02 İyul 2026 08:00
303
CƏMİYYƏT
A- A+
Dövlətə və xalqa xidmətin şərəfli salnaməsi

Dövlətə və xalqa xidmətin şərəfli salnaməsi


Ölkəmizdə asayişi və ictimai təhlükəsizliyi yüksək səviyyədə təmin edən Azərbaycan polisi bu gün öz zəngin və şərəfli fəaliyyətinin 108-ci ildönümünü qeyd edir. Milli polis təsisatının bünövrəsi Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. 1918-ci il mayın 28-də müstəqilliyini bəyan edən gənc respublikamızın daxili təhlükəsizliyini təmin etmək, ictimai asayişi qorumaq və dövlət quruculuğuna yönəlik təhdidlərin qarşısını almaq məqsədilə həmin il iyulun 2-də Daxili İşlər Nazirliyi tərkibində milli polis orqanları təsis edilib.

Tarixi ardıcıllığın və varislik ənənəsinin bərpası olaraq, Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı "Azərbaycan polisi gününün təsis edilməsi haqqında" fərmana əsasən, həmin şərəfli tarix - 2 İyul günü Azərbaycan Polisi Günü kimi qeyd olunur.

Cümhuriyyət dövründə daxili işlər orqanları son dərəcə mürəkkəb siyasi-ictimai şəraitdə fəaliyyət göstərib. Milli maraqların müdafiəsində, gənc dövlətin sərhədlərinin qorunmasında ön sıralarda addımlayan polisimiz ölkədə anarxiya meyillərinin qarşısını alıb, qanunçuluğun bərqərar olunmasında və dövlət təsisatlarının təhlükəsizliyinin təmin edilməsində önəmli missiyanı icra edib.    1920-ci il aprelin 27-də cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində daxili işlər orqanları ictimai asayişi qorumaq fəaliyyətini dayandırmayıb, cinayətkarlığa qarşı qətiyyətli mübarizə apararaq böyük inkişaf yolu keçib, zəngin təcrübə qazanıb. Bəşəriyyəti təhdid edən faşizmə qarşı müharibədə daxili işlər sisteminin 800-ə yaxın əməkdaşı ön cəbhədə rəşadətlə vuruşub, göstərdikləri igidliyə görə müxtəlif dövlət mükafatları və ordenlərlə təltif olunublar. 

Azərbaycanda daxili işlər orqanlarının möhkəm nizam-intizama, yüksək peşəkarlığa malik mərkəzləşdirilmiş hüquq-mühafizə strukturu kimi formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin birinci dəfə respublikamıza rəhbərlik etdiyi 1970-1980-ci illərdə Daxili İşlər Nazirliyi və ona bağlı orqanlar öz yüksək peşəkarlığı ilə fərqlənib. Heydər Əliyevin rəhbərliyi dövründə daxili işlər orqanlarının təşkilati cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması və peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm tarixi qərarlar qəbul olunub. Milisin yerli mütəxəssislərlə komplektləşdirilməsi məqsədilə xüsusi milliləşdirmə xətti yürüdülüb. Bakı Milis Məktəbinin tədris və infrastruktur bazası əsaslı şəkildə yenilənib. 

Heydər Əliyev daxili işlər orqanları əməkdaşlarının vətənpərvərlik ruhunda təlim-tərbiyəsinə və peşəkarlığının artırılmasına xüsusi önəm verirdi. Məhz şəxsi heyətin vətənpərvər ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda torpaqlarımızın müdafiəsinə qalxan ilk nizami qüvvə milis dəstələri oldu. Həmin vaxt respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 polis əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 polis əməkdaşı orden və medallara layiq görüldü. 

Müstəqilliyimizin bərpasının ilk illərində respublikada iqtidarda olan qüvvələrin səbatsızlığı cinayətkarlığı da pik həddə çatdırmışdı. Gənc dövləti uçurumun kənarına gətirən AXC-Müsavat cütlüyünün idarəetmədəki kobud səhvləri nəticəsində güc strukturlarının, o cümlədən polisin fəaliyyəti iflic olmuşdu. Ölkədə hərc-mərclik dözülməz həddə çatmışdı. Naşı və təsadüfi şəxslərin Daxili İşlər Nazirliyində yüksək vəzifələrə təyin olunması, peşəkarların vəzifədən uzaqlaşdırılması bu qurumun işinə son dərəcə mənfi təsir göstərmişdi. 

