Avropa İttifaqının təhlükəsizliyi gücləndirmək və pasportlara vurulan möhürləri biometrik qeydiyyatla əvəz etmək məqsədilə tətbiq etdiyi rəqəmsal sərhəd nəzarəti sistemi olan “Entry Exit System” Avropanın hava limanlarında ciddi fasilələrə və problemlərə səbəb olub.
AZƏRTAC xəbər verir ki, yeni qaydalara əsasən, Avropa İttifaqına üzv olmayan ölkələrin vətəndaşları Şengen zonasına daxil olarkən pasportlarını təqdim etməli, barmaq izlərini verməli və fotoşəkilləri çəkilməlidir. Lakin sərhəd nəzarətinin sürətləndirilməsi əvəzinə, yeni sistem saatlarla davam edən növbələrin yaranmasına gətirib çıxarıb.
Hava limanlarını təmsil edən beynəlxalq “Airports Council International” (ACI) təşkilatı Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenə ünvanladığı açıq məktubda bildirib ki, yaranan gecikmələr səbəbindən sərnişinlər sərhəd nəzarətindən keçmək üçün saatlarla gözləməli olurlar. Aviaşirkətlər isə sərnişinlərin gecikməsi səbəbindən təyyarələri yarıboş yola salmağa məcbur qalırlar.
ACI-nin məlumatına görə, problemlər texniki nasazlıqlar, kadr çatışmazlığı və bir sıra hava limanlarında zəruri avadanlıqların olmaması ilə əlaqədardır. Çətinliklər təkcə ən iri aviasiya qovşaqlarını deyil, həm də məşhur turizm istiqamətlərində yerləşən kiçik hava limanlarını əhatə edib.
Tənqidlərə baxmayaraq, Avropa Komissiyası sistemin normal rejimdə işlədiyini və yoxlamaların aparılması zamanı müəyyən çevikliyə imkan verdiyini bildirir. Bununla yanaşı, aviasiya sənayesinin nümayəndələri xəbərdarlıq edirlər ki, sistemin işində dəyişiklik edilməzsə, Avropanın hava limanları yay turizm mövsümünün qızğın çağında daha ciddi problemlərlə üzləşə bilər.