30 İyun 2026 08:05
198
İQTİSADİYYAT
A- A+
"İntensiv bağçılıq xüsusilə meyvə yetişdirilən bölgələrdə əsas prioritet olmalıdır"

"İntensiv bağçılıq xüsusilə meyvə yetişdirilən bölgələrdə əsas prioritet olmalıdır"


Yüksək məhsuldarlığı və səmərəliliyi ilə seçilən intensiv və superintensiv bağçılığın inkişafı hazırda ölkəmizdə kənd təsərrüfatının əsas prioritetlərindən birinə çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində ölkə üzrə intensiv bağların sahəsinin 70 min hektara çatdırılması hədəflənib.

Əvvəla xatırladaq ki, intensiv meyvə bağları dedikdə damcı suvarma sistemi ilə təmin olunmuş və bir hektara müəyyənləşmiş sayda ting əkilən təsərrüfatlar nəzərdə tutulur. Bu növ bağçılıq torpaqdan daha səmərəli istifadə etməyə imkan verir. Ənənəvi bağlarla müqayisədə bu bağlarda işlər tam mexanikləşdirilir və damcı suvarma sistemlərindən istifadə edilir. Başqa sözlə, intensiv bağlar müasir texnologiyaların tətbiqinə, yüksək məhsuldarlığa və torpaq-su ehtiyatlarından səmərəli istifadəyə əsaslanan təsərrüfatlardır. Burada məqsəd minimum əmək və xərclə ən qısa müddətdə keyfiyyətli məhsul əldə etməkdir. 

Azərbaycanda bu sahə sürətlə genişləndirilir. Dövlət dəstəyi, o cümlədən  subsidiyalar regionlarda istehsalçıları stimullaşdıraraq intensiv və superintensiv bağçılığın inkişafına təkan verir. Nümunə üçün göstərək ki, xüsusi dövlət dəstəyi çərçivəsində Naxçıvanda intensiv və superintensiv bağların salınmasına yüksək subsidiya məbləğləri nəzərdə tutulub. Məsələn, superintensiv alma bağlarının bir  hektarı üçün 32 min 200 manat. Onu da qeyd edək ki, regionlar üzrə fərqli əmsallar tətbiq olunur.

Beləliklə, intensiv və superintensiv bağçılıq sahəsinin əsas xüsusiyyətləri və üstünlükləri müasir suvarma, erkən məhsuldarlıq, texnoloji innovasiyalar və torpaqdan rasional istifadədir. Müasir suvarmada ənənəvi üsullardan fərqli olaraq, suya qənaət edən və torpağın keyfiyyətini qoruyan damlama və ya süni yağışyağdırma sistemlərindən istifadə olunur. 

Erkən  məhsuldarlıq o deməkdir ki, intensiv bağlarda əkilən meyvə tingləri qısa müddətdə, hətta bəzi hallarda elə əkildiyi il məhsula düşür. İllər keçdikcə məhsuldarlıq daha da artır. Nasosxana kompleksləri və avtomatika sistemləri kimi texnoloji vasitələrin  tətbiqi sahəyə texnoloji innovasiyalar gətirir. Torpaqdan rasional istifadə isə özündə ərazinin daha sıx və məqsədyönlü şəkildə əkilərək maksimum səmərə ilə idarə olunmasını ehtiva edir.

Hansı meyvə növünün hansı regionun intensiv bağçılığı üçün daha əlverişlidir? Bu məsələ də aktuallıq kəsb edir. Məsələn, Quba-Xaçmaz zonası Azərbaycanda intensiv və superintensiv bağçılığın, xüsusilə də alma istehsalının mərkəzidir. Bu müasir təsərrüfat modeli ənənəvi bağlarla müqayisədə hektardan 3-4 dəfəyə qədər daha çox məhsul əldə etməyə imkan verir. 

Quba, Qusar və Xaçmaz rayonlarında salınan superintensiv alma bağlarında hər hektardan 60-70 ton məhsul götürmək mümkündür. Ənənəvi bağlarda isə bu rəqəm 20-25 tondur.