1993-cü ilin ağır günlərində Ümummilli Lider Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ilə ölkəmiz qurtuluş yoluna qədəm qoydu. Atılan qətiyyətli addımlar sayəsində dövlət strukturları, o cümlədən Daxili İşlər Nazirliyinin fəaliyyətində mühüm dəyişikliklər baş verdi, qanunçuluq təmin olundu. Dövlətçiliyimizin qorunması uğrunda 1994-1995-ci illərdə törədilən çevriliş cəhdlərinin qarşısı daxili işlər orqanlarının da iştirakı ilə qətiyyətlə alındı. Xüsusən 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanmasından sonra daxili işlər sistemində köklü islahatlar aparıldı. Daxili Qoşunların döyüş hazırlığı yüksəldildi, müasir silah və texnika ilə təminat, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm qərarlar qəbul olundu. Bütövlükdə, Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövrü bütün sahələrdə olduğu kimi daxili işlər orqanlarının fəaliyyətində də yüksəliş mərhələsi kimi yadda qaldı. 

Ulu Öndər daxili işlər orqanlarının müstəqil dövlət quruculuğundakı strateji rolunu və institusional çəkisini hər zaman ən yüksək səviyyədə xarakterizə edirdi. Ümummilli Lider ölkədə qayda-qanunların və daxili sabitliyin qorunmasını birbaşa dövlətçiliyin varlığı ilə əlaqələndirir, polisin cəmiyyətdəki yerini sarsılmaz təməl daşı kimi qiymətləndirirdi. Müstəqilliyimizin qorunub saxlanılmasında və gücləndirilməsində daxili işlər sisteminin missiyasını yüksək dəyərləndirən dahi rəhbər bu barədə belə vurğulayırdı: "Azərbaycan Respublikasının dövlət atributlarından biri də Azərbaycan Ordusu ilə yanaşı, Daxili İşlər Nazirliyidir, bu nazirliyin sistemində olan idarələr və qoşun hissələridir, polis orqanlarıdır. Məlumdur ki, hər bir müstəqil dövlət bir neçə böyük sütun üstündə fəaliyyət göstərə bilir. Hər bir dövlət üçün, o cümlədən müstəqil Azərbaycan dövləti üçün bu sütunlardan biri Daxili İşlər Nazirliyi polis orqanlarıdır". 

Ümummilli Liderin formalaşdırdığı güclü idarəçilik təməli ölkəmizi böyük hədəflərə doğru apardı. Uzaqgörən siyasi kursun modern islahatlarla zənginləşdirilməsi asayişin və qanunçuluğun qorunması missiyasını da keyfiyyətcə yeni müstəviyə qaldırdı. İctimai-siyasi sabitliyin, asayişin təmin olunması gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrildi. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşməsi üçün lazımi tədbirlər görüldü. Xidməti fəaliyyətin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif fərman və sərəncamlar imzalandı. 

Daxili işlər orqanlarının fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi üzrə Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş dövlət proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görüldü. Həmçinin Daxili Qoşunların peşəkar kadr özəyinin formalaşdırılmasında Türkiyə Silahlı Qüvvələri, o cümlədən Æandarm Baş Komandanlığı ilə hərbi və taktiki əməkdaşlıq daha da gücləndirildi.  

