Bu günlər Azərbaycan növbəti möhtəşəm tədbirə evsahibliyi edir - Bakıda 100 il əvvəl keçirilmiş I Türkoloji Qurultaya həsr olunmuş "Türk Dünyası Həftəsi"dir. Tədbirə türk dövlətləri daxil olmaqla 20 ölkədən rəsmilər, türk əməkdaşlıq təşkilatlarının rəhbərləri və nümayəndələri, eləcə də 126 türkoloq-alim qatılıb.
"Türk Dünyası Həftəsi"nin açılış mərasiminin Heydər Əliyev Mərkəzində böyük təntənə və qardaşlıq ovqatı ilə gerçəkləşdiyini deyən Milli Məclisin deputatı Günay ƏFƏNDİYEVA diqqətə çatdırıb ki, tədbirə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçılarının təbrik məktubları ünvanlanıb, türk həmrəyliyinə dəstəklərini ifadə edən fikirləri, xoş arzuları səsləndirilib: "Dövlət başçılarının tədbirə xüsusi münasibəti türk dünyasının mənəvi birliyinin, həmrəyliyinin ortaq siyasi iradə ilə mühüm vəhdət təşkil etdiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev məktubunda vurğuladığı kimi, türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Yüz il əvvəl Bakıda türk xalqlarının gələcəyini düşünən, dilini, tarixini, mədəniyyətini qorumağa çalışan böyük ziyalılar toplaşmışdı. Təəssüf ki, onların bir çoxu sonralar repressiyaların qurbanı oldu. Onların taleyi yarımçıq qaldı, amma irəli sürdüyü fikirlər, təşəbbüslər, arzular illər sonra reallığa çevrildi".
Deputat qeyd edib ki, həmin ziyalılar türk xalqlarının bir-birinə daha da yaxınlaşacağına, həmrəylik nümayiş etdirəcəyinə inanır, türk dünyasının birliyini gec-tez gerçəkləşəcək tarixi zərurət kimi görürdülər: "Bu gün birgə səylərin nəticəsində həmin arzular addım-addım həyata keçirilir.
G.Əfəndiyevanın sözlərinə görə, türk dünyasında gündən-günə dərinləşən əməkdaşlıq mühiti qurultay iştirakçılarının ruhuna böyük ehtiramdır: "Bu gün türk ölkələrinin başçılarının qardaşlıq münasibətləri, etimadı, sıx qarşılıqlı səfərləri, müntəzəm görüşləri və vahid siyasi baxışı sayəsində türk dünyası tarixinin ən mühüm yaxınlaşma dövrünü yaşayır. Nəqliyyat dəhlizlərindən enerji layihələrinə, elm və təhsildən mədəniyyətə qədər birgə təşəbbüslərin sayı gündən-günə artır, TDT-nin fəaliyyəti türk xalqlarının həyatının bütün sahələrində birlik və bərabərliyinin təşviqinə xidmət edir. Bütün bunlar ortaq niyyətin, məqsədin, məsuliyyətin sərgilənməsi, dildə, fikirdə, işdə birliyin təzahürüdür. Bu birlik nə qədər möhkəmlənərsə, türk dünyasının qlobal miqyasda sözü, çəkisi, mövqeyi də bir o qədər güclü olacaq".
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"