01 İyul 2026 08:00
193
SİYASƏT
A- A+
Sabitlik inkişafın əsas ilkin şərtlərindəndir

Sabitlik inkişafın əsas ilkin şərtlərindəndir


"Azərbaycan cəmi 35 ildir ki, müstəqildir. Müharibə, işğal, humanitar fəlakət, vətəndaş müharibəsi və digər çətinliklərlə səciyyələnən ilk iki ili istisna etməklə qalan dövr ölkənin sabit inkişafı ilə yadda qaldı. Bu isə hər hansı ölkənin uğuru üçün əsas ilkin şərtlərdən biridir. Sabitlik pozulduqda biz inkişaf haqqında heç danışa bilmərik. Beləliklə, sabitlik, - yəni bu gün Azərbaycanın reallığını təşkil edən siyasi, iqtisadi və sosial sabitlik, - nəinki inkişafımızın əsas meyarıdır, o cümlədən regional inkişaf göstəricisidir".  


İlham ƏLİYEV


Keçmişini unudan gələcəyini qura bilməz, - demişlər.

Keçmiş  təkcə tarixin  uzaqlarında  qalan dövrləri deyil.

Bu gün də yaşayan insanların  neçə il öncə  gördükləri və yaşadıqları  da keçmiş sayılır.

Buna yaxın keçmiş də demək olar.

Ancaq olanları, gördüklərimizi, çəkdiklərimizi unutmamalı, bugünkü və gələcək  nəsillərə söyləməli, onları hər şeydən hali etməliyik.

Çünki unutqanlıq keçmiş faciələrin və səhvlərin yenidən yaşanılmasına səbəb ola bilər.

Bax, müdriklərimiz bu mənada keçmişi unutmamağı tövsiyə edirlər.

***

* Sabitlik olmayanda cəmiyyətin nizamı dağılır!

* Sabitlik  olmayanda insanların rahatlığı, normal həyat ritmi pozulur!

* Sabitlik olmayanda  bu günə və sabaha olan inam azalır!

* Sabitlik itəndə yeni, çoxsaylı problemlər meydana  çıxır!

Problem demişkən, sovet dövründə problem sarıdan heç zaman "çətinliyimiz" olmayıb.

Bu gün bizim üçün adiliyə çevrilən  məsələlərin bir qismi sovet hakimiyyəti illərində problem səviyyəsində idi.

MƏSƏLƏN:

Gecələr qorxmadan bayıra çıxır, istədiyimiz yerə gedirik,  hətta şəhərimizdə olan əcnəbi turistlər belə səhərədək Dənizkənarı bulvarda, küçələrdə rahat və kimsədən ehtiyat etmədən gəzə bilirlər.

* Amma vaxt vardı - 20 Yanvar faciəsindən sonra Bakıda komendant saatı tətbiq olunmuşdu,  kimsə  gecələr bayıra icazəsiz çıxa bilməzdi,  sovet əsgəri insanlara birbaşa atəş açırdı.

* Ürəyimizdən keçənləri, istədiklərimizi mağazalarımızdan (indi onlara "supermarket",  "ticarət mərkəzi" deyirik)  istənilən qədər alırıq;

* Amma vaxt vardı ət və yağ  ailə üzvlərinin sayına görə  xüsusi talonlarla və  "təhkim olunduğun"  mağazalardan verilirdi;

* Normal pal-paltar, əyin-baş almaq üçün  qardaş Türkiyəyə gedərdik, yaxud onların gizli satışı ilə məşğul olan alverçi axtarardıq;

* Bir sıra zəruri ərzaq məhsulları - çay, qənd, şəkər tozu qıt olduğundan onları "altdan" alardıq, yəni satıcılara artıq pul ödəməklə gizlincə əldə edərdik;

* Çörək növbələri isə ən zəif yerimiz idi - yalnız dövlətə məxsus çörək zavodlarında istehsal edildiyinə görə hərdən zavodların qarşısında da növbələr yaranardı;

* İndi isə istədiyin "market"dən günün istənilən vaxtı istədiyin növdə, rəngdə və çeşiddə çörək ala bilirsən.

