair ikitərəfli mühüm sənədlər zərfi imzalanmışdır: "Türkmənistan və Azərbaycan Respublikası arasında əməkdaşlıq bütün əsas sahələr üzrə inkişaf edəcək. Bu, ölkələrimizin və xalqlarımızın uzunmüddətli maraqlarına cavab verir".
Səfər zamanı hər iki ölkənin liderləri BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, Türk Dövlətləri Təşkilatı və Xəzər formatında qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini vurğuladılar. Bu, Azərbaycan və Türkmənistanın çoxtərəfli diplomatiyada koordinasiyalı fəaliyyət göstərmək niyyətini təsdiqləyir.
Türmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri göstərdi ki, Bakı və Aşqabad münasibətləri artıq yalnız dostluq və qardaşlıq anlayışları ilə xarakterizə olunmur. Bu münasibətlər Avrasiyanın yeni nəqliyyat dəhlizlərinin qurulması, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, Xəzər hövzəsində əməkdaşlığın genişləndirilməsi və türk dünyasının siyasi-iqtisadi inteqrasiyasının dərinləşdirilməsi kimi strateji hədəflərə söykənir.
Prezident İlham Əliyevin son illər həyata keçirdiyi çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əsas geosiyasi və geoiqtisadi körpü statusu qazanıb. Türkmənistanla münasibətlərin yeni mərhələsi də bu strategiyanın mühüm tərkib hissəsidir.
Müasir beynəlxalq münasibətlər sistemində etimad ən qiymətli siyasi kapital hesab olunur. Azərbaycan və Türkmənistan arasında formalaşmış qarşılıqlı etimad, ortaq maraqlar və strateji baxışlar göstərir ki, iki qardaş ölkənin əməkdaşlığı yaxın illərdə təkcə ikitərəfli münasibətlərin deyil, bütövlükdə Xəzər regionunun və geniş Avrasiya məkanının inkişafına ciddi təsir göstərəcək.
İradə ƏLİYEVA,
"Azərbaycan"