Bakı beynəlxalq tədbirlərin keçirildiyi əsas mərkəzlərdən biridir
Strateji coğrafi mövqeyi, uğurlu xarici siyasəti və dinamik iqtisadi inkişafı ilə seçilən Azərbaycan qlobal miqyaslı mötəbər tədbirlərin, iqtisadi və siyasi forumların etibarlı məkanlarından birinə çevrilib. Ölkəmizin qlobal dialoq mərkəzi kimi formalaşan bu imici təkcə diplomatik uğur deyil, həm də dünya birliyinin Azərbaycana olan yüksək etimadının göstəricisidir.
Təsadüfi deyil ki, 2026-cı ilin may ayından etibarən paytaxtımız bir-birinin ardınca dünya əhəmiyyətli tədbirlərə, humanitar, siyasi və maliyyə forumlarına evsahibliyi etməklə qlobal gündəmi müəyyənləşdirən əsas mərkəz rolunu oynayır. Dünya birliyi və aparıcı beynəlxalq təşkilatlar Azərbaycana qlobal çağırışların müzakirə edildiyi, mühüm qərarların qəbul olunduğu strateji məkan və sabitlik adası olan bir siyasi mərkəz kimi yanaşırlar.
İyulun 1-də Bakıda Azərbaycanın sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı öz işinə başlayıb. Tədbir çərçivəsində xarici investorlar və bank rəhbərliyi ilə keçirilən görüşlər Azərbaycanın Orta dəhliz layihəsindəki mərkəzi logistik rolunu gücləndirməklə yanaşı, ölkəmizin qeyri-neft sektorunun və özəl sahibkarlığın şaxələndirilməsinə yeni maliyyə dəstəyi qazandırır.
Ötən ay ərzində də beynəlxalq maliyyə qurumlarının diqqəti ölkəmizə yönəlmişdi. İyunun əvvəlində başlayan "Bakı Enerji Həftəsi" və onun çərçivəsində keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ölkəmizin qlobal enerji təhlükəsizliyinin və Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələrin növbəti nümayişi oldu.
İyunun 16-dan 19-dək Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il İllik Toplantıları da Bakıda keçirildi. Dünyanın müxtəlif ölkələrindən yüksəksəviyyəli dövlət rəsmilərini, maliyyə nazirlərini və nüfuzlu investorları bir araya gətirən bu maliyyə forumunun regionun iqtisadi gələcəyinin formalaşdırılması baxımından böyük əhəmiyyəti var. Müzakirələr çərçivəsində rəqəmsal transformasiya, dayanıqlı infrastrukturun qurulması və islam dünyasının aparıcı investorları ilə yerli sahibkarlar arasında yeni tərəfdaşlıq əlaqələrinin qurulması istiqamətində mühüm addımlar atıldı.
İqtisadi arenadakı uğurların ardınca Azərbaycan özünün parlament diplomatiyası imkanları sayəsində dialoq arealını daha da genişləndirdi. İyunun 22-25-də Milli Məclisin evsahibliyi ilə Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının (İƏT Pİ) 20-ci Sessiyası keçirildi. İslam dünyasının qanunverici orqanlarının rəhbərlərini və nümayəndə heyətlərini bir araya gətirən bu mötəbər sessiya parlamentlərarası əlaqələrin gücləndirilməsi, islamofobiya ilə mübarizə, humanitar böhranların həlli və regional təhlükəsizlik məsələlərinin koordinasiyası baxımından mühüm platformadır. Bakı sessiyası vasitəsilə Azərbaycan regionda yaranmış yeni geosiyasi reallıqları və özünün ədalətli sülh gündəliyini dost və tərəfdaş ölkələrin qanunvericilərinə birbaşa çatdırmaq imkanı qazandı. Eyni zamanda parlament diplomatiyasının verdiyi imkanlardan istifadə edərək çoxtərəfli əlaqələrini yeni müstəviyə qaldırdı.
Maliyyə və iqtisadi forumların önəmli məqamlarından biri də Azərbaycanın cəlbedici və dinamik investisiya mühitinin xarici işgüzar dairələrə birbaşa təqdim olunmasıdır. İstər İslam İnkişaf Bankının, istərsə də Qara Dəniz Ticarət və İnkişaf Bankının toplantılarında qeyd olunduğu kimi, xarici investorlar üçün yaradılan hüquqi təminat, əlverişli biznes mühiti və makroiqtisadi sabitlik beynəlxalq kapitalın ölkəmizə axınını sürətləndirir. Ələt Azad İqtisadi Zonası, sənaye məhəllələri və xüsusilə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan genişmiqyaslı vergi, gömrük və investisiya təşviqi imtiyazları Azərbaycanı xarici investorlar üçün cazibə mərkəzinə çevirir.
Nəticə etibarilə WUF13-dən başlayaraq İslam İnkişaf Bankının toplantılarına, Parlament İttifaqının sessiyasına və nəhayət, Qara Dəniz Ticarət və İnkişaf Bankının forumuna qədər uzanan bu yol Azərbaycanın qlobal iqtisadiyyatda, regional nəqliyyat dəhlizlərində və beynəlxalq siyasətdə strateji çəkisini aydın nümayiş etdirir. Bütün bu faktlar onu göstərir ki, Azərbaycan təkcə beynəlxalq tədbirlərin iştirakçısı deyil, həm də qlobal miqyasda iqtisadi, siyasi və humanitar dialoqun əsas təşəbbüskarı və hərəkətverici qüvvəsidir. Bakıda qəbul edilən qərarlar, imzalanan müqavilələr və formalaşan yeni tərəfdaşlıqlar ölkəmizin beynəlxalq nüfuzunu möhkəmləndirməklə yanaşı, həm də xarici investisiyaların qeyri-neft sektoruna cəlb olunmasını stimullaşdıraraq bütövlükdə geniş coğrafi regionun dayanıqlı inkişafına və təhlükəsizliyinə xidmət edir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"