Bu, aqrar sektorun inkişafına dair qəbul olunmuş yeni dövlət proqramında nəzərdə tutulub
Aqrar sektorun ən riskli sahə olduğu məlum faktdır. Son vaxtlar baş verən iqlim dəyişikliklərinin fəsadları bunu növbəti dəfə sübut etdi. Aşırı quraqlıq və yağışlar, sel suları və dolu kənd təsərrüfatına olmazın ziyan vurdu.
Azərbaycanda dövlət bu riskləri nəzərə alaraq kənd təsərrüfatında çalışanlara qarşılaşa biləcəkləri risklərdən qorunmaq üçün aqrar sığorta xətti ilə dəstək verir. Bu dəstəyin istehsalçı üçün ən sərfəli üsulu hər növ sığortada ödənişinin 50 faizinin dövlət tərəfindən ödənilməsidir.
Onu da qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə güzəştli şərtlərlə tətbiq edilən aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək. Bu, Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulur. Həmin proqrama əsasən, aqrar sığortanın əhatə etdiyi əkinlərin sahəsi 2025-ci ildəki 386 min hektardan 2030-cu ildə 1 milyon hektara, kənd təsərrüfatı heyvanlarının sayı isə 7 min başdan 100 min başa çatdırılacaq.
Eyni zamanda aqrar sığortanın əhatə dairəsinin də genişləndirilməsi zərurəti yaranıb. Ona görə də aqrar sığorta mexanizmi çərçivəsində təminat verilən sığorta predmetlərinin və risklərin tərkibinin bitkiçilik, heyvandarlıq və balıqçılıq üzrə genişləndirilməsi istiqamətində təkliflər hazırlanacaq. Bundan başqa, "Aqrar sığorta" informasiya sisteminin funksional imkanlarının genişləndirilməsi, müstəqil aqrar sığorta ekspertləri institutunun inkişaf etdirilməsi nəzərdə tutulur. Həmçinin aqrar sığorta xidmətləri tam elektronlaşdırılacaq, fermerlərin sığortaya əlçatanlığı artacaq, sığorta ödənişlərinin operativliyi təmin ediləcək.
Aqrar sığorta haqlarının dövlət hesabına ödənilən hissəsinin subyektlərə, predmet və risklərə münasibətdə diferensiallaşdırılması da nəzərdə tutulur. Qarşıya qoyulan məqsədə çatmaq üçün dövlət dəstəyinin diferensiallaşdırılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi və aqrar sahədə diferensiallaşdırılmış sistemə keçidə başlanılması gözlənilir. Yeri gəlmişkən, fermerlər rəqəmsal imkanlardan istifadə etməklə olduğu yeri tərk etmədən əkin sahəsini və ya təsərrüfatını sığortalaya və "ASAN Pay" ödəniş sistemi ilə sığorta haqqını ödəyə bilərlər.
Xatırladaq ki, fəaliyyətə başladığı gündən indiyədək Aqrar Sığorta Fondu tərəfindən fermer və təsərrüfatlara ümumilikdə 23 milyon manat sığorta ödənişi həyata keçirilib. Bu məbləğin 19,5 milyon manatı əkin sahələrinə, 3,5 milyon manatı heyvandarlıq təsərrüfatlarına dəymiş zərərlərə görə ödənilib. Cari il üçün də fermerlərə dəyən ziyanın ödənilməsinə başlanılıb. Bir neçə gün əvvəl Aqrar Sığorta Fondu tərəfindən Göygöl və Samux rayonlarından olan fermerlərə heyvandarlıq sığortası üzrə ödənişlər həyata keçirilib. Samuxun Füzuli kəndindən olan fermer Mikayıl Camalova məxsus 2 baş qaramal yoluxucu xəstəlikdən tələf olduğuna görə, ASF tərəfindən 11700 manat zərər ödənişi edilib. Yeni Qızılca kəndindən olan tanınmış fermer Mustafa Bəhruza isə 2 baş qaramal yoluxucu xəstəlikdən tələf olduğu üçün 7 950 manat aqrar sığorta vəsaiti verilib.
Xatırladaq ki, ASF ümumilikdə indiyədək heyvandarlıq sığortası üzrə fermer və təsərrüfatlara 3,5 milyon manat sığorta ödənişi həyata keçirib. Ən çox baş verən sığorta hadisələri yoluxucu xəstəliklər, yemdən və otdan zəhərlənmə, vəhşi heyvan hücumu hallarıdır. Xatırladaq ki, dövlət dəstəkli olmasına, yəni sığorta haqqının yarısı dövlət tərəfindən ödənildiyinə görə heyvanların aqrar sığorta vasitəsilə sığortalanması fermerlər üçün olduqca əlçatandır. Məsələn, 1000 manatlıq qaramalın (inək və ya camışın) illik sığortalanması fermerə cəmi 24-39, 300 manatlıq davarın (qoyun və ya keçinin) sığortalanması isə 7-11 manata başa gəlir.
Rüstəm KAMAL,
"Azərbaycan"