Azərbaycan Prezidenti daxili işlər orqanlarının xidməti şəraitinin yaxşılaşdırılmasını, şəxsi heyətin fəaliyyət səmərəliliyinin və peşəkarlığının artırılmasını, sosial rifahının gücləndirilməsini hər zaman diqqət mərkəzində saxlayır. Dövlət başçısı 2018-ci il iyulun 2-də Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibətilə polis orqanlarının şəxsi heyətinə müraciətində bu məqamlara diqqət çəkmişdir: "Ölkəmizdə siyasi sabitlik, əmin-amanlıq hökm sürür, qanunun aliliyi təmin edilir, insan hüquqları ədalətli şəkildə qorunur. Hazırda Azərbaycan polisi güclü nizam-intizama, yüksək peşəkarlığa malik, müasir maddi-texniki imkanlarla təchiz edilmiş, dövlətçiliyimizin qorunması işində önəmli xidmətləri olan mühüm dövlət təsisatıdır. Dövlət tərəfindən daxili işlər orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daim kompleks tədbirlər həyata keçirilir və bu sahədə dövlət qayğısı gələcəkdə də davam etdiriləcək. Öz növbəsində Azərbaycan polisi fəaliyyətini müasir tələblərə uyğun təkmilləşdirməli, cinayətkarlığa qarşı mübarizəni daha böyük əzmlə və qətiyyətlə aparmalıdır". 

Prezidentin bu sözləri Azərbaycan polisinin müstəqilliyimizin və daxili sabitliyimizin qorunmasındakı strateji roluna verilən yüksək hüquqi-siyasi qiymətdir. Daxili işlər orqanlarının fəaliyyətinə verilən bu ali qiymət həm də ölkədəki dayanıqlı tərəqqinin və investisiya mühitinin birbaşa təhlükəsizlik amili ilə bağlı olduğunu nümayiş etdirir. Müasir müstəqil Azərbaycan dövlətinin regional liderə çevrilməsi və qlobal layihələrin mərkəzi kimi tanınması məhz bu sarsılmaz asayiş təməlinə söykənir. 

Ötən dövrdə şəhər və rayon polis idarələri, polis şöbələri müasir standartlara cavab verən yeni inzibati binalarla, əməliyyat-axtarış və xidməti fəaliyyətin optimal təşkili məqsədilə binalar ən yeni avadanlıqlar və mərkəzləşdirilmiş sistemlərlə, kibercinayətkarlıqla və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin effektivliyini artırmaq üçün xüsusi xidmət sahələri, o cümlədən Kibercinayətkarlıqla Mübarizə Mərkəzi ən qabaqcıl rəqəmsal texnologiyalar və proqram təminatları ilə təmin edilib, DİN-in Polis Akademiyasının tədris binalarının, yataqxanalarının və idman komplekslərinin müasir standartlar səviyyəsinə çatdırılması, gənc polislərin ən son hüquqi və taktiki biliklərə yiyələnməsi üçün mükəmməl maddi-texniki baza yaradılıb.  Bunlardan əlavə, müasirləşmə tendensiyası fonunda onlarca elektron xidmət, veb-sayt, "qaynar xətt" və digər informasiya resursları, polisin "ASAN xidmət" mərkəzlərində fəaliyyəti təşkil olunub. Vətəndaş məmnunluğunu təmin edən bu və digər fəaliyyətlər xidmətin səmərəsini və operativliyini qat-qat artırıb. Bu islahatların davamı kimi fəaliyyətə başlayan "E-Polis" mobil tətbiqi vasitəsilə vətəndaşlar rəsmi ərizə, şikayət, təklif və ya sorğularını birbaşa onlayn qaydada göndərmək imkanı qazanıblar. 

DİN-in sosial şəbəkə hesabları dövlət orqanları arasında ən aktiv və əlçatan resurs kimi fəaliyyət göstərir, burada mütəmadi yayımlanan maarifləndirici video-çarxlar cinayətkarlığa qarşı önəmli profilaktik tədbir rolunu oynayır. Bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə, narkotiklərin qanunsuz dövriyyəsinə və insan alverinə qarşı adekvat cavab tədbirləri görməyə tam imkan verir. 

Bu gün Azərbaycan polisi cinayətkarlıqla mübarizədə öz peşəkarlığı ilə seçilir və dövlətin konstitusion quruluşuna qəsd etmək istəyənlərin qarşısında sarsılmaz sədd kimi dayanır. Statistika göstərir ki, Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, bir sıra MDB və Avropa ölkələrinin təhlükəsizlik orqanlarını üstələyir. Bunun səbəbi hüquq-mühafizə orqanlarının dövlətin və vətəndaşın qarşısına çıxan hər bir sınaqda əsl fədakarlıq nümayiş etdirməsidir.

Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz vətənpərvərliklərini və şücaətlərini 44 günlük Vətən müharibəsində də nümayiş etdirdilər. 2020-ci il sentyabrın 27-də başlayan döyüş əməliyyatlarının ilk anlarından Daxili Qoşunların hərbi qulluqçuları ön cəbhəyə atılaraq torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıqlar göstərdilər. Şəhər və kəndlərin, strateji yüksəkliklərin işğaldan təmizlənməsində Daxili Qoşunların hərbçiləri düşmənə sarsıdıcı zərbələr vuraraq əsl qəhrəmanlıq salnaməsi yazdılar. Azərbaycan tarixinin şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid oldu, 346 hərbi qulluqçu yaralandı, 4 nəfər "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görüldü. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif edilib. Müharibədən sonra seçim turlarından uğurla keçən 1000-dən çox Vətən müharibəsi iştirakçısı polis orqanlarında xidmətə qəbul edilib. 

2023-cü il sentyabrın 19-20-də Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoymaq məqsədilə keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı polis əməkdaşları qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində yüksək peşəkarlıq göstəriblər. Bu əməliyyatlar zamanı DİN-in 20 əməkdaşı şəhidlik zirvəsinə yuksəlib, onların canı və qanı bahasına bölgədəki separatçı yuvaları və qanunsuz silahlı birləşmələr tamamilə ləğv edilib, tarixi ədalət və qanunun aliliyi bərqərar olunub. 

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə Böyük qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə daxili işlər orqanlarının əməkdaşları Qarabağ və Şərqi Zəngəzurda gecə-gündüz xidmət aparırlar. Bu ərazilərdə strateji infrastruktur obyektlərinin, eləcə də yenidən qurulan şəhər və kəndlərin mühafizəsi ən yüksək səviyyədə təşkil edilib. 

Hazırda işğaldan azad edilmiş ərazilərdə həyatın normal axarına qayıtması üçün xidmətə cəlb edilən şəxsi heyətin əsas prioritet fəaliyyət istiqamətlərindən biri ərazilərin qanunsuz silahlardan, partlayıcı maddələrdən və təhlükəli müharibə qalıqlarından təmizlənməsidir. ANAMA və digər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə fəaliyyət göstərən daxili işlər orqanlarının əməkdaşları işğaldan azad edilmiş ərazilərimizdə silah-sursat, mina və partlamamış hərbi sursatların aşkar edilərək zərərsizləşdirilməsi prosesində iştirak edirlər. Bu fədakar xidmət azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin fasiləsizliyinə təminat verməklə yanaşı, doğma yurduna dönən hər bir vətəndaşımızın təhlükəsiz yaşayışının zəmanətidir. 

İctimai qaydaların, qanunçuluğun nümunəvi qorunmasında, ölkə daxilində sabitliyin təmin edilməsində qazanılan uğurların nəticəsində Azərbaycan qlobal müstəvidə özünün sabitlik və təhlükəsizlik baxımından imicini möhkəmləndirib. Bakının yüksək səviyyədə təşkil etdiyi "Avroviziya", Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarından sonra beynəlxalq miqyaslı COP29 və WUF13 kimi tədbirlərə evsahibliyi etməsi də ölkəmizdə bərqərar olan asayişin qlobal səviyyədə qəbul olunmasının əyani göstəricisidir. On minlərlə xarici qonağın, dövlət və hökumət başçılarının, eləcə də beynəlxalq nümayəndə heyətlərinin iştirak etdiyi irimiqyaslı tədbirlər zamanı asayişin və təhlükəsizliyin qüsursuz şəkildə təmin olunması daxili işlər orqanlarının peşəkarlığının təntənəsidir. 