Xalqımızın daha bir ağrılı yaddaşı: AXC-Müsavat iqtidarının səriştəsizliyi nəticəsində dövlətin taxıl ehtiyatı vaxtında yaradılmadığından  "bəy"lər əhaliyə mal-qara üçün nəzərdə tutulan qüvvəli yemdən -  "jımıx"dan  çörək bişitdirərək satdırırdılar.

Yaxud şəhərimiz üçün artıq problemə çevrilən, minik maşınlarının çoxluğundan yaranan  "tıxac" problemi.

Sovet dövründə əsas üç marka ("Volqa",  "Moskviç" və "Æiquli") minik maşınları satılardı (indi küçələrdə şütüyən maşınların markalarının sayı-hesabı bilinmir).

Onları əldə etməkdən ötrü isə  5-10 il ərzində  yerli  ZDS  (sonra XDS) İcraiyyə komitələrində  "maşın növbəsi"nə  durmalı idin.

Yalnız bundan sonra  avtomobil sahibi ola bilərdin.

Keçid dövründə kolxoz və sovxozlar dağıdıldığından, kooperasiya əlaqələri pozulduğundan ittifaq tabeli müəssisələrin -  fabrik, zavod və istehsalat  birliklərinin öz işini dayandırması böyük işsizlər ordusunun  yaranması ilə nəticələnmişdi.

İşsiz qalan insanlar isə şəhər və rayonların mərkəzlərindəki meydanlara yığılaraq kütləvi mitinqlər  keçirirdilər.

Bu həm də Moskva tərəfindən körüklənən Qarabağ probleminə mərkəzin ədalətsiz yanaşmasına Azərbaycan xalqının açıq etirazı sayılırdı.

Bu gün ölkədə işsizlik və yoxsulluq səviyyəsi  5 faizdən  aşağıdır.

"Qıtlıq problemləri"  isə öz yerini  "bolluq problemi"nə  vermişdir.

MƏSƏLƏN:

* Hər ailənin bir neçə maşını olduğundan küçələrin tıxacı həllolunmaz  problemə çevrilib.

* Vaxtilə  mənzillərinə telefon çəkdirmək üçün illərlə növbə gözləyən  ailələrin hər üzvünün indi mobil telefonu var.

* Hətta uşaqları sosial şəbəkələrdən çəkindirmək üçün qanunda müvafiq dəyişiklik etməyə hazırlaşırıq.

Mayası süni şəkildə yaradılan "Dağlıq Qarabağ münaqişəsi"ndən  qidalanan və Moskvanın ölkəmizə qərəzli,  ədalətsiz münasibətindən yaranan, həmin dövrdə ölkəyə maymaq, qorxaq, təcrübəsiz və səriştəsiz insanlar başçılıq etdiklərindən  vaxtında həllini tapmayan  məsələlərdən  doğan narazılıqlar ölkədə sabitliyin ciddi şəkildə pozulması ilə nəticələndi.

Anarxiya və qanunsuzluqların cilovlanaraq sabitliyin bərpası isə xeyli  zaman, vaxt və enerji tələb etdi.

***

Sabitliyi pozmaq asandır, onu bərpa etmək isə qat-qat çətin!

Azərbaycanda da belə oldu.

Ölkəyə başçılıq edənlər pozulan sabitliyi geri qaytara, xalqın etimadını doğrulda və etibarını qazana bilmədilər!

ODUR Kİ:

* Ə.Vəzirov 20 Yanvar faciəsinin səbəbkarlarından biri sayıldığından hərbi təyyarəyə minərək Moskvaya qaçdı.

* A.Mütəllibov da eyni aqibəti yaşadı.

AXC-Müsavat cütlüyünün taleyi isə  qismən fərqli oldu.

İqtidarda olduqları qısa müddətdə xalqın etimad kreditini xərcləyib qurtaranları xalq müdafiə etmədi.

* Odur ki, S.Hüseynov hərbiləşdirilmiş dəstəsi ilə Bakıya gəlmək istəyəndə prezident Ə.Elçibəy "komandası"nı yiyəsiz qoyaraq Kələkiyə qaçdı.

Başlarını itirən komanda üzvləri isə  bir-bir "vəzifələrini donduraraq" aradan çıxmağa başladılar.

Düşmən isə yaranmış situasiyadan istifadə edərək dalbadal ərazilərimizi işğal edir və Kürədək Azərbaycan torpaqlarına sahib durmaq niyyətini  gizlətmirdi.