Masallı rayonunun ərazisində əsasən sitrus və giləmeyvə bağlarının, plantasiyalarının salınmasına maraq daha böyükdür. İntensiv bağların salınmasına dövlət dəstəyi mexanizminin genişlənməsi, birdəfəlik əkin subsidiyalarının ayrılması, fermerlərin bağların salınmasına çəkdiyi xərclərin bir hissəsinin dövlət tərəfindən subsidiyalaşdırılması Lənkəran-Astara iqtisadi rayonunda, o cümlədən Masallıda həm intensiv bağların sahəsinin artmasına, həm də fermerlərin gəlirlərinin çoxalmasına müsbət təsir göstərir.

Fındıqçılıqla əsasən Azərbaycanın şimal-qərb bölgəsində məşğul olurlar. Həmin rayonlarda bir çox ailələr dolanışıq xərclərinin xeyli hissəsini fındıqçılıqdan əldə etdikləri qazanc hesabına ödəyirlər. Xüsusilə Zaqatala, Qax və Balakən rayonlarında fındıqçılıq əhalinin məşğulluğunun bir hissəsini təşkil edir. Lakin bu, o demək deyil ki, digər bölgələrdə bu məhsulların intensiv yetişdirilməsi mümkünsüzdür.

İntensiv bağçılıqdan danışarkən işğaldan azad olunmuş ərazilərimizdə bu istiqamətdə aparılan işlərə də xüsusi diqqət yetirmək gərəkdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev cari il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bu məsələyə də toxunmuşdur: "İntensiv bağçılıq. Biz bunun da müsbət nəticəsini görürük, o cümlədən azad edilmiş torpaqlarda. Ağalı kəndinin yaxınlığında salınmış meyvə bağı. Mən bu yaxınlarda Zəngilanda olarkən məlumat verildi ki, artıq oradan ixrac da olunur. Yəni intensiv bağçılıq, xüsusilə meyvə yetişdirilən bölgələrdə əsas prioritet olmalıdır və burada qarşıya məqsəd qoyulur ki, 20 min yeni hektarda intensiv bağçılıq səviyyəsində bağlar qurulsun".            

Zəngilan rayonunda intensiv bağçılıq yüksək məhsuldarlıq, müasir texnologiyalar (damlama suvarma) və xarici bazarlara ixrac potensialı ilə seçilir. Əsas mərkəz Ağalı kəndindəki təsərrüfatdır. Ağalı İntensiv Meyvə Bağı 2022-ci ildə salınıb. Bu bağ 100 hektar ərazini əhatə edir və hər hektara 666 ağac olmaqla ümumilikdə 66 min ağac əkilib. Bağın 40 hektarı ərik (İspaniya və yerli sortlar), 60 hektarı isə nektarin ağaclarından ibarətdir. Su təminatı birbaşa Həkəri çayından həyata keçirilir və ən müasir damlama suvarma sistemləri tətbiq olunur. Ağalıda istehsal olunan yüksəkkeyfiyyətli meyvələr artıq birbaşa xarici bazarlara çıxarılır.

Məhsuldarlığı artırmaq üçün yerli kəndlərdə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən mütəmadi olaraq budama və qulluq təlimləri təşkil edilir. 

Qarabağın və Şərqi Zəngəzurun digər rayonlarında da intensiv bağçılığın böyük perspektivləri var. Məsələn, Ağdam rayonunun iqlimi mülayim isti və quraq subtropikdir, bu da intensiv bağçılıq (xüsusən də üzümçülük) üçün yüksək potensial yaradır. Rayon minalardan təmizləndikdən sonra ənənəvi üzümçülük və meyvəçilik təsərrüfatlarının modernləşdirilməsinə, intensiv üsullarla bərpasına xüsusi önəm verilir. 

Ağdamda intensiv bağçılığın əsas istiqamətlərindən biri üzümçülükdür. Bu rayon  qədimdən Azərbaycanda ən böyük üzümçülük və şərabçılıq mərkəzlərindən biri olub. Ərazidə məhsuldarlığı dəfələrlə artıran müasir və intensiv üzüm bağlarının salınması bərpa prosesinin əsas prioritetlərindəndir. 

Digər istiqamət meyvəçilikdir. Rayonda xurma, nar, alma, ərik, fındıq, armud, gavalı və albalı kimi meyvə növləri becərilir. İntensiv üsullar sayəsində bu bağların məhsuldarlığında mühüm artımlar qeydə alınmışdır.        