Azərbaycan polisinin 108 illik tarixi salnaməsi sübut edir ki, asayişin qorunması, sadəcə, hüquqi vəzifə deyil, həm də dövlət müstəqilliyinin dayanıqlılığına xidmət edən müqəddəs missiyadır. Ötən birəsrlik keşməkeşli dövrdə cümhuriyyətdən Vətən müharibəsinin şanlı səhifələrinə və müasir qlobal çağırışlara qədər hər sınaqdan alnıaçıq çıxan Azərbaycan polisi bu gün xalq-dövlət birliyinin ən etibarlı dayaqlarından biridir. Ölkəmizdəki daxili sabitliyin əsas qarantı olan polisimizin arxasında Azərbaycan xalqının sarsılmaz inamı, qüdrətli dövlətimiz və Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı dayanır. 

Azərbaycan daxili işlər orqanları güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistem və peşəkar kadr korpusu olan mərkəzləşdirilmiş hüquq-mühafizə strukturudur. Ümumiyyətlə, daxili işlər orqanlarında xidməti vəzifələrin dəqiq və qüsursuz yerinə yetirilməsi, fəaliyyətdə dürüstlük, prinsipiallıq və məsuliyyət kimi keyfiyyətlərin hər zaman qorunması üçün düzgün kadr seçimi xüsusi diqqət mərkəzində saxlanılır. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən mütəmadi olaraq keçirilən sıra baxışlarında tələblərə və göstəricilərə cavab verən gənclər polis orqanlarında xidmət etmək imkanı əldə edirlər.

Şərəfli xidmət yolu keçən asayiş keşikçilərimiz dövlətimizin qüdrətlənməsi naminə yeni uğurlara doğru inamla addımlamaqda davam edirlər. Şübhə yox ki, öz andına daim sadiq olan daxili işlər orqanlarının hər bir əməkdaşı ictimai asayişi, cəmiyyətin və dövlətin ali mənafelərini, vətəndaşların konstitusion hüquq və azadlıqlarını qorumaq missiyasını bundan sonra da eyni qətiyyət və şərəflə yerinə yetirəcək. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqına girişin yeni qaydaları hava limanlarının fəaliyyətində problemlərə səbəb olub

09:34
02 İyul

Günəş, toz, hovuz və ekranlar gözümüzün işığını alır

09:00
02 İyul

Yaratdığı obrazları tamaşaçıya sevdirməyi bacarırdı

08:55
02 İyul

Universitet yeni zirvələr fəth edir

08:50
02 İyul

"Süni intellekt vasitəsilə yaradılan dəyər ümumi qlobal iqtisadi artımdan daha yüksəkdir"

08:45
02 İyul

Azərbaycanın rəqəmsal transformasiyası

08:40
02 İyul

Türk dünyası birliyi qlobal miqyasda mövqeyini möhkəmləndirir

08:35
02 İyul

Türk dünyasının yeni əsri - gələcəyə hesablanan sarsılmaz birlik

08:30
02 İyul

Gübrələrin çeşidinin artırılması dövrün tələbidir

08:25
02 İyul

Aqrar sığortanın əhatə dairəsi daha da genişlənəcək

08:20
02 İyul

Məqsəd üst-üstə düşəndə...

08:15
02 İyul

Yüksək etimad nümunəsi

08:10
02 İyul

Sənayeləşmə prosesi regionlara keçir

08:05
02 İyul

Dövlətə və xalqa xidmətin şərəfli salnaməsi

08:00
02 İyul

Kiyev ballistik və qanadlı raketlərlə vurulub, ölənlər və yaralananlar var YENİLƏNİB

07:21
02 İyul

QDİƏT Parlament Assambleyasının 67-ci Baş Assambleyasında süni intellektlə bağlı tövsiyələr qəbul edilib  

06:59
02 İyul

Dünya çempionatı: ABŞ millisi Bosniya və Herseqovinanı məğlub edərək 1/8 finala yüksəlib

06:52
02 İyul

Dünya çempionatı: Belçika millisi qələbə qazanıb

06:49
02 İyul

“Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:50
02 İyul

“Ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı”nın və “Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 iyun tarixli 192 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:49
02 İyul

Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

23:57
01 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!