Xalq yaranmış vəziyyətdən yeganə çıxış yolunu sevimli və sınanmış oğlunun, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü.

Heydər Əliyev xalqın müraciətinə biganə qalmadı və dövləti qoruyub saxlamaq üçün  yenidən ölkə rəhbəri olmağa razılıq verdi!

Bununla da  xilaskarlıq missiyasının icrasına başladı.

***

Sabitliyin yaradılması çətin,  uzunmüddətli və  çoxsaylı tədbirlər görülməsini tələb edir.

Sabitliyin əleyhinə çalışan qüvvələrin mövcudluğu şəraitində isə məsələ daha da qəlizləşir.

Ölkəmizdə də belə bir vəziyyət mövcud idi...

Düz iki dəfə Azərbaycana düşmən qüvvələr "sapı özümüzdən olan  baltalar"ın köməyi ilə  dövlət çevrilişinə cəhd göstərdilər.

Lakin onlar bir məsələdə yanılmışdılar.

Artıq Azərbaycana dünyanın görkəmli siyasi və dövlət xadimi, xalqın sevdiyi və qoruduğu Ulu Öndər Heydər Əliyev rəhbərlik edirdi!

Onun çağırışı ilə xalq hər iki halda ayağa qalxaraq öz rəhbərini müdafiə məqsədilə meydana axışdı...

Cəmiyyətin sağlam qüvvələri dövlətə xəyanət yolunu tutan ünsürlər üzərində qələbə çaldılar!

Heydər Əliyev zəkası hər cür xəbis niyyətlilərə üstün gəldi!

Bundan sonra müstəqilliyi əbədiliyə və dönməzliyə çevirmək, sabitliyi uzunömürlü etmək  yolunda qətiyyətli addımlar atıldı:

* Qanunsuz silahlı dəstələr  tərk-silah edildi;

* Əhalidəki  qeyri-qanuni  silah-sursat yığıldı;

* Xaos,  anarxiya və özbaşınalığa son qoyuldu;

* Xüsusi komissiya yaradılaraq yeni Konstitusiyanın layihəsi hazırlandı və ümumxalq səsverməsi yolu ilə  qəbul olundu;

* Dövlət əmlakının özgəninkiləşdirilməsi məqsədilə iki  dövlət proqramı qəbul edilərək reallaşdırıldı, bazar iqtisadiyyatına keçid təmin edildi;

* "Əsrin müqaviləsi" imzalanaraq  Azərbaycanın gələcək inkişafının iqtisadi  bünövrəsi qoyuldu.

Tale bundan artığına vaxt vermədi, ölkədə uzunmüddətli sabitliyin təminatına imkan yaradan etibarlı siyasi kurs müəyyənləşdirən və layiqli siyasi varisini hazırlayan Ulu Öndər Heydər Əliyev əbədiyyətə qovuşdu.

Azərbaycanın gələcək taleyi  isə etibarlı əllərə,  ümumxalq səsverməsi ilə  yüksək etimad qazanan cənab İlham Əliyevə tapşırıldı!

***

2003-cü il prezident seçkilərinin növbəti günü AXC-Müsavatdan qalma müxalifətin tör-töküntüləri və Azərbaycana düşmən dövlətlərin maliyyələşdirdiyi  ünsürlər yenidən ölkədaxili sabitliyi sınağa çəkərək aranı qarışdırmağa cəhd göstərdilər.

Lakin İlham Əliyevin atdığı qətiyyətli və uzaqgörən addımlar, prinsipial mövqeyi və gördüyü operativ tədbirlər sayəsində məqsədlərinə çata bilmədilər!

Həm də anladılar ki,  dövlət yenə də möhkəm və etibarlı əllərdədir!

Cənab İlham Əliyevin sonrakı illərdə də gördüyü işlər, qazandığı nailiyyətlər söylənilənlərin təsdiqinə çevrildi!