Bir neçə söz də "İntensiv bağçılıq" layihəsi barədə. "İntensiv bağçılıq" layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən birgə həyata keçirilir. Özünüməşğulluq proqramına dəstək məqsədilə icra olunan "İntensiv bağçılıq" layihəsinə 2018-ci ildən start verilib. Həmin vaxtdan yüzlərlə aztəminatlı ailə üçün intensiv bağ təsərrüfatı yaradılıb və onlar bu layihədən faydalanıblar. 

...Bağları az qala il boyu bar gətirən Azərbaycan kimi ikinci bir diyar varmı, görəsən? Hərçənd indi süni üsullarla bunu istənilən yerdə etmək mümkündür. Amma kökü torpaqdan güc alıb qol-budaq atan ağaclardan bar götürmək, geni dəyişdirilmiş deyil, məhz saf meyvə dərib yemək və yaxındakı-uzaqdakı insanlara da bu ləzzətli nemətləri bəxş etmək özgə xoşbəxtlikdir. 

Yazda alça, ərik, çiyələk yetişdirən torpağımız ilin bütün fəsillərində nemətlərini insanlardan əsirgəmir. Yayda şaftalı, gavalı, alma ilə bol olan bağlarda payızda xurma və heyva "közərir". Havalar soyuyub alma-armud bağlarından əl-ayaq yığışandan sonra süfrələri naringi, portağal bəzəyir. Başqalarına, Azərbaycan təbiətinə bələd olmayanlara nə qədər qəribə görünsə də, burada ağacdan üstünə qar dənəcikləri qonmuş meyvə də dərib yemək olar. Bu, qışda yetişən əzgildir... Lənkərandan Qubaya, İsmayıllıdan Zaqatalaya, Salyandan Qazaxa, Qarabağ ellərindən Naxçıvan diyarınadək Azərbaycan torpağının hər yanında il boyu yetişən daha neçə-neçə ləziz meyvənin adını çəkmək olar. Bir sözlə, hazırda Azərbaycan özünü meyvə və giləmeyvə ilə  140 faiz təmin edir. 

Qeyri-neft sektorunun inkişafının prioritet təşkil etdiyi və aqrar sektorun bu sahədə ön yeri tutduğu indiki dövrdə meyvəçiliyə, eləcə də onun ayrı növlərinə diqqətin artırılması vacibdir. Ərzaq təhlükəsizliyinin təmin edilməsində və ixracın artırılmasında dövlətimiz bunu əsas məqsədlərdən biri kimi hədəfləyir. İntensiv bağçılıq və superintensiv bağçılıq bu məqsədə çatmaqda ən münasib və sərfəli üsullardan biridir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti bahalaşıb

10:00
30 İyun

Dünya çempionatında növbəti sensasiya: Mərakeş millisi Niderlandı mundialdan kənarlaşdırıb

09:53
30 İyun

Vitkoff İranla danışıqlar üçün Qətərə yollanıb

09:52
30 İyun

Dünya çempionatı: Paraqvay Almaniya millisini məğlub edərək 1/8 finala yüksəlib

09:43
30 İyun

Venesuelada zəlzələ qurbanlarının sayı 1700-ü ötüb

09:42
30 İyun

Peru mətbuatında Azərbaycanla diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş məqalə yayımlanıb

09:41
30 İyun

Anomal istilər Avropanı sınağa çəkir

08:50
30 İyun

4 ayda 4,7 milyard dollarlıq qeyri-neft məhsulları ixrac olunub

08:45
30 İyun

Süni intellekt və rəqəmsal texnologiyalar "orta güc" konsepsiyasının mühüm faktoru kimi

08:40
30 İyun

Fransanın beynəlxalq iflası

08:35
30 İyun

Yaxın Şərqdə sülhün taleyi hələ də aydın deyil

08:30
30 İyun

"AŞPA qərəzli siyasəti ilə özünə zərbə vurur"

08:25
30 İyun

İrəvanda vəzifə manipulyasiyaları

08:20
30 İyun

Bir əsr sonra yenidən Bakıda

08:15
30 İyun

Tərtər: növbəti məqsəd yeni hədəflərə çatmaqdır

08:10
30 İyun

"İntensiv bağçılıq xüsusilə meyvə yetişdirilən bölgələrdə əsas prioritet olmalıdır"

08:05
30 İyun

“AZƏRBAYCAN”ın Qarabağ səfəri

08:00
30 İyun

"Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:44
30 İyun

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:43
30 İyun

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 19 iyun tarixli 425-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:43
30 İyun

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

02:41
30 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!