Həyata keçirilən sistemli islahatlar yaxın gələcəkdə ölkəmizi regionun ən güclü rəqəmsal və innovativ mərkəzinə çevirəcək
Məlum olduğu kimi, cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunan müşavirə keçirilmiş, "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" təsdiqlənmişdir. Bununla da ölkədə qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret yol xəritəsi müəyyən olunmuşdur.
İyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müşavirədən ötən dövrdə görülən işlər, "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın icra vəziyyəti müzakirə olundu. Mehriban xanım Əliyeva bildirdi ki, "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası şuranın əsas fəaliyyət istiqamətidir: "Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir. Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır".
İclasda süni intellekt texnologiyalarının dövlət və özəl sektora inteqrasiyası, milli kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsi kimi məsələlərə də toxunuldu. Eyni zamanda ölkədə innovasiya ekosisteminin tənzimlənməsi üçün hazırlanan qanunvericilik islahatları, rəqəmsal dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və rəqəmsal təhsil layihələrinin genişləndirilməsi ətrafında müzakirələr aparıldı.
Rəqəmsal hədəflərimizə nəzər salanda görünür ki, qarşıya qoyulan əsas məqsəd, sadəcə, yeni texnologiyaları tətbiq etməkdən ibarət deyil. Ölkəmiz bu texnologiyalar vasitəsilə iqtisadiyyata güclü təkan vermək, müasir innovasiya ekosistemi formalaşdırmaq niyyətindədir. Eyni zamanda xarici investisiyaların ölkəyə cəlb edilməsi, yerli startaplara tam dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılması prosesin əsas sütunları kimi çıxış edir. Bu strateji addımlar Azərbaycan iqtisadiyyatının inkişafına yeni töhfə verəcək. Bununla da ölkəmiz qlobal bazara yüksək texnologiyalar ixrac edən güclü dövlətə çevriləcək.
İclasda toxunulan məsələlər ölkəmizdə rəqəmsal sahədə necə böyük bir canlanmanın olduğunu sübut edir. Fəaliyyət Planı bütövlükdə rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə 58 mühüm təşəbbüsü əhatə edir. Bu təşəbbüslərin həyata keçirilməsi üçün artıq 40 dövlət qurumu ilə xüsusi yol xəritələri hazırlanıb. Bu xəritələrdən 13-ü artıq təsdiqlənib və ya hazırda təsdiq mərhələsindədir.
Dövlət sisteminin rəqəmsallaşdırılması istiqamətində digər böyük addım Milli Məlumat Hövzəsinin yaradılmasıdır. Hazırda dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası və yeni böyük data mərkəzinin tikintisi sürətlə davam edir.
Vətəndaşların ən çox istifadə etdiyi "mygov" platforması isə son aylar rekord göstəricilərə imza atıb. 3 ay ərzində platformanın istifadəçilərinin sayı 2,7 milyondan 3,5 milyona yüksəlib. Artıq bir neçə mühüm tətbiq platformaya uğurla inteqrasiya olunub. Daha 7 dövlət tətbiqinin xidmətləri də ilin sonunadək tam olaraq vətəndaşların istifadəsinə veriləcək. İstifadəçilərin belə sürətlə artması xidmətlərin keyfiyyətindən xəbər verir. Bu sistem sənəd işlərini asanlaşdırır, vaxt itkisini önləyir və şəffaflığı təmin edir.
Bundan əlavə, artıq "mygov" və digər dövlət qurumlarında süni intellekt həllərinin tətbiqi genişləndirilir, həmçinin vətəndaşlar üçün virtual köməkçi xidməti fəaliyyət göstərir. İnnovasiya ekosistemini gücləndirmək və texnoloji şirkətləri bir araya gətirmək məqsədilə Azərbaycan Dayanıqlılıq Klasterinin yaradılmasına başlanılıb. Kibertəhlükəsizlik sahəsində isə Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi, Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzi və Rəqəmsal Təhqiqat Mərkəzinin qurulması işləri davam edir. Dövlət və özəl sektor arasında operativ məlumat mübadiləsini təmin edəcək vahid milli kibertəhlükəsizlik platforması da tezliklə hazır olacaq. Bu yeni təhlükəsizlik mərkəzləri ölkəmizi kiberhücumlardan qoruyacaq. Dövlətimiz hər hansı bir təhlükəni öncədən görüb qarşısını ala biləcək.
Rəqəmsal transformasiyanın uğurlu olması üçün güclü hüquqi baza mütləqdir. İclasda rəqəmsal sahədə qanunvericilik üzrə hazırlanan köklü islahatlar barədə ətraflı məlumat verildi. Bildirildi ki, hüquqi müəyyənliyin təmin edilməsi, rəqabətqabiliyyətli və cəlbedici vergi mühitinin formalaşdırılması, innovasiyaların maliyyələşdirilməsi sistemlərinin qurulması, elmi-tədqiqat və innovasiya sahəsində xüsusi təşviqlərin tətbiqi, xarici və yerli istedadların ölkəyə cəlb edilməsi, şirkətlərin bazara çıxış imkanlarının genişləndirilməsi, kibertəhlükəsizlik sahəsində tənzimləmənin ən müasir səviyyəyə çatdırılması bu istiqamətdə mühüm proseslərdir. Bununla əlaqədar dünya təcrübəsi dərindən öyrənilib və beynəlxalq mühitdə özünü doğrultmuş uğurlu modellər əsas götürülüb.
Təhsil sahəsinin rəqəmsallaşdırılması da diqqət mərkəzindədir. Hazırda təhsil müəssisələrinin vahid internet şəbəkəsi ilə təmin olunması istiqamətində işlər görülür. "Rəqəmsal məktəb" layihəsi çərçivəsində təhsil pillələri üzrə bütün məlumatlar və təhsil sənədləri tam elektronlaşdırılıb. Növbəti əsas mərhələ birbaşa tədris prosesinin özünün rəqəmsallaşdırılması olacaq. Məktəblərdə isə xüsusi layihələr icra olunur. "Rəqəmsal bacarıqlar" və "STEAM Azərbaycan" kimi layihələr uşaqlara erkən yaşlardan proqramlaşdırma, tənqidi təfəkkür və mühəndislik bacarıqlarını aşılayır.
Azərbaycan, sadəcə, texnologiya istehlak edən yox, texnologiya yaradan və onu idarə edən bir dövlət olmaq yolundadır. Həyata keçirilən sistemli islahatlar yaxın gələcəkdə ölkəmizi regionun ən güclü rəqəmsal və innovativ mərkəzinə çevirəcək.
Təhminə VERDİYEVA,
"Azərbaycan"