Ən əvvəl İlham Əliyev seçki kampaniyası dövründə xalqa verdiyi bütün vədləri şərəflə yerinə yetirdi:

* Məcburi köçkünlər üçün müasir tipli 116 yaşayış kompleksi və şəhərcik saldıraraq onların həyat şəraitini əsaslı şəkildə yaxşılaşdırdı;

* Görülən tədbirlər sayəsində elektrik enerjisi ilə təminatda  baş verən fasilələr tam aradan qaldırıldı;

* Sahibkarlığın inkişafına münbit şərait yaradıldı;

* Yol infrastrukturu təzələndi;

* Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars transmilli layihələri reallaşdırıldı;

* TAP və TANAP xətləri çəkilməklə "Cənub qaz dəhlizi" yaradıldı və hazırda onun vasitəsilə  Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir;

* Orta dəhlizin işə salınması və Zəngəzur dəhlizinin istifadəyə verilməsi üçün  inamlı addımlar atıldı;

Lakin tam və daimi sabitlik yaranması üçün Dağlıq Qarabağ münaqişəsi həllini tapmalı, torpaqlarımız işğaldan və separatçılardan azad edilməli idi.

Odur ki, cənab İlham Əliyev ölkə iqtisadiyyatının gücləndirilməsinə, yeni ordu qurulmasına və onun ən müasir  texnologiyalara əsaslanan silahlarla təmin olunmasına xüsusi diqqət yetirirdi.

Münaqişənin sülh yolu ilə həlli  məqsədilə yaradılan ATƏT-in Minsk qrupu saxta və riyakar mövqe tutmaqla vaxtı uzadır, işğalı əbədiləşdirməyə çalışırdı.

Ermənistan isə mənfur niyyətini gizlətmirdi.

Xankəndidə sərxoş vəziyyətdə olan baş nazir N.Paşinyan  artıq torpaqların işğalı ilə bağlı  məsələnin bitdiyini açıq şəkildə bəyan etdi: "Qarabağ Ermənistandır və nöqtə".

Haylar o qədər qudurmuşdular ki,  hətta bizə hədə-qorxu da gəlirdilər:  "Yeni müharibə, yeni ərazilər olacaqdır".

Təbii ki,  Azərbaycan belə vəziyyətlə heç cürə  razılaşa bilməzdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin yaxınlarda  söylədiyi nitqindən bir neçə məqamı diqqətə çəkirik: 

"Danışıqlar prosesinin ilkin mərhələsində böyük ümidlərimiz var idi. Mən 2003-cü ildən Prezident kimi fəaliyyət göstərirəm və 17 il ərzində, dediyim kimi, sonradan nəticəsiz olduğu aydın olan bu danışıqlarda şəxsən iştirak etdim, sülh yolu ilə həll variantı tapmağa və böyük dövlətləri həqiqətin bizim tərəfimizdə olduğuna inandırmağa çalışdım".

"Biz deyirdik: "Haqq bizim tərəfimizdədir. Biz işğala məruz qalmışıq. Xəritəyə baxın, Ermənistan silahlı qüvvələrinin bizim ərazilərimizdə harada yerləşdiyini görün". Bunun müqabilində isə yalnız bir cavab alırdıq: "Gedin razılaşın" birinci mesaj. İkinci mesaj: "Bu münaqişənin hərbi həlli yoxdur". Üçüncü mesaj: "Siz müharibəyə başlaya bilməzsiniz". Dördüncü mesaj: "Əgər müharibəyə başlasanız, sanksiyalara məruz qalacaqsınız" və bunun kimi çoxsaylı başqa mesajlar verilirdi".

"Beləliklə, dünya siyasətində qərar verən qüvvələrin torpaqlarımızın qeyri-qanuni şəkildə əbədi işğal altında qalmasına qərar verdiyini anladığımız zaman biz öz qərarımızı verdik və bütün planları dəyişdirdik. 2020-ci ildə torpaqlarımızın azad olunması uğrunda müharibə 44 gün davam etdi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Biz işğal altında olan ərazilərimizin böyük hissəsini azad etdik, lakin hamısını deyil. Daha sonra - 2023-cü ildə bu məsələyə tam və qəti nöqtə qoyduq. Bu gün Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam şəkildə bərpa olunub və bu, bütün dünya tərəfindən qəbul edilir. Bundan sonra isə biz Ermənistana sülh təklif etdik. İşğaldan və dağıntılardan əziyyət çəkmiş qalib ölkə, qalib xalq olaraq sülh təşəbbüsü ilə çıxış edən tərəf məhz biz olduq. Bu gün isə artıq sülh reallığa çevrilib".

***

* İlham Əliyev işğal altındakı torpaqları "dəmir yumruğ"u ilə  azad etdi!

* İlham Əliyev ərazilərimizi separatçılardan və qondarma qurumlardan "dəmir yumruğ"u ilə təmizlədi!

* İlham Əliyev "dəmir yumruğ"unu yenidən hazır vəziyyətə gətirsə də, sülh siyasəti yeridir!

* İlham Əliyev müdrikliyi, qətiyyəti və uzaqgörən siyasəti sayəsində Azərbaycanda əsl sabitlik və daimi tərəqqi  bərqərar olunmuşdur!

- Sabitlik xalqla iqtidarın birliyi, vəhdəti deməkdir!

- Sabitlik pozulmaz nizamdır!

- Sabitlik  dövlətin gücü, qüdrətidir!

- Sabitlik sürətli və davamlı inkişafdır!

- Sabitlik  vətəndaş  məmnunluğunun təzahürü, xalqın iqtidara güvəni və inamıdır!

Son 20 ildə Azərbaycana 350 milyard dollardan çox birbaşa investisiya qoyulmuşdur ki,  bunların da yarısı xarici mənbələrdən  cəlb edilmişdir.

Bu həm də  Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu,  dünya dövlətlərinin ölkəmizdəki inkişafa, əmin-amanlığa və sabitliyə olan inamının təzahürüdür!

Dünyanın müharibələr girdabında çabaladığı, qlobal iqtisadiyyatın müharibələr səbəbindən  baş verən  kataklizmlərdən  böyük zərbələr aldığı bir vaxtda  Azərbaycan cəmi 44 gündə ikiəsrlik münaqişəyə son qoyaraq, Cənubi Qafqazı sülh və əməkdaşlıq bölgəsinə çevirməkdədir.

Bu, İlham Əliyev siyasətinin müdrikliyi və uzaqgörənliyinin real həyatda  təsdiqi,  dünyaya və insanlara ən dəyərli  töhfələrindən biridir!



Bəxtiyar  SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

O taylı-bu taylı Azərbaycanın şairi

09:00
01 İyul

Atası onu həkim, anası isə hüquqşünas görmək istəyirdi

08:55
01 İyul

Samux taxılçıları daha çox məhsuldarlığa fikir verirlər

08:50
01 İyul

Ağstafada meyvə istehsalı ilə məşğul olan şirkətin sorağı uzaq ölkələrdən gəlir

08:45
01 İyul

Xatınlı kəndi: dünənlə bu günün görüş yeri

08:40
01 İyul

Ankarada Azərbaycanın dayanıqlı kənd təsərrüfatı imkanları təqdim edilib

08:35
01 İyul

Avropa İttifaqı Azərbaycanın regiondakı strateji rolunu qəbul edir

08:30
01 İyul

"Azərbaycan Korsika məsələsinin beynəlxalq gündəmdə yer almasına mühüm töhfə verdi"

08:25
01 İyul

Azərbaycanın islam dünyasında artan rolu və genişlənən missiyası

08:20
01 İyul

ADA Universitetində 9-cu Beynəlxalq Təhsil Konfransı təşkil edilib 

08:15
01 İyul

Rəqəmsal transformasiya siyasi partiyaların da qarşısında yeni vəzifələr müəyyən edir

08:10
01 İyul

2025-ci ilin dövlət büdcəsi strateji inkişaf prioritetlərinə uyğun icra edilib

08:05
01 İyul

Sabitlik inkişafın əsas ilkin şərtlərindəndir

08:00
01 İyul

"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

02:08
01 İyul

"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

02:07
01 İyul

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında

02:06
01 İyul

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" 2001-ci il 30 iyun tarixli 518 nömrəli, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında Əsasnamənin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının embleminin təsvirinin təsdiq edilməsi barədə" 2002-ci il 11 mart tarixli 676 nömrəli, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Şurası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2009-cu il 22 may tarixli 96 nömrəli və "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 303-VIIQ nömrəli Qanununun tətbiqi barədə" 2025-ci il 25 dekabr tarixli 558 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

02:05
01 İyul

“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:02
01 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında

02:01
01 İyul

Bakı Slavyan Universitetində “Məzun günü” təntənəli şəkildə qeyd olunub

23:58
30 İyun

Dünya çempionatı: Norveç millisi tarixində ilk dəfə 1/8 finala yüksəlib  

23:01
30 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!